ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İDARƏETMƏ MODELLƏRİNİN MÜQAYİSƏLİ-TARİXİ TƏHLİLİ


FİDAN SARIBƏYLİ




Ali təhsil müəssisələrinin gələcəyini istiqamətləndirən idarəetmə modelinin təkmilləşdirilməsinə bir çox amillər təsir göstərir. Azərbaycandakı pedaqoji mənbələri nəzərdən keçirərkən ali təhsil müəssisələrinin idarəetmə modelləri ilə bağlı hər hansı bir araşdırmaya rast gəlmədik. Lakin dünyanın innovativ pedaqoji mənbələrində idarəetmə modelinin universitet üçün olduqca aktual bir məsələ olduğu nəzərə alınır. Bu araşdırmanın əsas məqsədi ali təhsil müəssisələrinin idarəetmə modellərini nəzərdən keçirmək və Azərbaycan modelini bu çərçivədə qiymətləndirməkdir. Universitetlərin tarix səhnəsinə çıxmasından bu günə qədər, əsasən, iki tip idarəetmə modeli inkişaf edib. Avropa idarəetmə modelində dövlət universitetlər üzərində geniş səlahiyyətlərə sahibdir, yəni universitetlərin dövlət qurumları kimi qəbul edildiyi bir idarəetmə modelidir. Bu idarəetmə modelində universitetlərin məqsədi və fəaliyyəti dövlət tərəfindən milli səviyyədə qəbul edilən qərarlarla müəyyən edilir, yoxlanılır və qiymətləndirilir. İkinci idarəetmə modeli olan Anqlosakson modeldə əsas prinsip universitetlərin akademik və maliyyə siyasətlərini bazarın şərtlərinə uyğun qurmasıdır. Avropa modelindən fərqli olaraq Anqlosakson model daha muxtar struktura malikdir. Bu modeldəki universitetlər digər modellə müqayisədə əmək haqqı və işə qəbul proseslərində daha çox müstəqildir. Azərbaycanda ilk ali təhsil müəssisəsi Azərbaycan Xalq Cumhuriyyəti dövründə qurulsa da, bu səylərin sürətlənməsi müstəqilliyin yenidən qazanılmasından sonrakı dövrdə baş verib. Müstəqilliyin bərpasından sonra təhsilin keyfiyyətinin artırılması və onun Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanın prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahədə islahatların aparılması hələ də davam etməkdədir. Avropa idarəetmə modelində olduğu kimi Azərbaycanda təhsilin bütün səviyyələri, o cümlədən ali təhsil vahid mərkəz tərəfindən idarə olunur. Təhsilin əsas maliyyə mənbəyi isə dövlət büdcəsidir.

GİRİŞ

XII əsrdə Avropada universitetlər dövrün iki fərqli modeli olan Paris və Bolonya modelləri əsasında inkişaf etməyə başlayıb. O dövrdə istifadə edilən universitet anlayışı latınca bütöv, monolit mənasını verən “universitas” sözündən yaranıb. Universitas şəhərdəki cəmiyyətlər və gildiyalar (Loncalar) mənasında işlənib. Gildiyalar insanlar tərəfindən yaradılan və ümumi məqsədə xidmət edən icmalardır. Bəzi gildiyalarda tələbələr müəllimlərdən ödənişli dərs almaq üçün bir araya gələrək təhsilin digər pilləsinə hazırlaşırdılar (Bingöl, 2022).

Tələbələr və ya müəllimlər tərəfindən yaradılmasından asılı olaraq bu tip gildiyaların iki forması mövcud idi. İtaliyanın Bolonya Universiteti kimi gildiyalar tələbələr tərəfindən yaradılan gildiyalara nümunə ola bilər. Burada müəllimlərin əmək haqqı tələbələr tərəfindən ödənilir və idarəetmə məsələlərini tələbələr arasından seçilən rektor həyata keçirirdi. Təhsil və təlim isə yalnız müəllimlərə xas bir sahə kimi müəyyən edilirdi.

Müəllimlər gildiyası kimi yaradılan Paris Universitetində bütün ödənişlər tələbələr tərəfindən qarşılansa da, universitetə rəhbərlik etmək müəllimlərin vəzifələrinə daxil idi. Bu kontekstdə universitetə rəhbərliyi müəllimlərin öz arasından seçdiyi rektor və fakültə dekanları həyata keçirirdi.

