OLİMPİADA HAQQINDA 10 FAKT




“Paris 2024 Yay Olimpiya Oyunları”nı hamı maraq və həyəcanla izləyir. İyunun 26-da start götürən yarışlar avqustun 11-ə kimi davam edəcək.

“NatGeoKids” uşaq jurnalı oxucuları üçün olimpiada ilə bağlı çoxlarının bilmədiyi 10 maraqlı faktı toplayıb:

  1. İlk olimpiya oyunları eramızdan əvvəl 776-cı ildə keçirilib. Həmin olimpiya oyunları yunanların göy və hava tanrısı Zevsin şərəfinə keçirilən qədim yunan festivalının bir hissəsi kimi başlayıb. O vaxtlar altı aya qədər davam edən yarışlara güləş, boks, uzunluğa tullanma, nizə atma, disk və araba yarışı kimi oyunlar daxil edilmişdi.
  2. Eramızın 393-cü ilində olimpiya oyunları ləğv edildi və 1500 ildən çox müddət ərzində keçirilməsinə icazə verilmədi. Roma hökmdarı imperator I Teodosius dini elementləri əsas gətirərək Yunanıstan olimpiya oyunlarını qadağan etdi. O, olimpiadanı xristian ölkəsində yeri olmayan bütpərəstlik bayramı hesab edirdi.

Beləliklə, 1896-cı ilə qədər, Baron Pierre de Koubertin adlı bir şəxs oyunların yenidən keçirilməsini təklif edənə qədər olimpiada heç kimin yadına düşmürdü. Onun “müasir olimpiada” adlandırdığı yeni idman hərəkatı 100 ildən artıqdır ki, davam edir.

  1. Olimpiya məşəli yunan oyunlarının mənşəyini xatırladır.

Qədim olimpiya oyunları boyu xüsusi qurbangahda alovlar yandırılırdı. Bu həm də tanrıça Hestiaya verilən xərac sayılırdı. 1928-ci ildən bu ənənə müasir olimpiya oyunlarında da davam etdirilir. Amma bu dəfə alov yalnız xüsusi məşəl formasında yanır.

Olimpiadaya ev sahibliyi başa çatan şəhərdə beynəlxalq estafetin simvolu sayılan məşəl də növbəti ölkəyə təqdim edilir. Hər olimpiada üçün yeni məşəllər bir neçə min nüsxədə hazırlanır. İdmançının həm də olimpiada məşəldarı olması böyük şərəf sayılır və çoxları bu prosesdə iştiraka can atır.

Bəs bilirsiniz ki, yanan olimpiya məşəlləri təyyarələrdə uçur, su altında yanır və Everestin zirvəsinə belə qalxıb! Bəzi yandırılmamış məşəllər, hətta kosmosa da aparılıb.

  1. İlk Yay Olimpiya Oyunlarında cəmi 14 ölkə iştirak edib. İlk oyunlara ev sahibliyi edən Afinada 11 Avropa ölkəsinin komandaları ilə yanaşı, Avstraliya, Çili və ABŞ idmançıları da yarışırdılar. İndi hər il 200-dən çox ölkə olimpiadada yarışmaq hüququ qazanır.
  2. Olimpiya simvolu hər kəsi əhatə etmək üçün hazırlanıb. Olimpiya halqaları ilk dəfə 1913-cü ildə oyunların müasir qurucusu Baron Pierre de Koubertin dizaynı əsasında istehsal edilib. Ağ fonda göstərilən beş rəng bütün iştirakçı dövlətlərin bayraqlarında olan rəngləri əks etdirir. Buna görə də halqalar hər kəsi təmsil edir. Halqaların üst-üstə düşməsi həm də beynəlxalq əməkdaşlığı və dünyanın hər yerindən idmançıların bir yerə toplaşmasını simvolizə edir.
  3. Əvvəllər motorlu qayıqla üzgüçülük, isti hava şarlarında gəzinti və kəndir çəkmək də olimpiya idman növləri idi.

Zaman keçdikcə olimpiya oyunlarına müxtəlif idman növləri və tədbirlər, məsələn, qolf və ya reqbi daxil edilir, bəziləri - qaçan marala atəş açmaq, duel tapançaları isə həmişəlik idman oyunları siyahısından çıxarılıb.

Bəs bilirsiniz ki, Olimpiya Oyunlarının təşkilatçıları əlavə idman növləri də seçə bilərlər? Məsələn, “Paris 2024”-də skeytbord, sörfinq, idman dırmanması siyahıya əlavə olunub.

  1. İlk Qış Olimpiya Oyunları 1924-cü ildə Yay Olimpiya Oyunlarından fərqli bir şəhərdə eyni ildə baş tutmuşdu. Lakin təşkilatçılar tezliklə onların müxtəlif illərdə keçirilməsinin daha məntiqli olduğunu anladılar. Nəticədə, qış oyunlarının yay olimpiya oyunlarından iki il sonra keçirilməsi qərara alındı.
  2. 1921-1948-ci illərdə olimpiadada incəsənət nümayəndələri də iştirak edirdi. Rəssam, heykəltəraş, memar, yazıçı və musiqiçilər olimpiada zamanı qazanılan idman uğurlarını vurğulayan sənət əsərləri yaradaraq özləri də medallar uğrunda mübarizə aparırdılar. 1948-ci ildən sənətkarlar olimpiadada yarışmağı dayandırsalar da, rəssamların bir çoxları bu günədək oyunlar üçün poster və digər məhsullar hazırlamaqla prosesdə bilavasitə iştirak edir.
  3. 1912-ci ilə qədər birinci yerin sahibi üçün nəzərdə tutulan olimpiya medalları təmiz qızıldan hazırlanırdı. Təəssüf ki, sonralar bu qərar dəyişdi. Son oyunlarda ümumilikdə 5000-ə yaxın bürünc, gümüş və qızıl medal hazırlanır. İndi birinci yeri qazananlara verilən medallar cəmi 6 qram qızılla örtülüb.

“Paris 2024 Olimpiadası”nı fərqləndirən daha bir maraqlı fakt odur ki, burada verilən medalların tərkibinə Parisin məşhur simvolu sayılan Eyfel qülləsinin orijinal dəmir parçasından hissəciklərin daxil edilməsidir.

  1. Müasir olimpiya oyunları təkcə şöhrət üçün deyil, həm də dostluq etmək üçündür!

Yarışlarda rəqabət ruhu vacib olsa da, oyunlar həm də beynəlxalq əməkdaşlığa köklənib. Bu, dünyanın müxtəlif ölkələrindən olan insanlarla görüşmək və bir-birlərini tanımaq üçün əla şansdır. 16 gün davam edən yarışda bütün idman növləri, dinlər, millətlər və mədəniyyətlərdən olan idmançılar birlikdə yaşayır, işləyir və adətən yaxşı dost kimi ayrılırlar. Olimpiadanın sonunda yarışlar bitsə də, idmançılar arasında yaranan dostluqlar davam edir. Olimpiya oyunlarının ruhu dünya miqyasında sülh və birlik səylərini gücləndirir.