BUNKER MÜƏLLİM: KİMSƏN SƏN?
“Azərbaycan məktəbi” jurnalının şöbə redaktoru Zemfira Əlibəyovanın məqaləsi Dövlət İmtahan Mərkəzi tərəfindən kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan edilmiş “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda müsabiqədə “Yazı materialları” arasında III yerə çıxıb.
Müsabiqə 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə elan edilib və 20 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində qaliblərə mükafatlar təqdim olunub.
Məqaləni izləyicilərə təqdim edirik.
BUNKER MÜƏLLİM: KİMSƏN SƏN?
İLLÜZİYA VƏ REALLIQ
Son 30 ildə təhsil sistemində və bütövlükdə ali məktəbə qəbul qaydalarında aparılan islahatlar həm həyatımıza, həm də leksikonumuza yeni ifadə və terminlər gətirdi. Sovet təhsil sisteminin bir çox qüsur və hüquqa zidd faktlarla dolu qəbul imtahanlarının yerinə gələn “Test Sistemi” bu ifadələrin ilkiydi. Bunun ardınca “ixtisas qrupu”, “sınaq imtahanı”, “test bankı”, “fənn bloku”, “blok imtahanı”, “repetitor” kimi yeni ifadə və söz birləşmələri dilimizdə gündəlik işlək sözlər siyahısına düşdülər. Bunların içərisində ən maraqlısı və bir az da sirli səslənəni “bunker müəllimi” ifadəsi idi. İllər öncə yeni açılan bir tədris mərkəzinin mətbuatda gedən elanında elə beləcə qeyd olunmuşdu : “Mərkəzə “bunker müəllimlər” tələb olunur”. İfadə çox maraqlı gəlmişdi o vaxtlar. Araşdıranda məlum olmuşdu ki, öz bilik və bacarıqlarını çox yüksək qiymətləndirən bəzi müəllimlər başqa repetitorlardan fərqlənmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər. “Bunker müəllimi” ifadəsindən də öz məqsədləri üçün bir fərqlənmə nişanı kimi yararlanırlar. Bununla onlar, birbaşa ya da dolayısı ilə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahan üçün sualların hazırlanması prosesində iştiraklarına eyham vurur, professionallıqda daha yüksək “kast”a mənsub olduqlarını, sıravi müəllimlərdən fərqləndiklərini göstərməyə cəhd edirlər. Bu sadə bir “PR” gediş kimi düşünülsə də, əslində cəmiyyətə və birbaşa valideynlərə yönəlmiş manipulyasiya elementlərinin olduğu da aydın görünür.
Bəs, çox da xoş assosiasiyası olmayan bunkerə müəllimin yolu necə düşür? Müəllimin orada işi nədən ibarətdir? Bunkerdə olmaq müəllimlərə hansı imtiyaz və ya üstünlük verir ki, onlar bundan öz reklamları üçün geninə-boluna istifadə edə bilirlər? Doğurdanmı bunkerdə olan müəllim cari qəbul imtahanının sualları ilə hansısa formada tanış ola bilə və onu öz şagirdlərinə ötürə bilərlər və s. və i?
Bunlar cəmiyyətin müxtəlif təbəqələrində dolaşan çox saylı sualların bir hissəsidir. Bu sualların cavabları nəhəng, etibarlı, kənar müdaxilənin sıfra endirildiyi bir prosesi həyata keçirən, yüzminlərlə gəncin taleyində əhəmiyyətli rol oynayan sistemin özündən - yəni Dövlət İmtahan Mərkəzindən gəldi.
DİM “QALASI”NIN SİRRİ
Təhsil və onun nəticələrinin qiymətləndirilməsi prosesinin şəffaflığına həssaslıqla yanaşan DİM “Bunker müəllimi : illüziya və reallıq” mövzusunda keçirdiyi jurnalist müsabiqəsində də əslində bu məqsədi güdüb - cəmiyyətdə formalaşdırılmağa cəhd göstərilən müəyyən əsassız iddiaların, görülən böyük işlərə kölgə salınmasının qarşısının alınması və müəllimin bunkerdəki real fəaliyyətinin mahiyyətinin açılması.
