MÜƏLLİMLİK PEŞƏSİ ÜZRƏ KADR HAZIRLIĞI: BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCAN REALLIĞI
MƏLAHƏT ƏSGƏROVA, RZA MƏMMƏDOV
Cəmiyyətin tərəqqisi və varlığını davam etdirməsi üçün ən mühüm açarlardan biri təhsildir. Təbii ki, bunu təmin edən təhsilin eyfiyyətidir. Keyfiyyətli təhsil isə mükəmməl proqramlarla tədris prosesini idarə edən səriştəli müəllim əməyi ilə mümkündür. Bu məntiqə əsaslanaraq, Azərbaycan Respublikasında da təhsilin keyfiyyətinin artırılması üçün müvafiq islahatlar aparılır və bu sahədə beynəlxalq təcrübə öyrənilir. Bu məqalədə beynəlxalq təcrübədə müəllim hazırlığının vəziyyəti, ona verilən tələblər və Azərbaycan Respublikasındakı reallıqlardan bəhs
olunub. Məqalədə bir sıra ölkələrin keyfiyyət metodu ilə müəllim hazırlığı proqramları təhlil edilərək Azərbaycan Respublikasındakı mövcud vəziyyətlə əlaqələndirilib və təhlil aparılıb. Təhlillər və müşahidələr göstərir ki, inkişaf etmiş ölkələrdə müəllimlik peşəsinə marağı artırmaq üçün, hər şeydən əvvəl, bu peşənin nüfuzunun artırılmasına xüsusi diqqət yetirilir. Buna görə də digər ixtisaslarla nisbətdə müəllimlik ixtisasına qəbul üçün çoxməzmunlu imtahanlar (məktəbdaxili, abituriyent imtahanları, universitetlər tərəfindən keçirilən yazılı və ya şifahi imtahanlar) təşkil olunur. Müəllimlik ixtisası üzrə nəzəri tədrisə nisbətən praktiki tədrisin üstünlük təşkil etməsi təhsilalanların peşə bilik və bacarıqlarını artırmağa kömək edir.
GİRİŞ
Təhsil hər bir ölkənin inkişafı üçün ən vacib sahələrdən biridir. Təhsilin məqsədi fərdləri yaşadıqları cəmiyyətin və inkişaf etməkdə olan dünyanın üzvü olaraq tələb olunan bilik və bacarıqlarla təmin etməkdir. Fərdlərin bu şəkildə yetişdirilməsinə yaxşı təhsil sistemi ilə yanaşı, yüksəkixtisaslı və keyfiyyətli müəllimlərin köməyi ilə nail olmaq mümkündür. Hər bir ölkənin təhsil sisteminin keyfiyyətini şərtləndirən əsas amil bu sistemdə fəaliyyət göstərən müəllimlərdir (Balaban & Arslan, 2022).
Müəllimlik bilik və bacarıqlarla bərabər, müsbət münasibət və sistemli vərdişlər tələb edən peşədir. Bu peşəyə münasibət fərdin peşə ilə bağlı düşüncələri, hissləri və fəaliyyətlərini ifadə edir. Müəllimin daim öyrənmək və öyrətmək arzusu, peşəsinə səmimi bağlılığı və davamlı özünü təkmilləşdirmə istəyi bu münasibətin əsas hissəsidir (Zarzolawmi, 2019). Peşəyə münasibət fərdin peşəsi haqqında düşüncə və fəaliyyəti, peşənin tələblərinə uyğun şəkildə öyrənmə və öyrətmək istəyi, işinə məsuliyyətli yanaşması, mütəmadi olaraq özünü inkişaf etdirmək istəyi kimi müəyyən edilə bilər (Wagner & Imanuel, 2014). Peşəsinə müsbət münasibət bəsləyən müəllim öz işini sevəcək və onu ən yaxşı şəkildə yerinə yetirməyə çalışacaq (Ekici, 2014). Müəllimlik ixtisası üzrə təhsilalanlarda peşəsinə dair müsbət münasibətlərin formalaşması onların müəllimlik fəaliyyətində daha səmərəli olmasına şərait yaradır.
Təhsil sistemində baş verən dəyişikliklər və yüksək səviyyəli təhsilə dair dəyişən nəzəriyyələr göstərir ki, təhsildə keyfiyyətin ən vacib şərti müəllimdir. Təhsildə keyfiyyətin artırılması, ixtisaslı müəllimlərin hazırlanması ilə baş verə bilər (Arslan & Vezne, 2021). Müəllimlərin ölkələrin inkişafında, ixtisaslı kadrların yetişdirilməsində, sosial rifahın təmin edilməsində, insanların cəmiyyətdə fəal iştirakında və mədəni dəyərlərin nəsildən-nəslə ötürülməsində əhəmiyyətli rolu var (Barber & Mourshed, 2007). Müəllimlər öyrənənlərin şəxsiyyətinin formalaşmasında, onların akademik, intellektual, sosial və emosional inkişafında əhəmiyyətli rola malikdir. Müasir qloballaşan və informasiyaya əsaslanan dövrdə təhsilin və müəllim peşəsinin əhəmiyyəti, sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün yüksəkixtisaslı və bilikli pedaqoqlara ehtiyac olduğu vurğulanır (Boudersa, 2016).
