TƏLİM PROSESİNDƏ MÜASİR METODLARDAN SƏMƏRƏLİ İSTİFADƏNİN ƏHƏMİYYƏTİ
AYNUR AXUNDOVA
Məqalə təlim prosesində təlim metodlarından səmərəli istifadə edilməsi, şagirdlərin bilik, bacarıq və vərdişlərin artırılmasına şərait yaradan bir neçə müasir metodların izahı və dərslərdə necə tətbiq olunması yollarının araşdırılması ilə bağlıdır. Burada SCAMPER, Montessori, Reggio Emilio, Art Terapiya (Mandala) və Dalcroze kimi müasir metodların dərslərə tətbiqi, onların vasitəsilə əldə olunan müsbət irəliləyişlər və hansı fənlərdə tətbiq oluna bilməsi ilə bağlı tövsiyələr də verilib.
GİRİŞ
Məktəblərdə müasir metodların tətbiqi bəzən istənilən effekti vermir, bu da müəllim və valideyn narazılığına səbəb olur. Bu narazılığın həll olunması üçün, xüsusilə gənc müəllimlərin müasir təlim metodlarını araşdırması, şagirdlərin yaş səviyyəsinə uyğun olub-olmaması barədə öncədən proqnoz hazırlaması önəmlidir. Təhsilalanların hamısının bütün fənlərə marağının eyni olmadığını nəzərə alaraq müxtəlif fənləri fərqli metodlarla izah etmək daha məqsədə uyğundur. Bunun üçün müəllim dərs ilinin əvvəlində şagirdlərin ilkin bilik və bacarıqlarını təyin etmək məqsədilə apardığı diaqnostik qiymətləndirmənin nəticəsini nəzərə almalıdır. Diaqnostik qiymətləndirmə bir neçə formada aparıla bilər: şifahi, yazılı və ya test üsulu ilə. Şagirdlərin biliyinin bu formalarda qiymətləndirilməsi çox əlverişlidir və bu yolla onun hansı metodla öyrənməyə meyilli olduğunu aşkar etmək də daha asandır. Buna görə də müasir təlim metodlarının gənc müəllimlərin tədris prosesində istifadəsinin əhəmiyyətini nəzərə alaraq onlardan bir neçəsi barədə məlumat verməyi zəruri hesab edirik.
SCAMPER, ONUN SUALLARI VƏ TƏTBİQİ
SCAMPER dünya təhsil sistemində müasir dövrdə tez-tez rast gəlinən və tətbiq olunan metoddur. Şagirdlərin daha dərindən düşünmələri üçün bu metodun tətbiqi onların yaradıcılıq qabiliyyətlərini üzə çıxara bilər. Belə ki, bu metodun tətbiqi zamanı şagirdlərdən məzəli, əyləncəli, eyni zamanda düşündürücü cavablar almaq mümkündür. Ona görə də şagirdlərə öz fikir və düşüncələrini səsləndirməyə imkan yaratmalıyıq. Belə olduğu təqdirdə, onların hər bir cavabı problemin daha tez həll olunmasına imkan yaradacaq.
Yeddi addımdan ibarət olan SCAMPER əvvəlcədən təyin olunmuş metodoloji üsullardan istifadə edən əyləncəli “beyin fırtınası” formasıdır. Adı bu addımların baş hərflərindən götürülüb (Addımların adları aşağıda qeyd olunub). SCAMPER ilə seçilmiş obyekt dəyişdirilir, inkişaf etdirilir, bölünür və ya digər obyektlərlə birləşdirilir. Bənzərsiz fikirlərin inkişafı üçün şagirdlərə suallar verilir. Bu suallarla şagirdlərin standart zehni nümunələrdən kənara çıxması və orijinal fikirlərini inkişaf etdirməsi hədəf götürülür. İlk dəfə 1953-cü ildə Alex Faickney Osborn tərəfindən təklif edilən və 1971-ci ildə Bob Eberele tərəfindən inkişaf etdirilən bu metod, şagirdlərin biliklərini artırmaq və onları çərçivədən kənar düşünməyə vadar etmək üçün bir vasitə kimi yaradılıb.
