AZƏRBAYCANDA MÜƏLLİMLƏRİN PEŞƏ MƏMNUNİYYƏTİ
RAMİZ NƏSİROV
Keyfiyyətli təhsilin ən fundamental dəyişənlərindən biri, şübhəsiz ki, müəllimlərdir. Müəllimlər istedad və bacarıqların inkişafına təsirli töhfələr verən, nəticədə, şagirdlərin böyüməsi və inkişafı, cəmiyyətin rifahı ilə bağlı olan insanlardır. Bir çox ölkələrdə müəllimlərə intellektual elitanın bir hissəsi və müsbət rol modellər kimi baxılır. Bu baxımdan, müəllimlərin peşə məmnuniyyətinin yüksək olması əsas prioritetlərdən biridir. Bu tədqiqat Azərbaycanda müəllimlərin peşə məmnunluğunun ümumi vəziyyətini müəyyən etmək üçün həyata keçirilib. Tədqiqat üçün kəmiyyət metodundan, data toplamaq üçün onlayn sorğu anketindən istifadə edilib. “Qartopu” metodu vasitəsi ilə sorğuda ümumilikdə 208 müəllim iştirak edib. Nəticələrin təhlili göstərib ki, Azərbaycanda müəllimlərin peşə məmnuniyyətinin səviyyəsi 2018-ci il TALIS tədqiqatının nəticəsinə ümumən yaxındır.
GİRİŞ
Bütün dünyada ölkələr öz vətəndaşlarına ixtisaslı, innovativ və akademik təhsil verməyə çalışırlar. Təhsil sistemlərində keyfiyyətin ən fundamental dəyişənlərindən biri, şübhəsiz ki, müəllimlərdir və ixtisaslı müəllimlərə tələbat günü-gündən artır. Budhathoki (2021) bildirir ki, müəllimlər biliklərin, münasibətlərin ötürülməsinə, istedad və bacarıqların inkişafına təsirli töhfələr verən, nəticədə, şagirdlərin böyüməsi və inkişafı, cəmiyyətin rifahı ilə bağlı olan insanlardır. Onlar öz şagirdlərinin potensial qabiliyyəti və bacarıqlarını üzə çıxarmaqla inkişafa və tərəqqiyə diqqət yetirirlər, şagirdlərini öyrənməyə təşviq edir və onlar üçün nümunə olmağa çalışırlar (Erginer və Saklan, 2020). Müəllimlərin funksiyaları yalnız təhsilalanların bilik və bacarıqlarını artırmaqla məhdudlaşmır. Onlar həm də şagirdlər üçün bir nümunədir. Müəllimin fəaliyyəti, metodikası, idarəetmə təcrübəsi, mənəvi dəyərləri və insanlara qarşı münasibəti şagirdlərə öyrənmə prosesində daha geniş baxış imkanı verir. Yaxşı tədris həm intellektual, həm də əxlaqi prosesin nəticəsidir. Müəllimlərin intellektual və mənəvi həssaslığı şagirdlərə çox təsir edir. Onların statusu ictimai qavrayış, iş şəraiti və peşəkar muxtariyyət kimi müxtəlif amillərdən təsirlənən mürəkkəb və çoxşaxəli məsələdir (Hargreaves və Flutter, 2019). Bir çox inkişaf etmiş ölkələrdə müəllimlərə intellektual elitanın bir hissəsi və müsbət rol modelləri kimi baxılır (Sadovic və Sehovic, 2021). Hər gün dünyanın müxtəlif yerlərində müəllimlər heyrətamiz işlər görürlər. İşdən məmnunluq insanın öz işini və ya təcrübəsini qiymətləndirməsi nəticəsində yaranan müsbət və ya xoş emosional vəziyyətdir (Demirtas, 2010). Ancaq çox vaxt onların fəaliyyəti qiymətləndirilmir və mükafatsız qalır. Peşə üçün tələb olunan yüksək səviyyəli təlim və fədakarlığa baxmayaraq, müəllimlər tez-tez özlərinin lazımınca qiymətləndirilmədiklərini və az maaş aldıqlarını düşünürlər (Hargreaves və Flutter, 2019). Varkey Fondunun 2013 və 2018-ci illərdə apardığı tədqiqatlar müəyyən edib ki, az sayda insan müəllimliyə yüksək statuslu iş kimi baxır və çox az sayda insan təhsilalanların müəllimlərinə hörmət etdiyini düşünür. Bir çox ölkələrdə, o cümlədən Braziliya, Almaniya, Fransa və İtaliyada valideynlərin yarıdan çoxu övladlarını müəllimlik peşəsinə cəlb etməkdən çəkindirir. Varkey Fondunun tədqiqat nəticələri ilə PİSA-2018-in nəticələrini qarşılaşdıranda maraqlı bir mənzərənin şahidi oluruq. Belə ki, hər iki tədqiqatın nəticələrində eyni ölkələr qrupu cədvələ liderlik edir, eyni ölkələr qrupu isə sonluqda qərarlaşıb (Dolton və digərləri, 2018).