Müəllimlərin peşəkarlıq və səriştəlilik səviyyəsinin artırılması təhsil sistemlərində ən vacib və ehtiyac duyulan sahələrdən biridir. Müəllim hazırlığı probleminin beynəlxalq miqyasda tədqiqi, müxtəlif ölkələrin müəllim hazırlığı sistemlərinin araşdırılması və ölkələr arasında müqayisələrin aparılması müəllim təhsilinin keyfiyyətinin yüksəldilməsi üçün mühüm məlumatlar verir (Barber & Mourshed, 2007).
Azərbaycanda müəllimlərin beynəlxalq standartlara uyğunlaşa bilməsi üçün müəllim hazırlığı proqramlarında yeniliklər və dəyişikliklər edilməsi gözləniləndir. Bu dəyişiklikləri apara bilmək üçün uğurlu təhsil siyasəti aparan ölkələrin təhsil sistemlərinin təhlil edilməsi, müəllim yetişdirilmə proqramlarının ətraflı araşdırılması və Azərbaycandakı təhsil sistemi ilə oxşar və fərqli cəhətlərinin ortaya qoyulması
vacibdir.
Bu tədqiqat beynəlxalq təcrübədə uğurlu təhsil siyasəti həyata keçirən ölkələrin mövcud müəllim hazırlığı sistemlərini və proqramlarını müqayisəli şəkildə araşdıraraq, Azərbaycanda pedaqoji istiqamətdə kadr hazırlığı sahəsinə töhfə vermək məqsədi daşıyır.
Müasir dövrlə uyğunlaşmaq, inkişaf etmiş ölkələrdən geri qalmamaq, demokratiya, insan hüquqları kimi ümumbəşəri dəyərləri cəmiyyətə
təqdim etmək, cəmiyyəti yeni biliklərlə təmin etmək, problem həlletmə və tənqidi düşünmə kimi bacarıqları inkişaf etdirməkdə müəllimlərin və müəllim hazırlığı həyata keçirən təhsil fakültələrinin üzərinə böyük məsuliyyət düşür. Bu məqsədlə indiyədək Azərbaycanda həyata keçirilən müəllim hazırlığı təcrübələri və mövcud təhsil sistemi təhlil edilməli və uğurlu təhsil siyasəti həyata keçirən ölkələrin müəllim hazırlığı sistemləri araşdırılmalıdır. Beynəlxalq təcrübədə müəllim hazırlığı proqramları ilə aparılacaq müqayisəli təhlillərin Azərbaycanın müəllim hazırlığı proqramlarının hazırlanmasına və yenidən nəzərdən keçirilməsinə töhfə verəcəyi düşünülür.
Yüksək keyfiyyətli müəllimlərə olan tələbat, inkişaf etmiş ölkələr də daxil olmaqla, bütün dünyada vacib bir məsələdir. Bir çox yerli və beynəlxalq qurumlar bu sahədə geniş araşdırmalar aparır (UNESCO 2012). Ölkələrin hər sahədə tərəqqisi təhsilin səviyyəsi ilə, təhsilin səviyyəsi isə müəllimlərin səviyyəsi ilə birbaşa bağlıdır. Təhsilalan göstəriciləri baxımından yüksək müvəffəqiyyət əldə edən ölkələrdə təhsil sistemlərinin ən əsas ortaq xüsusiyyətinin keyfiyyətli müəllimlər olduğu aşkar edilib (Barber & Mourshed, 2007). Hər bir ölkənin ehtiyac duyduğu keyfiyyətli müəllim kadrlarını hazırlamaq üçün fərqli ölkələrdəki müəllim hazırlığı sistemlərinin davamlı qiymətləndirilməsi və bu qiymətləndirməyə uyğun olaraq müəllim hazırlığı proqramlarını təkmilləşdirmək son dərəcə mühümdür. Bu baxımdan, yüksək səviyyəli müəllim hazırlamaq üçün görülən tədbirlər Azərbaycan və bütün dünya ölkələrində mühüm bir məsələ kimi önə çıxır. Bu ifadələrdən yola çıxaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən müəllim yetişdirmə proqramları təhlil edilib və Azərbaycandakı vəziyyətlə müqayisələr aparılıb.
FİNLANDİYA
Finlandiyada ali məktəblərə qəbul olmaq üçün birinci şərt orta məktəbi bitirmək və ali məktəbə qəbul imtahanından yüksək nəticə əldə etməkdir. Pedaqoji ixtisaslara müraciət etmək istəyən abituriyentlər hər bir ali məktəbin müəyyən etdiyi yazılı və şifahi imtahan ilə seçim mərhələlərindən keçirlər (Sahlberg, 2018). Yazılı imtahan zamanı abituriyentlərin araşdırma, tənqidi düşünmə və şərhetmə, fikirlərini ifadə edə bilmə kimi bilik və bacarıqları ölçülür. Müsahibə mərhələsi zamanı abituriyentlərin şəxsi keyfiyyətləri, öyrənmə və inkişaf səriştəsi, təlim və tədrisə, həmçinin müəllimlik peşəsinə uyğunluğu qiymətləndirilir. Son mərhələdə isə müəllimlik ixtisasında təhsil almaq istəyən şəxslərin sosial aspektləri, nitqi, idarəetmə və təqdimetmə, problem həlletmə qabiliyyətləri və dərskeçmə kimi bacarıqları yoxlanılır (Malaty, 2007). Ölkədə müəllim hazırlığı sistemlərində ən əsas məqam praktiki və nəzəri dərslərin vəhdətinin təmin edilməsidir (Yeşil, 2016).