İstehsalda, SCAMPER metodu yeni bir məhsul üçün dizayn hazırlamaq, yeni bir prosesi inkişaf etdirmək və ya hər hansı tapşırığı optimallaşdırmaq lazım olanda böyük bir beyin fırtınası fəaliyyətidir. SCAMPER-in necə işlədiyinə diqqət yetirək:
S: Substitude – (Əvəz etmək)
C: Combine – (Birləşdirmək)
A: Adapt – (Uyğunlaşdırmaq)
M: Modify, Minify, Magnify – (Dəyişdirmək, azaltmaq, böyütmək)
P: Put to other uses – (Müxtəlif məqsədlər üçün istifadə etmək)
E: Eliminate – (yox etmək, çıxarmaq)
R: Reverse, Rearrange – (Tərsinə çevirmək ya da yenidən düzəltmək).
- Bir obyekt fərqli materialdan və ya materiallardan hazırlana bilərmi? (Əvəz etmək);
- Bir obyekti başqası ilə birləşdirsək, funksiyasındakı fərq nə olar? (Birləşdirmək);
- Bir obyekt üzərində işləyərək necə fərqli məhsullar hazırlaya bilərik? (Uyğunlaşdırmaq);
- Çox yüngül və daha sürətli olsaydı, bu obyekt necə işləyərdi? (Dəyişdirmək, azaltmaq, böyütmək);
- Problemi həll etmək üçün bu obyekt başqa hansı yollarla istifadə edilə bilər? (Müxtəlif məqsədlər üçün istifadə);
- Bu obyektin çıxara biləcəyimiz hissələri varmı? (yox etmək, çıxarış);
- Bu obyektin dizaynını etsəydiniz, hansı dəyişiklikləri edərdiniz? (Yenidən düzəltmək);
- Bu metodu necə tətbiq etmək olar?
SCAMPER metodu bir sıra mərhələlərdən ibarətdir:
1. Problemi müəyyənləşdirin.
Atmalı olduğumuz ilk addım olduqca məntiqlidir. Hər şeydən əvvəl, həll etmək istədiyimiz problemi müəyyənləşdirməliyik. Bəzi nümunələr belə ola bilər: “Niyə müəyyən bir qrup irəli gedə bilmir?” və ya “Niyə irəliləmirik?”.
2. SCAMPER-lə sual verin.
Sözügedən suallar qrup şəklində cavablandırılmalı və hər bir cavab nəzərə alınmalıdır. Məsələn: “Niyə irəliləmək bu qədər çətindir?”, “Problemə nə səbəb olur?” Və ya “Uğursuzluqlarımızın arxasında nə dayanır?”.
3. Cavabları idarə edin.
Yuxarıda dediyimiz kimi, hər cavabı nəzərə almaq vacibdir. Cavablar nə qədər əhəmiyyətsiz görünsə də, əslində məsələyə həll tapmaqda kömək edə bilər.
Problemləri həll etmə vasitəsi olan bu metod çox sadə və sürətli həyata keçirildiyi üçün olduqca təsirlidir. Ən yaxşı tərəfi budur ki, ilk dəfə
uğur qazanılmasa, yenidən tətbiq etmək mümkündür. Araşdırmalara görə, SCAMPER metodu 80% hallarda müsbət nəticə verə bilər1. Çünki tətbiqi daha asan olduğu üçün daha faydalıdır.
“Fikir yaradıcılığı baxımından yaradıcı düşüncə mistik bir istedad deyil. Bu tətbiq oluna və inkişaf etdirilə bilən bir bacarıqdır” (Edward de Bono2).
