ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ QİYMƏTLƏNDİRMƏNİN TƏŞKİLİ: BEYNƏLXALQ TƏCRÜBƏ
GÜNEL BABAYEVA
Ali təhsil müəssisələrində qiymətləndirmənin düzgün təşkil olunması təlim və tədris prosesinin, tələbələrin akademik göstəricilərinin və ali təhsil müəssisəsinin ümumi göstəricilərinin təkmilləşdirilməsində əsas rol oynayır. Qiymətləndirmənin təşkili bir sıra mərhələlərdən ibarətdir.
Bunlardan biri də beynəlxalq miqyasda qiymətləndirmə üsul və prinsiplərinin araşdırılmasıdır. Müxtəlif ölkələrin qiymətləndirmə təcrübələrini öyrənmək hər bir ölkənin təhsil siyasətinin əsas məqsədlərindən biridir. Beynəlxalq qiymətləndirmə nümunələri ilə tanış olmaqla təhsil proqramlarının (kurikulumun) tərtibi zamanı yarana biləcək problemlərin qarşısı alınır, ən səmərəli üsul seçimi üçün həm maliyyə resurslarından, həm də zamandan düzgün şəkildə istifadə olunur. Məqalədə Niderland, Danimarka, Kanada və Şotlandiya ali təhsil müəssisələrində qiymətləndirməni formalaşdıran müxtəlif metodologiyalar, problemlər və yeniliklər müqayisəli şəkildə araşdırılır.
GİRİŞ
Təlim və tədris prosesinin səmərəliliyi, təyin olunmuş məqsəd və hədəflərə çatıb-çatmadığı qiymətləndirmə prosesi vasitəsilə araşdırılır. Qiymətləndirmə vasitəsilə əldə olunan nəticələr tələbələrin cari vəziyyətini, istifadə olunan resursların və metodların keyfiyyətini əks etdirir, ali təhsil müəssisələri üçün özünüdəyərləndirmə vasitəsi kimi çıxış edir.
Hər bir ölkə müxtəlif qiymətləndirmə üsullarından istifadə edir. Bu üsullara yazılı, şifahi və test imtahanları aiddir. Üsul seçimində ölkənin təhsil səviyyəsi, mədəniyyəti də xüsusi rol oynayır. Müxtəlif ölkələrin qiymətləndirmə siyasətini, vasitələrini öyrənmək xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq qiymətləndirmə prinsiplərini bilmək bir neçə səbəbdən vacibdir:
1. Təhsildə bərabərliyin təmin edilməsi. Beynəlxalq qiymətləndirmə prinsiplərini başa düşmək müəllimlərə ədalətli, qərəzsiz və mənşəyindən, mədəniyyətindən, dilindən və bacarığından asılı olmayaraq bütün tələbələr üçün əlçatan olan qiymətləndirmə sistemləri hazırlamağa kömək edir. Pedaqoqlar müəyyən edilmiş qiymətləndirmə prinsiplərinə riayət etməklə, sosial və mədəni qərəzlərin qiymətləndirmə nəticələrinə təsirini minimuma endirə və təhsildə ədaləti təşviq edə bilərlər.
2. Qərar qəbul edilməsinin dəstəklənməsi. Beynəlxalq qiymətləndirmə təcrübələrinin araşdırılması ilə qərar qəbulu, kurikulumun hazırlanması və müxtəlif ölkələrin təhsil siyasəti haqqında məlumatların əldə olunmasına şərait yaranır. Qiymətləndirmə məlumatlarını toplamaq və təhlil etməklə müəllimlər tələbələrin öyrənmə ehtiyaclarını müəyyən edə, təlim hədəflərinin nə dərəcədə əldə olunmasını araşdıra və təlimtədris nəticələrini yaxşılaşdırmaq üçün sübuta əsaslanan qərarlar qəbul edə bilərlər.
3. Müqayisənin asanlaşdırılması. Beynəlxalq qiymətləndirmə prinsipləri müxtəlif ölkələr, regionlar və təhsil kontekstləri üzrə şagird fəaliyyətini, təhsil təcrübələrini və müxtəlif ölkələr üzrə təhsil səviyyəsi haqqında məlumatları sistemli şəkildə müqayisə etmək üçün ümumi bir plan təmin edir. Standartlaşdırılmış qiymətləndirmə tədbirləri və metodologiyalarından istifadə etməklə, müəllimlər və təhsil üzrə araşdırmaçılar təhsilin inkişafını müqayisə edə, təkmilləşdirilməli sahələri müəyyən edə və başqa yerlərdə tətbiq olunan ən yaxşı təcrübələrdən öyrənə bilərlər.