TƏDQİQATIN MƏQSƏDİ
İnsan həyatının əhəmiyyətli bir hissəsini işə həsr edir və işdən məmnunluq məşğulluğun ən mühüm göstəricisidir (Bota, 2013). Bu məqalənin məqsədi Azərbaycanda müəllimlərin işdən məmnunluq səviyyəsini müəyyən etməkdir. Müəllimlərin öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmələri üçün onların işindən razı qalmaları vacibdir (Budhathoki, 2021). Müəllimlərin bu peşədə qalma səbəbləri, müəllim olaraq üstünlük verdikləri dəyərlər, onları ən çox razı və narazı edən hallar, peşə ilə bağlı qayğılar araşdırılacaq. Tədqiqatın nəticələri Azərbaycanda müəllimlərin peşə məmnuniyyəti ilə bağlı təsəvvürlərin dəqiqləşdirilməsinə səbəb olacaq. Tədqiqatda iki əsas suala cavab tapmağa çalışılıb:
- Azərbaycan müəllimlərinin peşələrindən məmnuniyyət səviyyəsi nə qədərdir?
- Peşə fəaliyyəti zamanı müəllimləri ən çox razı və ya narazı edən amillər hansılardır?
ƏDƏBİYYATA BAXIŞ
OECD (İƏİT) ölkələrində müəllimlərin və məktəb rəhbərlərinin orta hesabla 80%-dən çoxu hazırkı iş şəraitindən, 60%-dən çoxu isə bütövlükdə peşələrindən razıdır. Bununla belə, TALIS (The Teaching and Learning International Survey) – Təlim və Tədris üzrə Beynəlxalq Araşdırmada iştirak edən ölkələrin demək olar ki, yarısında öz peşələrindən razı olduqlarını bildirən müəllimlərin nisbəti son beş il ərzində bir qədər azalıb (OECD, 2019). TALIS 2018 tədqiqatında iştirak edən dövlətlərdə müəllimlərin yalnız 26%-i peşələrinin cəmiyyət tərəfindən qiymətləndirildiyini düşünür. Maraqlıdır ki, bu rəqəmlər Vyetnam, Sinqapur, BƏƏ, Koreya, Qazaxıstan, CAR, Finlandiya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə 50%-dən yüksək olduğu halda, Argentina, Xorvatiya, Fransa, Portuqaliya, Belçika, Slovakiya və Sloveniya kimi ölkələrdə 6-9% təşkil edir (OECD, 2019). Təxminən hər beş müəllimdən biri işlərində çox stress yaşadıqlarını deyir ki, bu, OECD və TALIS tədqiqatı keçirilən ölkələr üzrə orta göstəricidir. Stressin əsas səbəblərinə həddindən artıq inzibati iş, tələbələrin fəaliyyətinə görə məsuliyyət və dəyişən hökumət tələbləri ilə ayaqlaşmaq ehtiyacı daxildir. Daha yüksək stress səviyyələri də sinifdə tədrisə sərf olunan vaxtdan daha çox inzibati saatlarla əlaqələndirilir.
