SƏHVSİZ ÖYRƏNMƏK MÜMKÜN DEYİL




Övladını hər cür səhvdən qorumaq istənilən valideyn üçün tamamilə təbii istəkdir. Amma gəlin bir anlıq dayanıb özümüzə sual verək: biz bildiklərimizi necə öyrənmişik?

Biz sınaya-sınaya, yıxıla-yıxıla və yenidən cəhd edə-edə öyrənmişik. İnsan beyni elə qurulub ki, davamlı bacarıqlar yalnız səhvlər vasitəsilə formalaşır. Bu, sadəcə gözəl bir metafora deyil, fizioloji həqiqətdir. Neyron əlaqələri məhz çətinliyin öhdəsindən gəlmək prosesində möhkəmlənir.

Məhz burada müasir valideynliyin əsas paradoksu ortaya çıxır. Hamımız bilirik ki, səhvlər faydalıdır. Lakin uşağın gündəliyində zəif qiymət və ya dizinin yaralandığını görəndə narahat oluruq. Əslində bizi qorxudan səhvin özü deyil, onun mümkün nəticələridir: utanc hissi, təhsildə çətinliklər, ətrafdakıların fikri. Və çox vaxt bu qorxu ilə uşağı həyatın çətinliklərinə qarşı öz müqavimətini formalaşdırmaq imkanından məhrum edirik.

Uşağın səhvlərinə düzgün yanaşmağı öyrənmək üçün əvvəlcə onun beynində baş verən prosesləri anlamaq lazımdır. Bacarıqların, biliklərin və vərdişlərin formalaşdığı məkan məhz oradır. Müasir neyrobiologiya bu suala birmənalı cavab verir: səhvsiz öyrənmək mümkün deyil. Bu, pedaqoji nəzəriyyə deyil, elmi cəhətdən təsdiqlənmiş fizioloji faktdır.

Gəlin, uşaq səhv etdikdə beynində nələrin baş verdiyinə və niyə məhz həmin məqamların onun inkişafı üçün ən dəyərli sayıldığına nəzər salaq.

İnsan beyni daim proqnozlar qurur. Məsələn, “fincanı belə götürsəm, düşməyəcək” və ya “bu məsələni belə həll etmək olar”. Əgər nəticə gözlənildiyi kimi olursa, beyin əlavə enerji sərf etmir. Lakin proqnoz səhv çıxanda – fincan əldən sürüşəndə və ya məsələ düzgün həll olunmayanda – beyin “uyğunsuzluq siqnalı” alır.

Məhz həmin anda güclü biokimyəvi proses başlayır: neyronlar yeni yollar axtarır, yeni əlaqələr yaradır və düzgün həlli yaddaşa həkk edir. Buna görə də uşaqlar qüsursuz təkrarlardan deyil, səhvlərdən öyrənirlər.

Səhvlər emosional reaksiya doğurduqda beyin bu təcrübəni vacib sayır və onu uzunmüddətli yaddaşa köçürür. Nəticədə səhvlər vasitəsilə qazanılan biliklər daha möhkəm və davamlı olur.

Səhvin özü hələ öyrənməyə zəmanət vermir. Əsas məsələ ondan sonrakı mərhələdə uşağın həmin səhvi necə dərk etməsinə yardım göstərməkdir.

Burada sadə prinsip işləyir: düzəltmək yox, istiqamətləndirmək.

Hazır cavabı vermək əvəzinə, “Nə etdin?”, “Harada çətinlik yarandı?”, “Başqa cür necə etmək olar?” kimi suallar vermək uşağın beynində yeni neyron yollarının formalaşmasına kömək edir.

Səhv edən uşağa dəstək göstərmək onun əvəzinə problemi həll etmək deyil. Əsl dəstək ona öz səhvini təhlil etməyə, nəticə çıxarmağa və növbəti dəfə daha uğurlu addım atmağa şərait yaratmaqdır.

“Psychological Science” jurnalında J.Moser və həmkarlarının "Səhvlərdən öyrənmək: İnkişafyönlü düşüncənin beyində necə işlədiyini göstərən araşdırma"sından görünür ki, səhvlər təhsil prosesindəki qüsurlar deyil, əksinə onun əsas hərəkətverici qüvvəsidir. İnsan beyni məhz səhvlər vasitəsilə öyrənmək üçün formalaşıb və uşağı uğursuzluqlardan tam qorumağa çalışmaq əslində onun müstəqil öyrənmə qabiliyyətinə zərbə vurur.

