MƏNFİ ÖZÜNƏHÖRMƏT NƏDİR?

Uşaq beyni böyüklərin təsəvvür etdiyindən çox daha həssas, elastik və qəbuledici strukturdur. Harvard Universitetinin İnkişaf Edən Uşaq Mərkəzinin (Center on the Developing Child at Harvard University) və müasir neyrobiologiyanın apardığı araşdırmalar göstərir ki, erkən uşaqlıq dövründə eşidilən hər bir kəlmə uşağın şüurunda sadəcə müvəqqəti söz kimi qalmır. Bu sözlər beyinin fiziki arxitekturasını, neyron şəbəkələrini və gələcək emosional reaksiyalarını formalaşdıran təməl daşlarına çevrilir. Uşaq böyüdükcə ilk illərdə eşitdiyi cümlələri şüurlu şəkildə xatırlamasa da, həmin sözlərin neyrobioloji izləri həyat boyu onun davranışlarında, özünəinamında və koqnitiv qabiliyyətlərində özünü göstərir.
Harvard Universitetinin tədqiqatlarına əsasən həyatın ilk illərində uşaq beynində hər saniyədə 1 milyondan çox yeni neyron əlaqəsi (sinaps) yaranır. Bu dövrdə beyinin inkişafı “istifadə et və ya itir” prinsipi ilə işləyir.
Uşağın ətrafında danışılan dil, istifadə olunan ton və söylənilən kəlmələr bu sinapsların hansının möhkəmlənəcəyini, hansının isə zəifləyərək yox olacağını müəyyən edir.
Harvard alimləri bu prosesi “geri dönüşlü qarşılıqlı əlaqə” modeli ilə izah edirlər. Uşaq səs çıxardıqda, gülümsədikdə və ya nəyisə göstərdikdə, böyüklərin ona sözlərlə cavab verməsi beyinin strukturlarını gücləndirir. Uşağa deyilən hər bir söz onun neyron xəritəsində bir iz buraxır:
- Müsbət və zəngin nitq: sintaktik və leksik cəhətdən zəngin, emosional baxımdan dəstəkləyici sözlər dil mərkəzlərini və prefrontal qabıq zonasını (məntiq, qərarvermə və emosional tənzimləmə mərkəzi) inkişaf etdirir.
- Mənfi və ya sərt nitq: qışqırıq, tənqid və təhqir dolu sözlər isə stress hormonu olan kortizolun səviyyəsini artıraraq amiqdalanı (qorxu və həyəcan mərkəzini) həddindən artıq həssaslaşdırır.
Bir çox valideynlər uşağın 1-3 yaş arasında eşitdiyi sözləri gələcəkdə xatırlamayacağını düşünərək nitqin məzmununa kifayət qədər diqqət yetirmirlər. Lakin Vaşinqton Universitetinin Beyin və Öyrənmə Elmləri İnstitutunun həyata keçirdiyi başqa müasir araşdırmalar bunun tam əksini sübut edir.
İnsan beynində iki cür yaddaş sistemi var:
- Eksplisit (açıq) yaddaş: hadisələri və faktları şüurlu şəkildə xatırlamağa imkan verir (təxminən 3-4 yaşdan sonra formalaşır).
- İmplisit (gizli/şüursuz) yaddaş: doğuşdan etibarən aktivdir. Emosional təcrübələri, səsin tonunu və sözlərin yaratdığı hissləri birbaşa amiqdalada və alt şüurda saxlayır.
Uşaq böyüyəndə körpəlikdə ona deyilən cümlələri mətn olaraq xatırlamasa da, həmin kəlmələrin yaratdığı emosional yükü daxili inam və ya narahatlıq şəklində daşıyır.