SCAMPER tətbiq etmək şagirdlərdə dərsə fərqli baxış bucağından baxmağa kömək edir. Bu metod bütün fənlərə tətbiq edilə bilər. Burada ənənəvi suallar yox, fərqli nəticə əldə edilməsi üçün düşündürücü suallar verilməlidir. Məsələn, tarix fənnində “Azərbaycan dövləti 1918-ci ildə yaranıb və heç vaxt Rusiya tərəfindən işğal olunmasaydı?”, yaxud riyaziyyatdan “2x2=5 etsəydi nə olardı?” kimi sullar verərək şagirdlərin düşünmə qabiliyyətini dərinləşdirib onları araşdırmağa, beyin fırtınası etməyə, yaradıcı düşünməyə sövq edə bilərik. Bu isə şagirdlərdə problemi həll etməyə, yaradıcı düşünməyə kömək göstərər.
ART TERAPİYA VƏ MANDALA
Psixoterapiyada art terapiya yeni metodlardan biridir. İlk dəfə bu terapiyanı 1938-ci ildə Adrian Hill vərəm dispanserində xəstələr üzərində tətbiq edib. Onun 1945-ci ildə nəşr etdirdiyi “Təsviri sənət xəstəliklərə qarşı” kitabı uzun müddət psixiatr və psixoloqların masaüstü kitablarından olub. Kitabda xəstəliklərdən müalicə və orqanizmin bərpası prosesində rəsm çəkməyin müsbət təsirini göstərən empirik təcrübələr verilib.
Art terapiya emosiyalar üzərində bir eksperimentdir. Ona görə də ilk olaraq gizlənmiş emosional problemlər art terapiyada asanlıqla üzə çıxır. Emosional duyğular kağız üzərində simvollar şəklində ifadə olunur. Art terapiyanın bir növü də “Mandala”dır. Mandala dairə və ya mərkəz deməkdir. Qədim Hindistanda bəzi dinlərdə simvolik baxımdan meta və ya mikro kosmosu göstərən şəkillərə mandator adı verilib. Mandala insan zehnini rahatlaşdıran, sakitləşdirən bir məşğuliyyət hesab olunur. Ümumiyyətlə, dairə və kvadrat formasında olan və hər şeyin mistik mərkəzini təmsil edən mandalalardan meditasiya üçün də istifadə edilir.
Bəs mandalanın üstün cəhətləri nədir?
1. Mandala ruh üçün dərman sayılır;
2. Stresslə mübarizədə kömək edir;
3. Diqqəti toplamağa kömək edir;
4. Öz yaradıcılığınızı kəşf etməyə kömək edir.
........................................................................
1 https://www.teacheracademy.eu/blog/scamper-technique-for-creative-thinkers/ SCAMBER
2 https://www.teacheracademy.eu/blog/scamper-technique-for-creative-thinkers/ SCAMBER
Bu metoddan daha çox şagirdlərin psixoloji və emosional vəziyyətini tarazlaşdırmaq üçün istifadə etmək tövsiyə olunur. Daha çox psixologiya, incəsənət, həyat bilgisi və. s fənlərin tədrisi zamanı istifadə etmək məqsədəuyğundur. Dil fənlərini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri də bu metoddan rahatlıqla istifadə edə bilərlər. Məsələn, dil müəllimi şagirdlərə rənglərin adlarını öyrədərkən dərsin daha maraqlı, düşündürücü təşkil olunması məqsədilə bu metoddan istifadə edə, şagirdin dərsə daha emosional yanaşmasına dəstək ola bilər. Riyaziyyat dərslərində inteqrasiya məqsədilə təhsilalanlara mandala fiqurlarının hər birinin içərisinə müxtəlif hesablama əməllərinə aid misallar əlavə edərək rəngləmək və hesablama əməllərini yerinə yetirmək tapşıra bilər. Bu yolla şagirdlərin diqqətini daha çox cəlb edə, dərs prosesində yaranan stressin qarşısını ala bilərik. Bu metodun tətbiqi üçün Web 2.0 alətlərindən də istifadə etmək olar və bu məqsədlə bir neçə onlayn proqramın adını qeyd edə bilərik:
DALCROZE METODU
Dalcroze musiqi fənninin tədrisi metodikasıdır. Ənənəvi təhsil materiallarından fərqli olaraq bu metodla şagirdlər əzbərçilik yerinə səsləri və hərəkətləri birlikdə öyrənirlər. Bu üsulda ritm önəmlidir, təhsilalanlar əl-ayaq hərəkətləri ilə ritmi daha canlı şəkildə hiss edirlər.