Finlandiyada, müəllim hazırlığı proqramları 4 il müddətində həyata keçirilir. Pedaqoji ixtisaslarda tədris olunan proqramlar namizədləri təcrübə keçməyə, müşahidəyə və araşdırmaya yönəldir. Bunlarla yanaşı, əlverişli sinif idarəçiliyi üçün lazım olan təlim və tədris üsulları ətraflı izah edilir. Müəllimlik peşəsində karyera qurmaq üçün bakalavr təhsilini bitirdikdən sonra magistratura təhsili almaq vacibdir. Finlandiyada müəllim hazırlığı proqramlarının əsas məqsədi dövrün tələbi olan tədqiqatçı müəllimlər yetişdirməkdir (Çınar & Doğan, 2019).
CƏNUBİ KOREYA
Cənubi Koreyada pedaqoji ixtisaslarda təhsil almaq istəyən abituriyentlər, öncə ali məktəbə qəbul imtahanından uğurlu nəticə əldə etməlidirlər. Bununla yanaşı, pedaqoji ixtisaslara qəbul zamanı şagirdlərin bitirdikləri məktəbdən onların məktəbdəki fəaliyyəti və nailiyyətləri haqqında məlumat xarakterli məktub tələb olunur. Eyni zamanda namizədlərin seçimində məktəbdəki müvəffəqiyyət balı əsas meyardır. Müəllimlik ixtisasında təhsil almaq istəyən abituriyentlər yazılı imtahanla yanaşı, müsahibə mərhələsindən də keçməlidirlər. Müsahibəni mərkəzləşdirilmiş qaydada yüksəkixtisaslı kadrlar komandası keçirir. Müəllimlik peşəsinə qəbul zamanı abituriyentlər arasında peşəyə münasibəti müəyyən etmək üçün sorğu keçirilir və peşəyə qəbul zamanı sorğunun nəticəsi seçim meyarı olaraq qəbul edilən digər bir faktordur. Pedaqoji ixtisaslarda təhsil alan namizədlər 4 illik təhsilini tamamladıqdan sonra diplomlarını ala bilirlər. Müəllimlik diplomu ilə yanaşı, namizədlər peşə ilə bağlı təlimlərdən keçməlidirlər. Belə təlimlərin təşkil olunmasında məqsəd ixtisasa aid araşdırmalar aparmaq, rəhbərlik və idarəetmə, tədris və məktəbin fəaliyyəti ilə bağlı məsələlər haqqında məlumatlar verməkdir. Belə ki, bu proses müəllimlərin fəaliyyəti zamanı 6 ay müddətində əlavə təhsil ilə davam edir. Bu təhsilin əsasını təlim materiallarının planlaşdırılması, təlim prosesinin idarə olunması və qiymətləndirmə ilə bağlı məsələlər təşkil edir (NCEE, 2015).
Cənubi Koreyada pedaqoji ixtisaslarda təhsilin müxtəlif aspektlərini və sahələrini əhatə edən fənlər tədris olunur. Bu fənlər tələbələrə geniş bir məzmun əhatəliliyi təqdim edir və onlara müxtəlif sahələrdə bilik və bacarıqlarının inkişafına imkan verir. Ölkədə pedaqoji ixtisaslarda tədris təcrübəsinə 9 həftə vaxt verilir (Coşkun, 2021).
ALMANİYA
Almaniyada pedaqoji ixtisaslara qəbul yazılı və şifahi imtahan şəklində həyata keçirilir. Yazılı və şifahi imtahan zamanı abituriyentlər müəllimlik ixtisasına qəbul olmaq üçün qoyulan tələblərə cavab verə bilərlərsə, bu ixtisasda oxumaq hüququ qazanırlar. Almaniyada müəllim hazırlığı proqramı 2 əsas mərhələdən ibarətdir: nəzəri və tədris təcrübəsi. Pedaqoji ixtisaslarda təhsil alan tələbələr təhsillərinin ilk iki ilində ancaq nəzəri biliklər öyrənir, axırıncı 2 ilində isə praktiki dərslər keçirlər. Nəzəri mərhələdə ixtisasa aid fənlər tədris olunur (Yaman, 2018). Namizədlər nəzəri hissəni bitirdikdən sonra dövlət imtahanı verməlidirlər. Bu imtahandan ğurlu nəticə əldə edən namizədlər praktiki dərslərdə iştirak edə bilərlər. Praktiki dərslər zamanı onlar təcrübəli müəllimlərin dərslərində müşahidə aparır, dərsi izləyir, yeni dərs formaları təqdim edir və sinfi idarəetmə bacarıqları öyrənirlər. Tədris təcrübəsi zamanı əsas məqsəd namizədlərin ixtisasları ilə əlaqəli peşəkar bilik və bacarıqlar qazanmalarını təmin etməkdir (Arslan & Vezne, 2021).