İspaniyanın Sevilya şəhərində 99 müəllimlə aparılan, müsahibələrə əsaslanan statistik təhlil, müəllimlərin işdə daha yüksək səviyyədə emosional tükənmə nümayiş etdirdiyini göstərib (Cano-Garcia və digərləri, 2005). Böyük Britaniyada 849 müəllimin sorğu məlumatlarından istifadə etməklə aparılan bir araşdırma peşə nüfuzunun müəllimin saxlanılmasında mühüm rol oynaya biləcəyi qənaətinə gəlib (Fuller və digərləri, 2013). Yüksək nailiyyətlərə malik təhsil sistemlərində müəllimlərin əhəmiyyətli hissəsi cəmiyyətdə özünü dəyərli hiss etməyə meyillidir və peşənin cəmiyyətdəki ümumi nüfuzu ilə şagirdlərin təhsil nailiyyətləri arasında müsbət korrelyasiya mövcuddur (Dolton və digərləri, 2018; Schleicher, 2018). ABŞ-də aparılan tədqiqatların nəticələri göstərir ki, akademik cəhətdən güclü məktəb məzunları, bir qayda olaraq, müəllimlik ixtisasına qəbul olmur, müəllimlik ixtisasına yiyələnmiş ali məktəb məzunlarının dörddə biri isə bu peşəni seçmir və ya ilk 5 ildə peşədən ayrılırlar (Richardson və Watt, 2016). Şotlandiyada 1100, Honkonqda isə 1249 təhsilalan ilə aparılan tədqiqatın nəticəsində cəmiyyətdə təhsilə və müəllimlərə qarşı olan neqativ stereotiplərin gələcək müəllimlərə, hətta ən pozitiv və yüksək motivasiyası olanlara belə mənfi təsir etdiyi Richardson və Watt (2016) tərəfindən müəyyən edilib. XXI əsrin ehtiyaclarından dolayı təhsil sahəsində aparılan islahatların intensivliyi, tələb və ehtiyacların sürətlə dəyişməsi müəllimlərdən operativlik və çeviklik tələb edir. Müxtəlif islahatların sürətlə həyata keçirilməsi Şimali İrlandiya və Uelsdə bir çox müəllimlərin peşədən uzaqlaşmasına səbəb olub (Barrance və Elwood, 2018). Eyni vəziyyət Rusiyada da mövcuddur. Həddindən artıq kağız işlərinin mövcudluğu, peşə fəaliyyətinin ilk günündən etibarən məsuliyyətin və gözləntilərin ölçüsünün böyük olması, yeni Federal Dövlət Təhsil Standartları, İKT-nin tətbiqi və digər yeniliklərlə bağlı sonsuz təcrübələr gənc mütəxəssislərin müəllimlik peşəsindən uzaqlaşmasına səbəb olub (Oleynikov və Penkova, 2016). Purdy (2009) hesab edir ki, bütün bu qeyd edilənlər gənc müəllimlərin “komfort zonasından” uzaqlaşmasına səbəb olur. PİSA-2015-in nəticələri elan olunduqdan sonra Qazaxıstanda müəllim peşəsi seçiminə təsir göstərən faktorların müəyyən edilməsi üçün 11 şəhər və 16 kənd məktəbində fəaliyyət göstərən, yaşı 34-ə qədər olan 650 müəllim və pedaqoji fakültələrdə təhsil alan 648 tələbədən toplanılan məlumat əsasında müəyyən edilib ki, müəllimlik peşəsinin nüfuzunun aşağı olması və kifayət qədər rəqabət qabiliyyətli olmayan müəllim maaşları gəncləri bu peşədən uzaqlaşdırır (İrsaliyev və digərləri, 2019).