Dalcroze metodunu musiqi fənni ilə yanaşı digər fənlərin tədrisində də istifadə etmək olar. Məsələn, ingilis dili fənnində ibtidai siniflərdə yeni sözlərin öyrədilməsi zamanı şagirdlər hərəkətləri və səsləri eyni anda təkrarlayaraq öyrənə bilərlər. Belə ki, Gring Jay-in yaratdığı Initiation Response Feedback (Təşəbbüs, Cavab, Əksəlaqə) texnikası şagirdlə müəllim arasında çevik əlaqənin yaranmasına kömək edir. Müəllim əl çalır, şagird isə bunun sözlə ifadəsini dərhal ingilis dilində söyləyir. Bu hərəkətlərə Dalcroze metodunu da əlavə edib ritmik etdikdə şagirdlərin diqqətini daha çox cəlb etmiş oluruq.
REGGİO EMİLİO METODU
İkinci Dünya müharibəsindən sonra İtaliyanın şimalında, 150 000 əhalisi olan Reggio Emilia adlı qəsəbədə valideynlərin uşaqları üçün məktəb yaratmaq cəhdi ilə başlayan sistemdir. Loris Malaguzzi bu yanaşmanın yaradıcısı və lideridir. “Təhsil almaq hər bir uşağın hüququdur” prinsipinə əsaslanır və burada uşaqların keyfiyyətli təhsil alması üçün məktəb, ailə və cəmiyyət birgə fəaliyyət göstərməlidir.
Reggio Emilio yanaşmasına əsasən uşaqlar ətrafdan bir “qapalı divarla” əhatələnib, bu divar onun sərbəst inkişafına mənfi təsir göstərir, onu sıxır. Buna görə də böyüklərin qoyduğu qayda-qanundan kənar, sərbəst araşdırmaya sövq edən, oyun və uşaq mərkəzli bir sistem olan Reggio Emilio metodu şagirdlərin böyüklərlə birlikdə daha çox vaxt keçirərək suallara cavab tapmasına şərait yaradır. Reggio Emilio metodunun 9 əsas prinsipi var:
1. Uşaq lider kimi qəbul edilir. Uşaqların təbii olaraq istedadlı, özünü idarə edə bilən, dinləməyi, istehsal etməyi bacaran, güclü, dəyərli olduğu və hər bir uşağın ətrafındakı insanları tədqiq edərək öyrəndiyi güman edilir. Uşaqların dinlənməyə ehtiyacı olan və biliyə malik fərdlər olması fikri ümumidir. Reggio Emilia yanaşmasında uşaq “şəxsiyyət”dir. Uşaqların edə bilməyəcəyinə deyil, edə biləcəklərinə istiqamətlənmə var. Uşaqlara kəşflər etməyə icazə verilir.
2. Uşaq əməkdaş (tərəfdaş) kimi qəbul edilir. Uşaqların bir-biri ilə, ailələri, müəllimləri və cəmiyyətin digər fərdləri ilə qarşılıqlı əlaqədə olması və əməkdaşlıq etməsi vacibdir. Uşaq ünsiyyət yaradan kimi qəbul edilir.
3. Uşaqların əqli inkişafı onların fəaliyyətləri ilə (boyama, rəsm, dramatik oyun, heykəltəraşlıq, kölgə oyunu, musiqi və s.) dəstəklənir. Uşağın araşdırması, sorğu-sual etməsi, təxəyyülü və müxtəlif materiallardan istifadəsi onun özünü “müxtəlif təbii dillərdə” ifadə etməsinə şərait yaradır.
