TƏHSİL SİSTEMİNDƏ OXUYUB-ANLAMA BACARIQLARININ İNKİŞAFINA XARİCİ AMİLLƏRİN TƏSİRİ
İLAHƏ RƏSULOVA
İbtidai təhsil sistemində hər bir uşağa xas olan daxili amillərlə yanaşı, bir neçə xarici faktor da oxuyub-anlama bacarıqlarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu amillər uşağın ətraf mühitinin müxtəlif aspektlərini, o cümlədən ailə, məktəb və ictimai mühiti əhatə edir. Burada bir sıra kənar təsirlərin müsbət və mənfi tərəfləri, həmçinin birgə və ayrı-ayrılıqda effektivliyi müəyyən edilməlidir. Qlobal təhsil sisteminin meydana gətirdiyi yeniliklərlə milli-mənəvi dəyərlərin ortaq və fərqli xüsusiyyətlərinin də ibtidai sinif şagirdlərinə bu və ya digər ölçüdə təsir imkanları müxtəlifdir. Məqalədə ibtidai təhsil sistemində oxuyub-anlama bacarıqlarının inkişafına təsir göstərən xarici amillər, valideyn, müəllim və sinif yoldaşlarının, ümumilikdə cəmiyyətin təhsil prosesinə təsiri təhlil edilir. Eyni zamanda, müasir dövrdə bir sıra texnoloji nailiyyətlərin virtual məkana çıxış imkanlarını genişləndirməsi nəticəsində şagirdlərin daha çox bilik və məlumat əldə etmək potensialı tədqiq olunur. Məqalədə, həmçinin şagirdlərin fərdi bacarıqlarının inkişafına təsir göstərən və kollektiv oxuyub-anlama prosesinə təsir göstərən xarici amillərin müqayisəli təhlili verilir, ən mühüm resurslardan istifadə imkanları qeyd edilir.
GİRİŞ
Tədqiq olunan mövzu hər dövr üçün aktual olub, qlobal təhsil sisteminin sürətlə dəyişdiyi bir şəraitdə xüsusilə əhəmiyyətli bir məzmuna malikdir. İnformasiya-kommunikasiya texnologiyalarının meydana gətirdiyi fərqliliklər ölkələr arasında təhsil mühitininin qeyri-bərabərliyini
daha da qabartdığı kimi, bir sıra mövcud fərqli cəhətləri də aradan qaldırır. Burada mentalitet, təbii iqlim şəraiti, milli-mənəvi dəyərlər, sosial-maddi imkanlar, dövlət siyasəti, mövcud qanunvericilik və bir çox digər amillərin təsiri böyükdür. İbtidai təhsilə xarici amillərin təsirinin araşdırılmasında yenilənən pedaqoji metodlar, təlimin kəmiyyət-keyfiyyət münasibətləri də önəmli rol oynayır. Mövzunun aktuallığı həm də onunla xarakterizə olunur ki, təhsil növləri və metodlarının, qiymətləndirmə sistemlərinin artması və təhsilə yeni anlayışların daxil olması ilə (distant təhsil, inklüziv təhsil, kurikulum və s.) ənənəvi tədris üsulları sürətlə öz baza formasını itirir. Mövzunun elmi yeniliyi yeni şagird-valideyn-müəllim münasibətlərində meydana gələn kommunikativ uzlaşmanın texnoloji, layihə əsaslı, virtual təmaslarının pedaqoji və psixoloji müstəvidə təhlilindən ibarətdir. Şagirdlərin parta arxasından planşet, kompüter arxasına keçidi və virtual ünsiyyət qurması məktəbin rolunu azaltsa da, ailənin və valideynlərin rolunu artırır. Yaxud əksinə, layihəyə cəlb olunan şagirdlərdə müəllimin rolu mentorluqla məhdudlaşır və şagirdlərin yoldaşları ilə kollektiv tədris almasının əhəmiyyəti artır. Lakin hər iki halda müəllimin xüsusi bir rolu vardır və tədris bu və ya digər şəkildə məhz onun potensial bacarıqları üzərində qurulub. Müəllimlər sözlərlə zəngin sinif kontekstində söz nümunələri və söz həlli strategiyalarının açıq öyrədilməsi vasitəsilə söz biliklərinin artmasına kömək edə bilərlər. Oxuma, orfoqrafiya və lüğət üzrə müəllimin rolu şagirdlərdə “söz şüurunu” inkişaf etdirməyə və bütün fənlər üzrə müstəqil söz bazasını yaratmağa kömək etməkdən də ibarətdir (Landaverde, 2013).