4. Ömürboyu öyrənmənin təşviqi. Beynəlxalq səviyyədə təhsil üzrə qəbul olunmuş yanaşmalar tənqidi düşünmə, problem həll etmə, əməkdaşlıq və ünsiyyət kimi ömürboyu öyrənmə bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini bildirir. Bu yüksək səviyyəli bacarıqları ölçən qiymətləndirmələri tərtib etməklə, pedaqoqlar tələbələri mürəkkəb problemləri həll etməyə, dəyişən kontekstlərə uyğunlaşmağa və sürətlə inkişaf edən qlobal cəmiyyətdə inkişaf etməyə hazırlaya bilərlər.
Bütün bu sadalananlara əsasən deyə bilərik ki, beynəlxalq qiymətləndirmə nümunələrini bilmək vacibdir, bununla bütün dünyada təhsil sistemlərinin davamlı təkmilləşdirilməsi üçün addımlar atıla bilər.
Effektiv qiymətləndirmənin layihələndirilməsi problemi universitetlər üçün çoxillik və ali təhsilin keyfiyyətini təmin edən orqanlar tərəfindən müəyyən edilən əsas problemlərdən biridir. Məsələn, Böyük Britaniyada Ali Təhsil üzrə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən aparılan təhlillərdə qiymətləndirmə təcrübələri ilə bağlı çatışmazlıqlar davamlı olaraq universitet proqramlarının əsas tənqidi kimi ortaya çıxıb, xüsusən də “qiymətləndirmə metodlarının çox dar əhatə dairəsi və ənənəvi imtahanlar” əsas problem kimi əks olunur (French, Dickerson, Mulder, 2023). İmtahanlara həddən artıq etibar etmək iki əsas səbəbdən problemlidir. Birincisi, qiymətləndirmə metodlarında müxtəlifliyi məhdudlaşdırır. Qiymətləndirmə metodlarının müxtəlifliyi təlim nəticələrini qiymətləndirmək, tələbələrin bacarıq və biliklərinin çoxölçülü başa düşülməsini təmin etmək, tələbə fəallığını qorumaq üçün zəruridir (French, Dickerson, Mulder, 2023).
İkincisi, yüksək səviyyəli imtahanlar sırf summativ funksiyaya xidmət etməyə meyillidir ki, bu da formativ qiymətləndirmə və əks-əlaqə üçün problemə çevrilir (French, Dickerson, Mulder, 2023).
Qiymətləndirmə təcrübələrini təkmilləşdirmək üçün Böyük Britaniyada Ali Təhsil üzrə Keyfiyyətin Təminatı Agentliyinin ali təhsil müəssisələrində mövzuların nəzərdən keçirilməsinə dair təlimatları ilə təmin edilir. Onlar aşağıdakı aspektlərlə maraqlanırlar:
- tələbələrlə əks-əlaqənin keyfiyyəti;
- qiymətləndirmə metodlarının nəzərdə tutulan təlim nəticələrinə uyğunluğu;
- tələbə profilinə, səviyyəsinə və təhsil rejiminə uyğunluq;
- tələbələrin qiymətləndirmə metodları və meyarları haqqında anlayışı (Brown, Glasner, 1999).
Bu aspektlərin araşdırılması qiymətləndirmədə şəffaflığı təmin edir.
Bir sıra xarici dövlətlərdə qiymətləndirmə ilə bağlı vahid yanaşmalar mövcuddur. Niderland, Danimarka, Kanada və Şotlandiya ali təhsil müəssisələrində semestr sonu qiymətləndirmə aşağıdakı şəkildə hazırlanır:
1) Qiymətləndirmə metodları
Semestr sonu imtahanları müxtəlif qiymətləndirmə üsullarını, yazılı imtahanlar, şifahi imtahanlar, təqdimatlar, qrup layihələri, praktiki tapşırıqlar və laboratoriya işlərini əhatə edir. Qiymətləndirmə metodunun seçimi kursun xarakterindən, proqram tələblərindən və təlim məqsədlərindən asılıdır.
