ALİ MƏKTƏBDƏ MÜƏLLİM-TƏLƏBƏ MÜNASİBƏTLƏRİNİN ELMİ-PEDAQOJİ ƏSASLARI


ELÇİN QALİBOĞLU




Ali təhsil müəssisələrində sistemli olaraq uğur əldə edilməsində müəllim-tələbə münasibətləri ciddi rol oynayır. Müəllim-tələbə münasibətləri
mahiyyətcə insanlararası davranışların tərkib hissəsidir. Bu münasibətlərin pedaqoji-psixoloji aspektləri, tələbə şəxsiyyətinin formalaşdırılmasının əsas istiqamətləri ilə bağlı aparılan müzakirələr yaradıcı axtarışların davamlı olmasını tələb edir. Dünyada gedən hərtərəfli inkişaf prosesləri qloballaşmanı nəzərə almaq şərti ilə xalqımızın ruhundan irəli gələn insani münasibətlərin ifadəsini yaradıcı şəkildə çatdırmağı zəruri edir. Xalqımızın qədim və zəngin mədəniyyəti, pedaqoji irsi sübut edir ki, Azərbaycanın milli dəyərləri bəşəri mahiyyətlidir. Bununla belə, ali məktəblərimizdə təhsilalanları yalnız həmin dəyərlər əsasında tərbiyə etmək qənaətbəxş hesab oluna bilməz. Təhsilalanların təlim-idrak fəallığını təmin etmək üçün beynəlxalq təcrübədən və informasiya kommunikasiya texnologiyalarının imkanlarından da yararlanmağın əhəmiyyəti böyükdür. Məqalədə bu fikir elmi-pedaqoji cəhətdən əsaslandırılıb.

GİRİŞ

Müəllimlik təkcə təhsil vermək deyil, ümumiyyətlə, öyrənənə (şagirdə, tələbəyə) dünyanın, həyatın, təbiətin, insanın sirrini öyrətməkdir. Əslində hər bir müəllim (öyrədən) öz ixtisas sahəsini öyrətməklə bu deyilənləri təsdiq edir. Təbii ki, əsl müəllim təkcə öz fənnini öyrətməklə kifayətlənmir, bu və ya başqa mövzunu tədris edərkən öyrənənlərin dünyagörüşünün inkişaf etdirilməsi üçün paralel müqayisələr aparır, müəyyən qənaətlərə gəlir, auditoriyanın yaradıcı imkanlarının aşkarlanmasına nail olur.

Bu gün ali məktəbdə tələbələrin hərtərəfli inkişafı üçün çoxsaylı imkanlar var. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində az qala hər gün yeniliklərin şahidi oluruq. İnternetin verdiyi imkanlar günbəgün artır. Belə bir zamanda tələbələrin dünyagörüşünün zənginləşməsində fənlərarası inteqrasiyanın imkanlarından yararlanmaq olduqca gərəkli, həm də zəruridir.

“Ali məktəb pedaqogikası və psixologiya” iki fənnin birgə tədrisini nəzərdə tutur. Bu gedişdə fənlərarası inteqrasiyanın verdiyi imkanlarla praktiki qənaətlərin ifadə edilməsi gərəkli sayıla bilər. Hər bir fənnin özünəməxsusluğu qalmaq şərti ilə bunların birliyi insanın (tələbənin) ətraf aləmlə daxili dünyasının uyğunluğunun yaradılmasına, möhkəmlənməsinə ciddi şəkildə yardımçı olur.

Bu gün hər bir tələbənin informasiya əldə edə bilmək imkanları genişdir. Şübhəsiz, informasiya bolluğunda müəllimin necə davranması onun səbrliliyini, əzmkarlığını, ruhdan düşməməsini, insanlararası münasibətləri dərindən bilməsini, yaradıcı pedaqoq olduğu qədər də psixoloqluq keyfiyyətlərini daşımasını, habelə müəyyən texniki bacarıqlara, informasiya-kommunikasiya texnologiyaları sahəsində gərəkli biliklərə yiyələnməsini şərtləndirir. 