ABŞ
ABŞ-də universitetlərə qəbul olmaq üçün ilkin şərt tam orta təhsil pilləsində buraxılış imtahanından müvəffəqiyyət əldə etməkdir. Belə ki, buraxılış balı əsas meyar olaraq qəbul edilir. Pedaqoji ixtisaslarda təhsil almaq istəyən abituriyentlərdən bitirdikləri məktəbdən onlar haqqında akademik müvəffəqiyyət və davranışları haqqında məktub tələb olunur. Sonra isə pedaqoji ixtisaslarda təhsil almaq istəyən şəxslərin, müəllimlik peşəsi üçün lazım olan bilik və bacarıqlarını yazılı imtahanla yoxlamaqla yanaşı, bu peşəni seçən namizədlər ixtisaslaşmış şəxslər tərəfindən fərdi müsahibəyə cəlb edilirlər (Abanoz, 2021).
Hər semestrin sonunda pedaqoji ixtisaslarda oxuyan tələbələrin bilik və bacarıqları qiymətləndirilir. Bu imtahanlardan uğurlu nəticə əldə edən tələbələr məzun olurlar. ABŞ-də müəllim hazırlığı proqramı 2+3 il müddətində baş tutur. Bu ölkədə pedaqoji ixtisaslarda tədris olunan dərslər və tədris təcrübəsinin yükü digər ölkələrlə müqayisədə daha çox olur. Çünki ABŞ-də pedaqoji ixtisaslarda tədris olunan fənlərin təkcə müəllimlik peşəsi ilə əlaqəli nəzəri və praktiki fənlər deyil, eyni zamanda ümumi dünyagörüşü və digər sahələrdəki bilikləri əhatə edir. Burada pedaqoji ixtisas tələbələri üçün təcrübə imkanları genişdir. Müxtəlif proqramlar, məktəb təcrübələri və təlim mərhələləri tələbələrə müxtəlif səriştələr təqdim edir. Namizədlərə təhsillərinin 3-cü semestrindən başlayaraq tədris təcrübəsi kursu tətbiq olunur (Coşkun, 2021). Müəllimlər fəaliyyətə başladıqdan sonra 10 il müddətində magistr təhsili almaq məcburiyyətindədirlər.
TÜRKİYƏ
Türkiyədə lisey və orta məktəbi başa vuran şagirdlər ali məktəblərdə təhsil almaq haqqı qazanırlar. Pedaqoji ixtisaslara müraciət edən şəxslərin dövlət tərəfindən təşkil olunan imtahanda iştirakı mütləqdir. Ali məktəbə qəbul zamanı attestat balı və imtahanda əldə olunan nəticələr nəzərə alınır. Türkiyədə müəllim hazırlığı proqramı 4 il müddətində tədris olunur. Bu proqrama daxil olan tədris təcrübəsi 6-cı semestrdən başlayır və həftədə 1 gün olmaqla məktəblərdə icra olunur. Tədris təcrübəsi zamanı əsas məqsəd tələbələrin öyrənmə təcrübəsini zənginləşdirmək və təhsil prosesinin effektivliyini artırmaqdır. Tədris təcrübəsinə təlim materiallarının hazırlanması, dərs metodlarının planlaşdırılması, qiymətləndirmə, təhliletmə, sinfi idarəetmə və araşdırma kimi fəaliyyətlər daxildir (Çınar & Doğan, 2019).
Türkiyədə müəllim hazırlığı proqramları tələbələri müxtəlif təhsil səviyyələrində və sahələrində müəllimlik peşəsinə hazırlanmalarına kömək edir. Bu proqramlar təhsil fakültələri və peşə təhsili fakültələri vasitəsilə həyata keçirilir. Hər iki fakültənin məqsədi müəllim namizədlərinə həm nəzəri, həm də praktiki biliklər qazandıraraq onları peşəkar müəllim kimi yetişdirməkdir. Təhsil fakültələri bakalavr və magistr səviyyələri üzrə proqramlar həyata keçirərək tələbələri müəllimlik karyerasına hazırlayır. Bakalavr proqramları dörd illik təhsili əhatə edir və tələbələrə müəllimlik üçün lazımi nəzəri bilikləri və praktik bacarıqları öyrədir. Magistr proqramları isə bakalavr səviyyəsini tamamlamış tələbələrə ixtisaslaşmış biliklər verir, eyni zamanda araşdırma və akademik karyera imkanı təqdim edir. Bu proqramlar vasitəsilə müəllimliyə namizəd olanlar dərs planlama, tədris metodları, təlim texnikaları, sinfin idarə olunması, tədris təcrübəsi və peşəkar inkişaf kimi sahələrdə təlim alırlar.