Şotlandiyada öyrənənlərin mövzunu mənimsəmələrini ölçmək üçün bir sıra fərqli üsullardan istifadə olunur. Bunlara yazı işləri, təqdimatlar, müzakirələr və praktiki tapşırıqlar aiddir (French, Dickerson, Mulder, 2023). Qiymətləndirmə prosesinin nəticələri təlim və tədris fəaliyyəti ilə bağlı əks-əlaqənin təmin edilməsində vacib rol oynayır (Baran, 2020). İstifadə edilən müxtəlif metodlara aşağıdakılar daxildir:
• Tələbələrin bilikləri əzbərləmə dərəcəsini yoxlamaq əvəzinə, onların verilmiş məlumatla nə edə biləcəyini yoxlayan açıq kitab imtahanları;
• İmtahan suallarının imtahandan əvvəl və ya imtahan zamanı təqdim olunan nümunə materiallarına əsaslandığı sintez, təhlil kimi bacarıqları ölçən keys tədqiqatları;
• Tələbələrdən bacarıqları nümayiş etdirə bilmələri üçün kompüterlərdə yaradılan simulyasiyalar;
• Çox seçimli suallar və ya qısa cavablar tələb edən imtahanlar, tələbələr bu üsulla geniş mövzuları başa düşdüklərini nümayiş etdirə bilirlər (Brown, Glasner, 1999).
2) İmtahan dövrləri
Universitetlərdə imtahan dövrləri hər semestr və ya tədris ilinin sonunda keçirilir. Tələbələrin qısa müddət ərzində bir neçə imtahanı ola bilər ki, bu da vaxtın effektiv idarə edilməsini və hazırlıq tələb edir.
3) Qiymətləndirmə sistemi
Niderlandda 1-dən 10-a qədər dəyişən, 5.5 keçid qiyməti hesab edilən ədədi qiymətləndirmə sistemindən istifadə edilir.
Danimarkada bakalavr səviyyəsində qiymətsiz sistem mövcuddur. Ənənəvi ədədi və ya hərf qiymətləri əvəzinə, uğurlu/uğursuz olaraq qiymətləndirmələrə və ya rəyə əsaslana bilər. Bu növ qiymətləndirmə tələbələrin standartlaşdırılmasının qarşısını alır, tələbələr arasında daxili motivasiya, öz-özünə öyrənmə təfəkkürünün təşviqinə diqqət yetirilir.
Kanada və Şotlandiyada müvafiq hərf qiymətləri (məsələn, A, B, C, D, F) ilə, adətən 0-dan 100-ə qədər dəyişən ədədi qiymətləndirmə sistemindən istifadə edilir.
4) Texnologiyanın inteqrasiyası
Texnologiyalar inkişaf etdikcə onların təhsildə istifadə olunması səviyyəsi daha da artıb. Universitetlər imtahanların idarə edilməsində, qiymətləndirilməsində onlayn qiymətləndirmələrdən, e-tədris platformalarından və rəqəmsal alətlərdən getdikcə daha çox istifadə edirlər. Məsələn, Kanada universitetləri getdikcə daha çox onlayn qiymətləndirmələri, kompüter əsaslı imtahanları və öyrənmə idarəetmə sistemlərini imtahan proseslərinə daxil edirlər. Bu texnologiyalar tələbələr üçün çeviklik, əlçatanlıq və dərhal rəy bildirmək, həmçinin müəllimlər üçün səmərəli qiymətləndirmə və məlumatların idarə edilməsi kimi üstünlüklər təklif edir. Hazırda əksər imtahanlar hələ də kağız üzərində aparılır, lakin (qismən) kompüter əsaslı imtahanların sayı artmaqdadır. Bəzən tələbələr suallarını kağız üzərində alırlar və
kompüter bəzi suallara cavab vermək üçün vasitə kimi istifadə olunur. Cavablar isə kağız üzərində yazılır (Béguin, Kremers, Alberts, 2008).
Bundan əlavə, tam kompüter əsaslı testlər var ki, burada bütün suallar kompüterdən istifadə edilərək verilir və cavablandırılır (Béguin, Kremers, Alberts, 2008).