PROBLEMİN QOYULUŞU

İndi informasiya hər yerdə və hər zaman var, yəni əlçatandır. Ancaq tələbənin ali məktəbdə uyğun biliklərə (uyğun informasiya sisteminə)
yiyələnməsi peşəkar müəllimin ardıcıl, gərgin axtarışları nəticəsində baş tutur. Müəllimin tələbəyə verdiyi təhsil təkcə söz, danışıq deyil, hər şeydən öncə, onun özünü ifadəsi – fədakarlığı, təmənnasızlığı, vicdanlı olmağıdır. Mahiyyətcə tələbə müəllimin şəxsində sözünə inanmasa, onun dediklərini dərk edə bilməz. İnandırma müəllimdən yüksək erudisiya ilə yanaşı, yüksək insanlıq keyfiyyətləri tələb edir.

Müəllim şəxsiyyətinin formalaşmasında özünü tanımağın əhəmiyyəti böyükdür: özünü tanımaq, qloballaşma, bəşərilik və milliliyin sərhədləri, müəllim-tələbə münasibətləri, qarşılıqlı inam, etibar, habelə öyrətmə kimi məsələlərin birgə təhlili bundan sonrakı dövrdə daha çox zərurətə çevrilir. Şübhəsiz ki, mərkəzdə insan amili olmalıdır və insan amili ölçüsündən müəllim şəxsiyyətinə baxış bu baxımdan yeni münasibət üfüqləri yaradır. 

Müəllimlik – yüksək insani istedad tələb edir. Ardıcıl özünə nəzarət, insanlara doğma münasibət, bilik imkanları ilə kifayətlənməmək, daim inkişaf edən idarəçilik qabiliyyəti bu prosesdə ayrıca diqqət yetirilməli məsələlərdir.

MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA ÖZÜNÜTANIMANIN ROLU

Özünütanıma iki istiqamətdə ardıcıl davam edir:

  • şəxsi psixoloji durumu öyrənmək, bilmək, mənəvi keyfiyyətləri yüksəltmək, inkişaf etdirmək;
  • öz sahəsi, habelə yanaşı bilik (fənn) sahələri ilə bağlı bilikləri ardıcıl artırmaq, inkişaf etdirmək (Qaliboğlu, 2022).

Özünütanıma müəllim üçün çox vacibdir. İnsan dünyaya kamil gəlmir, onun daim öyrənməyə və inkişaf etməyə ehtiyacı var. Bu səbəbdən də insana ailə tərbiyəsi, uşaq bağçası, orta və ali məktəb gərək olur. Mənəvi imkanların aşkarlanması dedikdə, ilk növbədə xəlqilikdən gələn imkanların dəyər səviyyəsində bilinməsi, öyrənilməsi, öyrədilməsi nəzərdə tutulur. 

İnsan özünü biloloji cəhətdən pis tanımır. Təbabət insanların bioloji-maddi imkanlarının bilinməsi, sağlamlığın qorunmasında mümkün olanı etməyə şərait yaradır. Ancaq insanın mənəvi cəhətdən tam öyrənilməsi üçün təhsilin qarşımızda qoyduğu tələblər çoxdur. Ona görə ki, insana ictimai – maddi (sosial) yox, mənəvi baxımdan yanaşdıqda onun böyük imkanları aşkarlana bilər. İnsanın cəmiyyətdə özünü tam mənəvi cəhətdən aşkarlaması yüz illər, min illər boyunca maarifçilərin əsas istəyi olub. Özünü bilən, tanıyan dünyanı, təbiəti, cəmiyyəti – başqalarını bilir, tanıyır. M.İlyasov yazır: “Mənəvi zənginlik kamillikdir. Özündə olan nöqsan və yaxşı cəhətləri dərk edərək yaxşını artırmaq və nöqsanı aradan qaldırmaq iqtidarına malik olmaq insanı kamilliyə aparan, onu kamil edən amillərdəndir” (İlyasov, 2018). Kamilləşmə – insanın özündəki anadangəlmə bacarıqları, habelə instinktiv xüsusiyyətləri dərindən araşdıra bilməsi prosesidir. Özünüöyrənmə bir günün, bir ilin işi deyil. Nəzərə alsaq ki, insan, onun yetkinliyi, mənəvi kamilliyi haqqında indiyə kimi biri-biri ilə ziddiyyət təşkil edən çoxsaylı baxışlar var, o zaman problemin aktuallığı tam aydın olar. Başqa tərəfdən, insan özünü mənəvi kamillik dövründə də nəzarətdə saxlamalıdır.