Peşə təhsili fakültələri daha spesifik ixtisas sahələrində müəllim hazırlığı həyata keçirir. Buraya sahibkarlıq təhsili, sağlamlıq və tibbi təhsil, incəsənət təhsili kimi fərqli sahələrdə təlim proqramları daxildir. Təhsil fakültələri və peşə təhsili fakültələri müəllimlik peşəsinə hazırlıq mərhələsində tələbələrə praktik təcrübələr, sinifdə tədris təcrübəsi və müəyyən sahələrdə staj imkanları təqdim edir. Bu fakültələr Türkiyədə müəllim hazırlığının hərtərəfli və çoxşaxəli olmasını təmin edir, tələbələrin geniş bilik və bacarıqlarla peşəkar müəllim kimi yetişmələrinə şərait yaradır (Yeşil, 2016).
SİNQAPUR
Sinqapurda pedaqoji ixtisaslara seçim zamanı təhsilalanların bilik və bacarıqlarını yoxlamaq üçün müxtəlif qiymətləndirmə metodlarından istifadə olunur (Aksoy & Gözütok, 2014). Pedaqoji ixtisaslara qəbul zamanı orta məktəbi müsbət qiymətlərlə bitirmiş, peşəkarlığa meyilli, inkişaf səriştəsi və ünsiyyət bacarığı olan namizədlərə üstünlük verilir. Seçim zamanı ingilis dili bacarıqlarına xüsusi diqqət yetirilir. Müəllimlik ixtisasında təhsil almaq istəyən abituriyentlər CV-lərinin yoxlanılması ilə yanaşı bilik və bacarıqlarının qiymətləndirilməsi üçün yazılı və şifahi imtahana cəlb olunurlar (Bakioğlu & Göçmen, 2014).
Sinqapurda müəllim hazırlığı proqramları müəllimlərin şəxsi inkişafını təmin etmək məqsədilə bir çox dəstək və təlim proqramları təklif edir. “Meranti layihəsi” bu təlim proqramlarından biridir. “Meranti layihəsi” Sinqapurda müəllimlik karyerasına hazırlıq mərhələsində olan tələbələr üçün inkişaf və dəstək proqramıdır. Bu layihə müəllim namizədlərinin peşəkar inkişafını dəstəkləmək, onların müəllimlik fəaliyyətinə hazırlaşmasına kömək etmək və təlim praktikasında müvəffəqiyyətli olmalarını təmin etmək məqsədilə təşkil edilir (Orakçı, 2015). Layihə Sinqapurda müəllim hazırlığı proqramlarının keyfiyyətli və peşəkar bir şəkildə həyata keçirilməsini təmin edən əlavə bir amil olaraq nəzərdə tutulub.
Sinqapurda müəllim hazırlığı proqramlarında praktiki dərslərdə iştirak etmək məcburidir. Eyni zamanda namizədlər Amerika və Avropa universitetlərində müqavilə ilə beynəlxalq təcrübə keçmək imkanı da qazanırlar. Bu cür beynəlxalq təcrübə proqramları müəllim namizədlərinin peşəkarlıq sahəsində daha geniş perspektivlərə malik olmalarına, müxtəlif tədris metodları və texnologiyaları, habelə digər mədəniyyətlər və təhsil sistemləri ilə tanış olmalarına və beynəlxalq təhsil mühitində öz inkişafını təmin etmələrinə kömək edir (Yahaya, 2018).
KANADA
Kanadada ali məktəblərə qəbul test üsulu ilə aparılmır. Hər bir universitet müəyyən edilmiş qəbul şərtlərinə əsasən müraciətləri ayrılıqda dəyərləndirir. Bu qəbul şərtləri universitetlərin öz spesifik standartları və tələbləri əsasında müəyyən edilir. Müraciətlərin qiymətləndirilməsi zamanı abituriyentlərin məktəb dövründə akademik nailiyyətləri, attestat qiymətləri və sosial fəaliyyətləri nəzərə alınır (Gurbetoğlu, 2019). Kanadada müəllimliyə namizədlərin peşəkar inkişafını təmin etmək üçün dörd əsas proqram mövcuddur. Bunlardan birincisi ardıcıl proqramdır. Bu, müəllim hazırlığı kurslarının davamlılığını təmin edir. Tələbələrə təlim metodları, sinif idarəetməsi, müəllimlik təcrübəsi və tədris məzmununu öyrətmək üçün tələb olunan bilikləri təmin edir. İkincisi, sinxron proqramlardır. Bu, tələbələrin onlayn platformalarda təhsil almasına imkan verir və onlara müəllimlik fəaliyyətində təcrübə qazanmaq üçün praktik imkanlar yaradır. Üçüncüsü, magistratura proqramlarıdır. Magistratura proqramları əvvəlcədən qazanılmış təcrübə və peşəkarlığa uyğun olan təhsilə əsaslanır. Bu proqramlar tələbələri daha ətraflı təhsil və araşdırma imkanları ilə təmin edir. Sonuncusu isə inteqrasiya olunmuş proqramlardır. Bu proqramlar tədris ilə yanaşı, tədqiqat bacarıqlarını da inkişaf etdirmək üçün müxtəlif məzmun və tədris metodlarını özündə birləşdirir (Coşkun, 2021). Kanadada tədris təcrübəsi təcrübəli müəllimlərin rəhbərliyi ilə məktəblərdə keçirilir. Tədris təcrübəsi tələbələrə təlim metodlarını tətbiq etmək, tədris məzmununu planlaşdırmaq və sinif idarəetməsinin aspektlərini öyrənmək imkanı verir.