5) Dəstək və əks-əlaqə
İmtahanlardan sonra tələbələr öz performansları, o cümlədən güclü, zəif tərəfləri və təkmilləşdirilməsi lazım olan sahələr barədə müəllimlər və ya avtomatlaşdırılmış sistemlər vasitəsilə rəy alırlar. Şotlandiya universitetləri tez-tez tələbələrə imtahanlara hazırlaşmağa kömək etmək üçün dəstək xidmətləri göstərir, bu dəstəyə təhsil bacarıqları üzrə seminarlar, akademik repetitorluq və onlayn resurslar aiddir. Bu xidmətlər tələbələrə imtahanda uğur qazanmaq üçün effektiv təhsil vərdişləri və strategiyaları inkişaf etdirməyə kömək etmək məqsədi daşıyır.
Bu dəstək növlərindən biri formativ rəydir. Formativ rəy ənənəvi kurs sonu qiymətləndirmələrindən istifadə etməklə və ya alternativ qiymətləndirmə formaları vasitəsilə həyata keçirilə bilər. Aultman və Levis dərhal formativ rəy toplamaq üçün erkən və orta semestr qiymətləndirmələrindən istifadə etməyi müdafiə edirlər (Gravestock, Gregor-Greenleaf, 2008).
Bir sıra oxşar cəhətləri olmaqla yanaşı, bu ölkələrdə ali təhsil müəssisələrində qiymətləndirmə ilə bağlı fərqli yanaşmalar da mövcuddur. Bunlara aşağıdakılar aiddir:
Niderland
Beynəlxalq miqyasda Niderland özünün inkişaf etmiş qiymətləndirmə yanaşmaları ilə seçilir. Qiymətləndirmə yanaşması aşağıdakı prinsiplərə əsaslanır:
• müxtəlif təhsil məqsədlərinin ölçülməsini təmin etmək (məsələn, oxu və riyazi bacarıqları ilə yanaşı, həmçinin sosial bacarıqlara, motivasiyaya diqqət yetirmək);
• müəllim peşəkarlığını inkişaf etdirmək;
• öyrənənlərin qiymətləndirilməsi, müəllimin qiymətləndirilməsi və təhsil müəssisələrinin özünüqiymətləndirmə sahələrində effektiv və perspektivli qiymətləndirmək (European Agency, 2017).
Niderland ali təhsil müəssisələrində semestr sonu imtahanları biliklərin tətbiqinə yönəlib. İmtahanlar tələbələrdən nümunələri təhlil etməyi, problemləri həll etməyi və ya nəzəri anlayışları real dünya ssenarilərinə tətbiq etməyi tələb edə bilər. Bu yanaşma tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək və tələbələri peşəkar həyata hazırlamaq məqsədi daşıyır.
Bəzi Niderland universitetlərində açıq kitab imtahanlarından istifadə olunur, burada tələbələrə dərslikləri, qeydləri və digər resursları imtahan otağına gətirməyə icazə verilir. Bu imtahanlar tələbələri əzbərləməyə deyil, anlayışları başa düşməyə və tətbiq etməyə diqqət yetirməyə təşviq edir. Bununla belə, açıq kitab imtahanları tələbələrdən daha yüksək səviyyəli düşünmə bacarıqlarını nümayiş etdirmələrini və müvafiq məlumatları effektiv şəkildə ayırd etmələrini tələb edə bilər.
Danimarka
Danimarka universitetlərində tələbələrin real dünya problemləri, tədqiqat layihələri və ya nümunə araşdırmaları üzərində birgə işlədiyi layihə əsaslı öyrənməyə xüsusi diqqət yetirilir. İmtahanlar layihənin nəticələrinin təqdim edilməsini, dissertasiyanın müdafiəsini və ya layihə işi vasitəsilə əldə edilən praktiki bacarıqların nümayişini əhatə edə bilər. Qiymətləndirmə vasitələrinin əksəriyyəti tədrisin yekun qiymətləndirilməsində istifadə edilmək üçün nəzərdə tutulub (Gravestock, Gregor-Greenleaf, 2008).
Tələbələrin məzuniyyəti zamanı Uşaq və Təhsil Nazirliyi sertifikat verir. Sertifikat aşağıdakıları ehtiva edir:
- Bütün illər ərzində tələbələrin aldığı qiymətlər;
- İmtahan qiymətləri;
- Xüsusi təhsil layihəsi və ya yazılı tapşırıq üçün alınan qiymətlər;
- Qiymətlərin müxtəlif kreditlərini əks etdirən imtahan nəticəsi;
- Ümumi orta qiymət (Europian Commission, 2023).