Müəllim özünü tanımasa, dərindən bilməsə, tələbələrini də tanıya bilməz. Müəllim ilk növbədə daxili dünyasındakı instinktləri bilməlidir. İnstinktləri tanımaq, bilmək çətin işdir, bu proses dərin idraki bilik tələb edir. “Özü ilə üz-üzə qalmaq” anlayışı çağımızda insanın insana
mənəvi doğmalığının artması, formalaşması baxımından çox gərəklidir. İnsan əslində ətrafında nə varsa öyrənir, özünü də anatomik cəhətdən araşdırır, ancaq mənəvi yön tam şəkildə araşdırılmır. Burada özünüöyrənmə əsas məsələdir. Yəni insan ilk növbədə mənfi cəhətlərini (qorxu, həsəd, köləlik, xəbislik, cahillik, hərislik, zalımlıq və s.) araşdırmalı, sonra isə onları aradan qaldırmağa çalışmalıdır. Əlbəttə, özünü bu sarıdan araşdırmaq çox çətindir, ancaq qaçılmazdır. Bu, artıq özünüöyrənmə mərhələsidir. Sonrakı mərhələ özündəki nöqsanlarla barışmamaq, sonuncu mərhələ isə həmin mənfi duyğuların yerinə müsbət cəhətlərin (cəsarət, heyrət, vüqar, saflıq, doğruluq, insanilik, ləyaqət, mərhəmət və s.) qoyulmasıdır.

A.Abbasov yazır: “Uşaqlar müsbət nümunələr, mütərəqqi adət və ənənələr əsasında tərbiyə almalıdırlar. Ancaq həyatdakı mənfiliklər, naqis hallar və onların doğurduğu nəticələrə də diqqət yetirilməlidir ki, həmin acı nəticələr uşaqlara məlum olsun” (Abbasov, 2019). Özünü öyrənən, insani cəhətdən təkmilləşdirən, yetkinləşən müəllimin tələbələrinə də ardıcıl insani duyğuları aşılayacağı şübhə doğurmur.

Müəllim şəxsiyyətinin formalaşmasında özünütanıma, əslində, başlanğıc səviyyədir, ancaq o dərəcədə gərəklidir ki, bunsuz insanın yaradıcı imkanlarının tam aşkarlanması mümkün olmur. Əsl müəllim öyrəndiyini, özündə aşkarladığı insani keyfiyyətləri başqalarına, ilk növbədə tələbələrinə aşılayandır. Belə olduğu halda təhsilin səmərəliliyi daha da artar.

Mexaniki standartlara əsaslanan müəllim, şübhəsiz, zahiri uğura çatır, lakin bu uğurdan tələbəyə mənəvi pay çatmır. Yaradıcı müəllimin hədəfi kreativ, universal düşüncəyə malik tələbələr yetişdirmək olmalıdır. Əlbəttə, insanların dünyagörüşü bərabər olmadığı kimi, auditoriyadakı bütün tələbələrin də səviyyəsi eyni olmur. Auditoriya da cəmiyyətimizin bir parçasıdır. Çoxillik müşahidələrimiz göstərir ki, bu və ya başqa təhsil müəssisəsində düşüncə səviyyəsi yüksək, yaradıcı, bilikli tələbələrlə yanaşı, orta səviyyəli təhsilalana da rast gəlmək olur. Ancaq bütün hallarda müəllim ruhdan düşməməli, tələbələrin idrak və düşüncə səviyyəsinin müəyyən bir həddə formalaşması üçün ardıcıl səylər göstərməlidir.

