RUS DİLİNİN XARİCİ DİL KİMİ TƏDRİSİNDƏ LEKSİKANIN ÖYRƏNİLMƏSİNİN BƏZİ ASPEKTLƏRİ
AFAQ SADIQOVA
Lüğətin öyrənilməsi nitqimizin əsasını təşkil edir, buna görə də rus dilinin mənimsənilməsində lüğətin rolu çox vacibdir. Rus dilinin xarici dil kimi tədrisində əsas məqsəd şagirdlərin leksik vahidlərin məna və formalarını mənimsəməsi, onlardan şifahi və yazılı ünsiyyətin müxtəlif situasiyalarında istifadə etmək bacarığının formalaşdırılması, yəni onların danışıq və yazıda zəruri olan kompetensiyaları mənimsəməsidir. Dinləmə və oxuma zamanı leksik vahidləri başa düşməyi, onları öz nitqində aktivləşdirməyi, müəyyən kommunikativ situasiyalarda və bütün növ nitq fəaliyyətlərində rus dilində sərbəst ünsiyyət qurmağı bacarmaq da bu fənnin məqsədinə daxildir. Məqalədə rus dilinin xarici dil kimi tədrisində lüğətin mənimsənilməsi və onun kommunikativ nitqdə istifadəsi üçün vacib olan məsələlər araşdırılır. Məqalədə, həmçinin rus dilinin xarici dil kimi tədrisində real ünsiyyət vəziyyətlərinə yaxın olan lüğətin möhkəmləndirilməsi və aktivləşdirilməsi üçün dil oyunlarından istifadənin effektivliyindən bəhs edilir. Tədris prosesində ən son informasiya texnologiyalarından istifadə, müxtəlif tipli illüstrasiyalardan, o cümlədən diafilm və cizgi filmlərindən istifadə leksik materialın daha yaxşı mənimsənilməsinə, fərdi dil bacarıqlarının inkişafına və onların ünsiyyətdə istifadəsinə kömək edir.