Kanada
Kanada universitetləri tələbələrin orijinal ədqiqat aparması, tezislər və ya dissertasiyalar yazması və öz sahələrində elmi biliklərə töhfə verməsi gözlənilən magistratura səviyyəsində tədqiqatyönlü qiymətləndirmələri vurğulayır. İmtahanlar çox vaxt tələbələrdən tənqidi düşünmə bacarıqlarını nümayiş etdirməyi, məlumatları təhlil etməyi və nəzəri anlayışları praktiki vəziyyətlərdə tətbiq etməyi tələb edir.
Kanada universitetləri tələbələrin müxtəlif mənşəyini, öyrənmə üslublarını və bacarıqlarını tanıyaraq qiymətləndirmə təcrübələrində müxtəlifliyi və inklüzivliyi təmin etməyə çalışır.
Kanadada öyrənənlər qiymətləndirmə nəticələrinə əsasən 4 səviyyə üzrə kateqoriyalaşdırılır:
• Səviyyə 1. Təyin olunmuş standartlardan çox aşağı olan nəticəni bildirir. Öyrənənlər müəyyən edilmiş bilik və bacarıqları məhdud effektivliklə nümayiş etdirir. Şagirdlər növbəti fənn və ya kursda uğur qazanmaq üçün öz bilik və bacarıqlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə çalışmalıdırlar;
• Səviyyə 2. Standartı qarşılamayan, amma tələb olunan standarta yaxın nəticəni bildirir. Tələbə müəyyən edilmiş bilik və bacarıqları müəyyən dərəcədə effektivliklə nümayiş etdirir. Bu səviyyədə nəticə göstərən tələbələr gələcək müvəffəqiyyəti təmin etmək üçün müəyyən edilmiş öyrənmə boşluqları üzərində işləməlidirlər;
• Səviyyə 3. Standartı tam şəkildə qarşılayan nəticəni bildirir. Tələbə müəyyən edilmiş bilik və bacarıqları əhəmiyyətli dərəcədə effektiv şəkildə nümayiş etdirir;
• Səviyyə 4. Tələb olunmuş standartdan da yüksək nəticəni bildirir. Bilik və bacarıqları yüksək səviyyədə nümayiş etdirməklə yanaşı, bilik və bacarıqlarını daha üst kurs səviyyəsinə qədər inkişaf etdirir1.
Şotlandiya
Şotlandiya təhsil sistemi dərəcə anlayışı ilə formalaşır. Bu dərəcələr “birinci, ikinci, uğursuzluq və s.” şəklində təsnif edilir. Dərəcə təsnifatları tələbələrin akademik proqramı boyunca imtahanlar, kurs işləri və dissertasiyalar daxil olmaqla bütün qiymətləndirmələr üzrə ümumi performansına əsaslanır.
Özünüqiymətləndirmə zamanı dörd əsas keyfiyyət göstəricisi diqqət mərkəzindədir:
• Müəllim fəaliyyəti – təlim məqsədlərinin yaxşı planlaşdırılmasını, aydın izahatları, effektiv tədrisi və şagirdlərlə qarşılıqlı əlaqəni təmin etməsi;
• Öyrənənlərin fəaliyyəti – onların tədrisə nə dərəcədə həvəsləndirilməsi, müstəqil düşüncədə fəal iştirak etməsi, başqaları ilə birgə öyrənmə ilə məşğul olması;
• Öyrənənlərin ehtiyaclarının qarşılanması – müxtəlif irəliləyiş mərhələlərində öyrənənlərə təqdim olunan tapşırıqların uyğunluğu, tələbələrə göstərilən dəstəyin uyğunluğu;
• Tədrisin bir hissəsi kimi qiymətləndirmə – gələcək öyrənmə və tədrisi istiqamətləndirmək üçün qeyri-rəsmi və rəsmi qiymətləndirmələrin
istifadəsi (Sliwka, Spencer, 2015).
Bu göstəricilər ümumi tədris prosesinin qiymətləndirilməsi, tələbələri öz akademik irəliləyişləri haqqında düşünməyə təşviq edir.
........................................................................