Biliyin öyrənilməsinin başlıca şərti tələbələri yaradıcı imkanlarına inandırmaqdır. İnandırma şüarçılıqla, yersiz məsləhətlərlə yox, təbii, yaradıcı özünüifadələrlə mümkün olur. Müəllim tələbələrlə ünsiyyəti elə qurmalıdır ki, bu, ən yaxın saydığı insanlarla – ailə üzvləri, dostları ilə münasibətdən fərqlənməsin. Burada məsləhət verməyin də həddi var: hərdən bəzi müəllimlərə elə gələ bilər ki, tələbələrə istənilən vaxt məsləhət verməyə haqqı var, çünki müəllimdir. Ancaq həddindən artıq məsləhət vermək tələbələri yorar, müəllimin bir çox gözəl keyfiyyətlərini də onların gözündə adiləşdirə bilər.

MAGİSTRLƏRLƏ İŞLƏMƏK MƏSULİYYƏTİ

Bakalavr pilləsini keçib qarşısına böyük məqsədlər qoyan, ixtisası üzrə istehsalat sahəsində çalışan magistrlərin gərginliklərinin səbəbini anlamadan, psixoloji aşınmalardan qurtarmağın çıxış yollarını bilmədən fənnin öyrədilməsi sahəsində də uğura çatmaq olmur.

Təhsil iki yolla – təlim və özünütəhsil yolu ilə (habelə bunların birliyi ilə) əldə edilir. Təhsil almağın əsas yolu təlimdir. Pedaqoji kateqoriya kimi təlim müəyyən xüsusiyyətlərə malikdir: məqsədyönlülüyü; tarixi xarakteri; funksional (praqmatik və mədəni humanistlik) xarakteri; tamlığı; sistemliliyi; dialektik xarakteri; fasiləsizliyi1

Təhsilin hərtərəfli, tam şəkildə dərki müəllim-tələbə birliyinin dərk olunması ilə bağlıdır. Bu prosesdə qayğıkeşlik örnəyi olmaq, şübhəsiz, müəllimin üzərinə düşür. O, əzbərçi deyil, tədris etdiyi fənnin mahiyyətini və çatdırılma yollarını aydın şəkildə biləndir. Bilmək – elmiliyin əsas cəhəti olsa da, təkcə onunla iş bitmir. Habelə görmək də (yəni müəyyən mənada fəlsəfi duyuma malik olmaq), psixoloqluq keyfiyyəti də (insanın mənəvi dünyasını anlamaq) əsas sayıla bilər. Universallıq da müəllim üçün əsas keyfiyyət ölçüsüdür, ona görə ki, çağdaş dövrdə hərtərəfli düşüncəyə malik tələbələrin yetişməsi mahiyyətcə müəllimin yaradıcı və yönləndirici axtarışları ilə mümkündür.

F.Rüstəmov, T.Dadaşova yazırlar: “Təhsilin məzmunu deyilərkən, elə bilik, bacarıq və vərdişlər sistemi başa düşülür ki, o, təhsilalanın ümumi inkişafını təmin etsin, intellektual, emosional, iradi və etik sferalarını inkişaf etdirsin, elmi dünyagörüşünü formalaşdırsın, müstəqil həyata, istehsal əməyinə hazırlasın” (Rüstəmov, Dadaşova 2007). Bunu reallaşdıran müəllimdir. Müəllim hər dərsini maraqlı,  yaddaqalan etməyə çalışmalıdır, əslində, bunu bacarmaq onun üçün adi hal olmalıdır. Yəni işinin o dərəcədə vurğunu olmalıdır ki, başqalarına qeyri-adi, haradasa möcüzəli görünən davranış onun üçün adi yanaşma tərzi olsun.

“Pedaqoji terminlərin izahlı lüğəti”ndə qeyd olunur ki, təlim təhsil almağın əsas yoludur, təhsilalanın fəaliyyətini və müəllimin fəaliyyətini (tədrisetmə) birləşdirir. Təlimin özünəməxsus quruluşu, qanunauyğunluqları, prinsipləri, vasitə və metodları var2. N.Kazımov müəllimin və tələbələrin birgə fəaliyyəti ilə təhsilin təlimə çevrilməsi ideyasını irəli sürür. Onun araşdırmasına görə təlimə təhsilin həyata keçirilməsi prosesi kimi də baxmaq olar. Bu proses isə müəllim və tələbələrin birgə fəaliyyəti zamanı baş verir (Kazımov, 2006). Habelə təlim – öyrədən və öyrənənin fəal qarşılıqlı fəaliyyətidir, öyrənənin şəxsi səyi nəticəsində müəyyən bilik, bacarıq və vərdişlərin qazanılması prosesidir3.