Bu yazının qəhrəmanı, DİM-in Azərbaycan dili fənni üzrə eksperti, Göyçay rayon Qarabağlar kənd orta məktəbinin müəllimi Aytən Qasımova da həmin “bunker müəllim”lərdən biridir. Aytən xanımın “bunkerə düşməyi”nin maraqlı hekayəsi var. Rayonun Şahadət kəndində yaşayan müəllimin dediyinə görə, kənddə peşəsi ilə bağlı hansısa seminar və təlimlərə qatılmaq imkanı olmasa da, öz üzərində çalışmağa səy göstərib. “2014-cü ildə Göyçayda dərsliklərin monitorinqi və təhsilin keyfiyyəti ilə bağlı keçirilən tədbirdə
iştirak edirdim. Orada həm dərsliklər, həm də imtahan sualları ilə bağlı fikir və təkliflərimi səsləndirdim. Tədbirdə iştirak edən DİM-in aparıcı mütəxəssisləri yaxınlaşıb “bizimlə əməkdaşlıq etmək istərdinizmi?” sualını verəndə təbii ki, çox böyük sevinclə razılaşdım. Çox qısa müddətdə onların verdiyi xüsusi tapşırıq və sualların cavabını hazırlayıb göndərdim. İşim bəyənildi və beləliklə DİM-lə əməkdaşlığım başladı. Heç vaxt ağlıma da gəlməzdi ki, məni – kənd məktəbinin sıravi müəllimini bunkerə çağıra bilərlər”.
2015-ci ildən bəri Aytən Qasımova artıq neçənci dəfədir ki, buraxılış və blok imtahanları zamanı həyatının bir həftəlik dövrünü bunker adlandırılan həmin məkanda keçirir.
...”Düzünü deyim ki, ora əslində zirvə kimi görünürdü bizə... Mən özüm də bir vaxtlar çoxları kimi “bunker müəllim” obrazını ideallaşdırmışdım. Elə fikirləşirdim ki, həmin müəllimlər qeyri-adi istedad və potensiala malikdirlər. 2015-ci ilin qəbul imtahanı zamanı ilk iştirak üçün dəvət alanda duyğularımı təsvir etmək üçün söz tapa bilmirdim. O çağlar ilk dəfə üzləşdiyim iş rejimi və mühit də üzərimə əlavə həyəcan yükləyirdi. Minlərlə abituriyentin taleyində əhəmiyyətli rol oynayacaq bir sistemin içində olmaq, orada fəaliyyət göstərmək həm böyük məsuliyyət, həm də qürur hissi yaşadır insana”.
Bunkerdəki müəllimlərin fəaliyyətindən danışan DİM ekspertinin sözlərinə görə, cəmiyyətdə bunker müəllimlərin orada test imtahanı üçün suallar yazması illüziyası onların fəaliyyətindən xəbərsizlik nəticəsində formalaşıb. Əslində isə müəllimlərin işinin məzmunu sualların seçilməsi və imtahan vərəqələrinin çapdan öncə hərtərəfli yoxlanılmasından ibarətdir. Burada hər fənnin müəllimi və ya müəllimləri müəyyən ixtiyari bir rəqəm söyləyir, dəryanı xatırladan Test Bankından cari imtahan üçün həmin rəqəmlərə uyğun suallar seçilir. A.Qasımovanın verdiyi məlumata görə, burada hərəsi 30 sual olan 4 fərqli sual komlekti formalaşdırılır. Müəllim bu 120 sualın içərisindən də 30 sual seçməli olur.
“Bizim işimiz seçilən sualların elmi cəhətdən düzgünlüyünü, ədəbi dil normalarına uyğunluğunu yoxlamaqdır. Əslində bu suallar Test Bankına gəlib çatana qədər də bir neçə mərhələdə yüksək səviyyəli ekspertlər tərəfindən yoxlanılıb. Sualların peşəkarlıqla hazırlanmasının nəticəsidir ki, hələ indiyədək bu suallarda hər hansı səhvlə rastlaşmamışam. Çox istisna hallarda uzun illər öncə hazırlanan hansısa sualda ədəbi dil normalarına son dövrlərdə edilən bəzi dəyişikliklərlə bağlı müəyyən korrektələr etməli oluruq. Əslində bunlar da səhv sayılmır”.
Bunkerdəki iş həftəsini təsvir edən ekspert Aytən Qasımova deyir ki, “bunkerə imtahan keçiriləcək həftənin ilk iş günü daxil olur və bütün imtahanlar başa çatdıqdan bir neçə saat, yəni son imtahan vərəqələri yığıldıqdan sonra oranı tərk edirik.
Sərt nəzarət və izolyasiya qaydaları tətbiq olunan məkan əslində formaca klassik bunkerdən fərqlidir. Çoxmərtəbəli binanın sayını bilmədiyimiz mərtəbəsində işləmək və istirahət üçün imkanlar yaradılıb.