2013-cü ildən 2018-ci ilə qədər müəllimlərin peşələrinin cəmiyyətdəki dəyərinə dair təsəvvürləri dəyişibmi? Nəticələr 32 ölkədə qarışıq mənzərəni göstərir. OECD (2019) hesabatına görə ən çox azalma Belçikanın Flamand İcması (-20%), Çili (-19%) və Yeni Zelandiyada (-12%) olub. Bununla belə, 12 ölkədə peşəsinin cəmiyyətdə dəyərli olduğuna inanan müəllimlərin nisbətində artım müşahidə olunub. Ən parlaq nümunələr Alberta (Kanada) (+16%), Şanxay (Çin) (+14%) və Estoniyadır (+13%) (OECD, 2019).
METODOLOGİYA
Tədqiqatın aparılmasında orta göstəriciləri hesablamaq, əlaqələri qiymətləndirmək və ümumi fikirlər əldə etmək üçün kəmiyyət metodologiyasından, tədqiqat metodu olaraq isə sorğudan istifadə olunub. Anket sorğuları çoxlu sayda insandan məlumat toplamaq üçün dəyərli vasitədir (Roopa və digərləri, 2012). Bununla belə, onların effektivliyi anket tərtibatının keyfiyyətindən asılıdır (Jenn, 2006). Tədqiqatda ortalamalar müəyyən edilib, əlaqələr yoxlanılıb.
Suallar tədqiqatın mövzusuna uyğun olaraq mövzu haqqında məlumat almağa yönəlib. Respondentlər, ümumilikdə qapalı olmaqla 16 sualı cavablandırıblar. Sorğu sualları 2 hissədən ibarətdir: demoqrafik məlumatlar və peşə məmnuniyyəti münasibətini ölçən suallar. Demoqrafik məlumatlar iştirakçıların cinsi, yaşı, iş təcrübəsi, tədris etdiyi fənni əhatə edir. İkinci hissə isə müəllimlərin ümumi təhsildə peşə məmnuniyyəti münasibətlərini ölçən suallardan ibarətdir. Onlayn sorğu zamanı respondentlərin seçimi üçün “qartopu” metodundan istifadə edilib.
Respondentlər haqqında ümumi məlumat
Onlayn sorğu “qartopu” metodundan istifadə edilməklə Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimlərinə göndərilib. Sorğuda, ümumilikdə 208 müəllim iştirak edib. Yaşa və gender mənsubiyyətinə görə iştirakçılar haqqında məlumat Cədvəl 1-də göstərilir.
Cədvəl 1 Yaşa və gender mənsubiyyətinə görə sorğuda iştirak edənlərin sayı
Cədvəl 1-dən aydın olur ki, sorğuda iştirak edənlərin 80%-i qadın müəllimlər olub. Qadın-kişi nisbəti yaş aralıqlarında dəyişir. Belə ki, qadın müəllimlərin sayı 20-29 yaş aralığında 84%, 30-39 yaş aralığında 63%, 40-49 yaş aralığında 79%, 50 yaşdan yuxarı müəllimlər arasında isə 100% olub.
Sorğuda iştirak edən respondentlərin təhsil səviyyəsi və iş təcrübəsi Cədvəl 2-də öz əksini tapıb.
Cədvəl 2 Təhsilə və iş təcrübəsinə görə sorğuda iştirak edənlərin sayı
İştirakçıların tədris etdiyi fənnə görə say tərkibi Diaqram 1-də təqdim edilir.
Diaqram 1 Tədris etdiyi fənnə görə müəllim sayı
TƏDQİQATIN NƏTİCƏLƏRİ
İştirakçılara verilən ilk sual müəllim kimi işləməkdən məmnun olub-olmamaqla bağlı olub. Sorğuda iştirak edən respondentlərin 78%-i “razıyam” və ya “çox razıyam” cavablarını, 9%-i isə “razı deyiləm” və ya “qəti razı deyiləm” cavablarını veriblər. İƏİT-ə görə, müəllimlərin öz peşələrinin cəmiyyətdə dəyərli olduğuna inanıb-inanmaması cinsdən əhəmiyyətli dərəcədə asılıdır. Həmin mənbəyə görə, kişi müəllimlərin orta hesabla 74%-i, qadın müəllimlərin isə 79%-i peşələrinin cəmiyyətdə dəyərli olduğuna inanır (OECD, 2019). Bu, TALIS tədqiqatı keçirilən 32 ölkə üçün xarakterikdir. Sorğu zamanı əldə edilən məlumatlara əsaslansaq, aşağıdakı rəqəmlər ortaya çıxar: “Razıyam” və ya “çox razıyam” cavabını verən qadın müəllimlər 80%, kişi müəllimlər isə 70% təşkil edib. Bu rəqəmlər TALIS tədqiqatı keçirilən ölkələrin ortalamasına yaxındır.
