QORXULARINIZI ÖVLADINIZA ÖTÜRMƏYİN
Uşağın fiziki, emosional və sosial inkişafında valideynin rolunun effektivliyini müəyyən edən əsas amillərdən biri də valideynin psixi sağlamlığıdır. Sağlam düşüncə tərzi, emosional sabitlik və stressə qarşı dayanıqlılıq valideynin uşağı ilə münasibətinə, tərbiyə metodlarına və ailədəki mühitə birbaşa təsir edir.
Araşdırmalar göstərir ki, valideynlərin, xüsusilə anaların psixi sağlamlığı uşağın emosional və davranış inkişafı ilə sıx bağlıdır. ABŞ-də bu istiqamətdə aparılan tədqiqatlara görə, depressiyadan əziyyət çəkən anaların övladları məktəbəqədər yaşlarında daha çox davranış problemləri və diqqət pozuntuları ilə üzləşirlər. Tədqiqatçılar qeyd edirlər ki, valideynin emosional sabitliyi uşağa özünü təhlükəsiz hiss etdirir və bu, sağlam psixososial inkişaf üçün əsasdır. Valideynin ruhi vəziyyəti onun tərbiyə stilinə birbaşa təsir edir. Məsələn, depressiv valideynlər daha çox avtoritar və ya laqeyd tərbiyə üsuluna meyilli olurlar. Bu da uşağın özünü ifadə etməsində, qərar vermək bacarıqlarında və sosial adaptasiyasında problemlərə yol açır. Əksinə, psixoloji cəhətdən sağlam və emosional olaraq balanslı valideynlər daha çox demokratik, yönləndirici və dəstəkləyici tərbiyə metodlarından istifadə edirlər.
Kanada Psixologiya Assosiasiyası valideynin emosional tənzimləmə bacarığının uşaq üçün model olduğunu bildirir. Yəni valideyn öz stressini necə idarə edirsə, uşaq da bu davranışı mənimsəyir.
Valideynin psixi sağlamlığında pozuntular olan hallarda uşaqda bu nəticələr müşahidə oluna bilər:
- Artan qorxu və narahatlıq halları;
- Aqressiv və ya utancaq davranış;
- Uyğunlaşmaqda və təhsildə çətinliklər;
- Özünü qiymətləndirmədə zəiflik.
İngiltərədə aparılan 10 illik tədqiqatda valideynin psixi sağlamlığının uşağın 14 yaşına qədər emosional və davranış inkişafına təsiri sübut edilib.
Mütəxəssislər valideynin psixi sağlamlığını qorumaq üçün aşağıdakı müdaxilələri tövsiyə edirlər:
- Psixososial dəstək: psixoloq və ya psixoterapevtlə müntəzəm görüşlər;
- Valideynyönlü təlimlər: emosional tənzimləmə, münaqişə həlləri və stressin idarə olunması üzrə kurslar;
- Sosial şəbəkə dəstəyi: ailə, dostlar və icma dəstəyi valideynin özünü yalnız hiss etməməsinə kömək edir.
Avstraliyada fəaliyyət göstərən Emerging Minds təşkilatının 2023-cü il hesabatında qeyd olunur ki, valideynin psixi sağlamlığını dəstəkləyən proqramlar təkcə valideynin deyil, uşağın da rifah səviyyəsini yüksəldir.
Valideynin narahat halı uşaqlara böyük təsir göstərir. Uşaqlar qeyri-müəyyən vəziyyətləri necə dəyərləndirməli olduqlarını valideynlərinin davranışlarından öyrənirlər; əgər valideyn daim narahat və təşvişlidirsə, uşaq bir çox vəziyyətləri təhlükəli hesab etməyə başlayır. Araşdırmalar göstərir ki, narahat valideynlərin övladları da narahatlıq əlamətləri göstərməyə meyillidirlər. Bu həm genetik risk faktorlarının, həm də öyrənilmiş davranışların nəticəsi ola bilər. Narahatlıqlardan uzaqlaşmaq üçün nəfəs texnikası faydalı ola bilər.
