OYUNDA ÖYRƏN, HƏYATDA TƏTBİQ ET
İnkişaf etmiş ölkələrin məktəblərində şagirdlərdə məntiq və strateji təfəkkürün inkişafı üçün müxtəlif oyunlardan istifadə olunur. Bunun səbəblərindən biri də təkcə strategiya oyunlarının deyil, hətta fəaliyyət simulyatorlarının da zehni qabiliyyətlərin inkişafına təsirini təsdiqləyən elmi araşdırmaların ortaya çıxmasıdır. Araşdırmalar göstərir ki, problem həlletmə bacarıqlarının təkmilləşdirilməsində, öyrənmə qabiliyyətinin yüksəlməsində və yaddaşın gücləndirilməsində oyunların böyük rolu var.
Mütəxəssislər strateji simulyatorları məntiq, təfəkkür, yaddaş, ümumi dünyagörüşü, iqtisadiyyat, sosiologiya, politologiya, fizika, mühəndislik və s. bilikləri inkişaf etdirmək üçün əla vasitə sayırlar.
Yay tətili dövründə məktəblilərin “oynamaqla öyrənmək” istəyinə çatması üçün bəzi oyunları təqdim edirik.
SimCity
SimCity şəhərsalma simulyatorunun mahiyyəti şəhər yaratmaq, yaşayış və sənaye zonalarını inkişaf etdirmək, infrastruktur qurmaq və şəhərin gələcək inkişafı üçün vergi toplamaqdan ibarətdir. Oyunda, real dünyada olduğu kimi, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq və müxtəlif sektorlar arasında tarazlığı qorumaq vacibdir. Ekologiya məsələsinə xüsusi diqqət yetirilir.
Maraqlıdır ki, oyunun başqa bir versiyası SimCityEDU-nun məktəblilər arasında maraqlı bir əlavə təsiri qeydə alınıb. Ana dili ingilis dili olmayan məktəblilər indiyədək bilmədikləri söz və ifadələri, elmi terminləri ingiliscə yadda saxlamağa başlayıblar.
Araşdırmalar göstərir ki, SimCityEDU oyunu şagirdlərin təfəkkürünü inkişaf etdirir: onlar müxtəlif fəaliyyət sahələri arasındakı əlaqələri və tarazlığın tapılmasının vacibliyini anlayırlar. Məsələn, digər sahələri düşünmədən təkcə sənayeni inkişaf etdirmək mümkün deyil, çünki təhlükəli fabriklərin tikintisi ətraf mühitin çirklənməsinə və nəticədə həyatın pisləşməsinə, iş yerlərinin itirilməsinə və işçilərin başqa şəhərlərə getməsinə gətirib çıxaracaq.
Civilization V və VI bir və ya bir neçə oyunçunun fərqli inkişaf mərhələlərində bütün planeti idarə etmək, fərdi sivilizasiyalarını böyütmək üçün növbə əsaslı strategiya video oyunudur. Bu, bütün 4X oyun elementlərinə əsaslanan "eExplore, eExpand, eXploit və eXterminate" (araşdırmaq, genişləndirmək, istismar etmək və məhv etmək) əsasında həyata keçirilə bilər. Oyunçular seçdikləri sivilizasiyanı idarə edir, qədim dövr və yaxın gələcək arasında texnologiya, mədəniyyət və hökumət strukturlarını inkişaf etdirirlər.
Civilization V gerçək dünyanın çatışmazlıqlarını düzəltmək, ən azı virtual aləmdə hər şeyi yoluna qoymaq üçün əla fürsətdir.
Axı, reallıqdan fərqli olaraq, oyunda həmişə başqa planetə uçmaq imkanı var.
Europe Universails IV
Europa Universalis seriyalı qlobal strategiyanın kompüter oyununda oyunçular orta əsrlərin sonlarından başlayaraq müasir dövrün sonuna qədər xəritədə mövcud olan istənilən ölkəni idarə edir.