İƏİT (OECD) üzrə, orta hesabla, yaşı 50 və yuxarı olan müəllimlərin 76%-i, 30 yaşa qədər müəllimlərin isə 79%-i öz peşələrinin cəmiyyətdə dəyərli olduğuna inanır. Bu nümunə 16 TALIS ölkəsi üçün keçərlidir. Ən yüksək fərqlər (10%) Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Rumıniya, Rusiya Federasiyası və İsveçdə müşahidə olunur. Bunun əksinə olaraq, TALIS tədqiqatı keçirilən 6 ölkədə öz peşəsinin cəmiyyətdə dəyərli olduğuna inanan gənc müəllimlərin nisbəti yaşlı müəllimlərin nisbətindən aşağıdır. Ən çox fərq göstərən ölkələr (10%) Malta, Meksika, Səudiyyə Ərəbistanı və Sinqapurdur. Tədqiqat zamanı əldə edilən məlumatlarda isə bu 12% fərqlə 50 yaş və yuxarı olan müəllimlərin xeyrinədir (30 yaşa qədər müəllimlərdə 80%, 50 yaşdan yuxarı müəllimlərdə isə 92%).
“Qızınızın və ya oğlunuzun müəllim olmasını istərdinizmi?” sualına iştirakçıların verdiyi cavablar belə olub: Qızının müəllim olmasına razı
olanlar – 58%; Oğlunun müəllim olmasına razı olanlar – 26%.
Amma cavablara gender üzrə baxanda çox maraqlı bir mənzərə yaranır. Belə ki, qızının müəllim olmasını istəyən qadın müəllimlərin sayı 56%, kişi müəllimlərin sayı isə 67% olub. Eyni fərq oğlan övladı üçün də keçərlidir: qadın müəllimlərin 24%, kişi müəllimlərin isə 35%-i oğlunun müəllim olmasını istəyir.
“Müəllim peşəsində sizi ən çox məmnun edən nədir?” sualı üçün iştirakçılara bir neçə cavab vermək təklif edilib. Respondentlərin cavabları təhlil edilib və Cədvəl 3-də verilib.
Cədvəl 3 Peşəni maraqlı edən amillər
Respondentlərin cavablarından aydın olur ki, iştirakçıların əksəriyyəti peşənin hörmətli və ya güvənilən peşə olması qənaətindədir. Bu amillərin cavablar arasında ilk sırada olması müəllimlərin öz peşələrini yüksək qiymətləndirdiklərini deməyə əsas verir.
“Müəllim peşəsində sizi ən narahat edən hal nədir?” sualına da iştirakçıların bir neçə cavab vermək imkanı var idi. Respondentlərin verdikləri cavablar ümumiləşdirilib və Cədvəl 4-də verilib.
Cədvəl 4 Müəllimləri narahat edən hallar
Son 3 cavab mahiyyət etibarı ilə bir-birinə yaxın olsa da, çox sayda iştirakçılar tərəfindən təkrarlandığı üçün ayrı dəyişən olaraq verilib. Göründüyü kimi, müəllimləri peşə fəaliyyətində ən narahat edən hal işlərinin həddindən artıq çox olmasıdır. Bütün bu səbəblərin fonunda peşə məmnuniyyətinin yüksək olması müəllimlik haqqında söylənilən yüksək fikirlərin nə qədər uyğun olduğunun göstəricisidir.