Orta əsrlər Avropasında yaranan Bolonya, Paris, Montpellier, Kembric və Oksford kimi universitetlərin quruluş və idarəetmə üslulları ilkin olaraq tələbə gildiyası (Bolonya modeli) və ya müəllim gildiyası (Paris modeli) şəklində olub. Zamanla tələbə gildiyaları yox olub, müəllim
gildiyaları isə bəzi dəyişikliklərlə dövrümüzə qədər gəlib çıxıb. Belə ki, universitetlərin yerləşdikləri bölgələrdəki siyasi, sosial, iqtisadi və dini strukturlar üzərində təsir gücünə malik olması siyasi güclərin (papa, imperiyalar və ya şəhər idarələrinin) diqqətini cəlb edib və bu, siyasi güclərin müxtəlif yerlərdə universitetlər açmasına və onların idarə edilməsində söz sahibi olmasına səbəb olub. Nəticədə sayları sürətlə artan universitetlərin idarəetmə üsulları da dəyişməyə başlayıb. Məsələn, XIV əsrə qədər Bolonya Universitetinin tələbələr arasından seçilmiş rektor tərəfindən idarə olunması şəhər rəhbərliyinin müəllimlərin maaşını ödəməyə başlamasından sonra simvolik xarakter almağa başladı. Beləliklə, siyasi güclər universitetlərin himayədarlarına çevrildi. Hətta o dövrdə universitetlərdə dərs demək səlahiyyəti verən dosentlik sənədi papa və ya kral tərəfindən təsdiq edilirdi (Gürüz, 2001).

XIV-XV əsrlərdə dini və siyasi hakimiyyətin universitetlərə təsirinin artması nəticəsində universitetlər dünyəvi xarakterini itirməyə başladı. Bu dövrdə iki universitet statusu mövcud idi. Papa tərəfindən verilən “Studium generate” statusu daşıyan universitetlər yalnız yerləşdiyi ərazidən deyil, hər bölgədən tələbə qəbul etmək hüququna malik idi. “Studium generate” statusuna malik olmayan universitetlər “studium particulare” statusu ilə fəaliyyət göstərirdi və yalnız yerləşdikləri bölgədən tələbə qəbul etmək hüququna sahib idilər. 

İntibah dövründə yaranan humanist cərəyanların təsiri ilə XVIII əsrdə universitetlərdə düşüncə tərzi dəyişib və bu cərəyanların yaratdığı elm anlayışı elmdə inqilablara yol açıb. İntibah dövründə universitetlərlə bağlı bəzi mühüm dəyişikliklər baş verib. Kilsənin universitetlər üzərində nəzarətinin azaldılması, dünyəvi dövlətin çəkisinin artmağa başlaması nəticəsində universitetlər dövlətin tərkib hissəsi kimi institutlaşmaya başlayıb (Bingöl, 2012). Xüsusilə 1789-cu il Fransız inqilabının bütün köhnə qurumları ləğv etməsi, elmi bir növ öz əlinə alması nəticəsində təhsilin keyfiyyəti dəyişib və ali təhsilin inkişafı sürətlənib.

İntibah dövründə dini və yerli hakimiyyət orqanları, aristokratlar və burjuaziyalar universitetlərin elmi fəaliyyətlə məşğul olmasına, bilikləri yaymasına dəstək verirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin universitetlərdən gözləntiləri fərqli idi. Belə ki, tələbələr və müəllimlər məlumat əldə etmək və sosial imtiyazlar qazanmaq üçün universitetlərə üz tutduqları halda, yerli əhalinin öz rifahını artırmaq üçün universitetlərdən böyük gözləntiləri var idi. Bütün bu inkişaf proseslərində, xüsusən də intibahdan sonra dünyəvi dövlətlərin yaranması, kilsə nəzarətinin azalması və mərkəzləşdirilmiş dövlət hakimiyyətinin artması ilə universitetlər yerləşdikləri ölkələrin mədəni və siyasi quruluşuna uyğun olaraq formalaşmağa başladı. XIX əsrə qədər olan dövrdə əsas funksiyası informasiyanı qorumaq və ötürmək olan universitetlər daha çox cəmiyyətin hüquq, ilahiyyat kimi ehtiyaclarını ödəmək məqsədi ilə qurulsa da, əsrin sonlarına doğru yaşanan sosial dəyişikliklər nəticəsində yaradılan Humboldt (Almaniyada) kimi universitetlərdə mövcud imformasiyanı öyrətmək və yaymaqla yanaşı, “tədqiqat” da universitetin funksiyaları arasında öz yerini tutmağa başladı (İliman-Püsküllüoğlu və Ekinci, 2018).

