ZEİQARNİK EFFEKTİ TƏHSİLDƏ GÜCLÜ VASİTƏ OLA BİLƏR




Təsəvvür edin ki, kitab oxuyursunuz və qəfildən sizi çağırırlar. Oxuduğunuz yeri tam bitirmədiyiniz üçün beyniniz o məqamı “yarımçıq iş” kimi yadda saxlayır. Psixologiyada buna “Zeiqarnik effekt” deyilir. Effekti ilk dəfə 1927-ci ildə psixoloq Bluma Zeiqarnik təsvir edib. O, müəllimi Kurt Levyuin müşahidələrindən ilhamlanaraq eksperimentlər aparıb: iştirakçılara müxtəlif tapşırıqlar verib, lakin onların bir hissəsini qəsdən yarımçıq qoyub. Nəticələr göstərib ki, insanlar tamamlanmamış tapşırıqları daha yaxşı xatırlayırlar.

Əvvəllər bu effekt “universal psixoloji həqiqət” kimi qəbul olunurdu. Amma 2023-cü ildən sonrakı tədqiqatlar göstərir ki, Zeiqarnik effekti hər şəraitdə işləmir. 2024-cü ildə Bern Universitetindən (İsveçrə) professor Beat Meier və komandası apardıqları meta-analizdə göstərdilər ki, effekt daha çox insanın motivasiyasından və tapşırığın xarakterindən asılıdır. Yəni hər yarımçıq iş yadda qalmır, amma maraqlı və şəxsi əhəmiyyət daşıyan tapşırıqlar daha tez yadda qalır.

Müasir araşdırmalar göstərir ki, Zeiqarnik effekti yalnız qısa yaddaşa təsir etmir. O daha mürəkkəb proseslərə, məsələn, gələcək planların beynimizdə işlənməsi və yuxu zamanı möhkəmlənməsi kimi hallara da təsir edə bilər. 2024-cü ildə Tübingen Universitetindən (Almaniya) Culia Feçner, Jan Born və həmkarlarının apardığı təcrübə bunu sübut edib. Onlar müəyyən ediblər ki, yatmazdan əvvəl yarımçıq qalan tapşırıqlar beyinin yuxu zamanı daha aktiv işlədiyi mövzulara çevrilir. Bu da göstərir ki, yarımçıq qalan işlər təkcə qısa müddətli yaddaşda deyil, həm də öyrənmə və yaddaşın möhkəmlənməsində rol oynayır. Başqa sözlə, şagirdlər yatmazdan əvvəl cavabsız qalan sual və ya mövzunu daha yaxşı yadda saxlayırlar.

Zeiqarnik effekti düşündüyümüzdən daha tez-tez qarşımıza çıxır. Bir işə başlayıb onu bitirmədikdə, həmin yarımçıq iş daim beynimizdə qalır və başqa işlərlə məşğul olarkən belə bizi narahat edir. Bu hal bizi başladığımız işi tamamlamağa həvəsləndirir. Məsələn, oxumağa başladığın, amma yarımçıq qoyduğun kitab və ya sona çatdırmadığın video oyun tez-tez yadına düşür. Serial istehsalçıları da bu effektdən istifadə edirlər. Bir bölüm bitəndə hekayə tamamlanmır və “cliffhanger” — yəni yarımçıq qalan maraqlı an tamaşaçını növbəti seriyaya baxmağa məcbur edir.

Mütəxəssislərin apardığı müşahidələr göstərir ki, insanlar gündəlik həyatlarında Zeiqarnik effektini tez-tez yaşayırlar. Onların gəldiyi nəticələr belədir:

  • Mağazadan alış-veriş edib uşaqları məktəbə aparsan belə, evdə qatlanmamış paltarlar daim beynində qalır;
  • Bir çox e-poçta cavab versən də, hamısını bitirmədikdə həmin cavabsız məktublar həftəsonu boyunca fikrini məşğul edir;
  • Sevimli serialının mövsüm finalı yarımçıq, “cliffhanger”lə bitəndə hətta həftələr keçsə də, o səhnə yaddaşında qalır;
  • Telefonda oxunmamış bildiriş olduqda, işləsən belə diqqətin dağılır və açmadığın mesaj beynini məşğul edir;
  • İş üçün ərizə formasını 75% tamamladıqda, başqa işə keçmək çətin olur, tamamlama hissi yalnız 100%-ə çatanda rahatlıq gətirir.