“Məktəbdəki işləriniz çox olduqda nə edirsiniz?” sualına iştirakçıların 66,8%-i “məktəbdə əlavə qalıb, işlərimi bitirirəm”, 26,4%-i isə “evdə bitirməyə çalışıram” cavabını veriblər. Yalnız 5% müəllim artıq işləri sabaha saxladığını bildirib. “Məktəbdə hər hansı səbəbdən çox qalanda evdəkilərin münasibəti necə olur?” sualına respondentlərin cavabları Diaqram 2-də əks olunub.
Diaqram 2 Məktəbdə hər hansı səbəbdən çox qalanda evdəkilərin münasibəti
Cavablardan aydın olur ki, ümumilikdə 76% müəllim və ya ailə üzvləri bu məsələ ilə bağlı narahatlıq duymurlar. Yalnız 23,6% müəllim belə hallarda ailə üzvlərinin narazılıq etdiyini bildirib. Ailə üzvlərinin narazılıq etdiyi müəllimlərdən 82%-i qadın müəllim olub. Yaş dəyişəninə baxdıqda, çoxluğun 30-39 yaş (43%) və 40-49 yaş (31%) aralığında olduğu görünür.
“Nə vaxta qədər müəllim işləməyə davam etməyi düşünürsünüz?” sualına iştirakçıların 73%-i “Təqaüd yaşına qədər” cavabını seçdiyi halda, 12,5% -i “Başqa iş tapana qədər”, 9%-i isə “Direktor və ya direktor müavini olana qədər” cavabını verib. “Daha yüksək əmək haqqı müqabilində başqa işi seçməyə münasibətiniz necə olar?” sualına sorğuda iştirak edən müəllimlərin 58,7%-i “qəbul edərəm” cavabını seçiblər. Son qeyd edilən 2 sualla bağlı maraqlı görünən məqam odur ki, müəllim işləməkdən məmnun olduğunu bildirən respondentlərin 5%-i “Nə vaxta qədər müəllim işləməyə davam etməyi düşünürsünüz?” sualına “başqa iş tapana qədər”, 55%-i isə “Daha yüksək əmək haqqı müqabilində başqa işi seçməyə münasibətiniz necə olar?” sualına “qəbul edərəm” cavabı veriblər. Bu təhlil müəllimlərin cavablarının səmimiyyət səviyyəsini göstərir.
NƏTİCƏ
Cari tədqiqatla Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimlərinin peşələrinə münasibəti, məmnuniyyət səviyyəsi,
ümumi olaraq onları razı və narazı edən hallara dair mövcud vəziyyət tədqiq olundu. Aydın oldu ki, müəllimlərin böyük əksəriyyəti bir çox
mövcud çətinliklərə rəğmən öz peşəsindən ümumən razıdır. Eyni zamanda müəyyən edildi ki, kişi müəllimlər qadın müəllimlərə nisbətən
övladlarının gələcəkdə müəllim peşəsi seçməsində daha maraqlıdırlar. Tədqiqat zamanı müəllimlərin peşə məmnuniyyətinin ümumi səviyyəsinin İƏİT ölkələri ilə müxtəlif meyarlar üzrə müqayisəsi göstərdi ki, fərqlər o qədər də çox deyildir. Ehtimal etmək olar ki, ölkəmizin 2024-cü ildə iştirak edəcəyi TALIS tədqiqatında bu tapıntılar öz təsdiqini tapacaq.
Aparılan tədqiqat gələcəkdə bu və ya oxşar mövzuda həyata keçiriləcək tədqiqatlar üçün mənbə rolunu oynamaqla yanaşı, onlar üçün tövsiyə və imkanlar təqdim edir:
- Müəllimlərin peşə məmnuniyyətinin gender, yaş və ya iş təcrübəsi, həmçinin ixtisasdan asılı olaraq tədqiq edilməsi;
- Müəllimlərin cəmiyyətdəki mövqeyi, müəllim statusunun səviyyəsinin tədqiq edilməsi (Dolton və digərləri, 2018).