XX əsrdə universitetlərin bütün dünyada yayılması sürətləndi. Müxtəlif ölkələrdə müxtəlif universitet anlayışları ortaya çıxsa da, universitetlərin əsas funksiyası kimi tədris və tədqiqat hamı tərəfindən birmənalı şəkildə qəbul edilib. Beləliklə, universitetlərin elmi-tədqiqat mərkəzi kimi tanınması onları fərqləndirən əsas keyfiyyət olaraq müəyyənləşdirildi.

Bu gün qloballaşma və onu müşayiət edən neoliberal siyasətin təsiri ilə universitetlər üçün yeni funksiyalar müəyyən edilir. Xüsusilə informasiya cəmiyyəti kimi səciyyələndirilən, biliklərin istehsal üsullarında dəyişikliklər yaratdığı və iqtisadiyyatın əsas mənbə kimi müəyyən edildiyi XXI əsrdə təhsil fərdlər üçün vacib bacarıqlara yiyələnmək yolunda vasitəyə çevrilib. Bu kontekstdə universitetlərə mühüm rollar verilib. Bundan əlavə, bazar dünyada sürətlə söz sahibi olmağa başladığı üçün təşəbbüskar universitetlər kimi yeni anlayış ortaya çıxıb. Başqa sözlə, universitetlər iqtisadi cəhətdən yüksək əlavə dəyər yaradan bazaryönlü rollar almağa başlayıb. Beləliklə, universitet idarəetmə sistemlərinin iki əsas xətti inkişaf edib. Onlardan biri ən qədim model olan Avropa, digəri isə nisbətən yeni olan Anqlosakson idarəetmə modelidir. 

Universitetlərin hansı idarəetmə tərzini mənimsəməsinə hansı funksiyanı daşımasından tutmuş cəmiyyətdəki nüfuz dərəcəsinə qədər bir çox amillər təsir göstərir. Universitetin idarəetmə modeli isə onun gələcəyini istiqamətləndirir.

AVROPA MODELİ

Avropa idarəetmə modeli dövlət mərkəzli model (state-centered), dövlət tərəfindən idarə olunan model (state-control), Qitə Avropası modeli, Fransız modeli və ya Napoleon modeli kimi tanınır. Bu, vahid mərkəzə əsaslanan və hakimiyyətin nəzarəti altında olan, siyasi hakimiyyətin ictimai asayişi qoruduğu bir modeldir. Başqa sözlə, universitetlərin dövlət qurumları kimi qəbul edildiyi bir idarəetmə modelidir. Universitetlər dövlət və ya dövlətin səlahiyyətli bir qurumu (Təhsil Nazirliyi kimi) tərəfindən standartlaşdırılan və nəzarət edilən bir quruluşa malikdir. Universitetlər Anqlosakson modeldəki kimi çox geniş muxtariyyətə malik deyil və dövlət tərəfindən maliyyələşdirilir (Erdem, 2006) .

Bu idarəetmə modeli Fransa, İtaliya, Danimarka və Belçika kimi Avropa ölkələrində mövcuddur. Həmin modeldə universitetin pedaqoji heyəti arasından təyin edilən rektor universitetin akademik rəhbəridir və o, universitet şuralarının (Elmi Şura kimi) qərarlarının icrasına cavabdehdir. Rektor nazir və ya dövlət başçısı tərəfindən vəzifəyə təyin edildiyindən geniş səlahiyyətlərə malikdir. Universitetin əsas məqsədi dövlətə xidmət etməkdir. Pedaqoji heyət bir növ dövlət qulluqçusu kimi qəbul edilir. Dövlət universitetin strateji planlaşdırmasında mühüm rol oynayır (Agasisti və Catalano, 2006).