Oyun bir millət tərəfindən idarə olunan əyalətlərə bölünmüş Yerin interaktiv xəritəsində baş verir. Bu vilayətlərin hər biri dövlətə həm müsbət, həm də mənfi töhfələr verir, çünki əyalətlər həm qaynaqlar (pul, ticarət dövriyyəsi, işçi qüvvəsi, dənizçilər və s.), həm də etiraz mənbəyi kimi xidmət edə bilər. Oyunçudan ordu, diplomatiya və iqtisadiyyat arasında tarazlıq yaratmaqla dövlətə rəhbərlik etmək tələb olunur. Oyunçu bunu əlində olan resursları (prestij, sabitlik, qızıl, muzdlular, dənizçilər, monarxiya üçün legitimlik, respublika üçün ənənələr, teokratiya üçün ədalət, ordu üçün birlik) xərcləməklə edir.
Crusader Kings 2
Birinci hissədə olduğu kimi, Crusader Kings-2 də orta əsrlər Avropası və Yaxın Şərqdəki feodal münasibətləri sistemini, o cümlədən minlərlə personaj arasındakı şəxsi münasibətləri, müharibələri (səlib yürüşləri daxil olmaqla), intriqaları və Papaya təsir uğrunda mübarizəni simulyasiya edir. Proses dövlət naminə yox, yalnız oyunçunun seçdiyi sülalə üçün oynamağa əsaslanır. Oyunda çoxlu sayda tarixi şəxsiyyətlər, eyni zamanda oyunçunun öz xarakterini yaratmasına imkan verən redaktor var.
Workers and Resources: Soviet Republic
Oyun oyunçunun seçimi ilə, 1960, 1970 və ya 1980-ci illərdə qondarma Şərqi Avropa sosialist respublikasında başlayır. Oyun xəritəsində oyunçunun respublikası bir tərəfdən SSRİ və ya başqa bir adsız sosialist ölkəsi ilə, digər tərəfdən Qərb kapitalist ölkəsi ilə həmsərhəddir.
Oyunçu planlı iqtisadiyyata malik sosialist respublikasına rəhbərlik edir. “Workers & Resources” oyunçuya konkret məqsədlər təklif etmir; oyunçu dövlətinin xüsusiyyətlərini özü müəyyənləşdirir: məsələn, müəyyən mallar istehsal edən istehsalat şəhəri tikmək və ya yaşayış sahələri salmaq. Oyunçu ya sıfırdan xəyal etdiyi ölkəni qurmağa başlaya, ya da kiçik kəndləri olan respublikanı idarə edə bilər. SimCity ruhunda şəhərsalma simulyatorları ilə müqayisədə, Workers & Resources-da şəxsi biznes elementlərinə yer verilməyib. Bu cür oyunlarda qərar vermək oyunçuya həvalə olunur. Oyunçu məktəblər, uşaq bağçaları, universitet, yanğınsöndürmə məntəqələri, xəstəxanalar, polis, məhkəmə, iaşə obyektləri, ərzaq mağazası, univermaq, kiçik və böyük ticarət mərkəzləri daxil olmaqla sosial infrastruktur obyektləri inşa edə bilər.
Oyunda turizm də var. Turistlər respublikaya hava, dəniz və quru yolu ilə gəlirlər. Onların mehmanxanalarda yerləşdirilməsi tələb olunur. Həm yerli sakinlər, həm də qonaqlar tərəfindən ziyarət edilə bilən attraksion və istirahət zonaları qura bilərsiniz. Turistlər onlara baş çəkib, ehtiyaclarını ödədikdə turist reytinqi yüksələcək və bu səbəbdən də respublikaya daha çox səyahətçi gələcək.
Vətəndaşların hərəkəti üçün avtomobil yolları, dəmir yolları və səkilərlə təmsil olunan infrastruktur yaradılır. Oyunda avtobus, trolleybus, tramvay, qatar, təyyarə, vertolyot və metro daxil olmaqla ictimai nəqliyyat da var. Bütün nəqliyyat modelləri realdır, yalnız markalar dəyişdirilib.
Bu yay əylənərək oynamağınız üçün başqa oyunlar haqqında da yazacağıq.
Vəfa Əlibəyova