İNGİLTƏRƏ
İngiltərədə ali məktəblərə müraciət etmək üçün ilk növbədə riyaziyyat və ana dili fənləri üzrə yazılı imtahan verilir. Uğurlu nəticə əldə edən namizəd təhsil fakültələrinə müraciət etdikləri təqdirdə müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsi zamanı namizədlərin peşəyə həvəsi və marağı, müəllim hazırlığı proqramlarına uyğunluğu qiymətləndirilir. İngiltərədə müəllim hazırlığı proqramlarında müxtəlif tədris metodlarından istifadə edirlər. Bu metodlar iki əsas kateqoriyaya bölünür. Birinci kateqoriyaya nəzəri və praktiki kurslar təklif edən 4 illik təhsil proqramı daxildir. Buraya aid edilən Bachelor of Education (BED) proqramı ibtidai sinif müəllimi hazırlamaq üçündür. Bu proqram tələbələrə təlim metodlarını, təhsil psixologiyasını, sinif idarəetməsi kimi məsələləri öyrədir. BA/BSc (Bachelor of Arts/Science with Qualified Teacher Status) proqramı isə fənn və sosial elmlər sahəsində müəllim olmaq üçün təklif olunur. Bu proqram həm nəzəri, həm də praktiki dərsləri həyata keçirir və tələbələrə müəllimlik sahəsində peşəkar biliklər və təcrübə qazandırır. Proqram 3-4 illik müddəti əhatə edir (Kilimci, 2006).
İkinci kateqoriyadakı formalaşma proqramları birillik təhsil proqramı olub müxtəlif bakalavr proqramlarını bitirən şəxslər üçün nəzərdə tutulub. Yəni bunlar pedaqoji olmayan bir ixtisas diplomu alan şəxsin müəllimlik fəaliyyəti ilə məşğul olması üçün tətbiq edilən proqramlardır. Bu proqram müəllimlik diplomu olmayan şəxsləri müəllimlik peşəsinə hazırlayır. Universitet və məktəb əməkdaşlığı əsasında təşkil olunan bu proqramlar tələbələri müəllimlik sahəsində peşəkar biliklər və bacarıqlarla təmin edir. Müəllim hazırlığı proqramlarında tədris təcrübəsi təhsil müddətinin başlanğıcından etibarən hər il fərqli məktəblərdə və cəmi 21 həftə olmaqla tətbiq olunur (Coşkun, 2021).
AZƏRBAYCAN
Azərbaycanda müəllim olmaq üçün ali və orta ixtisas təhsili tələb olunur. Müəllim olmaq istəyən şəxslər, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında iştirak edərək uğurlu nəticə əldə etdikdən sonra istədikləri ixtisas üzrə təhsil ala bilərlər.
Burada ali təhsil üzərindən məlumatlar təqdim edilməkdədir. Belə ki, tələbələr müvafiq fakültələrdə Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi tədris planları əsasında təhsil alırlar. Pedaqoji ixtisaslarda oxuyan tələbələrə daha çox sosial və humanitar elmlər, eyni zamanda texnologiyaya aid fənlər öyrədilir. Həmin fənlərin tədrisində məqsəd müəllimliyə namizədlərin bu sahələr üzrə ümumi məlumata və əsas biliklərə yiyələnməsini təmin etməkdir (Üzeirli & Kılıçoğlu, 2021). Pedaqoji ixtisaslarda təhsil alan tələbələr təhsillərinin son kursunda 14 həftə olmaqla praktiki dərslərə cəlb olunurlar. Tədris təcrübəsi müəllim hazırlığı proqramlarının ən azı 18 faizini əhatə edir. Pedaqoji ixtisaslardan məzun olan tələbələr istəklərinə uyğun olaraq magistratura təhsili ala bilərlər. Müəllim kimi ümumtəhsil məktəblərində fəaliyyət göstərmək üçün magistratura təhsili məcburi deyil.
MÜZAKİRƏ VƏ TƏKLİFLƏR
Müasir dövrdə hər sahədə baş verən dəyişikliklərdən və inkişafdan geri qalmamaq üçün bütün cəmiyyətlərdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Müəllim bu vəzifəni ancaq onu lazımi bilik, bacarıq, dəyər və davranışlarla təchiz edən müəllim hazırlığı proqramını bitirməklə, peşə sahəsi üzrə baş verən dəyişiklikləri və inkişafları izləməklə yerinə yetirə bilər. Bu səbəbdən müəllim hazırlığı proqramlarını günümüzün tələblərinə uyğun keyfiyyətli vəziyyətə gətirmək bütün ölkələr üçün böyük əhəmiyyət kəsb edir (Coşkun, 2022).
