MƏNSUR MƏHƏRRƏMOV: “MƏZMUNDAKI QEYRİ-MÜƏYYƏNLİYİ ORTADAN QALDIRDIĞIMIZA İNANIRIQ”




Məlum olduğu kimi , 2021-ci ilin ortalarından etibarən Azərbaycanda fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi  gedir. Bu ilin fevralında ilkin olaraq 5 fənnin kurikulumu təsdiqlənib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovla müsahibəmiz də bu mövzu ilə bağlıdır.

   - Mənsur müəllim, təkmilləşdirilən kurikulumlar hansı fənləri əhatə edir?

   - Ölkədə fənn kurikulumlarının təkmilləşdirilməsi artıq bir neçə ildir ki, davam etdirilir. Son dəyişikliklər riyaziyyat, fizika, kimya, biologiya həyat bilgisi fənləri ilə bağlıdır. Əlavə olaraq, təbiət fənn kurikulumu da hazırlanıb.

   - Bir müddət öncə həyat bilgisi fənninin təbiətlə əvəzlənəcəyi haqqında məlumatlar yayılmışdı. İndi bu fənlərin tədrisi necə aparılacaq?

   - Yeni dəyişikliklərə görə, həyat bilgisi və təbiət fənləri bir-birinin davamı kimi tədris olunacaq. İbtidai siniflərdə həyat bilgisi, 5-6-cı siniflərdə isə təbiət fənni tədris olunacaq. Bunlar bir-biri ilə necə əlaqələndirilib? Biz həyat bilgisinin məzmununda təbiət elmlərinin həcmini artırmışıq. Bununla da, o, sosial fənn olmaqdan çıxıb bir az daha çox təbiət elmlərinə doğru yönəlib. İbtidai siniflərə təbiət elmləri ilə bağlı ilkin təsəvvür və məlumatlar həyat bilgisində verilir. 5-6-cı siniflərdə isə  fizika, kimya, biologiya və coğrafiya ilə bağlı məlumatlar təbiət fənnində əhatə olunub.  7-ci sinifdən başlayaraq hər fənn ayrılıqda tədris olunacaq. Düzdür, coğrafiyanın tədrisi 6-cı sinifdən başlayır . Təbiət fənninə coğrafiyanın ancaq Yerin quruluşu ilə bağlı hissəsi daxil edilib. Coğrafiya fənninin də kurikulum təkmilləşdirilməsi davam edir.

    - Təsdiqlənən fənlər hansı sinifləri əhatə edir?

    - Riyaziyyat fənni 1-11, kimya 7-11, biologiya 7-11, təbiət 5-6, həyat bilgisi isə 1-4-cü sinifləri əhatə edir.

    - Onda bu il ibtidai sinfi bitirənlər 5-ci sinifdə  fərqli proqramla təhsil alacaqlar?

    - Bəli, 2024-2025-ci tədris ilində 5-ci sinifdə oxuyan şagirdlərin kurikulumu əvvəlkilərdən fərqli olacaq.

    - Dərsliklərin məzmunu, mövzular nə qədər dəyişəcək? Bu dəyişikliyi faizlə ifadə etmək mümkündürmü?

    - Bu suala cavab vermək üçün fənn kurikulumlarının təkmilləşdirilməsində nəzərə alınan məqamlara toxunaq. Ümumi yanaşmamız ondan ibarətdir ki, sənəd  istifadəçiyə maksimum dərəcədə faydalı olsun.

Kurikulum istifadəçisi deyərkən müəllimlər və dərslik müəllifləri nəzərdə tutulur. Ona görə də sənədi “istifadəçi yönlü” hazırlamağa çalışırıq. Müəllimlərin əksəriyyəti dərslikləri kurikulum sənədindən daha vacib sayırlar. Onlar deyir ki, “bu sənədi oxuyanda çox şeyi başa düşmürük”. Əslində bunu bir az bəhanə kimi qəbul etsək də, çalışırıq ki, çətinlikləri ortadan qaldıraq. Məqsədimiz daha rahat başa düşülən kurikulum sənədi hazırlamaqdır. Biz mövcud 140 səhifəlik sənədin həcmini kiçildib ixtisarlar etdik, məsələn, inteqrasiya cədvəlini aradan qaldırdıq.