4. Ətraf mühit üçüncü müəllimdir (1-ci ev, ikinci təhsil ocağı, 3-cü isə ətraf mühit). Ətraf mühit uşaqların inkişafına kömək edən zəngin materiallarla məqsədə uyğun təşkil edilməli və qarşılıqlı əlaqəni dəstəkləməlidir.
5. Müəllim yoldaşdır, bələdçidir. Müəllimlər problemli vəziyyətlər yaratmaq və müxtəlif layihələr hazırlamaqla uşaqlarla birlikdə öyrənmə təcrübələri yaradırlar. Onlar həmçinin uşaqları yaxından müşahidə etməklə, suallar verməklə, onların ideya və nəzəriyyələrini öyrənməyə
çalışaraq təcrübə məkanları yaradır və onların fikir və ideyalarını öyrənməyə çalışırlar.
6. Müəllim həm də tədqiqatçıdır. O, uşaqlar haqqında sənədlər hazırlayarkən, məktəbdə digər müəllimlər, işçilər və ailələrlə qarşılıqlı əlaqədə olarkən özünü tədqiqatçı kimi hiss edir.
7. Sənədləşmə sadəcə bir ünsiyyət vasitəsidir. Sənədləşmə valideynlərin övladlarının inkişafı ilə bağlı məlumatlılığının artırılması, müəllimlərin uşaqları daha yaxından tanımasına şərait yaratmaq, uşaqlara öz əməyinin dəyərini göstərmək kimi bir çox məqsədlə həyata keçirilir. Eyni zamanda, uşaqların öyrənmə təcrübələrinin böyük bir arxivi yaradılır.
8. Ailə ən yaxın tərəfdaş kimi qəbul edilir. Ailənin uşağın öyrənmə təcrübəsinə və məktəb həyatına cəlb edilməsi çox vacibdir.
9. Təşkilatçılıq əsasdır. Reggio Emilio yanaşmasının tətbiq olunduğu məktəblərdə uşaqların gündəlik fəaliyyəti, sənədləşdirilmə və qiymətləndirilmə mükəmməl təşkilatçılıq tələb edir.
Qeyd olunan prinsiplərdən də göründüyü kimi, bu metodla şagirdlər daha sərbəst, araşdırmaçı ruhunda tərbiyə olunur. Reggio Emilio məktəbləri digər məktəblərdən görünüşə görə də fərqlənir. Bəzən bu məktəb modeli qarmaqarışıq və səliqəsiz təsir bağışlasa da, uşaqların xəyal dünyasına uyğun yaradılıb. Məktəbin tavanında üçkünc güzgülər yerləşdirilib, yaxud tavan şüşədən hazırlanıb. Uşaqlar məktəbə daxil olarkən burada onları yeni aləm, maraqlı bir dünya gözlədiyini ilk addımdan hiss edirlər, onlarda həyəcan və maraq artır. Bütün dərs otaqlarının qapısının açıldığı bir sahə var ki, bura Piazza adlanır. Piazza adlanan yerdə şagirdlər və müəllimlər birlikdə vaxt keçirir və bu da onlara sərbəstlik verir. Bu məktəblərin dərs otaqları ilə yanaşı, laboratoriya, yeməkxana və rəsm otaqları da var. Bu otaqlarda müəllimlə yanaşı, Ateliersta adlanan köməkçilər vardır ki, onlar da şagirdlərə layihələrinin reallaşması üçün kömək edir.
Bu metodun tətbiq oluna biləcəyi əsas fənlər rəsm, texnologiya və təbiət fənləridir.