Təhsil prosesində də Zeiqarnik effekti tez-tez müşahidə olunur. Şagirdlər imtahana hazırlaşarkən öyrəndikləri məlumatı yaxşı xatırlayırlar, çünki qarşıda məqsəd var və “açıq niyyət” beyinlərini aktiv saxlayır. Amma imtahan bitdikdən sonra həmin məlumat sürətlə unudula bilərlər. Eyni hal dərs zamanı da olur: müəllim dərsi cavabsız qalan sualla tamamladıqda, şagirdin marağı güclənir və cavabı öyrənmək üçün motivasiya yaranır.

Bern Universitetinin tədqiqatçısı Reyçel Qibellini Zeiqarnik effektinin tədrisdə istifadəsini belə izah edir:

  • Dərsi açıq sualla bitirmək şagirdlərdə motivasiya yaradır. Onun sözlərinə görə, dərsin sonunda cavabı açıqlanmayan sual qoymaq şagirdin marağını gücləndirir və növbəti dərsə qədər onu düşünməyə vadar edir;
  • Tapşırıqları mərhələlərə bölmək öyrənməni aktiv saxlayır. O, qeyd edir ki, şagirdlər üçün hər şeyi bir anda hazır şəkildə verməkdənsə, tapşırıqları hissə-hissə təqdim etmək daha təsirli olur. Bu, öyrənməni həm maraqlı, həm də yadda qalan edir;
  • Motivasiya effekti gücləndirən əsas şərtdir. Qibellinin fikrincə, Zeiqarnik effekti yalnız şagirdin marağı və iştirakı yüksək olduqda işləyir. Yəni dərslərin interaktiv, oyunvari və maraq doğuran formada keçirilməsi vacibdir;
  • Qısamüddətli yaddaşın məhdudiyyətlərini nəzərə alın. onun sözlərinə görə, insan beyninin qısamüddətli yaddaşı həm həcm, həm də müddət baxımından məhduddur. Bir məlumatı orada saxlamaq üçün davamlı təkrar və zehni güc lazımdır. Bu səbəbdən Zeiqarnik effekti qısamüddətli yaddaşda yarımçıq qalan işləri aktiv saxlamağa kömək edir;
  • Öyrənməni hissələrə bölün. İmtahana hazırlaşarkən məlumatı bir gecədə sıxışdırmaq əvəzinə mərhələ-mərhələ öyrənmək daha faydalıdır. Kiçik addımlarla və fasilələrlə oxumaq həm yaddaşı gücləndirir, həm də diqqəti aktiv saxlayır;
  • Fasilələrdən səmərəli istifadə edin. Yadda saxlamaqda çətinlik çəkəndə sadəcə təkrarlamaq əvəzinə, məlumatı bir neçə dəfə gözdən keçirib sonra qısa fasilə vermək faydalıdır. Başqa işlərlə məşğul olarkən beyin yenidən həmin məlumata qayıtmağa başlayır;
  • Təxirəsalma ilə mübarizədə Zeiqarnik effektindən faydalanın. Qibellinin fikrincə, işləri son ana saxlamaq stress və zəif nəticələr yaradır. Bunun əvəzinə, kiçik də olsa ilk addımı atmaq lazımdır. Başlanmış, amma tamamlanmamış iş beynində daim qalacaq və səni onu bitirməyə sövq edəcək. Bu yanaşma motivasiya yaradır və işi başa çatdıranda uğur hissi formalaşdırır.

Qibellinin fikirləri göstərir ki, Zeiqarnik effekti təhsildə güclü vasitə ola bilər, amma o yalnız düzgün şərait və motivasiya ilə tətbiq olunduqda real nəticə verir. Bu effektdən düzgün istifadə etməklə öyrənmə motivasiyasını artırmaq, diqqəti cəmləmək və işləri daha məhsuldar şəkildə tamamlamaq mümkündür. Bu psixoloji effekt həm təhsil, həm gündəlik həyat, həm də iş proseslərini daha səmərəli etmək üçün praktik və faydalı bir vasitədir.