1 https://www.dcp.edu.gov.on.ca/en/assessment-evaluation/levels-of-achievement
Şotlandiya müəllimlərin iştirakı ilə tələbələrin praktiki işlərdə və yanaşı elmi düşünmə bacarıqlarını qiymətləndirməyi əsas prinsip kimi qəbul edib. Ümumiyyətlə, bu praktiki qiymətləndirmələr şagirdlərdən elmi problemi təhlil etməyi, problemin həlli üçün eksperiment tərtib etməyi, eksperimenti həyata keçirməyi, müvafiq məlumatları toplamaq və qeyd etməyi, diaqram və ya qrafiklərdən istifadə etməklə məlumatları nümayiş etdirməyi, nəticə çıxarmağı və tapıntıları yazılı laboratoriya işləri vasitəsilə çatdırmağı tələb edir. Tədqiqatların xarakteri hər səviyyədə geniş və uyğun şəkildə dəyişsə də, hər səviyyədə bir çox mürəkkəb elmi problem həll etmə bacarıqları sınaqdan keçirilir (Wallace, McKie, Houston, Osborne, 2007).
NƏTİCƏ
Ali təhsil müəssisələrində tələbə nailiyyətlərini inkişaf etdirmək və təlim nəticələrini araşdırmaq məqsədilə qiymətləndirmədən istifadə olunur. Tələbələrin qiymətləndirilməsi əsasən semestr və ya tədris ilinin sonunda həyata keçirilir, müxtəlif imtahan üsullarından istifadə olunur. Danimarka, Niderland, Kanada və Şotlandiya ali təhsil müəssisələrində tələbə nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı müxtəlif yanaşmalardan istifadə olunur. Beynəlxalq miqyasda qiymətləndirmələr tələbələrin əldə etdikləri bilikləri necə tətbiq etdiklərini araşdırır. Kanadanın tədqiqatyönlü yanaşması tələbələrin bilikləri mənimsəmə dərəcəsi ilə bağlı əsaslı nəticələrin əldə edilməsinə imkan yaradır. Danimarka və Şotlandiya imtahanları tez-tez tənqidi düşüncəyə, müstəqil araşdırmaya üstünlük verir. Danimarkada tətbiq olan qiymətsiz sistem tələbələrin inkişafını təmin edilməsində xüsusi əhəmiyyət daşıyır, onları nəticələrinə görə kateqoriyalaşdırmır. Müxtəlif yanaşmalar olsa da, Danimarka, Niderland, Kanada və Şotlandiya qiymətləndirmə sistemləri tələbəyönlü yanaşmaya əsaslanaraq, tələbələrin əldə etdikləri bilikləri praktiki istifadə edə bilmələrini qiymətləndirir.
Rəyçi: Ülviyyə Hacıyeva, ADPU-nun Xarici Dillər Mərkəzinin müdiri, dosent
İstifadə edilmiş ədəbiyyat
1 Baran, H. (2020). Açık ve uzaktan eğitimde ölçme ve değerlendirme. Açıköğretim Uygulamaları ve Araştırmaları Dergisi, 6(1), 28-40.
2 Béguin, A., Kremers, E., & Alberts, R. (2008). National examinations in the Netherlands: Standard-setting procedures and the effects of innovations. In IAEA Conference, Cambridge, September 2008.
3 Brown, S., & Glasner, A. (1999). EBOOK: Assessment Matters In Higher Education. McGraw-Hill Education (UK).
4 EUROPEAN AGENCY for Special Needs and Inclusive Education. (2017). Raising the achievement of all learners in inclusive education.https://www.europeanagency.org/sites/default/files/agency-projects/RaisingAchievement/CountryReports/Raising%20Achievement%20Netherlands%20Country%20Report.pdf
5 Europian Commission. (2023). Assessment in general upper secondary education
6 French, S., Dickerson, A., & Mulder, R.A. (2023). A review of the benefits and drawbacks of highstakes final examinations in higher education. Higher Education, 1-26.
7 Gravestock, P., & Gregor-Greenleaf, E. (2008). Student course evaluations: Research, models and trends. Toronto: Higher Education Quality Council of Ontario. a. https://eurydice.eacea.ec.europa.eu/national-education-systems/denmark/assessment-general-upper-secondaryeducation).
8 https://www.dcp.edu.gov.on.ca/en/assessment-evaluation/levels-of-achievement
9 Sliwka, A., & Spencer, E. (2015). Scotland: Developing a coherent system of assessment. Part II The Case Studies, 205.
10 Wallace, C., McKie, J., Houston, M., & Osborne, M. (2007). Assessment: A review of practice. Retrieved, 29 (08), 2013.