Təlim prosesinin canlılığı, insan cəmiyyəti inkişaf etdikcə onun üzvi tərkib hissəsi olaraq zənginləşməsi, yenilənməsi insanların mənəvi tələbatlarının qarşısıalınmaz, zəruri ifadəsi kimi yaranır. Bəs bu prosesdə konkret olaraq pedaqoqun işi nədən ibarətdir? Pedaqoq öyrənənin təlim-idrak fəallığını təmin etmək üçün lazımi şərait yaradır, gərəkli informasiyaları və vasitələri təqdim edir, təlim fəaliyyətini istiqamətləndirir və nəzarət edir. Təlimin ən sadə variantı professional fəaliyyətin daşıyıcısı olan müəllimin və öyrənənin ünsiyyətidir (Rüstəmov, Dadaşova, 2007).

Ali məktəb müəlliminin funksiyaları (təhsilverici, tərbiyəedici, təşkiledici, tədqiqatçılıq) onun universallığının təsdiqi kimi başa düşülə bilər. Müəllimin daim yaradıcı axtarışda olması tələbələrlə birgə özünün də inkişaf etməsi deməkdir. Məsələyə bu aspektdən baxanda qarşılıqlı fəaliyyətin – müəllim-tələbə əməkdaşlığının sözügedən sahədə, şübhəsiz, uğur yaradacağına şübhə qalmır. Yaradıcı imkanlardan yararlanan müəllim daha da inkişaf edir, biliyini, zəngin təcrübəsini tələbələrə öyrətməyi özünün mənəvi borcu sayır.

........................................................................
1 Pedaqoji terminlərin izahlı lüğəti (prof. M.İsmixanovun redaktorluğu ilə). (2018). Dərs vəsaiti. Bakı, ADPU nəşriyyatı, 156 s.
2 Pedaqoji terminlərin izahlı lüğəti (prof. M.İsmixanovun redaktorluğu ilə). (2018). Dərs vəsaiti. Bakı, ADPU nəşriyyatı, 156 s.
3 Pedaqoji terminlərin izahlı lüğəti (prof. M.İsmixanovun redaktorluğu ilə). (2018). Dərs vəsaiti. Bakı, ADPU nəşriyyatı, 156 s.

Ali məktəb müəlliminin təhsilverici funksiyası onun bilik, bacarıq və vərdişlərə peşəkar yiyələnməsində özünü göstərir. Təhsilalanları yaradıcı yöndə axtarışlara cəlb etmək də bu vacib funksiyanın tərkib hissəsi sayıla bilər. Hər bir müəllim öz fənni daxilində tələbələrdə özünütəhsil tələbatı tərbiyə etməlidir. İlk növbədə, müəllim tələbələr üçün dərin bilik, geniş erudisiya, ağıl, intellekt, elmi maraqların zənginliyi nümunəsi olmalıdır (İsmixanov, Bayramov, Vəliyeva, 2019).

Tərbiyəedici funksiyaya gəlincə, müəllimdən tələb olunan əsas məsələ dediyinə uyğun yaşamasıdır. Sözü ilə əməli uyğun gələn müəllim
həmişə tələbələri tərəfindən sevilir, ciddi qəbul edilir, şübhəsiz, belə olduğu təqdirdə qarşıya qoyulan məqsədə nail olunur (Rüstəmov, Dadaşova, 2007).

Gənclik dövrünün şövqü, təşəbbüskarlıq, elmi axtarışlara meyillilik ali məktəb mühitində gənclərin həyatı geniş səviyyədə dərk etməsinə, dünyagörüşünün genişlənməsinə, inkişafına ciddi təkan verir. Müəllim tələbələrlə öz funksiyalarının imkan verdiyi səviyyədə davrandığı təqdirdə onlar sabahımız üçün yetkin kadrlar kimi hazırlanırlar. Əsas odur ki, müəllim tələbələrin yaradıcı istəklərini inkişaf etdirsin, onları ardıcıl ruhlandırsın. Təcrübə göstərir ki, ali məktəb tələbələri ilə yaradıcı söhbətlər onların həyatında, arzularının gerçəkləşməsində ciddi təkanverici stimul rolunu oynayır. Tələbə görəndə ki, müəllim onun gələcəyi, arzusu, axtarışları ilə maraqlanır, bu onun axtarışlar aparması üçün təkan olur.