Keyfiyyətli müəllimlərə olan tələb inkişaf etmiş ölkələrlə bərabər bütün dünyada vacib və ehtiyac duyulan məsələdir. Bir çox beynəlxalq təşkilatlar bu sahədə geniş tədqiqatlar aparır (UNESCO 2012). Çünki ölkələrin inkişaf səviyyələri apardıqları təhsil siyasəti ilə birbaşa əlaqəlidir (Barber & Mourshed, 2007). Keyfiyyətli təhsil üçün ixtisaslı müəllimlər lazımdır. Tələbə nailiyyətləri baxımından uğurlu olan ölkələrin təhsil sistemlərinin ən əsas ortaq xüsusiyyətinin ixtisaslı müəllimlər olduğu müəyyən edilib. Cəmiyyətin ehtiyac duyduğu ixtisaslı müəllimlərin hazırlanması üçün müəllim hazırlığı üzrə uğur qazanmış ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqinin çox böyük əhəmiyyəti ola bilər. İnkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə təhsil sistemindəki çatışmazlıqları aradan qaldırmaq üçün digər ölkələrin təcrübələrindən yararlanaraq müqayisəli tədqiqatlar aparılır. Aparılan tədqiqatlar müəllim hazırlığı sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır. Bu tədqiqat zamanı aparılan təhlillərə əsaslanaraq, aşağıdakı təkliflər təqdim edilir:
- Pedaqoji ixtisaslara qəbul zamanı abituriyentlərin şəxsi xüsusiyyətləri və peşəyə marağı nəzərə alınmalıdır. Bunun üçün abituriyentlərlə sorğu keçirilməsi məqsədə uyğundur;
- Pedaqoji ixtisaslara qəbul zamanı yazılı imtahanla yanaşı, şifahi imtahan da təşkil olunaraq abituriyentlərin peşəyə uyğun bilik və
bacarıqları ölçülə bilər; - Pedaqoji ixtisaslarda təhsil alan tələblərin peşəyə münasibətini müsbət yöndə inkişaf etdirmək üçün tədris prosesində peşə ilə bağlı məlumatlandırma və həvəsləndirməyə istiqamətlənmiş tədbirlər həyata keçirilə bilər;
- Müəllimlik ixtisası üzrə təhsil alanlar üçüncü və dördüncü kurslarda tədris təcrübəsi üçün məktəblərə göndərilir. Həmin tələbələri təhsillərinin ilk illərindən başlayaraq müvafiq səviyyələr üzrə tədris təcrübəsi üçün məktəblərə göndərmək olar. Bu, nəzəri və praktiki dərsləri paralel olaraq öyrənmək imkanı qazandıra bilər. Hər bir tədqiqatın nəticəsi praktiki təkliflərlə yanaşı, tədqiqat təklifləri də ortaya qoyur. Bu araşdırmanın nəticəsi növbəti tədqiqatlar üçün bir neçə təklif təqdim edir:
- Qloballaşmanın təsiri ilə bütün dünyada dəyişiklik və transformasiya çox sürətlə gedir. Bu transformasiya iqtisadiyyat, siyasət, beynəlxalq münasibətlər kimi sahələrdə olduğu kimi təhsil sahəsində də baş verir. Bu kontekstdə təhsil tədqiqatçılarının müqayisəli təhsil sahəsində aktual olan yeniliklərə istinad etməsi tövsiyə olunur;
- Təhsil sahəsində uğurları ilə tanınan digər ölkələrin təcrübəsini öyrənmək və tətbiq etməklə yeniliklərin təhsil siyasətində əks olunmasını təmin etmək olar.
Son vaxtlar cəmiyyətdə meydana gələn “ən azından müəllim olsun” düşüncəsi həm bu peşəni dəyərdən salır, həm də müəllimlik peşəsinə istəksiz, həvəssiz və bu sahə üzrə istedadı olmayan şəxsləri müəllimlik diplomu almağa məcbur edir. Müəllimlik ixtisasını bu peşəyə müvafiq xüsusiyyətlərə sahib olan şəxslər seçərsə, təhsilin keyfiyyəti təmin edilə bilər və bu sahənin tələblərinə cavab verən yüksək keyfiyyətli müəllim kadrları hazırlana bilər.
İstifadə edilmiş əbəbiyyat:
1 Abanoz, G. (2021). ABD’de sosyal bilgiler öğretmen yetiştirme programları üzerine bir araştırma: Penn State Üniversitesi Örneği. Ulusararası Disiplinlerarası Mükemmelilik Arayışı Dergisi (UDMAD), 1(1), 2-20.
2 Arslan, Ü.G., & Vezne, R. (2021). Almaniya ve Türkiye mesleki eğitim öğretmeni yetiştirme sistemlerinin karşılaştırılması. Instructional Technology and Lifelong Learning, 2(1), 111–134.
3 Aksoy, E., & Gözütok, D. (2014). Amerika Birleşik Devletleri, Finlandiya, Singapur ve Türkiyede öğretmen eğitimindeki dönüşümler. Eğitim Bilimleri ve Uygulama Dergisi, 13(25), 23-26.
4 Bakioğlu, A., & Göçmen, G. (2014). Singapur eğitim sistemi. A. Bakioğlu, (Ed.). Karşılaştırmalı eğitim sistemleri içinde (127-155). Ankara: Nobel Akademik Yayıncılık.
5 Balaban, H., & Arslan, Ş. (2022). Öğretmen adaylarının öğretmenlik mesleğine yönelik tutumları [Conference presentation: UBAK, 17–18]. Trabzon, Trabzon Universiteti.
6 Barber, M., & Mourshed, M. (2007). How the world’s best-performing school systems come out on top. London: McKinsey and Company.