Universitetlərin məqsədi və fəaliyyəti dövlət tərəfindən milli səviyyədə qəbul edilən qərarlarla müəyyən edilir, yoxlanır və qiymətləndirilir. Bu idarəetmə modelinin məqsədi peşəkar təhsil vermək, tələbələrin ixtisasını mükəmməl bilmələrini təmin etməkdir. Təhsil və təlimlə bağlı plan və təcrübələr rəsmi və bürokratik proseslərə əsaslanır. Universitetlər bürokratiyanın bir hissəsi kimi fəaliyyət göstərir. Dövlətin gücü pedaqoji heyətin səlahiyyəti ilə birləşir, universitetlərə hər cür muxtariyyət imkanı verilmir. Bu yolla cəmiyyətdə ictimai nizamı pozacaq məkrli və dağıdıcı davranışların qarşısı alınmağa çalışılır, ictimai nizam və rifah təmin edilir (Schwartzman, 2002). Universitetlərin strukturunda və fəaliyyətində fəal iştirak edən dövlət onun maliyyələşdirilməsinə də cavabdehdir. 

ANQLOSAKSON MODELİ

Anqlosakson modeli və ya sahibkarlıq modeli kimi tanınan və Kembric, Oksford kimi mühüm universitetlərdə qəbul edilən bu idarəetmə modeli XXI əsrdə dəyişən bazar şərtlərinin təsiri ilə formalaşıb. Belə ki, universitetlərdə yeni şirkətlər üçün tədqiqat laboratoriyaları yaradılması nəticəsində onların tədqiqatlarının nəticələri birbaşa bazaryönlü innovasiyalara tətbiq olunub. Bu modeldə universitet insanların qabiliyyət və bacarıqlarını inkişaf etdirən, eyni zamanda cəmiyyətin problemlərinə həll yolları tapan təhsil müəssisəsidir. Xüsusən də kapitalizmin doğulduğu İngiltərə kimi ölkələrdə bu idarəetmə modelinin mənimsənilməsinin səbəbini fərdi inkişaf və bu istiqamətdə verilən liberal təhsillə əlaqələndirmək olar. Bu modeldə çevik bazar şəraitində yaşamaq üçün fərdin peşəkar təhsil alması hədəflənir. Fərdin bu peşəkar təhsili ilə dəyişən bazar şərtlərinə və iş həyatına asanlıqla uyğunlaşa biləcəyi düşünülür. Bu kontekstdə demək olar ki, universitetlər təhsil və araşdırma ilə yanaşı, yeni və üçüncü bir missiyanı da üzərlərinə götürür (Erdem, 2006). Bazar universitetin strukturunda, fəaliyyətində və maliyyələşməsində fəal rol oynayır. Bazaryönlü modeldə universitetlər akademik və maliyyə siyasətlərini bazarın şərtlərinə uyğun olaraq müəyyənləşdirir. Buna görə də, xüsusilə Amerika universitetlərində tədris və tədqiqatla universitetin idarəçiləri deyil, fərqli əməkdaşlar məşğul olmalıdır. Odur ki, universitet rəhbərliyi pedaqoji heyətdən olmayan şəxslər arasından təyin edilir (Aypay, 2003).

Avropa modelindən fərqli olaraq Anqlosakson model daha muxtar struktura malikdir. Bu modeldəki universitetlər əmək haqqı və işə qəbul proseslərində daha çox müstəqilliyə malikdir.

Anqlosakson modeldə universitetlərin maliyyələşdirilməsində ən effektiv rolu bazar oynayır. Bazarın tələb etdiyi işçi qüvvəsi üçün kadr hazırlığı həyata keçirən bu universitetlər şirkətlər kimi mənfəət və reklamyönlü fəaliyyət göstərir. Universitetlər gəlirlərinin əhəmiyyətli bir hissəsini bilavasitə tələbələrin təhsil haqqı və təhsil fondlarından əldə edir. Bu universitetləri bitirən tələbələrin bazarın işçi qüvvəsinə olan tələbatını nə dərəcədə ödəyə bilməsi və işçi qüvvəsində iştirak nisbəti universitetlərin keyfiyyətini müəyyən edir. Bu səbəbdən bazarın tələb-təklif tarazlığına uyğun olaraq proqramda daima yeniliklər edilir və universitetlərin istiqamətləri, tədris və tədqiqat məqsədləri bazar şərtləri ilə formalaşır (Fındıklı, 2017). Bununla da, universitetlər həm tədqiqat üçün lazımi vəsait əldə edir, həm də bazarın tələb etdiyi istiqamətdə araşdırma aparır.