Ali məktəbdə tərbiyə işinin təşkilində nəzərə alınmalı məqamlar: ümumuniversitet miqyasında ixtisasların çoxluğu və müxtəlifliyi tərbiyə işində tələbələrin maraqlarını nəzərə almağı çətinləşdirir; tələbə kollektivinin tərbiyə edilməsi işi müəllimdən dərin nəzəri hazırlıq və ixtisaslarla bağlı bilgilər tələb edir; ali məktəb müəllimi unutmamalıdır ki, o, ümumtəhsil hazırlığı keçmiş, müəyyən həyat təcrübəsi olan, ictimai-siyasi hadisələri təhlil etməyi və ümumiləşdirməyi bacaran, şəxsi mülahizələri olan, ən başlıcası isə daim təkmilləşən insanlarla işləyir (Rüstəmov, Dadaşova, 2007).

Ali məktəb müəllimindən tələb olunan pedaqoji qabiliyyət müəllimin təşkilatçılığı haqqında tam, dolğun təsəvvür yarada bilir. Məqsəd müəllimliyə tam, hərtərəfli qabiliyyətlərin birliyi kimi baxmaqdır. Əsl müəllim bu cəhətləri təbii bir həyat tərzi kimi təsdiq edir. Təşkilatçılıq – quruculuq deməkdir, həyatın başqa sahələrindən fərqli olaraq burada təşkilatçılıq müəllimin nəzəri və praktik keyfiyyətlərinin birliyini tələbələrin idrakında, əməlində yaradıcı proses kimi formalaşdırmasında özünü göstərir.

Müəllimin tədqiqatçılıq fəaliyyəti ilə bağlı qeyd etmək olar ki, o, konkret olaraq öz elmi fəaliyyət istiqamətlərinə uyğun düzgün bilik verərsə, internet resurslarından örnəklər göstərərsə, effekt yüksək olur. Beynəlxalq elmi bazalarla tanışlıq, dünyada qəbul olunmuş elmi standartlar əsasında ixtisasa uyğun jurnalları izləmək tələbələrdə qəliz sayılan bu kimi sahələrlə bağlı təcrübə örnəyi olur. Məhz bu kimi priyomlardan istifadə imkan verir ki, təhsilalanların elmi potensialı hərtərəfli aşkarlansın, dərs prosesi onlarda cansıxıcı təəssürat yaratmasın.

N.Məmmədli elmi mətnin məntiqi olaraq nizama salınması məsələsini aşağıdakı kimi təsnif edir: akademik kommunikasiyanın müxtəlif model və texnologiyalarından istifadə edilməsi; başqasının nəzəri fikirlərinə, elmi baxışlarına hörmətlə yanaşılması; tezis hazırlanması və mətnin hipotezdən nəticəyə qədər qurulması; mənbələrdəki məlumatlara elmitənqidi yanaşılması, onların seçilib ümumiləşdirilməsi və yaradıcı şəkildə istifadə edilməsi; plagiatlıqdan uzaq, mövqeyin faktlarla, obyektiv şəkildə əsaslandırılması; mətnin elmi üslubun normalarına uyğun mənalı və məntiqli qurulması; fikirlərin ədəbi dildə aydın və dəqiq ifadə edilməsi (Məmmədli, 2021).

