PODKAST - ÖYRƏNMƏYİN YOLLARINDAN BİRİ




Texnologiyanın inkişafı ilə birlikdə boş vaxtlarını daha səmərəli və maraqlı keçirmək üçün əyləncə və öyrənməyin rəqəmsal variantlarına üstünlük verənlərin sayı sürətlə artır. Hər birimiz nəqliyyat, idman, gəzinti, nahar və ya ev işlərinə həsr etdiyimiz vaxtı daha əyləncəli və faydalı keçirmək üçün fərqli seçimlər axtarırıq. Hazırda rəqəmsal cihazlardan bir kliklə daxil ola bildiyimiz podkastlar vaxtdan daha səmərəli və faydalı istifadə üçün ən əlverişli yollardan sayılır.

Bəs gündən-günə populyarlığı artan podkast nədir?

Audio bloq yazısının bir növü sayılan podkast “pod” və “broadcast” sözlərinin birləşməsindən yaranıb. “Broadcast” - canlı yayım deməkdir, “pod” sözü iPod cihazının adından gəlir. Podkastlar əvvəlcə xüsusi olaraq iPod üçün nəzərdə tutulsa da, indi rəqəmsal mediada hər kəs üçün əlçatandır. Demək olar ki, istənilən ağıllı cihaz vasitəsilə podkastlara qulaq asmaq mümkündür.

Podkastlar necə hazırlanır?

Müxtəlif maraqlı mövzuları və sahələri əhatə edən audio bloq hissə-hissə işlənərək rəqəmsal platformadakı səhifədə yerləşdirilir. Bütün podkastlar yayımdan əvvəl qeydə alınır və daha sonra dinləyicilərə təqdim olunur. Verilişləri yazmaq üçün bu sahədə çalışan mütəxəssislərdən istifadə olunur. Podkast sahibi olan naşir əvvəldən qeydə alınan bloqu müvafiq media platformasına yükləyir və bununla da onun dinləyicilərə çatmasını təmin edir.

Son illər podkastları dinləmək yeniyetmə və gənclər arasında geniş yayılmış fəaliyyətə çevrilib. Bu, vaxtını daha zövqlü və məhsuldar keçirmək istəyənlər üçün olduqca maraqlı alternativdir. İstədiyiniz zaman sizi müşayiət edəcək podkastlarda müxtəlif müsahibələr, qeyri-adi məlumatlar və ya əyləncəli söhbətlər tapmaq mümkündür. Burada fərqli dillərin tədrisi, audiokitablar, məşhur müğənni və qrupların səhifəsi, elm və texnoloji yeniliklərlə bağlı yüzlərlə podkast səhifəsi var.

Podkastlar ödənişlidirmi?

 Bu sualın cavabı istifadə olunan platformadan asılı olaraq dəyişə bilər. Bəzi platformaların istifadəsi ödənişli olsa da, bəziləri pulsuzdur.

Zamanla məhdudlaşmadığı üçün sərbəst dinlənə bilən podkastlar dinləyicilər, yayımçılar və qurumlar üçün çox əlverişlidir. Hədəf auditoriyaya müraciət edilsə də, dinləyicilər üçün əslində məhdudiyyət yoxdur. Fərqli mədəniyyətlərə, dünyagörüşünə və yaşlara malik bir çox insan eyni podkastda bir araya gələ bilər. Hər kəs dinləmək istədiyi mövzunu seçə, izlədiyi verilişlərdən xəbərdar ola və ya istədiyi verilişin bir bölümünü dinləyə bilər. Podkastlar müxtəlif mövzularda üfüqlərinizi genişləndirməyə, fərqli mədəniyyətlərlə tanış olmağa imkan yaradır.

Podkastlarla yayım daha az xərclə başa gəlir, çünki burada radioda olduğu kimi müəyyən tezlik tələb olunmur. Bütün bunlara baxmayaraq, keyfiyyətli audio bloqlar çox qısa müddətdə milyonlarla insana çata bilər.

Podkastların populyarlığının artmasının səbəblərindən biri də bir çox şirkət və qurumlar tərəfindən istifadə olunmağa başlanmasıdır. Podkastinq vasitəsilə görülən işlərin daha geniş kütləyə çatmasına nail olmaq mümkündür.

Podkastları necə dinləmək olar?

Bütün podkastları ağıllı cihazlarda asanlıqla dinləmək olar. Dünyanın harasında olmağınıza baxmayaraq, sadəcə internetə çıxışla istədiyiniz podkastın abunəçisinə çevrilə bilərsiniz. Əlavə olaraq, əgər dinlədiyiniz proqramın “yükləmə” seçimi varsa, siz podkastı cihazınıza yükləyə və oflayn rejimdə də dinləyə bilərsiniz. İnternet bağlantınız olduqda, istədiyiniz podkastı ağıllı cihazınıza yükləmək yalnız bir neçə dəqiqə çəkir. Daha sonra internetin olmadığı mühitlərdə yüklədiyiniz məzmunları dinləmək sizin üçün vaxt baxımından sərfəli ola bilər.

Podkastları dinləmək üçün bir çox paltformalar mövcuddur. Məsələn, YouTube, Spotify, iTunes və Google Podcasts kimi müxtəlif platformalar vasitəsilə yüzlərlə podkasta daxil ola bilərsiniz. Bu yaxınlarda genişləndirilmiş podkast çeşidi qısa müddətdə çoxlu istifadəçiyə çata bilməsi ilə diqqəti cəlb edir. Fərqli proqramlar və internet çıxışı sayəsində asanlıqla əldə edilə bilən bu audio bloqlarda axtardığınız bir çox məzmuna daxil ola bilərsiniz. Məsələn, oxuduğunuz kitabla bağlı tənqid dərc olunubsa, onu dinləyib dünyagörüşünüzü genişləndirə bilərsiniz. Digər tərəfdən çox bəyəndiyiniz bir radio aparıcısının proqramını qaçırmamaq üçün daha sonra yayımlanan podkastlarını dinləyə bilərsiniz. Gördüyünüz kimi, podkastlar heç bir mövzu məhdudiyyəti olmayan bir çox alternativ təklif edir. Günün istənilən vaxtı qulaqcıq taxmaqla öz dünyanıza çəkilə bilərsiniz. Podkastlara daxil olmaq üçün aşağıdakı addımları atmalısınız:

  • Spotify, Google Podcasts, YouTube və iTunes kimi platformaların abunəçisi ola bilərsiniz.
  • Axtardığınız və istədiyiniz podkast kanalının adını axtarış panelində yazmaqla kanal birbaşa qarşınızda görünür.
  • Axtarışdan sonra kanala daxil olub istədiyiniz yayımı dinləyə bilərsiniz.
  • Verilişləri dinləmək üçün vaxtınız yoxdursa, onu yükləyib istədiyiniz zaman dinləyə bilərsiniz.

Podkastları dinləməzdən öncə özünüz üçün maraqlı olan seçimləri müəyyənləşdirə bilərsiniz. Məsələn, təhsil üçün audio hekayə dəstəyi istəyirsinizsə, müxtəlif pedaqoqlar tərəfindən hazırlanmış podkastlara qoşulub onları qiymətləndirə bilərsiniz. Bundan əlavə, ümumi biliklərinizi təkmilləşdirə biləcəyiniz müxtəlif mövzularda podkast yayımlarına da daxil ola bilərsiniz. Adı çəkilən platformalarda müxtəlif elm sahələri üzrə tədqiqat işlərinə toxunan podkastlarla biliklərinizi genişləndirmək mümkündür.