AZƏRBAYCAN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İDARƏETMƏ MODELİ

Ali təhsil müəssisələrinin idarəetmə modellərinin mənşəyinin qədim dövrlərə gedib çıxdığı bilinsə də, Azərbaycanda bu tarixin nisbətən qısa olduğu görünür. Azərbaycanda ilk ali təhsil müəssisəsi Azərbaycan Xalq Cumhuriyyəti dövründə qurulsa da, ölkədə qərbləşmə səylərinin sürətlənməsi müstəqilliyin bərpasından sonrakı dövrdə baş verib.

Azərbaycanda ilk universitet ölkənin sovetləşməsindən əvvəl yaransa da, iqtisadi planlaşdırma, sənayenin yaranan ehtiyacları və sistemin ideoloji prioritetləri ilə formalaşan ali təhsil sistemi sovet dövründə inkişaf edərək genişlənirdi. Yeni ali təhsil ocaqları sovet ideologiyasına uyğun yaradılırdı.

Azərbaycan ali təhsil sistemində yeni mərhələ Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə bağlıdır. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası təhsildə islahatlara xüsusi diqqət yetirməyə başladı. Qəbul edilən “Təhsil haqqında” qanun Azərbaycanda dövlət universitetləri ilə yanaşı, özəl ali təhsil müəssisələrinin də yaradılmasına imkan verdi. Azərbaycan ilk islahatlardan başlayaraq Qərb təhsil modelinə üstünlük verməklə sovet təhsilindən uzaqlaşmağı qarşısına məqsəd qoydu. 2005-ci ildə Bolonya prosesinə qoşulmaq bu istiqamətdə atılan mühüm addım idi. Təhsilin keyfiyyətinin artırılması və onun Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanın prioritet istiqamətlərindən birinə çevrildi. Nəticədə, təhsil Avropa ölkələrində bakalavriat və magistratura səviyyələrində tətbiq olunan Kredit Transfer Sistemi (AKTS) ilə həyata keçirilməyə başlandı. Lakin doktorantura mühüm təhsil səviyyəsi olmasına baxmayaraq hələ də bu islahatlardan kənarda qalır. Belə ki, doktorantura səviyyəsində AKTS tətbiq edilmir və bu təhsil səviyyəsi hələ də sovet dövrünün ənənələrini daşımağa davam edir (Sarıbayli, 2023).

Avropa idarəetmə modelində olduğu kimi Azərbaycanda təhsilin bütün pillələri, o cümlədən ali təhsil vahid mərkəzdən – Elm və Təhsil Nazirliyi tərəfindən idarə olunur. Dövlət və özəl təhsil müəssisələrinin yaradılması və fəaliyyətinə Elm və Təhsil Nazirliyi və səlahiyyətli orqanlar tərəfindən nəzarət edilir. Təhsilin əsas maliyyə mənbəyi isə dövlət büdcəsidir. Anqlosakson modelin ən mühüm xüsusiyyətlərindən biri olan universitet muxtariyyətinin Azərbaycan universitetlərində mövcud olmadığını deyə bilərik. Xüsusilə, Azərbaycan ali təhsil müəssisələrini Avropa Universitetlər Assosiasiyası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) verdiyi muxtariyyət tərifini nəzərə alaraq qiymətləndirəndə universitetlərin məhdud muxtariyyətə malik olduğunu görürük. Belə ki, universitetlərin öz tələbələrini seçmək və ya öz tələbələrinə doktorluq dərəcəsi vermək səlahiyyəti yoxdur. Ölkədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası bütün sahələr üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin, dosent və professor elmi adlarının verilməsini həyata keçirən tək orqandır.