Burada qeyd edilməsi vacib olan bir neçə amil var. Bunlardan biri distant təhsilin və ev şəraitində tədris almanın doğurduğu mənfi cəhətlərlə bağlıdır. Uşaqlar oxuyarkən valideynlərin onlara diqqət etməməsi uşaqların çətinlik çəkməsinə təsir edən amil ola bilər. Ev mühiti daha az əlverişlidir və uşaqların evdə oynamaq ehtimalı daha yüksəkdir və mövcud texnologiyanın inkişafı ilə uşaqlar evdə kitab oxumaqdan daha çox müxtəlif elektron cihazların vasitəsilə oynamağa diqqət yetirirlər. Bu amillərlə yanaşı, şagirdlərin özlərində maraq və motivasiyanın olmaması da oxumaqda çətinlik yaranmasına təsir edən amildir (Rohimah, 2021).
İBTİDAİ TƏHSİLƏ TƏSİR GÖSTƏRƏN ƏSAS XARİCİ AMİLLƏR
Ailə mühiti. Burada valideynlərin, nənə və babanın, yaşca böyük bacı və qardaşın iştirakı kimi müxtəlif situasiyalar ola bilər. Oxunanların paylaşılması, zəngin mütaliə mühitinin yaradılması və kitablara çıxışın təmin edilməsi kimi fəaliyyətlər vasitəsilə valideynlərin cəlb edilməsi oxumaq qabiliyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Valideyn himayəsindən məhrum olan uşaqların tədrisinə ailə mühitinin təsir etməsi imkanları azalır və bu kontekstdə digər xarici amillər ön plana çıxır. Eyni zamanda, ailənin sosial-iqtisadi vəziyyəti də bu məsələdə əhəmiyyətli təsirə malikdir. Təhsil resurslarına, keyfiyyətli materiallara çıxış və sabit yaşayış şəraitinin olması oxuyub-anlamanın tərəqqisinə təsir edə bilər.
Məktəb mühiti. Ənənəvi tədrisin keçirildiyi əsas məkan olan məktəb şəraitində sinifin ölçüsü və şagird-müəllim nisbəti önəmli rol oynayır. Daha kiçik siniflər və tələbə-müəllim nisbətlərinin az olması oxuyub-anlama ehtiyacları üçün daha çox fərdiləşdirilmiş diqqət və dəstəyə imkan verir. Təlimin keyfiyyəti də bu məsələdə özünü büruzə verir. Effektiv tədris strategiyaları, müxtəlif oxu materialları və stimullaşdırıcı öyrənmə mühiti oxuduğunu başa düşməyi inkişaf etdirmək üçün çox vacibdir. Burada məktəb resurslarını da qeyd etmək vacibdir. Kitabxanalara, texnoloji alətlərə və müxtəlif oxu proqramlarına giriş öyrənmə təcrübəsini zənginləşdirir və mütaliənin inkişafına müxtəlif yanaşmalar təqdim edir.