2008-ci ildə ibtidai siniflərdə kurikulum tətbiq ediləndə əsas diqqət müəllimlərin yeni metodika ilə dərs keçməyinə yönəlmişdi. Məsələn, metodikada daha çox qrup işinə fikir verilirdi.  Yoxlamalar zamanı qrup işinin olmaması, İKT-dən istifadə edilməməsi mənfi qiymətləndirilirdi. Halbuki, hər dərsdə qrup işi, İKT-dən istifadə doğru deyil. Bunlar müəllimləri çətinə salır, onlar da təbii olaraq kurikuluma qarşı fikirlər səsləndirirdilər. Açığı, həmin dövrdə buna müəllimlər,  idarəçilər, məktəb rəhbərliyi, cəmiyyət, dərslik müəllifləri və  valideynlər də hazır deyildilər. Halbuki, “kurikulum” dediyimiz mövcud məzmunun standartlaşdırılmış forması idi. Təkmilləşdirmə zamanı, artıq təhsilverənlərin bələd olduğu bəzi məqamları kurikulum sənədindən çıxardıq. Məsələn,  müəllimlərə inteqrasiyanın nə  olduğunu uzun-uzadı izah etməyə   lüzum görmürük. Burada başqa əsas yenilik  xarici mütəxəssislərin təkmilləşdirmə prosesinə cəlb olunması idi. Həm riyaziyyat, həm də təbiət elmlərinin kurikulumunun hazırlanmasında Sinqapurun Marşal Kavendiş İnstitutu və Alston təhsil şirkətləri ilə məsləhətçi qismində əməkdaşlıq etmişik.  Coğrafiyada ekspert kimi türkiyəli mütəxəssis, ingilis dili fənnində isə  Kaliforniya Universitetinin professoru cəlb olunub. Təkmilləşmədə dünya səviyyəli mütəxəssislər məsləhətçi qismində iştirak ediblər.

    - Kurikulumun təkmilləşdirilməsində əsas nələrin dəyişməsi hədəflənmişdi?

    - Bizim üzərində durmaq istədiyimiz əsas yenilik məzmunla bağlıdır. Maraqlı tərəflərlə müzakirə edəndə hər kəs razılaşırdı ki, məzmun hədindən artıq yüklüdür. Çalışmışıq ki, bu yükü hiss olunacaq dərəcədə azaldaq. Bu məqsədlə ciddi ixtisarlar aparılıb. Məsələn, artıq riyaziyyat fənnində əvvəllər mövcud olan, çox vaxt məzəmmətlə qarşılanan triqonometrik bərabərsizliklər artıq yoxdur.  Kimyada da reaksiyalar, tənliklər ciddi şəkildə ixtisar olunub. Biologiyadan əzbərçiliyə söykənən bir çox hissələr çıxarılıb. Aktuallığını itirmiş  mövzuların yerinə daha lazımlı materiallar salınıb.  Biz artıq nanotexnologiyadan danışırqsa, kimyada bunu nəzərə almalıyıq. Ya da kosmosa səyahətdən danışırıqsa buna fizikadakı mövzularda toxunuruq. 

    - Şagirdlərin dərs yükünün ağırlığı təhsillə bağlı müzakirələrdə xüsusi vurğulanır. Bu dəyişikliklər həmin yükü azaldırmı?

    - Təbii ki, məzmunda olan dəyişiklik və ixtisarlar şagirdlərin yükünü azaldacaq.

Azərbaycanda şagirdi yükləyən təkcə məktəb dərsləri deyil, eyni zamanda repetitorların çoxsaylı tapşırıqlarıdır. Belə olan halda şagirdin sorğu əsaslı öyrənməyə vaxtı qalmır. Sorğu, tədqiqat  aparmadan öyrənilən dərs qalıcı olmur. Bizim üzərimizə düşən məzmunu sağlam formada çatdırmaqdır.

Çalışırıq ki, qloballaşan dünyanın təhsili ilə müqayisəli təhlil aparılsın. PISA və ya TIMS kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədlərinə baxıb, müəyyən dərəcədə həmin sənədlərə uyğunlaşdırmalar aparırıq. Yəni dünyanın qabaqcıl ölkələrinin təhsil sisteminin getdiyi istiqaməti izləməyin faydalı olduğunu düşünürük. XXI əsr şagirdlərinin qazanmalı olduğu bacarıqları da diqqətə almışıq. Bütün fənlərdə fəaliyyətə yönəlmiş öyrənmə metodikalarını da tövsiyə etmişik. Məzmunun təqdimatının başa düşülən, istifadəçi yönlü olması üçün yeniliklər etmişik. Sənədin altstandartlara dair izah qismində anlayış, düstur, teorem, terminlər qeyd edilir. Orada eyni zamanda müəyyən istisnalar da qoyulub ki, bunların izahına ehtiyac yoxdur. Yəni düşünürəm ki, həm müəllimlər, həm də dərslik müəllifləri üçün yaxşı bir məzmun çərçivə hazırlamışıq. Sənəddə altstandartların reallaşdırılması istiqamətində sinifdaxili və sinifdənxaric fəaliyyətlər, məsələn, ekskursiyalar tövsiyə olunur. Beləliklə, məzmundakı qeyri-müəyyənliyi ortadan qaldırdığımıza inanırıq. 

     - Sizin hazırladığınız kurikulum ekspertiza üçün hansısa müstəqil quruma təqdim olunubmu? Olunubsa rəylər necədir?

