Təhsilə baxış “XXI əsr şagirdinin qarşısına XXI əsr müəllimi çıxmalıdır”




Ölkədə müəllimlərin sertifikatlaşdırma prosesinin növbəti mərhələsinə hazırlıq başlayıb.  Cəmiyyətin müxtəlif təbəqələrində proseslə bağlı birmənalı olmayan fikirlər səslənir. Kimi bu prosesin müəllimlərin peşəkarlığının yüksəlməsinə xidmət edəcəyini, kimi isə bunun real nəticələrinin olmayacağını bildirir. Sertifikatlaşdırmadan çəkinən müəllimlərin və tərəfdarlarının sosial mediadakı çıxışları isə xüsusi diqqət çəkir. Pedaqoji kadr kimi böyük səriştəyə malik, müəllim hazırlığı üzrə beynəlxalq təcrübənin bilicilərindən olan əməkdar müəllim Asif Cahangirovla müsahibəmizin mövzusu da sertifikatlaşdırma və ondan gözlənilən nəticələrlə bağlıdır. 

- Dünya təcrübəsində sertifikatlaşdırmanı şərtləndirən əsas amil nədir?

- Beynəlxalq təcrübədə sertifikatlaşdırma əslində müəllim nüfuzunun artırılmasına yönəlmiş bir prosesdir. Burada “pis müəllim”lərdən xilas olmaqdan daha çox, zəif müəllimlərin məktəbə qəbulunun qarşısını almaq məsqədi güdülür. Müntəzəm şəkildə, 5-7 ildən bir keçirilən sertifikatlaşdırma müəllimlərin fəaliyyətinin müasir tendensiyalara uyğunluğunu yoxlamağa kömək edir. Burada əsasən müəllimlərin peşəkar hazırlığı, bilikləri, yeni təlim metodlarının tətbiqinə hazırlıq səviyyəsi, innovativliyi və başqa aspektlər qiymətləndirilir. Odur ki, Qərb təhsil sistemində “pis müəllim” kateqoriyası yoxdur, bizdə isə bu kütləvidir.

- “Pis müəllim” deyəndə yəqin ki, bilik və bacarıqları aşağı olanları nəzərdə tutursunuz?

- Burada “bacarıq” yerində işlənmiş ifadə deyil. Müəllimdən bacarıq yox, peşəkarlıq və səriştəlilik tələb olunur. Mən sertifikatlaşdırmanı ona görə dəstəkləyirəm ki, 50 baldan yuxarı toplayanların əməkhaqqı 35 faiz artacaq. Bu proses səriştəli müəllimin güzəranını yaxşılaşdırmaqla bərabər başqalarını da motivasiya edəcək. Amma bura qatılan və zəif nəticə göstərənlərin maaşlarının 10 faiz artırılmasını məqbul saymıram.  “Pis” müəllimi əlavə bir il məktəbdə saxlamaq, ona təkrar təkmilləşmə üçün vaxt ayırmaq, fikrimcə, doğru yanaşma deyil.  30 ildə özünü təkmilləşdirməyən bir ildə necə dəyişə bilər? Əslində biz ona şagirdlərinin inkişafını  bir il zəiflətmək üçün imkan yaradırıq. “Şaftalı” sözünü düzgün yaza bilməyən müəllimə niyə görə bir il də əlavə zaman verilməlidir? Biz həmişə fəxrlə deyirik ki, qəbul imtahanları prosesində 60 min müəllim iştirak edir. Deməli, “yaxşı müəllim” axtarışı üçün potensialımız var.

- Bəs həmin zəif müəllimlərin taleyi necə olsun?

- Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin zəif nöqtəsi odur ki, orada “pis müəllim”dən xilas olmağın yolu bütün detallarına qədər dəqiq əks olunmayıb. Mövcud əmək qanunvericiliyi də bunun üçün bir çox çətinliklər yaradır. Mənim fikrimcə, sertifikasiyadan keçə bilməyənlərin müəllim kimi işə davam edib-etməmələri ilə bağlı qərarı Elm və Təhsil Nazirliyi verməlidir. Əgər nazirlik müəllimin işini qeyri-qənaətbəxş sayırsa, o, işdən qeyd-şərtsiz azad olunmalıdır. Məhkəmə orqanları da bura müdaxilə etməməlidir.

Hesablamalarıma görə, ölkədəki 32-35 faiz müəllimimiz yüksək pedaqoji istedada malik şəxslərdir. Bu günkü təhsil sistemində müəllim ortabab yox, məhz yüksək peşəkarlıq keyfiyyətlərinin daşıyıcısı olmalıdır.

- Sizcə, burada müəllim hazırlığı ilə məşğul olan pedaqoji universitetlərin məsuliyyəti daha böyük deyilmi?

-Təbii ki… Reallıq budur: sanki biz gələcək yox, keçmiş üçün müəllim hazırlayırıq. Pedaqoji kadrların hazırlanmasında sovet təhsilinin ənənələri hələ də qalmaqdadır.

Ölkədə yeni nəsil müəllimlərin hazırlığına diqqət gücləndirilməlidir. XXI əsr şagirdinin qarşısına XXI əsr müəllimi çıxmalıdır. Ali məktəblərin pedaqoji fakültələrinə uşaqları hədsiz dərəcədə sevən, onlarla işləməyi sevən gənclər gəlməlidir. 2000-ci illərin əvvəllərindən dəfələrlə vurğulayıram ki, güclü kadr bazası olan pedaqoji kolleclərə bakalavr səviyyəsində müəllim hazırlığı hüququ verilməli, qalanları isə bağlanmalıdır. Əminəm ki, universitetlərdə mühazirələrdən qəti imtina olunmalı, bütün təlimlər interaktiv mühitdə keçirilməlidir.

Dünyada şagird biliklərinin qiymətləndirilməsi meyarları fərqlidir. Xaricdəki güclü məktəblər şagirdlərin riyaziyyatı, fizikanı nə qədər dərindən bilməsindən öncə ünsiyyət qabiliyyəti, empatiya, komandada birgə işləmək, liderlik keyfiyyətlərini qiymətləndirirlər. Biz isə fənlərdən yapışmışıq. Həmişə dediyimi yenə təkrarlayım: insanı fənlər formalaşdırmır, insan fənlər vasitəsilə formalaşır. Biz niyə uşaqları həyatda onlara lazım olmayacaq məlumatlarla yükləyirik?

- Sizcə standartlar necə müəyyənləşir, prosesə təsir edən amillər hansılardır?

- Ölkəmizin sosial-iqtisadi inkişaf perspektivləri və beynəlxalq təcrübəyə istinad etməliyik. Yaxın 5-10 ilin şagirdi kimdir, bunu proqnozlaşdırmalı və uyğun standartlar hazırlamalıyıq. Fikrimcə, Beynəlxalq Bakalavriat modeli, humanist pedaqogika yanaşmaları, milli və bəşəri dəyərləri əsas götürməklə yeni ümumi təhsil sisteminin qurulması böyük fayda verə bilər. 

- Sertifikatlaşdırma tərəfdarları onu “yeni dövrün başlanğıcı” kimi xarakterizə edirlər. Bu “yeni dövr” təhsilə nə vəd edir?

 – Sertifikatlaşdırma prosesi yeni müəllimlərin axtarışına, onların maddi cəhətdən stimullaşdırılması, dəstəklənməsi daha da məhsuldar işləməsinə, məktəblərdə əlverişli tədris-təlim mühitinin, məktəb mədəniyyətinin yaradılmasına güclü zəmin yaradacaqdır. 

 

Zemfira Məmmədqızı