MONTESSORİ METODU
Montessori metodu italyan həkim Maria Montessori tərəfindən hazırlanıb. Uşaqların müstəqilliyinə böyük əhəmiyyət verən bu üsul kifayət qədər dəstəkləyici və yaxşı dizayn edilmiş öyrənmə mühiti ilə təmin olunduqda şagirdlərin öz-özünə öyrənməyə başlaya biləcəyini proqnozlaşdırır. Montessori daha çox şagirdlərin müstəqil öyrənməsinə təşəbbüs göstərir. Bu da L.S.Vıqotiski və onun əməkdaşlarının irəli sürdüyü təlimlə əlaqədar baş verən əqli inkişafın iki səviyyəsindən biri olan inkişafın fəal, aktual zonasına uyğundur. Bu zonaya malik olan şagirdlər gündəlik dərsləri, verilmiş təlim tapşırıqlarını müstəqil surətdə yerinə yetirir, başqasının köməyi olmadan dərsdə müvafiq materiallardan istifadə edir, hətta bəzən müəllimin şərh etdiyi jestləri izah etməyə çalışır. Məhz bu xüsusiyyətlər Montessori metodunun ən çox dəstəklədiyi təlim proseslərinə uyğundur. Buradan da aydın görürük ki, Montessori inkişafın fəal aktual zonasını, Reggio Emilio metodu isə yaxın inkişaf zonasını dəstəkləyir.
Montessori metodunun yaradıcısı Maria Montessorinin də dediyi kimi, “Uşağın əlinə qoymadığınız şeyi ağlına qoya bilməzsiniz”3. Bu fikirdən də görünür ki, Montessori metodu şagirdlərin hər şeyə toxunaraq, araşdıraraq və hiss edərək öyrənməsinə şərait yaradır və təməl prinsipləri içərisində şagird önəmli yer tutur. Müəllim isə sadəcə nəzarətçi və köməkçidir. Montessori metodu, əsasən, 0-6 yaş aralığında tətbiq olunsa da, yuxarı yaş qrupunda olan şagirdlərin təhsil almasına aid də öz yanaşmaları var. Montessori metodu müxtəlif yaşlarda olan şagirdlərin birlikdə öyrənə biləcəyini dəstəkləyir. Belə ki, 9-12 yaş aralığında olan şagirdlər eyni dərsi birlikdə öyrənə bilər. Montessori metodunun bir çox əsas prinsipləri vardır:
........................................................................
3 https://montessori-nw.org/about-montessori-education
• Montessori fəlsəfəsinə görə, uşaq fərddir və azad seçim etmək hüququna və azadlığın məsuliyyətini üzərinə götürmək qabiliyyətinə malikdir;
• Uşağın sərbəst olacağı mühit hazırlanır, inkişaf kateqoriyalarına uyğun materiallar yerləşdirilir. Bundan əlavə, burada onun özünə lazım olan hər şeyə əli çatmalıdır;
• Seçim etmək, vaxt təyin etmək, istifadə etdikdən sonra materialı yığışdırmaq və yerləşdirmək uşağın məsuliyyətidir;
• Valideyn/Müəllim burada passiv bələdçi kimi çıxış edir. Uşağı istiqamətləndirmək yox, onun inkişafını izləyərək anlamaq və onu uyğun materiallar təqdim etməklə dəstəkləmək lazımdır;
• Uşağa hörmət vacibdir. Öz seçimlərini etmək imkanı verildikdə, onlar içindəki potensialı kəşf edib üzə çıxarırlar.
Montessori metodunu öz şagirdlərimlə birgə iştirak etdiyim eTwinning layihələrimin birində tətbiq etmişəm. Qeyd edim ki, eTwinning Avropada məktəblər üçün yaradılan bir cəmiyyətdir.
eTwinning ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr hazırlamaq, paylaşmaq, bir sözlə, iştirakçı məktəblərdə işləyən işçilər üçün (müəllimlər, direktorlar, kitabxanaçılar və s.) Avropanın ən həyəcanverici öyrənmə birliyini hiss etmək və iştirak etmək üçün bir platforma təmin edir.