İctimai mühit. Kitabxanaların və ictimai təhsil proqramlarının mövcudluğu burada önəm kəsb edir. Pulsuz və ya münasib qiymətə təlim proqramlarına, müxtəlif kolleksiyalara malik kitabxanalara və mütaliəni təşviq edən ictimai tədbirlərə çıxış şagirdlərə əhəmiyyətli dərəcədə fayda verə bilər. Şagirdlər üçün muzey gəzintisi, təhsil sərgiləri, STEAM formatlı proqramlar onların dünyagörüşünün artırılmasına və oxuyub-anlama bacarıqlarının inkişafına daha sürətli təsir göstərə bilər. Burada ən önəmli faktorlardan biri sosiomədəni amillərdir. Mütaliəyə mədəni münasibət, ana dilində kitablara çıxış və cəmiyyət daxilində müsbət nümunələr mütaliə motivasiyasına və məşğuliyyətinə əhəmiyyətli təsir göstərə bilər.
Əlavə xarici faktorlara sağlamlıq və rifah, həmçinin müxtəlif xarici dillərdə mütaliə materiallarının mövcudluğu da daxildir. Görmə, eşitmə bacarıqları və emosional vəziyyət də daxil olmaqla uşaqların fiziki və psixi sağlamlığı onların diqqətini cəmləmək və oxu materialları ilə məşğul olmaq qabiliyyətinə təsir edə bilər. Uşağın erkən yaşlarından bir neçə dilə məruz qalması idrak bacarıqlarını inkişaf etdirə və oxuyub-anlamanın inkişafına potensial fayda verə bilər. Bu xarici amillərin təsirini başa düşmək bütün uşaqların oxuduqlarını başa düşməsinə kömək edən dəstəkləyici mühit yaratmaq üçün müəllimlərə, valideynlərə və dövlət təhsil siyasətinə birgə işləməyə imkan verir. Məqsədli müdaxilələr və təşəbbüslər vasitəsilə bu amilləri həll etməklə, hər bir uşağın məktəbdə və həyat boyu uğur qazanması üçün mühüm təməl olan güclü oxu bacarıqlarını inkişaf etdirmək imkanına malik olmasını təmin etmək mümkündür.
OXUYUB-ANLAMA BACARIQLARININ İNKİŞAFINDA XARİCİ AMİLLƏRLƏ PEDAQOJİ İŞİN TƏŞKİLİ
Təhsil-valideyn-müəllim-cəmiyyət amilləri ibtidai təhsildə oxuduqlarını başa düşməyi inkişaf etdirmək üçün lazım olan əməkdaşlıq yanaşmasını vurğulayır. Məktəb daxilindəki şöbələr bu amilləri gücləndirmək üçün birlikdə işləyə bilər.
1. Birgə baxış bucağı və məqsədlərin yaradılması.
Liderlik qrupu: Müəllimlər, valideynlər, xüsusi təhsil, psixoloq, kitabxana əməkdaşları ilə birlikdə əlavə oxunun mütəmadi təmin olunması məqsədəuyğundur. Semantik oxu bacarıqları yalnız müəllimin xarici təsirləri ilə inkişaf etdirilə bilməz. Bu proseslərə uşağın özünü və ətrafındakıları (valideynləri və yaşıdlarını, digər müəllimləri) cəlb etmək lazımdır. Eyni dərəcədə əhəmiyyətli bir amil, semantik oxu bacarıqlarının inkişafı üçün əsas meyar oxumağı vaxtında öyrənməkdir (Strunina, 2023).
Məqsədlərin müəyyən edilməsi: Sinif səviyyələrində oxuduqlarını başa düşmək üçün aydın, ölçülə bilən məqsədlər müəyyənləşdirilməlidir. Nailiyyətləri və inkişafı izləmək üçün ümumi qiymətləndirmələrdən istifadə etmək mümkündür.
Kommunikasiya strategiyası: Bütün maraqlı tərəflərlə məqsədləri və irəliləyişləri bölüşmək üçün valideyn iclasları, seminarlar və ya onlayn platformalar kimi kommunikasiya kanallarını inkişaf etdirmək mümkündür.
