UŞAĞA DOĞRU SUALLAR VERİN




Kiçik yaşlarından uşağın valideynləri ilə qurduğu doğru ünsiyyət onun gələcək inkişafında çox əhəmiyyətli rol oynayır. Övladınızla etdiyiniz maraqlı söhbətlər, doğru verilən suallar sizi bütün həyatı boyu onun ən yaxın dost və həmsöhbətinə çevirə bilər. Uşaq psixoloqlarının qənaətinə görə, övladınızla söhbətə əyləncəli suallarla başlamağınız onun sizinlə ünsiyyətdən həzz almasına kömək edəcək. Bəs uşaqları maraqlandıra bilən əyləncəli suallar hansılardır? Bu sualları necə seçməliyik?

Mütəxəssislər uşaqların yaş qruplarına uyğun suallar verilməsini tövsiyə edirlər.

Məktəbəqədər yaşlı uşaqlara verilən suallar daha çox onun dünyagörüşünün formalaşmasına, təxəyyülünün, söz ehtiyatının genişlənməsinə kömək etməlidir:

 

  • Oyuncaqlarınla danışa bilsəydin, onlara nə deyərdin?
  • Ən çox sevdiyin superqəhrəman kimdir?
  • Dostlarınla ən çox hansı oyunu oynamağı sevirsən?

Övladınıza verə biləcəyiniz belə suallar aranızdakı bağlılığın güclənməsinə və onun emosional vəziyyətini anlamanıza yardım edəcək. Onun bağçada və ya məktəbdə gününün necə keçdiyi ilə maraqlanmanız əslində, övladınızın xarakterini, onun ətraf mühitlə qurduğu əlaqəni, hadisələrə baxışını müəyyənləşdirməyinizə təsir edir. Uşağı tanımaq üçün verilən suallardan bəziləri aşağıdakılardır:

 

  • Ən çox sevdiyin dostun kimdir və onu niyə sevirsən?
  • Ən çox nə etməkdən xoşun gəlir?
  • Səni ən çox nə kədərləndirir?
  • Bu gün bağçada (məktəbdə) maraqlı nə oldu?

 

Azyaşlıların yaradıcı fikirlərini inkişaf etdirmək, xəyal dünyalarını genişləndirmək üçün verilən maraqlı suallar:

  • Səncə, heyvanlar bir-biri ilə necə danışırlar?
  • Öz geyimlərini hazırlamaq şansın olsaydı, onları necə dizayn edərdin?
  • Qızıl balıq sənə “üç diləyini söylə” desə idi, nə arzulayardın?
  • Yuxuda ən çox nə görürsən və ya görmək istəyərdin?
  • Qanadların olsa idi, hara uçmaq istəyərdin?
  • Böyüyəndə nə olmaq istəyirsən? Niyə?
  • Sehrli çubuğun olsaydı, birinci nə edərdin?
  • Səncə uşaq olmaq asandır, yoxsa böyük? Niyə?
  • Kədərli olanda adamlar nə etməlidir?
  • Hansı cizgi filmi qəhrəmanına oxşamaq istəyirsən? Niyə?
  • Ən sevdiyin yemək hansıdır?
  • Hansı bayramı səbirsizliklə gözləyirsən?
  • İnsanlar niyə heyvanlardan qorxurlar?
  • Ən çox nədən qorxursan? Niyə?
  • Ən böyük xəyalın nədir?
  • Ən sevdiyin oyun hansıdır? Qaydaları necədir?
  • Ən yaxın dostun kimdir? Kimi ən yaxşı dost saymaq olar?
  • Niyə valideynləri dinləmək lazımdır?
  • Niyə uşaqlar bağçaya və ya məktəbə getməlidir?
  • Səncə 100 ildən sonra həyat necə olacaq?
  • Kimsə səni incitsə, təhqir etsə və ya itələsə nə edərsən?

İbtidai məktəbdə uşaqların ünsiyyət dairəsi sürətlə genişlənir. Bura sinif yoldaşları, yeni dostlar, tanışlar, müəllimlər daxil olur. Ona görə həyat və dünya ilə bağlı suallar vermək, həmçinin “birdən …olarsa” xarakterli oyun vəziyyətləri yaratmaq yaxşı olar.

