STRATEGİYA OYUNLARI




Dünyanın hər yerində oyunlara aludə olan uşaqları müşahidə edən valideynləri və müəllimləri bir arzu birləşdirir: “Kaş dərsi də eyni həvəslə oxuyaydılar!..” Bu səbəbdən son onilliklərdə oyunu təhsillə birləşdirməyə bir çox cəhdlər edilib. Bu proses “oyunlaşdırma” adlanır. Düzdür, maarifləndirici oyunlar gözlənilən qədər populyarlıq qazanmayıb. Amma pedaqoqlar nəhayət ki, müntəzəm oyunların yeniyetmələrə müsbət təsir göstərə biləcəyini qəbul ediblər. Məsələn, bu oyunlar sayəsində komandada işləmək, strateji, məntiqi və yaradıcı düşüncəni, motor bacarıqlarını və reaksiya sürətini inkişaf etdirmək mümkündür.

Kompüter oyunlarının heyrətamiz bir xüsusiyyəti var: oyunçu əzmi və səbri ilə möcüzələri göstərə, bacarıqlarını təkmilləşdirə və yeni çətinlik səviyyəsinə keçmək üçün təkrar-təkrar cəhd edə bilər.

Ötən dəfəki yazının davamı olaraq belə strategiya oyunlarından bəziləri haqqında məlumat vermək istəyirik.

  1. Railway Empire 2 - iqtisadi strategiya oyunudur.

Oyunda hadisələr 1830-1930-cu illər arasında, iki qitədə - Şimali Amerika və Qərbi Avropada cərəyan edir. Oyunçudan bir nəqliyyat şirkətinə nəzarət etmək və bir bölgədə və ya qitədə dəmir yolu şəbəkəsini inkişaf etdirmək tələb olunur. Süjet müxtəlif vaxtlarda və bölgələrdə inkişaf edəcək beş kampaniya arasında bölünür.

Bu janrda oyun üçün süjetin özü ikinci dərəcəli olsa da, əsas olan verilən vaxt ərzində yerinə yetirilməli olan tapşırıqlardır.

  1. Manor Lords

Manor Lords real vaxt taktikasının elementləri ilə orta əsr şəhərsalma simulyatoru janrında kompüter oyunudur.

Manor Lords 14-cü əsr Avropasında şəhər quruculuğu və hərbi əməliyyatlar vasitəsilə ərazilərin fəthinə diqqət yetirir. Manor Lords şəhərin qurulması, vergi toplamaq, ticarət şəbəkələrini inkişaf etdirmək, qəsəbənin daxili bütövlüyünü təhdid edən təhlükələrə qarşı mübarizə aparmaqla ilkin olaraq kiçik bir yaşayış məntəqəsinin genişləndirilib daha böyük əraziyə çevrilməsini nəzərdə tutur.

  1. Hearts of Iron IV

İsveçdə hazırlanmış qlobal strategiya janrında kompüter oyunudur. Bu seriyanın əvvəlki oyunları kimi, Hearts of Iron IV-də əsas diqqət İkinci Dünya Müharibəsinə yönəlib. Ssenariyə görə, oyunçu Yer kürəsindəki istənilən dövləti idarə edə və onu digər dövlətlərə qarşı müharibədə qələbəyə və ya məğlubiyyətə apara bilər və ya ümumiyyətlə müharibəyə qoşulmaqdan çəkinə bilər.

Oyun İkinci İtaliya-Efiopiya Müharibəsi, İspaniya Vətəndaş Müharibəsi, Çin Vətəndaş Müharibəsi, İkinci Çin-Yapon müharibəsi və İkinci Dünya Müharibəsi dövrlərini əhatə edir.

Oyunçu ölkə üçün müəyyən bir ideologiya - monarxizm, despotizm, paternalizm və digər avtokratik idarəetmə formaları və ya demokratiya, kommunizm, faşizm, qondarma neytrallıq kimi sistemlər seçə bilər. Seçilən ideologiyaya əsaslanaraq, ölkə fərqli inkişaf yolu ilə irəliləyəcək. İdeologiyadan asılı olmayaraq istənilən məhdudiyyət milli ruhların köməyi ilə dəyişdirilə bilər.

  1. Pharaoh: A new Era

Bu viedo oyun 1999-cu ildə buraxılmış “Firon”un remeykidir. Hər şey əvvəlki oyunda olduğu kimidir - gələcək evlər üçün yerlər müəyyənləşdirilir, ilk köçkünlər cəlb olunur, onların infrastrukturu, iqtisadiyyatı qurulur.  Bəzən qonşunun sərvətinə tamah salan yaramazların hücumlarına qarşı mübarizə aparmaq lazım gəlir. Oyunçu qədim məhəllələr ətrafında insanların məmnunluğunu təmin edən bütöv bir ekosistem qurmalıdır.

  1. Stellaris

Stellaris — 4X (eXplore, eXpand, eXploit, eXterminate – “kəşf et, genişləndir, istismar et və dağıt”) düsturu əsasında qurulan bəlkə də ən qəribə, lakin eyni zamanda son dərəcə həyəcanlı oyundur. Əksəriyyət üçün bu,  mürəkkəb şəkildə düzülən və zəif qrafika ilə müşayiət olunan Excel cədvəlləri və səhifələrinin toplusu kimi görünə bilər. Əslində isə burada siyasət, diplomatiya, iqtisadiyyat, elmi və  kosmik tədqiqatlar, nəhəng donanmaların genişmiqyaslı döyüşləri, Leviafanlar (bir neçə planet ölçüsündə güclü canavarlar), qədim artefaktların axtarışı, sosiologiya və s. var.

  1. Galactic Civilizations

Galactic Civilizations oyunlarının bu il 29 yaşı tamam olacaq. Oyunun birinci hissəsi Wndows-da deyil, OS/2-də qoyulmuşdu. Bu janrdakı bir çox həmyaşıdları kimi, Galactic Civilizations IV-də də fərqli qələbə şərtləri var. Siz öz mədəniyyətinizi rəqiblərinizin planetlərinə inteqrasiya etməklə və ya əraziləri aqressiv şəkildə ələ keçirməklə bütün rəqiblər üzərində üstünlük əldə edə bilərsiniz. Ümumi prestij baxımından zəfər variantı da var. Həmişə olduğu kimi, uğur qazanmaq üçün ilkin seçilmiş kursa sadiq qalmaq lazımdır. Eyni zamanda mürəkkəb qalaktik əlaqələrin digər iştirakçılarının istənilən vaxt planımızı pozub hücuma keçə biləcəyini də nəzərə almaq lazımdır.

Vəfa Əlibəyova