MÜƏLLİMƏ NƏ HƏDİYYƏ EDİRLƏR?




Müəllim dünyanın hər yerində ən hörmətli peşələrdən sayılır. Bu peşə onu seçən şəxsdən iradə, səbir, müdriklik və təbii ki, uşaqlara sevgi tələb edir. Cəmiyyət də ona bu xidmətlərinə görə fərqli formalarda təşəkkür etməyə çalışır.

1965-1994-cü illərdə Azərbaycanda müəllimlər günü oktyabrın ilk bazar günü qeyd olunurdu. UNESCO 1994-cü ildən bəri 5 oktyabrı Ümumdünya Müəllimlər Günü elan etdi.

Müəllimlər Günü pedaqoji fəaliyyətlə məşğul olanların əməyini qiymətləndirmək üçün təsis edilib. Digər beynəlxalq günlərdən fərqli olaraq bəzi ölkələr bu günü müxtəlif tarixlərdə qeyd edirlər.

Ərəb ölkələri

11 ərəb dövlətində Müəllimlər Günü fevralın son gününə təsadüf edir. Bunlar Əlcəzair, Tunis, Mərakeş, Liviya, Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Yəmən və Omandır. Müsəlman dövlətlərinə xas qaydalara uyğun olaraq şənlik fevralın 28-də məsciddə böyük bayram namazı ilə başlayır. Bu ölkələrdə müəllimlər statusuna görə ruhanilərə bərabər tutulurlar. Müsəlman ölkələrində müəllimlərin böyük əksəriyyəti kişilərdir. Ona görə də həmin ölkələrdə müəllimləri gül dəstəsi ilə təbrik etmək ənənəsi yoxdur. Müsəlman şərqindəki müəllimlərin hədiyyələri də çox vaxt regiona xas əşyalar olur. Onlara dini ayinlərdə istifadə olunan əşyalar, şirniyyatlar, dəftərxana ləvazimatları hədiyyə olunur.

Şimali Amerika

ABŞ-də bayram mayın ilk həftəsinin çərşənbə axşamına təyin edilir, lakin əslində demək olar ki, bütün ştatlarda yeddi gün “müəllimlərə təşəkkür”lər edilir. Bu günlərdə bir növ şagird və tələbələrə “amnistiya” elan olunur. Onlara ölkənin məktəb və universitetlərində akademik borclarını ödəmək, qiymətləri düzəltmək üçün imkan yaradılır. Məktəblilər müəllimləri konsertlərlə, özfəaliyyət tamaşaları ilə təbrik edirlər.

Kubada Müəllimlər Günü 1961-ci ildən dekabrın 22-də qeyd olunur. Məhz həmin gün adanın inqilabi hökuməti əhali arasında geniş yayılmış savadsızlığın aradan qaldırılmasına qarşı mübarizəyə başlayıb.

Cənubi Amerika

Braziliyada müəllimlərin təltif edilməsi faktı rəsmi olaraq 1827-ci il oktyabrın 15-nə təsadüf edir. Karnavallar ölkəsində müəllimlər günü də xüsusi təmtəraqla qeyd olunur. Həmin gün şagird, tələbə və valideynlərin möhtəşəm yürüşləri ziyafətlərlə davam edir.

Peruda müəllim günü iyulun 6-da, Çilidə isə dekabrın 10-da qeyd olunur: 1945-ci ilin bu günündə çilili şairə Qabriela Mistral ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldüyündən Çili hökuməti həmin günü müəllimlər günü elan edib.

Ədəbiyyatla bağlı tarix Ekvadorda da müəllimlərin peşə bayramı kimi qeyd olunur. Orada aprelin 13-də yazıçı Xuan Ximenez de Montalvonun doğum günü həm də müəllimlərin peşə bayramı kimi qeyd olunur.

İsrail

Bu ölkədə müəllimlər günü yalnız 2013-cü ildən qeyd olunur. Həmin günün konkret tarixi göstərilmir. Hər il dekabrın son həftəsində qeyd olunur. Bu il müəllimlər günü dekabrın 24-nə təyin edilib. İsraildə həmin gün bütün məktəblərdə konsert və teatr tamaşaları göstərilir. Müəllim və valideynlər bu günü birgə bayram süfrəsi arxasında qeyd edirlər. Həmin gün hər bir müəllimə ölkə hökumətinin rəsmi təşəkkür məktubu təqdim olunur.

Avstraliya və Okeaniya

Britaniya imperiyasının keçmiş müstəmləkələrində oktyabrın son cümə günü bütün böyük şəhər və qəsəbələrdə küçələr parlaq fənər və çiçəklərlə bəzədilir. Bu bayramın qeyd olunması və təhlükəsizliyin təmin edilməsini hökumət yanğın və atəşfəşanlıq nazirinə tapşırıb. Qaydalara görə, bayram başqa bir məşhur hadisə - Hellouin bayramı ilə üst-üstə düşməməlidir. Belə olanda Müəllimlər Günü noyabra keçirilir.

Bu qaydadan bezən Yeni Zelandiyada tarixi dəyişdirməkdən əl çəkib, müəllimlər gününü həmişəlik 29 oktyabra təyin ediblər. Yeni zelandiyalılar həmin günü xüsusi əyləncələrlə qeyd edirlər.

Asiya

Asiyada müəllim təkcə elm öyrədən insan deyil, həm də uşaqları və böyükləri ölkədə qəbul edilən fəlsəfə və ya dinin əsasları ilə tanış edən şəxsiyyətdir. Çində Müəllimlər günü oktyabrın 10-da qeyd olunur. Müəllimlər şagirdlərlə bərabər ənənəvi şirniyyat və yemək masası arxasında əyləşir və təbrikləri qəbul edirlər. Bəzi əyalətlərdə isə min illik ənənəyə görə, şagirdlər sevimli müəllimlərin ayaqlarını və əllərini yuyurlar.

Tayvanda Milli Müəllimlər Günü böyük Konfutsinin doğum günündə qeyd olunur. Buna görə də bütün ölkədə dünyəvi deyil, dini xarakterli tədbirlər keçirilir.

Hindistanda təhsil işçilərini sentyabrın 5-də təbrik edirlər. Bu ölkədə məktəbin və yerləşdiyi ərazinin statusundan asılı olaraq müəllimlərə çox fərqli hədiyyələr verilə bilər. Bu, bir kitab və ya məişət texnikası da ola bilər.

Azərbaycanda da Müəllimlər Günündə onları müxtəlif hədiyyələrlə təbrik etmək ənənəsi var. Hər il bu gün yaxınlaşdıqca Elm və Təhsil Nazirliyi müəllimlərə hədiyyə verilməsinin qarşısını almaq üçün müxtəlif tədbirlər görür. Amma bu həmişə uğurlu olmur. Odur ki, müəllimlərə hədiyyə vermək, onun əməyinin ekvivalentini maddi formada qaytarmaq istəyənlər üçün “Azərbaycan məktəbi” jurnalının təşəbbüsünü bir daha təkrarlamaq istəyirik. Bizim fikrimizcə, təhsilverənlərin bayramlarını təbrik etmək üçün ən gözəl hədiyyələrdən biri otaq bitkiləri ola bilər. Bu həm uzunömürlü bir hədiyyə, həm də COP29-un keçirildiyi ölkə vətəndaşlarının ekoloji problemlərin həllinə özünəməxsus yanaşması sayıla bilər.