Biz həmin binaya daxil olanda nəinki üstümüzdəki texniki və mexaniki qurğuları, hətta cibimizdəki qəpik pulları belə girişdə təhvil verməliyik. Burada tünd şüşəli pəncərədən baxıb günün hansı vaxtında olduğunu belə kəsdirə bilmirsən. Əvvəllər olduğumuz bunkerdə heç pəncərə yox idi. Amma indi bəzən axşamlar göydəki ulduzlara bənzər sönük gecə işıqlarını görəndə sevinirik. Burada bütün mərhələlərdə qapılar, pəncərələr möhürlənir. Ətrafdan bu qədər təcrid olunmuş vəziyyətdə yaşamağımıza baxmayaraq, gördüyümüz işdən zövq alırıq. Anlayırıq ki, dövlət əhəmiyyətli böyük işin iştirakçılarından biriyik. Buradakı iştirakın, rolun nə olursa olsun, çox faydalı bir işlə məşğul olduğunu düşünmək adama zövq verir. İmtahanın sonunda etalonların təsdiqi prosesi baş tutur. (İmtahan üçün suallar hazırlandıqdan sonra düzgün cavablar da qeyd edilir. Xüsusi ekspertlər həmin cavabları yoxlayır və cavabların doğruluğunu təsdiqləyirlər. Bu proses etolon təsdiqi adlanır-müəl.) Bu mərhələdə hər şeyin qaydasında olduğunu biləndən sonra yaşadığın məmnunluq hissi bir həftəlik gərginlik və həyəcanı unutdurur. Bu an məşhur filmlərdə kəşfiyyatçıların dediyi “missiya yerinə yetirilmişdir” fikri hakim kəsilir düşüncələrə. Artıq bunkerdən çıxa bilərik”.
“Bunker müəllimi olmağınız repetitor kimi fəaliyyətinizdə sizə hansısa imtiyaz və ya əlavə imkanlar yaradırmı?” sualına cavabında Aytən Qasımova bildirdi ki, “bunker müəllimi” fəaliyyətimdən öncə də repetitorluqla məşğul olurdum. Mən müəllim olaraq peşəkar fəaliyyətimdə fərqləndiyimə görə, DİM-in eksperti kimi çalışıram. Kəndimizdə bir məktəb və bəlli sayda şagird var. Bunkerdə olub-olmamağım bu saya və işimin keyfiyyətinə heç bir təsir göstərmir. DİM-lə əməkdaşlığa başlayanadək hansı məsuliyyət və peşəkar meyarlarla çalışırdımsa, indi də həmin qaydada işimə davam edirəm. Məncə, “bunker müəllimi” epitetinin mənfi çalarlar qatılaraq hallanmasında müəllimlərdən çox valideynlər və cəmiyyətin özünün böyük məsuliyyəti var. Müəllimin fəaliyyətinin düzgün qiymətləndirilməməsi və yanlış yanaşma cəmiyyətin özündən gəlir. “Bunker müəllimi” axtarışında olan valideynlər belə müəllimə övladının qəbul imtahanlarındakı yüksək balının təminatçısı kimi baxır, ona başqa müəllimlərdən daha artıq vəsait ödəməyə hazırdır. Bu olduqca qüsurlu yanaşmadır. Müəllim bu prosesdə yalnız tərəflərdən biridir. Bunkerdəki müəllim Azərbaycan məktəbində çalışan minlərlə müəllimdən biridir və onların repetitorluqdakı “sehrli obraz”ı əslində şişirtmədir. Zaman göstərdi ki, savadına və peşəkarlığına güvənən hər bir məsuliyyətli müəllim, həm də uğurlu repetitordur. Onun bunker fəaliyyəti bu bacarıqları nə artıra, nə də azalda bilər. DİM isə olduqca şəffaf qurumdur və burada bütün prosesin reallaşmasında minlərlə insan birbaşa və ya dolayısı ilə iştirak edir. Bizim gördüyümüz işin nəticəsi imtahan bitən kimi bütün sosial şəbəkələrdə, internet qaynaqlarda yerləşdirilir. Burada hər hansı çox kiçik görünə biləcək nöqsan belə yüz minlərlə insanla yanaşı, bizim özümüzün də professional karyeramıza təsir edə bilər. Odur ki, işimizin məsuliyyəti bizdən izafi diqqət, sayıqlıq və məsuliyyət tələb edir. Fikrimcə, DİM-in bu müsabiqəsi “bunker müəllim” illüziyasını dağıtmaqda və daşları yerinə oturtmaqda faydalı olacaq”.
Nağıllarımızda hansısa qəhrəmanın əlçatmazlığını göstərmək üçün onun “quşqonmaz, ünyetməz” qalaya sığındığını söyləyərdilər. Bu gün haqqında danışdığımız “bunker”, dolayısı ilə onun mənsub olduğu DİM təhsilimizdəki həmin o quşqonmaz və ünyetməz qalanın obrazıdır. Amma buranın qəhrəmanları təkcə müəllimlər deyil. Bu qalanın qəhrəmanları bütövlükdə bu sistemi yaradan, onu naqisliklərdən arındıran və böyük inam obyektinə çevirməyi bacaran insanlardır.