Mütəxəssislərin tövsiyəsinə görə, narahatlığı artıran vəziyyətlərə diqqət yetirilməlidir. Bəzən narahatlıq qaçılmaz olsa da, onun üzərində çox düşünmək vəziyyəti ağırlaşdıra bilər. Məsələn, xəbər oxumaq və ya sosial mediada çox vaxt keçirmək sizi narahat edirsə, belə hallardan uzaq durmaq üçün sərhədlər müəyyənləşdirmək faydalı olar.
Tətbiq etdiyiniz texnikalarla narahatlığınız keçmirsə, psixoloqa müraciət etmək məntiqlidir. Mütəxəssis fərdi ehtiyaclara uyğun stresslə mübarizə metodlarını öyrədə bilər.
Stressin idarə olunmasına təsir göstərən öyrəndiyiniz strategiya bacarıqlarını övladınıza da aşılayın. Məsələn, stress zamanı məntiqi düşünmə üzərində işləyirsinizsə, bunu övladınızla birgə məşq edə bilərsiniz. Onun qarşısında hətta narahatlıqla mübarizə apardığınız anda belə sakit və neytral davranmağa çalışın. ABŞ-də yerləşən Child Mind Institute-nin klinik psixoloqu Jamie M. Hovard deyir ki, “üz ifadənizə, seçdiyiniz sözlərə və emosiyalarınızın gücünə diqqət yetirin, çünki uşaqlar sizi izləyir. Onlar kiçik süngər kimidirlər - hər şeyi özlərinə hopdururlar”.
Övladınız “sizin narahat anınızı görməməlidir” deyən mütəxəssislər heç də “daim hisslərinizi boğmağı” təklif etmirlər. Əslində, uşaqların bəzən valideynlərinin stressin öhdəsindən necə gəldiyini görməsi olduqca faydalıdır. Sadəcə, situasiyalara verdiyiniz reaksiyanı onlara izah etməlisiniz.
Məsələn, uşağı məktəbə vaxtında çatdırmamaqla bağlı narahatlığınız var. Axşam onunla söhbətdə belə deyin: “Səhər məktəbə gecikdiyin üçün narahat idim və bu narahatlığı qışqıraraq ifadə etdim. Amma narahatlığı idarə etməyin başqa yolları da var. Bəlkə hər səhər evdən bir az daha erkən çıxaq?”
Mütəxəssislərin fikrincə, bu cür danışıq uşaqlara stressi hiss və idarə etməyi öyrədir: “Əgər uşaqlarımızın bizi heç vaxt kədərli, əsəbi və ya narahat görməməsinə çalışsaq, onlara bu hissləri idarə etməyin mümkün olmadığını öyrətmiş olarıq”.
Mütəxəssislər qeyd edir ki, sizi narahat edən konkret vəziyyətlər üçün qabaqcadan plan qurmaq vacibdir. Məsələn, övladınızın gec yatması sizi narahat edirsə, onunla danışaraq axşam rutinini dəyişə bilərsiniz. Ya da onu məktəbə aparmaq sizi çox narahat edirsə, bu işi müvəqqəti olaraq digər valideynə və ya etibarlı birinə həvalə edə bilərsiniz.
Amerikalı psixoloq və blogger D.Veyt belə deyir: “Panikaya düşəndə istifadə etdiyim işlərdən ibarət siyahıma gəzmək, çay içmək, vanna qəbul etmək və ya sadəcə çölə çıxmaq daxildir. Mənim üçün əsas odur ki, narahatlıq keçəcək və bu keçənə qədər sadəcə dözmək lazımdır”.
Öz psixi sağlamlığınız uğrunda mübarizə apararkən valideynlik etmək çətin ola bilər, amma unutmaq lazım deyil ki, onlayn bloqlar, forumlar və sosial media platformaları ilə yanaşı, psixoloq, həyat yoldaşı, dost və ya digər yaxınlardan da dəstək almaq çox vacibdir.
Zemfira Məmmədqızı