SEHRLİ ÇUBUQ NECƏ İŞLƏYİR?
Harvard Tədqiqatlar İnstitutu uşaqların ev işləri ilə məşğul olması ilə onların gələcəkdə peşəkar uğur və xoşbəxtlik əldə etməsi arasındakı əlaqəni araşdırıb. 85 il davam edən araşdırmanın nəticələri göstərib ki, ortaq məsuliyyətlər uşaqlarda daha çox özünə dəyər, inam, iş etikası, başqaları ilə empatiya qurmaq bacarıqlarının inkişafına kömək edir.
Araşdırma boyu tədqiqatçılar 700-dən çox uğurlu insanın keçmişini təhlil edib və ev işləri ilə məşğul olmağın peşəkar karyeraya təsir etdiyini təsdiqləyiblər. Alimlərin qənaətinə görə, ortaq məsuliyyətlərə cəlb olunan və özünü daha böyük sistemin bir parçası kimi hiss edən uşaqlar özünə dəyər hissi qazanırlar. Onlar, həmçinin ətrafdakı insanların ehtiyaclarını hiss etməyə qadir olur və buna görə də başqalarına kömək etməyə daha çox səy göstərirlər. Başqa sözlə, belə uşaqlar daha az eqoist olur və iş etikasını daha yaxşı anlayıb inkişaf etdirirlər.
Bütün bunlar gələcək uğurlu karyera şanslarını artırır. Komanda işi, empatiya, iş etikası yalnız rəhbərlərdən deyil, həm də sıravi işçilərdən tələb olunan bacarıqlardır.
Məsələnin başqa tərəfi də budur ki, ev işləri görən uşaqlar özlərini daha xoşbəxt hiss edirlər. “Journal of Developmental & Behavioral Pediatrics” jurnalında dərc edilən bir araşdırma 4-5 yaşlarında kiçik ev işlərində valideynlərinə kömək etməyə başlayan uşaqların özlərinə inam və məmnunluq səviyyəsinin daha yüksək olduğunu göstərib. Bu yaşda kiçik nailiyyətlər uşaqlarda xoş hisslər yaradır. Nailiyyətlərə görə tərif eşitmək onları daha böyük işlərə sövq edir. Oyuncaqları yerinə qoymaq kiçik bir iş kimi görünsə də, 5 yaşlı uşaq üçün uğurlu hərəkət sayıla bilər. Tədqiqatçıların yazdığı kimi, müntəzəm olaraq ev işləri görən uşaqlarla müqayisədə, nadir hallarda ev işləri görən azyaşlıların sosial, akademik qabiliyyət, yaşıdlarla münasibətlər və həyatdan məmnunluq göstəriciləri daha aşağı olur.
Uşaq bağçasında görülən işlər uşağın cinsi, ailəsinin gəliri və valideynlərin təhsilindən asılı olmayaraq sosial, akademik və həyatdan məmnunluq göstəricilərinə müsbət təsir göstərir. Xüsusilə də bu işləri komanda işinin bir hissəsinə çevirmək daha effektli və uzunmüddətli nəticələrə səbəb olur. Tərbiyəçilər otağı səliqəyə salarkən 5 yaşlı uşaqların oyuncaqları öz yerinə qoymasını komanda işinə çevirə bilərlər. Bu, gələcək uğurlar üçün mükəmməl bir addımdır.
ABŞ-nin bir neçə özəl məktəblər şəbəkəsi uşaqların ev işlərində valideynlərinə kömək etməsini təşviq edir. Həmin işlər məktəbin də gündəlik həyatına daxildir. Burada yemək bişirmək, sinif otaqlarını və oyun sahələrini səliqəyə salmaq, bağçılıq, məktəbin həyətini dırmıqlamaq kimi praktik məşğələlər bütün yaş qruplarında tətbiq edilir. Onların fikrincə, şagirdlərin ev işləri görməsi təcrübəsi həm də məqsədyönlülük yaradır.
Amerikalı müəllimlər şagirdləri "Həmişə düşərgəni əvvəlkindən daha yaxşı vəziyyətdə tərk edin" prinsipi ilə hərəkət etməyə çağırırlar. Uşaqlar başqalarını dəstəkləyən, toplumun marağını güdən cəmiyyətin və komandanın bir hissəsi olmaqla yanaşı, həm də hesabatlılığı öyrənirlər. Ayaqqabıları səliqəyə salmaq və ya günün sonunda zibil qutusunu boşaltmaq kimi xoşlarına gəlməyən işləri də görməli olduqda uşaqlarda cəmiyyət daxilində məsuliyyət vərdişi formalaşır. Kiçik yaşdan onlara öyrədilir ki, ləzzətli yeməklər və zəngin süfrələr sehrli çubuqla reallaşmır, bu böyük səy, zəhmət, qayğı və sevginin nəticəsidir.
Bütün valideynlərin əsas qayğılarından biri övladlarının xoşbəxtliyidir. Valideynlər övladlarının yolunda olan çətinlikləri və maneələri aradan qaldırmağa çalışarkən “valideynlik tələsi”nə düşməməlidir. Dünyanın hər yerində məktəblər bu bacarıqları inkişaf etdirən, uşaqların öz qabiliyyətlərinə arxayın olan, zəhmətlə məqsədlərinə çata biləcəklərini öyrədən bir instituta çevrilməlidir. Son məqsəd uşaqları olmaq istədikləri şəxsə çevirə biləcək biliklərlə silahlanmış güclü, müstəqil yetkin insanlar kimi yetişdirməkdir.