Bir eTwinning layihəsi iki və ya daha çox Avropa Birliyi məktəbi arasında əvvəlcədən müəyyən edilmiş bir mövzuda layihə ortaqlığıdır.
eTwinning layihələrimdən biri olan “Montessori in my school” layihəsində bir neçə oyun və layihələr hazırlamışıq. Layihələrdən birində şagirdlərə öz oyuncaqlarını hazırlamağı tapşırdıq. Şagirdlərə bu oyuncağı nədən hazırlayacaqları haqqında heç bir məlumat verilmir, tam sərbəst şəkildə hər kəs problemə köklənir və araşdırma apararaq verilən problemin həllini axtarır. Nəticədə şagirdlər müxtəlif materiallardan və evdə istifadə olunmayan əşyalardan maraqlı oyuncaqlar hazırlayır və öz yaratdıqları oyuncaqları ilə qürur duyur, bir-birinə göstərərək öz ideyalarını paylaşırlar. Şagirdlər öz ideya və fikirlərini özləri reallaşdırır və hər bir işi toxunaraq öyrənirlər. Bu metodun ibtidai siniflərlə yanaşı, yuxarı siniflərdə də tətbiqi müsbət nəticələr verə bilər.
Montessori metodu ilə təlimin təşkili uşaqların zehni inkişafını sürətləndirir və onların unikal bacarıqlarını inkişaf etdirməyə imkan verir. Təkmilləşdirilmiş qabiliyyətlərə malik olan uşaqlar özlərini daha yaxşı ifadə edir, öz potensiallarını kəşf edir və özlərinə inamları yüksək olur. Eyni zamanda, uşaqlar öz-özünə təhsil almaq və özünü inkişaf etdirmək bacarıqları əldə edirlər. Bu anlayış, Montessori fəaliyyətinin əsasını təşkil edir. Bir çox başqa üstünlükləri olan bu üsul əvvəlcədən hazırlanmış mühit və uşağa verilən azadlıqlarla mümkündür.
NƏTİCƏ
Bəhs etdiyimiz bütün metodları araşdırarkən aydın olur ki, bu metodların, əslində, hamısının bir məqsədi var: şagirdin öyrənməsi və öyrəndiklərini yadda saxlaması. Şagirdyönlü olan bu metodlar təhsilalanların sərbəst şəkildə araşdırmasına, ideyalarını paylaşmasına, öz bilik və bacarıqlarına inanmasına və başqasının yox, öz şəxsi iradələrindən asılı olmasına yönəlib. Bu metod və yanaşmaların hər birinin fərqli xüsusiyyətləri və ya əsasları olsa da, məqsəd fərqli düşüncəyə sahib müxtəlif ailələrdə və mühitlərdə böyüyən uşaqların birlikdə öyrənmələri üçün müxtəlif seçim və fürsətlərin olduğunu vurğulamaqdır. Hər bir müəllim dərs prosesini təhsilalanların maraq dairəsinə uyğun qurmaq üçün mükəmməl pedaqoji ustalığa malik olmalıdır.
İstifadə edilmiş ədəbiyyat
1 Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi Əsərləri. cild 85, №1, 2018.
2 Disterverq, A. (1956). Seçilmiş Pedaqoji əsərləri. Bakı, səh.182.
3 http://en.wikipedia.org/wiki/Emile_Jaques-Dalcroze. E.S.Dalcroze.
4 https://community.thriveglobal.com/how-touse-mandala-art-therapy-as-a-meditation-technique/ Mandala Art Therapy
5 https://happynumbers.com/blog/list-ofteaching-methodologies-primary-school/
6 https://montessori.az/montessori-metodu/Montessori nədir.
7 https://montessori-nw.org/about-montessorieducationMontessori methods.
8 https://ogrenmetasarimlari.com/reggio-emiliayaklasimi/Reggio Emilia Yaklaşımı
9 https://twinspace.etwinning.net/192451/pages/page/1977059 eTwinning layhleri
10 https://www.teacheracademy.eu/blog/scamper-technique-for-creative-thinkers/SCAMPER
11 Makarenko, A.S. (1950). Seçilmiş əsərləri. Bakı, Azərnəşr.
12 Məktəb Pedaqogikası. Bakı, Maarif Nəşriyyatı, 1982.
13 Pedaqogika. Bakı, Azərnəşr, 1964.