Magistratura tələbələrini özünütəhlilə, özünütərbiyəyə, özünütəhsilə yönləndirilməsi bakalavrlardan fərqli olaraq daha uğurlu alınır. Bunun əsas səbəbi yuxarıda qeyd etdiyimiz yaş, həyat təcrübəsi, konkretləşən arzu və maraqlarla bağlıdır. Müəyyən mövzuların tədrisində özünütəhlil, özünütərbiyə, özünütəhsillə bağlı söhbətlər tələbələrdə yaxşı ovqat yaradır və maraqlı polemikaya səbəb olur. Təhlillər göstərir ki, mövzuların mahiyyətcə bir-biri ilə əlaqələndirilməsi, sual-cavab, müzakirə və s. imkanlar tələbələrin dərslərdə fəal iştirakını təmin edir. Əslində, müəllim uzun-uzadı mühazirə demək əvəzinə, dərsin mahiyyətini qısa, yaradıcı çatdırmaqla tələbələri düşünməyə, axtarışlara sövq etməlidir. Fikrimizcə, müəllim metodikanın ənənəvi imkanlarından istifadə etməklə kifayətlənməməli, özünəməxsus metodikasını da yaratmalıdır. Müəllimin özünü təkmilləşdirməsinə gəlincə, bu, ardıcıl davam edən, bitməyən bir prosesdir.

NƏTİCƏ

Müəllimlik – yüksək istedad, ardıcıl özünənəzarət, insanlara doğma münasibət, bilik imkanları ilə kifayətlənməmək, daim inkişaf edən idarəçilik qabiliyyəti tələb edir. Müəllim şəxsiyyətinin formalaşmasında özünütanıma xüsusi rol oynayır. Özünütanıma iki istiqamətdə ardıcıl davam edir: şəxsi psixoloji durumu öyrənmək, bilmək, mənəvi keyfiyyətləri yüksəltmək, inkişaf etdirmək; öz sahəsi, habelə yanaşı bilik (fənn) sahələri ilə bağlı bilikləri ardıcıl artırmaq, inkişaf etdirmək. Müəllim özünü tanımasa, dərindən bilməsə, tələbələrini də tanıya bilməz. Bunun üçün o, ilk növbədə daxili dünyasındakı instinktləri bilməlidir. Bu isə dərin idraki bilik tələb edir. Müəllim həyat təcrübəsinin çoxluğu, dünyagörüşünün zənginliyi ilə kifayətlənməməli, hər zaman öz üzərində işləməlidir. Onun pedaqoji və tədqiqatçılıq qabiliyyətinin yüksək olması dünyagörüşünün zənginliyinin ifadəsi olmaqla bərabər, həm də elmi səviyyəsini göstərir.

Rəyçi: f.ü.f.d., dosent Salatın Əhmədova

İstifadə edilmiş ədəbiyyat

1 Abbasov, A. (2019). Ailə tərbiyəsinin prinsipləri. “Peşə təhsili və insan kapitalı” jurnalı, cild 2, № 2, səh. 12-19. Layout 1 (vet.edu.az)
2 Qaliboğlu, E. (2022). Müəllim şəxsiyyətinin formalaşmasında özünütanımanın əhəmiyyəti. “Qloballaşma şəraitində müəllim şəxsiyyətinin formalaşdırılmasında pedaqogika və psixologiya
elmlərinin yeri və rolu” respublika elmi konfransının materialları (28-29 aprel). Sumqayıt Dövlət Universiteti, səh. 16-19.
3 Məmmədli, N. (2021). “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə bakalavr səviyyəsi üçün proqram. “Elm və təhsil” nəşriyyatı, Bakı, 60 səh.
4 İlyasov, M. (2018). Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Monoqrafiya. Bakı, “Elm və təhsil” nəşriyyatı, 208 s. 2018-1050. Pdf (anl.az)
5 İsmixanov. M.A., Bayramov, H.B., Vəliyeva, S.V. (2019). Ali məktəb pedaqogikası. Dərs vəsaiti. Bakı, ADPU nəşriyyatı, 240 s.
6 Kazımov, N. (2006). Ali məktəb pedaqogikası. Dərslik. Bakı, 433 səh.
7 Pedaqoji terminlərin izahlı lüğəti (prof. M.İsmixanovun redaktorluğu ilə). (2018). Dərs vəsaiti. Bakı, ADPU nəşriyyatı, 156 s.
8 Rüstəmov. F., Dadaşova, T. (2007). Ali məktəb pedaqogikası. Magistratura pilləsi üçün dərslik. Bakı, “Nurlan” nəşriyyatı, 568 s.