     - Əslində xarici mütəxəssisləri məsləhətçi kimi cəlb etməyimizin bir səbəbi də budur. Həmin insanlar bizim əməkdaşların hazırladığı sənədləri oxuyub öz rəylərini bildirirlər. İkinci bir qrup orta məktəb müəllimləri, universitetlərin müvafiq kafedralarının əməkdaşları idi. Biz onlarla canlı müzakirələr aparmışıq. Dövlət İmtahan Mərkəzindən (DİM), Elmlər Akademiyasının (EA) bir neçə institutundan müvafiq rəylər almışıq. Həmin təkliflərdən bəziləri nəzərə alınıb. Sənəd Təhsil İnstitutunun saytında bir ay ictimai müzakirəyə açıq olub. Sosial şəbəkələrdə də bununla bağlı paylaşımlar olsa da, təəssüf ki, gözlədiyimiz rəyləri almamışıq.

     - Gözlədiyiniz rəylər gəlmədi, yoxsa ümumiyyətlə münasibət bildirilmədi?

     - Gözlədiyimiz maraq olmadı. Fəallıq aşağı idi. Biz daha akademik rəylər gözləyirdik. İctimaiyyətdə bununla bağlı narahatlıq olsa da, müzakirələrdə fəallıq etmədilər. Təşkil elədiyimiz vebinarlarda, yerli müzakirələrdə aktivlik yox idi. Bəzi rəylər isə qərəzli idi. Tutaq ki, kimsə dərslik müəllifləri qrupuna daxil edilməyibsə, heç bir arqumentə əsaslanmadan qərəzli rəylər göndərirdi. Halbuki, onlar kurikulumla dərsliyi ayırd etməli idilər.

     - Bəs təhsil ekspertləri?

Biz həmin kateqoriyadan bir dənə də olsun rəy almadıq. Əslində biz təhsil ekspertlərinin bu prosesdə fəal iştirakını, sağlam tənqidini gözləyirdik.

    - Məzmunda dəyişikliklərdən danışdınız. Bəs təlim metodlarında dəyişikliklər varmı? Xaricdə uşaqları təbiətə daha da yaxınlaşdıran təlim strategiyalarına üstünlük verilir. Bizim kurikulumda bununla bağlı bir yenilik varmı?

    - Biz müəllimlərin işini asanlaşdırmaq üçün müəyyən tövsiyə və seçimlər vermişik. İnanırıq ki, sənəd müəllimlərə faydalı olacaq. Yeniliklərdən biri də elə sizin dediyiniz kimi təlim strategiyaları, dərsin keçilmə qaydaları ilə bağlıdır. Tutaq ki, biologiya fənnində bildiyimiz strategiyalardan hansı effektlidirsə müəllimə onu tövsiyə etmişik. Riyaziyyat fənnində debat özünü doğrultmur, amma burada əsaslandırma, təqdimat, müzakirə daha yaxşı alına bilər. Hər fənnə uyğun olan strategiyalara üstünlük verməyə çalışmışıq. Qiymətləndirmədə də alət və üsullar dəyişdirilib.  Fənlərarası və fəndaxili inteqrasiyadan danışanda konkret yolların axtarılmasına fikir vermişik. Tutaq ki, sənaye ilə riyaziyyatın, yaxud maliyyə savadlılığı ilə riyaziyyatın inteqrasiyası necə tapılmalıdır? İndi inteqrasiyaya yalnız iki fənn arasında əlaqə kimi yox, daha böyük çərçivədə baxmaq lazımdır. Hadisələrə bir fənnin gözü ilə baxanda onu tam anlaya bilmirik. Odur ki, kurikulumda bununla bağlı tövsiyələr də verilir.

Fizika, kimya, biologiya, coğrafiyaya aid materiallar təbiət fənnində birgə tədris olunanda daha yaxşı başa düşülür.  Tutaq ki, suyun dövranını keçəndə onun içərisində həm fizika, həm də kimyaya aid mövzular tədris olunur. Bu cür hadisələrə sadəcə bir fənnin gözü ilə baxılanda isə çətin başa düşülür. Onu da deyim ki, bir çox qabaqcıl ölkələrin təhsil sistemində 9-cu sinfədək fizika, kimya, biologiya təbiət fənni adı altında bir fənn kimi keçirilir.

     - Bizim cəmiyyət düşüncə olaraq buna hazırdırmı?

     - Hazır olmağımız üçün hər şeydən öncə bu fənni tədris edən müəllimlər olmalıdır. O ölkələrdə təbiət müəllimi ixtisası var. Bizdə isə belə ixtisas yoxdur. Biz çalışırıq ki, universitetlərdə fizika, kimya, biologiya, coğrafiya ixtisaslarının tədrisində təbiət fənninin metodikası da nəzərə alınsın. Hazırda məktəblərdə təbiət fənnini bu  ixtisasın müəllimləri tədris edə bilir.

     - Hazırda hansı fənlərin kurikulumları üzərində iş aparılır?

     - Ədəbiyyat, Azərbaycan dili, coğrafiya, fizika, ingilis dili, ümumi tarix, Azərbaycan tarixi, informatika. Daha 5 fənnin kurikulumunun qarşıdakı bir neçə ayda təsdiqlənməsi gözlənilir. Onu da deyim ki, paralel olaraq dərsliklərin hazırlanması prosesi, maarifləndirmə və monitorinqlər də aparılır.

Müsahibəni aldı: Zemfira Məmmədqızı