  • İnsanlar niyə səyahət edirlər?
  • Hansı supergücə sahib olmaq istərdin?
  • Bir məşhurla dost ola bilsəydin, bu kim olardı?
  • İncəsənət və mədəniyyət nə üçündür?
  • Səncə, başqa planetlərdə və qalaktikalarda həyat varmı?
  • Hansı anlarda böyüklərin uşaqları heç başa düşmədiyini hiss edirsən?
  • İnternet, televizor və telefon olmayan kənddə bütün yayı nə edərdin?
  • Yanlış hərəkətlərə görə, uşaqları cəzalandırmaq lazımdırmı?
  • Həmişə düşündüklərini söyləmək düzgündürmü?
  • Səncə dünyanın ən çox hansı ixtiralara ehtiyacı var?
  • Süni intellekt gələcəkdə insanları tamamilə əvəz edə biləcəkmi?
  • Paralel kainatlar mövcuddurmu? Əgər belədirsə, insanlar orada necə yaşayır?

Əbəs yerə deyil ki, yeniyetməlik uşaqların inkişafında böhran və çətin dövr sayılır. Əksər yeniyetmələrin özünə hörmət və azadlıqlarla bağlı problemi ortaya çıxır. Bu yaşda onlarla valideynlər arasında anlaşılmazlıq və məsafə artır, yeniyetmələr öz dünyalarında yaşamağa çalışırlar. Bu mərhələdə onlara yaxınlaşmaq o qədər də asan deyil. Bununla belə, bəzi suallar valideynlərin işini asanlaşdıra bilər. Əsas odur ki, valideyn övladına onun həyatı, hobbiləri, problemləri, dilemmalarına qarşı biganə olmadığını hiss etdirsin. Məşhur aforizmdə deyildiyi kimi, “həqiqət mübahisədə meydana çıxır”. Amma yeniyetmələrlə istənilən mübahisədə mövqeyinizi əsaslandırmağı bacarmalısınız.

  • Mənim valideynlik metodumu və tərbiyə tərzimi necə qiymətləndirirsən?
  • Səncə ideal valideyn hansı keyfiyyətlərə malik olmalıdır?
  • Səncə ailəvi istirahət üçün ən yaxşı yer haradır?
  • Həyatındakı hansı hadisəni ən vacib (parlaq, unudulmaz) adlandıra bilərsən?
  • Hər kəsə hansı filmi (kitab, serial) tövsiyə edərdin?
  • Burnunu (ayaqlarını, çəkisini, bədənini) sevməyən insana nə məsləhət görərdin?
  • Səncə, dünyanın sonu nə vaxt olacaq? Və ümumiyyətlə olacaqmı?
  • Səncə, sizin nəsil əvvəlkilərdən nə ilə fərqlənir?
  • Özünlə bağlı nəyi və niyə dəyişərdin?
  • İnsanlar öz taleyini dəyişə bilərmi, yoxsa bu, doğulduğu andan müəyyən edilib?
  • Qocalıqda peşman olmamaq üçün həyatı necə yaşamalısan?
  • Pul olmadan xoşbəxt olmaq mümkündürmü?
  • Müasir yeniyetmələrin əsas problemləri hansılardır?
  • Sevimli YouTube kanalların və ya onlayn oyunların hansılardır? Səni onlara nə cəlb edir?
  • Müasir yeniyetmələrin hobbilərinə münasibətin necədir?
  • Sən məktəb direktoru olsaydın, onu necə idarə edərdin? Onun nizamnaməsinə nələri mütləq daxil edərdin?
  • Kimin daha asan həyatı var: uşaqların, yoxsa böyüklərin?
  • Müasir dünyada səni ən çox nə qəzəbləndirir?
  • Niyə böyüklər və uşaqlar bir-birini başa düşməkdə çətinlik çəkirlər? Bu problemi necə həll etmək mümkündür?
  • Səncə insanda ən qəbuledilməz keyfiyyət hansıdır?
  • Niyə bəzi insanlar Allaha inanır, bəziləri yox?
  • Özünü hansı sahədə əsl peşəkar kimi hiss edirsən?

Psixoloqlar deyir ki, övladınızla dialoqda verdiyiniz açıq suallar əslində aranızda körpü yaratmaq üçün vasitədir. Bu suallar vasitəsilə siz əylənə, dərin mövzulara toxuna, övladınızı nəyin narahat etdiyini anlaya bilərsiniz.

 

Zemfira Məmmədqızı