- Müəllimlərin emosional tükənməsinin səviyyəsinin müəyyən edilməsi istiqamətində tədqiqatlar (Cano-Garcia və digərləri, 2005).
Azərbaycanda bu istiqamətdə gələcəkdə aparılacaq tədqiqatların nəticələrini təhlil və müqayisə etmək, həqiqətən maraqlı olardı.
İstifadə edilmiş ədəbiyyat
1 Barrance, R., & Elwood J. (2018). National assessment policy reform and its consequences for young people: student views and experiences of GCSE reform in Northern Ireland and Wales. Assessment in Education: Principles, Policy & Practice. 25(3). 1-20.
2 Bota, O.A. (2013). Job satisfaction of teachers. Procedia-Social and Behavioral Sciences. 83. 634-638.
3 Budhathoki, J.K. (2021). Teachers’ Satisfaction: Implications for Job Performance. Interdisciplinary Research in Education. 6(2): 79-88.
4 Cano-Garcia, F., Padilla-Muñoz, E., & Carrasco-Ortiz, M. (2005). “Personality and contextual variables in teacher burnout”. Personality and Individual Differences. 38(4), 929-940.
5 Demirtas, Z. (2010). Teachers’ job satisfaction levels. Procedia – Social and Behavioral Sciences. 9. 1069-1073.
6 Dolton, P., Marcenaro, O., De Vries, R., Po-wen, S. (2018). Global Teacher Status: Index 2018. Varkey Foundation, London.
7 Erginer, A., Saklan, E. (2020). Öğretmenlik mesleğinin bir kadın mesleğine dönüşmesinin yaratabileceği sorunlara yönelik öğretmen adaylarının geliştirdikleri çözüm önerileri. Uluslararası Sosyal Bilimler Eğitimi Dergisi. 6(2). 363-393
8 Fuller, C., Goodwyn, A., & Francis-Brophy, E. (2013). Advanced skills teachers: Professional identity and status. Teachers and Teaching: Theory and Practice. 19(4), 463-474.
9 Hargreaves, L., & Flutter, J. (2019). The Status of Teachers. Oxford Research Encyclopedia of Education.
10 Irsaliyev, S.A., Kamzoldayev, M.B., Tashibayeva, D.N., Kopeyeva, A.T. (2019). Uchitelya Kazakhstana: pochemu molodyye lyudi vybirayut etu professiyu i chto ikh motiviruyet v ney? Astana. Beles.
11 Jenn, N.C. (2006). Designing A Questionnaire. Malaysian family physician: the official journal of the Academy of Family Physicians of
Malaysia, 1, 32-35.
12 OECD. (2019). TALIS 2018 Results (Volume I): Teachers and School Leaders as Lifelong Learners. TALIS, OECD Publishing, Paris
13 OECD. (2019). TALIS 2018 Results (Volume II): Teachers and School Leaders as Valued Professionals. TALIS, OECD Publishing, Paris
14 Oleynikov, A.A., i Pen’kova, A.S. (2016). Defitsit molodykh spetsialistov v sfere obrazovaniya. Science Time, 12 (36). 474-478.
15 Purdy, N. (2009). The attitudes of male student teachers towards a career in special education. European Journal of Special Needs Education. 24(3). 323-330
16 Richardson, P.W., & Watt, H.M.G. (2016). Factors Influencing Teaching Choice: Why Do Future Teachers Choose the Career? International Handbook of Teacher Education. 2. 275-304
17 Roopa, S., Rani, M.S., Singh., G. (2012). Questionnaire Designing for a Survey. The Journal of Indian Orthodontic Society, 46(4), 273–277.
18 Sadovic, F.P., & Sehovic, S. (2021). Social and Material Status of Teachers from The Perspective of Teacher Education Students. Social and humanistic studies. 1(14). 257-269
19 Schleicher, A. (2018). Valuing our Teachers and Raising their Status: How Communities Can Help. International Summit on the Teaching Profession, OECD Publishing, Paris.