Beynəlxalq praktikada ibtidai siniflərdə işin təşkili ilə bağlı müxtəlif struktur bölmələri mövcuddur ki, onlar arasında əməkdaşlıq oxuyub-anlama bacarıqlarının inkişafını xeyli dərəcədə sürətləndirir: humanitar və sosial elmlərin bazasını təşkil edən müxtəlif fənlər üzrə oxuyub-anlamanın tədris sisteminə inteqrasiyasını təmin etmək üçün kurikulum bölməsi; oxumağı başa düşməyə təsir edən hər hansı öyrənmə çətinliklərini müəyyən etmək və həll etmək üçün xüsusi təhsil bölməsi; müxtəlif oxu səviyyələri və maraqlarına cavab verən elektron və kağız daşıyıcıda kitabxanadan ibarət kitabxana media xidmətləri bölməsi; oxumağı başa düşməyi təkmilləşdirən texnologiya alətlərini (məsələn, audiokitablar, rəqəmsal öyrənmə platformaları) inteqrasiya etmək üçün texnologiya bölməsi və s.
Ölkəmizdə də müəyyən ümumtəhsil məktəbində bu formatda bölmələrin yaradılaraq, pilot layihə şəklində sınaqdan keçirilməsi vasitəsilə ümumilikdə tədrisin effektivliyini, xüsusi olaraq da oxuyub-anlama bacarıqlarına təsir imkanlarını təyin etmək mümkündür.
2. Valideyn-müəllim əməkdaşlığı.
Müəllim hazırlığı: Effektiv oxuyub-anlama strategiyaları və texnikaları üzrə müəllimlər üçün peşəkar inkişaf seminarları təşkil edilməlidir. Müəllimlərin tədqiqatçılıq potensialı hazır biliklərin təqdim olunmasında deyil, düşünməyə istiqamətləndirmək məqsədilə daha çox müstəqil tədqiqata yönəltməkdədir (Hüseynzadə, Əzizova, Əliyev, Verdiyeva, 2021).
Valideyn-müəllim iclasları: Müəllimlər və valideynlər arasında müntəzəm ünsiyyəti təşviq etmək, şagirdin fərdi tərəqqisini və valideynlərin
evdə istifadə edə biləcəyi strategiyaları paylaşmaq önəmlidir. Burada sosial şəbəkələrin və elektron resursların da önəmli dəstəyi ola bilər.
Valideynlər üçün təlim proqramları: Valideynlər üçün oxuyub-anlamanın əhəmiyyətinin müəyyən edilməsi və uşaqlarına evdə kömək etməyin praktiki yolları (məsələn, ucadan oxumaq, əlverişli oxu mühiti yaratmaq) üzrə seminarlar təşkil edilə bilər. Valideynlər üçün sinifdə və ya kitabxanada könüllülük imkanlarını təşviq etmək, müəllimlər və şagirdlərlə əlaqələri gücləndirmək mümkündür (valideynlərin iştirakı ilə açıq dərs).
3. Davamlı monitorinq və qiymətləndirmə.
Məlumatların təhlili: Tədris olunan fənlərin əsas sahələrini və təkmilləşdirməyə ehtiyacı olan sahələri müəyyən etmək üçün qiymətləndirmələrdən, sinif müşahidələrindən və sorğulardan əldə edilən şagird məlumatlarını müntəzəm olaraq təhlil etmək önəmlidir.
Uyğunlaşdırma və təkmilləşdirmə: Məlumatların təhlilinə əsaslanaraq, şagirdlərin xüsusi tədris ehtiyaclarını ödəmək və oxuyub-anlama bacarıqlarının uğurlu inkişafını təmin etmək üçün tədris strategiyalarını, resursları və əməkdaşlıq yanaşmalarını uyğunlaşdırmaq və sistemli formaya salmaq böyük əhəmiyyət kəsb edir.