7 Boudersa, N. (2016). The importance of teachers training programs and professional development in the Algerian educational context: Toward in formed and effective teaching practies. Experiences Pedagogiques, 1(1), 1-14.
8 Coşkun, A. (2021). Seçilmiş OECD ülkelerinde öğretmen yetiştirme sistemlerinin karşılıklı olarak incelenmesi ve türkiye için çıkarımlar (Yayınlanmamış yüksek lisans tezi), Düzce Universiteti, Düzce.
9 Coşkun, F. (2022). Öğretmenlik mesleği ve 21. yüzyıl becerileri. Eğitim Bilimleri Eleştirel İnceleme Dergisi, 3(1), 31-38.
10 Çınar, K., & Doğan, C. (2019). Türkiye, Almaniya ve Finlandiya öğretmen yetiştirme sistemlerinin incelenmesi. Karamanoğlu Mehmetbey Üniversitesi Edebiyyat Fakültesi Dergisi, 2(2), 204-218.
11 Ekici, F. (2014). Öğretmen adaylarının öğretmenlik mesleğine yönelik tutumlarının çeşitli değişkenler açısından incelenmesi (İstanbul Sabahattin Zaim Üniversitesi örneği). Uluslararası Sosyal Araştırmalar Dergisi, 7(35), 658-665.
12 Grant, M.J., & Booth, A. (2009). A typology of reviews: An analysis of 14 review types and associated methodologies. Health Information & Libraries Journal, 26(2), 91-108.
13 Gurbetoğlu, A. (2019). Öğretmen eğitimi yaklaşımları. İstanbul: İstanbul Sabahattin Zaim Universiteti, Təhsil Fakültəsi.
14 Kuyumcu, E. & Kaya, İ. (2020). Öğretmenlerin öğretmenlik mesleklerine yönelik tutum ve görüşlerinin incelenmesi, E-Kafkas Journal of Educational Research, 7(3), 333-366. https://doi.org/10.30900/kafkasegt.766974.
15 Kilimci, S. (2006). Almanya, Fransa, İngiltere ve Türkiyede sınıf öğretmeni yetiştirme programlarının karşılaştırılması (Yayınlanmamış Doktora Tezi). Çukorova Universiteti, Eğitim Bilimleri Fakültesi, Adana.
16 UNESCO. (2012). Unesco strategy on teachers (2012-2015). Retrieved from: https://unesdoc.unesco.org/ark:/48223/pf0000217775#:~:text=5%20June%202012%20UNESCO%20STRATEGY,and%20drawing%20on%20the%20regular. April, 9, 2024.
17 Ünal, S. (2021). Öğretmenlik mesleğinin tanımı, önemi və öğretmenlerin değişen roller üzerine nitel betimsel bir araştırma. İstanbul Ticaret Üniversitesi Sosyal Bilimler Dergisi, 20(42), 1481-1504.
18 Üzeirli, E., & Kılıçoğlu, G. (2021). Türkiye ve Azerbaycan’da sınıf öğretmeni yetiştirme sürecinin incelenmesi. Eğitim ve Bilim, 1-27.
19 Malaty, G. (2007). What are the reasons behind the success of Finland in Pisa? Gazette des Mathematiciens, 108, 59-66.
20 NCEE. (National Centre for Entrepreneurship in Education). (2015). “South Korea intructional Systems” http://www.ncee.org/programsaffiliates/center-oninternational-educationbenchmarking/top-performing-countries/southkoreaoverview
21 Orakçı, Ş. (2015). Şangay, Hong Kong, Singapur, Japonya ve Güney Kore”nin öğretmen yetiştirme sistemlerinin incelenmesi. Asya Öğretim Dergisi, 3(2), 26-43.
22 Sahlberg, P. (2018). Eğitimde Finlandiya modeli. İstanbul: Metropolis Yayıncılık.
23 Yaman, B. (2018). Türkiye, Almanya ve Fransada öğretmen yetiştirme. Akademik Sosyal Araştırmalar Dergisi, 6(83), 328-333.
24 Yahaya, M. (2018). Bazı gelişmiş ülkeler ile Nijer”deki sınıf öğretmenlerinin eğitimi ve istihdamı konusunda karşılaştırmalı bir analiz (Yayınlanmamış Doktura Tezi), Hacettepe Universiteti Eğitim Bilimleri Entitüsü, Ankara.
25 Yeşil, S. (2016). Pisa sınavlarında başarılı ilk beş ülkenin öğretmen yetiştirme və istihdamı sistemleri ile Türkiye’nin öğretmen yetiştirme ve istihdam sisteminin karşılaştırılması (Yayınlanmamış Yüksek Lisans Tezi). Eğitim Yöntemi, Teftişi, Planlaması ve Ekonomisi Anabilim Dalı, Gaziantep.
26 Zarzolawmi, W. (2019). Attitude of secondary school teacher of Aizawl Distirct Towards Teaching Profession (Unpublished doctoral dissertation). University of Mizoram, Tanhril.
27 Wagner, T. & Imanuel, D. (2014). Are they genuinely novice teachers? Motivations and selfefficacy of those who choose teaching as a second career. Australian Journal of Teacher Education, 39(7), 31-57.