Qloballaşma nəticəsində ali təhsildən gözləntilərin artması universitetlər üçün böyük dəyişiklikləri qaçılmaz edir. Bu istiqamətdə Azərbaycanda ali təhsil sisteminin araşdırma universitetləri adı altında yenidən təyin olunmağa çalışıldığı görünür. Bunun nəticəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 610 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusunun verilməsinə dair Tələblər” adlı Əsasnamə təsdiq olunsa da, heç bir ali təhsil müəssisəsinin statusunda dəyişiklik edilməyib. Bütün universitetlər hələ də sovet dövrünün ənənələrinə əsaslanaraq yalnız təhsil xidmətləri göstərilməyə davam edir. Təsadüfi deyil ki, 35 yaşa qədər iqtisadi fəal əhali arasında ali təhsilli işsizlərin sayında artım müşahidə olunur (İlyasov, 2022). Ali təhsil müəssisələrini bitirənlər iş tapmaqda çətinliklərlə üzləşirlər. Səbəb olaraq təhsil müəssisələrinin əmək bazarının tələblərini nəzərə alaraq planlaşdırma həyata keçirməməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlamaması kimi amillərin təsir etdiyi düşünülür (Saribayli,2023) .

Bütün bu qeyd olunanlara əsasən deyə bilərik ki, Azərbaycanda ali təhsil müəssisələrinin idarəetmə modeli Anqlosakson model xüsusiyyətlərindən uzaq olmaqla yanaşı, Avropa idarəetmə modeli ilə də tam səsləşmir.

NƏTİCƏ

Ali təhsili idarəetmə modelləri müxtəlif dövrlərdə və yerlərdə şaxələnsə də, əsasən, iki tip universitet idarəetmə modeli inkişaf edib. Avropa idarəetmə modelində universitetlər birbaşa Təhsil Nazirliyinə tabedir. Bu ölkələrdə dövlət universitetlər üzərində geniş səlahiyyətlərə malikdir. Anqlosakson idarəetmə modelində universitetlərin idarəetmə səlahiyyətləri cəmiyyətdə söz sahibi olan, tanınmış üzvlərindən ibarət idarəetmə komitəsinə verilir. 

Anqlosakson modeldə əsas prinsip universitetlərin akademik və maliyyə siyasətini bazarın şərtlərinə uyğun qurmasıdır. Anqlosakson modeldə universitetlərin maliyyələşdirilməsində ən effektiv rolu bazar oynadığı halda, Avropa modelində təhsil müəssisələri dövlət büdcəsindən maliyyələşir. Azərbaycan ali təhsil sistemini hər iki idarəetmə modeli ilə müqayisə edəndə onun ən qədim model olan Avropa modeli ilə oxşarlıq təşkil etdiyini görə bilərik. Bununla bərabər Azərbaycan təhsil sistemində hələ də sovet təhsilinin qalıqları müşahidə edilməkdədir.

İstifadə edilmiş ədəbiyyat

1 Agasisti, T., & Catalano, G. (2006). Governance models of university systems towards quasimarkets? Tendencies and perspectives: A European comparison. Journal of Higher Education Policy and Management, 28(3), 245-262, DOI:10.1080/13600800600980056
2 Aypay, A. (2003). Yükseköğretimin yeniden yapılandırılması: Sosyo ekonomik ve politik çevrelerin üniversitelerde kurumsal adaptasyona etkileri. Kuram ve Uygulamada Eğitim Yönetimi, 34(34), 194-213.
3 Bingöl, B. (2012). Üniversite özerkliği. Yayınlanmamış doktora tezi. Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü, Ankara.
4 Erdem, A.R. (2006). Dünyadaki yükseköğretimin değişimi. Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, (15), 299-314.
5 Gürüz, K. (2001). Dünyada ve Türkiye’de Yükseköğretim (Tarihçe ve Bugünkü Sevk ve İdare Sistemleri) Ankara: ÖSYM Yayınları 4.
6 İliman-Püsküllüoğlu, E., & Ekinci, C.E. (2018). Örgütlerde entelektüel sermaye ve yönetimi. İçinde K. Demir & K. Yılmaz (Ed.). Yönetim ve Eğitim Yönetimi Kuramları. (ss. 357-386). Ankara: Pegem Akademi.
7 İlyasov, A. (2023).Current situation of external quality assurance of student preparation in high education institution in line with the labor market demand. International Scientific and Practical Conference “Economic Sciences and Management in the modern world”.
8 Sarıbayli, F. (2023). Azerbaycan yükseköğretim sistemi üzerine bir araştırma yüksek lisans tezi. İstanbul Üniversitesi-Cerrahpaşa, İstanbul.
9 Schwartzman, S. (2002). Higher education and the demands of the new economy in Latin America. Background paper for the LAC Flagship Report. Washington, D.C.:The World Bank.