Şagirdlərin oxuyub anladıqları ilə bağlı ümumiləşdirmələr aparmaq, nəticə çıxarmaq səriştəsinin artırılması üçün bir sıra müasir pedaqoji üsul və metodlar vardır. Bunlar içərisində ön planda gələn bir sıra müasir metodlara kinestetik öyrənmə üsulu, interaktiv öyrənmə platformalarının yaradılması (leverage technology), “flipped classrooms” kimi qarışıq ənənəvi sinif mühazirələri və ev tapşırıqlarını yerinə yetirən pedaqoji model və s. yer alır. Kinestetik model bir sıra ərəb ölkələrində tətbiq olunan və şagirdlərin fiziki təmasla, yəni oxuduğunu anlamaq üçün əşyaya toxunuşu ilə həyata keçirilən öyrənmə üsuludur. Məsələn, ağacların, bitkilərin kitabda təsvirini daha yaxşı anlamaq üçün həmin bitkilərlə şagirdlərin fiziki təmasını təşkil etmək məqsədəuyğun hesab edilir. Bir sıra Şimali Amerika məktəblərində “flipped classrooms” adlanan model tətbiq olunur ki, burada ənənəvi mühazirəyə dərsdən əvvəl evdə baxılır və şagirdlərin səylərinə bələdçilik etmək üçün təlimatçının iştirakı ilə sinif otağında ev tapşırıqları yerinə yetirilir. Fəal öyrənməni təşviq etmək üçün beynəlxalq təhsil tendensiyalarına əsaslanan bəzi əlavə xidmətlər də vardır. Məsələn, Finlandiya və ABŞ kimi bəzi ölkələrdə real dünya ilə əlaqəni təşviq edən xüsusi təhsil xidmətləri (Connect the Dots və s.) mövcuddur.
NƏTİCƏ
Şagirdlər, müəllimlər və valideynlər arasında komanda işi vasitəsilə əməkdaşlıq mühitini inkişaf etdirməklə, təhsil-valideyn-müəllim vektoru uşaqlarda güclü oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsində effektiv qüvvəyə çevrilir və onları akademik sahədə uğurlara aparır. Burada önəmli faktor yeni təcrübələrdən çəkinməmək və çevik təcrübə proqramları tətbiq edərək effektivliyi yoxlamaqdır. Hazırda oxuduğunu anlamağın müəyyən edilməsi üçün bir sıra vasitələr tətbiq olunur. Məsələn, qeyriformal qiymətləndirmələrdə açıq müzakirələr aparılır, yəni şagirdlər mətni öz sözləri ilə müzakirə etməyə, personajların motivasiyalarını təhlil etməyə və ya müəllifin mesajını müzakirə etməyə təşviq edilir. Bu onların əzbərdən kənar anlayışlarını və idrak potensialını ortaya qoyur. Şagirdlərdən mətnin əsas məqamlarını, əsas hadisələrini və ya əsas arqumentlərini ümumiləşdirmək xahiş edilir. Bu onların əsas məlumatları müəyyən etmək qabiliyyətini ölçür. Tədqiqatdan belə bir nəticəyə gəlmək mümkündür ki, təhsilalanların oxuyub-anlama bacarıqlarının inkişafında təkcə şagirdlərin özləri deyil, onlara təsir göstərən əsas xarici amillər – müəllimlər, valideynlər və məktəb mühiti də təkmilləşdirilməlidir. Bu dəyişikliklər isə ən təsirli xarici amil olan cəmiyyətin kompleks dəyişiminə təsir göstərəcəkdir.
İstifadə edilmiş ədəbiyyat
1 Landaverde, C. (2013). “Factors that affect in the development of Reading Comprehension process of 4th year English major students when reading authentic texts”, Main Campus, November 28th, 84 p.
2 Rohimah, S. (2021). Reading difficulties and factors affecting reading difficulties of students of grade 1 elementary school, LADU: Journal of Languages and Education. Vol. 1, No. 5, p. 189-195.
3 Strunina, O. (2023). K voprosu o probleme razvitiya navykov smyslovogo chteniya u sovremennykh shkol’nikov. Mir nauki, kul’tury, obrazovaniya, (4 (101)), s.113-117. doi: 10.24412/1991-5497-2023-4101-113-117.
4 Hüseynzadə, R., Əzizova, M., Əliyev, H., Verdiyeva, M. (2021). Pedaqogika. Dərslik. Bakı: Mütərcim, 488 s.