Səhvlərin uşaqlar üçün vacib olduğunu bilməklə ona düzgün reaksiya vermək fərqli məsələlərdir. Uşaq zəif qiymət alanda, telefonunu sındıranda və ya yarışda məğlub olanda valideyndə utanc, narahatlıq və qəzəb hissi yaranır. Həmin anda uşağa dayaq olmaq əvəzinə, onun üzləşməli olduğu növbəti təhlükəyə çevrilirik.

Səhv edən uşağa dəstək vermək, ilk növbədə, onun səhv etməsinə imkan yaratmaqdan başlayır.

Bəs səhvi inkişaf fürsətinə necə çevirmək olar? Uşağı necə tərbiyə etmək lazımdır ki, o, sınamaqdan, yıxılmaqdan və yenidən ayağa qalxmaqdan qorxmasın?

Mütəxəssislərin fikrincə, valideynlər mövcud yanaşmanızı dəyişməyə hazır olmalıdırlar. Bunun üçün aşağıdakı tövsiyələr verilir:

  • Şəxsiyyəti davranışdan ayırın.

Səhvlər vasitəsilə öyrənmənin əsas prinsipi budur: “Sən pis uşaqsan” demək əvəzinə, “Bu hərəkətin düzgün olmadı” demək onun özünə hörmətini qoruyur və onda düzəlmək istəyi yaradır.

İnsan beyni özünü təhlükəsiz hiss etdikdə müdafiəyə keçmir, əksinə vəziyyəti təhlil etməyə başlayır. Buna görə də davranışı qiymətləndirin, uşağın şəxsiyyətini yox.

Uşaq uğur və uğursuzluqdan asılı olmayaraq valideyninin onu sevdiyinə əmin olmalıdır.

  • “İcazə verilən səhv” mühiti

Ailədə elə atmosfer formalaşmalıdır ki, uşaq səhv etməkdən çəkinməsin. Əsl öyrənmə məhz belə mühitdə baş verir.

Təhsil prosesindəki səhvlər öyrənmənin ayrılmaz hissəsi kimi qəbul edilir. Uşaq risk etməyi öyrənir ki, bu da gələcəkdə müstəqil öyrənmənin əsas bacarıqlarından biridir.

  • Emosiyalar səngidikdən sonra vəziyyəti təhlil edin.

Səhvlərin müzakirəsini emosiyalar sakitləşdikdən sonraya saxlayın. Bu, səhvlərin mənalı şəkildə düzəldilməsinə kömək edir.

  • Öz səhvləriniz haqqında danışın.

Valideynin uşağa verə biləcəyi ən güclü mesajlardan biri öz səhvlərini gizlətməməsidir.

Vacib layihədə uğursuz olduğunuz vaxtları, mühüm görüşü unutduğunuz halları və ya ilk cəhddə imtahandan keçə bilmədiyiniz dövrləri xatırlayın. Həmin vəziyyətlərdə nə hiss etdiyinizi və sonradan problemdən necə çıxdığınızı bölüşün. Uşaqlar yalnız öz səhvlərindən deyil, valideynlərinin səhvlərindən də öyrənirlər. Onlar görürlər ki, səhv həyatın sonu deyil, yeni təcrübənin başlanğıcıdır.

Bu yanaşma “uğursuzluq” anlayışı ətrafında yaranan qorxunu azaldır və çətinliklərə sağlam münasibətin formalaşmasına kömək edir.

  • Cəza yox, təbii nəticələrdən istifadə edin.

Cəza ilə təbii nəticə arasında ciddi fərq var. Cəza valideynin süni şəkildə yaratdığı vəziyyətdir.

Təbii nəticə isə hadisənin özündən doğan nəticədir. Məsələn, telefonunu sındırıbsa, yeni telefon alınana qədər telefonsuz qalır. Dərsini hazırlamayıbsa, aşağı qiymət alır və müəllimi qarşısında məsuliyyəti özü daşıyır.

Uşaq məsuliyyəti məhz bu təbii nəticələri yaşayaraq öyrənir. Valideynin rolu bu nəticələri ləğv etmək deyil, uşağın yanında olmaq, onu dəstəkləmək və düzgün nəticə çıxarmasına kömək etməkdir.

Beləliklə, həm məsuliyyət hissi, həm də müstəqillik formalaşır. Bu beş addım mükəmməl valideyn olmağı tələb etmir. Əsas məsələ səhvlərin inkişaf resursu olduğuna inanmaqdır.