Nitq və dil mənimsəməsi üzrə mütəxəssis Patrisiya Kuhlun (Patricia Kuhl) tədqiqatları göstərir ki, körpələr doğulduqda dünyadakı bütün dillərin səslərini fərqləndirmək qabiliyyətinə malikdirlər. Lakin 6-12 ay arasında uşaq beyni ətrafındakı böyüklərin davamlı işlətdiyi kəlmələrin statistik analizini aparır. Uşaq eşitdiyi hər kəlməni fonetik xəritəyə çevirir və istifadə olunmayan səsləri filtrləyir. Bu da göstərir ki, uşaq beyni eşitdiyi heç bir səs və kəlmə vahidini diqqətdən qaçırmır. Kanzas Universitetində Betti Hart və Todd Rislinin (Betty Hart & Todd Risley) apardığı klassik və uzunmüddətli araşdırma uşaqların eşitdiyi sözlərin həcm və keyfiyyət fərqini ortaya qoyub.
Araşdırma sübut edir ki, erkən yaşda eşidilən sözlərin miqdarı və keyfiyyəti uşağın gələcəkdəki IQ səviyyəsi, məktəb uğuru və analitik təfəkkürü ilə birbaşa əlaqəlidir. Beyin eşitdiyi hər bir unikal kəlməni neyron şəbəkələrinə daxil edərək gələcək düşüncə mexanizmini formalaşdırır.
Harvard Universitetinin tədqiqatlarında xüsusi vurğulanan başqa məqam toksik stresslə bağlıdır. Uşağa qarşı davamlı olaraq istifadə edilən neqativ sözlər uşaqda bioloji stress reaksiyasını işə salır.
- Kortizol ifrazı: mənfi sözlər eşidildikdə beyin bunu təhlükə kimi qəbul edir və stress hormonu ifraz edir.
- Neyron zədələnməsi: xroniki stress hippokampus (yaddaş mərkəzi) zonasındakı neyronların inkişafını ləngidir.
- Mənfi özünəhörmət: böyüklərin uşaq haqqında dediyi sözlər zaman keçdikcə uşağın daxili monoloquna çevrilir. Uşaq böyüdükdə özü ilə məhz həmin sözlərlə danışır.
Araşdırmaların nəticələrini analiz edən mütəxəssislər uşaq beyninin bu yüksək qəbulediciliyini və unutmazlıq xüsusiyyətini nəzərə alaraq, tərbiyə prosesində aşağıdakı prinsiplərə əməl olunmasını tövsiyə edirlər:
- Sözləri şəxsiyyətə yox, davranışa yönəldin: “sən dəcəlsən” demək əvəzinə, “bu etdiyin hərəkət təhlükəlidir” ifadəsini seçin. Birinci halda uşaq beyni bunu öz mənliyi kimi kodlaşdırır.
- Erkən yaşdan zəngin söz bazasından istifadə edin: körpə ilə yetkin insan kimi, aydın və düzgün cümlələr qurmaqla danışın. Körpəlikdən kitab oxumaq və şeir dinlətmək beyinin leksik xəritəsini genişləndirir.
- Dialoq qurun (sual-cavab texnikasını tətbiq etməklə): uşaqla yalnız əmr və ya təlimat dilində (“yeməyini ye”, “paltarını geyin”) deyil, açıq tipli suallarla (“Bu gün yeməyin dadını bəyədinmi? Bu gün nəyə sevinmisən? Maraqlı nə görmüsən? və s.”) ünsiyyət saxlayın.
- Emosional səslənməyə diqqət edin: sözün mənasından əlavə, onun söylənmə tonu da implitisit yaddaşda saxlanılır. Sakit və təhlükəsiz səs tonu beyinin öyrənmə mərkəzlərini aktiv saxlayır.
Unutmayaq ki, erkən uşaqlıq dövründə söylənilən kəlmələr yox olub getmir; onlar uşaq beyninin toxumasına həkk olunur. Harvard və başqa aparıcı elmi mərkəzlərin ortaya qoyduğu həqiqət budur ki, uşağa dediyimiz hər bir söz onun gələcəkdə kim olacağını, dünyanı necə qavrayacağını və özünə necə dəyər verəcəyini müəyyənləşdirən neyron şəbəkəsinin hissəsidir.

