SALAM, ROBOT MÜƏLLİM!




Texnologiya mühəndisləri insanları hər gün müxtəlif yeniliklərlə  təəccübləndirirlər. Fərqli tətbiqlər, proqramlar artıq öz yerini robotlara verib. Gələcəyin peşələri ilə bağlı proqnozlar verilərkən gənclərə robotların yerinə yetirə bilməyəcəyi işlərlə bağlı ixtisasları seçmək məsləhət görülür. Amma getdikcə bu ixtisasların sayı sürətlə azalır. Artıq orta məktəbdə müəllimləri belə robotların əvəzləyə biləcəyi ilə bağlı fikirlər səslənir.

Bəziləri deyirlər ki,  “Təhsildə robotun nə işi var”? Amma artıq robotlar öyrənmə prosesində əsas vasitələrdən birinə çevrilib.  Bəs müəllim-robota ehtiyac varmı? Bununla bağlı aparılan araşdırmalarda öyrənmə məqsədləri üçün robotlardan istifadənin bir neçə əsas üstünlüyü sadalanıb:

-  Sonsuz təkrarlama bacarığı

Robotlar eyni mövzunu yorulmadan, sonsuz sayda təkrarlaya bilərlər. Finlandiya məktəblərinin birində Elias adlı robot müəllim köməkçisi kimi işləməyə başlayıb. Ondan xarici dil dərslərində istifadə olunur: robot şagirdin bilik səviyyəsini müəyyənləşdirir və tapşırıqları ona uyğunlaşdırır.

Elias-ı yaradan “Utelias Technologies” şirkətinin həmtəsisçisi Coanna Hemminki deyib ki, “Uşaqlar səhv etməkdən qorxmadan danışa bilirlər. Robot mehribandır, uşaqların səhvinə gülmür və sözləri təkrarlamaqdan yorulmur”.

  • Dostyana ünsiyyət

Əgər robot proqramlaşdırılıbsa, onun “xarakteri” pisləşməyəcək. Maşınlarda pis əhvali-ruhiyyə, qıcıqlanma, narazılıq və ya emosional tükənmə yoxdur. Təhsil almaqda çətinlik çəkən uşaqlara kömək etmək üçün bu, xüsusilə vacibdir.

  • Motivasiya

Dərsdə uşaqların yuxuya getməsi, fikrinin yayınması adi haldır. Linkoln Universiteti alimlərinin fikrincə, sinifdə robotların olması uşaqları motivasiya edə bilər – çünki bu, onlar üçün maraqlı və qeyri-adi yenilikdir.

  • Müəllimlərə yardım

İngiltərənin Plimut Universitetinin alimləri müəyyən ediblər ki, robota tədris üsullarını öyrətmək və bu prosesdə müəllimi dəstəkləmək üçün cəmi üç saat vaxt lazım olacaq. Kağız, lövhə və ya planşet kimi sosial robotlar da təhsil infrastrukturunun ayrılmaz hissəsinə çevrilə bilər.

Təhsilin hamı üçün əlçatan olduğu ölkələrdə robotlar “oyuncaq” kimi qəbul edilə bilər. Ancaq dünyanın məktəb azlığı yaşayan bölgələrində onlar sözün əsl mənasında inqilab yarada bilərlər. Dünya Bankının məlumatına görə, hazırda dünyada 85 milyona yaxın müəllim çalışır. 2030-cu ilə qədər bütün dünya uşaqlarına təhsili əlçatan və bərabər etmək üçün əlavə 68,8 milyon müəllimə ehtiyac olacaq. Bu rəqəm yalnız ibtidai və orta sinif səviyyələri üçündür. Odur ki, robotlar bir canlı müəllimlə eyni səviyyədə olmasa da, uşaqlara lazım olan bilikləri verəcəklər.

Təhsildə robotları funksiyalarına görə dörd növə bölmək olar.

  1. Dərslik

Belə robotlar insanlara və ya oyuncaqlara bənzəmir. Onlar yalnız texniki dəstək üçün lazımdır.

  1. Müəllim köməkçisi

funksiyası daşıyan robotlar beyninə yüklənmiş mühazirələri oxuya, testlərdən istifadə edə, təhsilalanların biliyini yoxlaya və dərsə nəzarət edə bilər. Məsələn, Almaniyanın Marburq Universitetindən professor Yurgen Handke dilçilik mühazirələrində robot köməkçisi Yukidən istifadə edir. O, tələbələrə tapşırıq verir, onun yerinə yetirilməsi üçün lazım olan vaxta nəzarət edir. Bu, müəllimə ayrı-ayrı tələbələrlə ünsiyyət qurmaq, onlara kömək və bələdçilik etməyə imkan yaradır.

  1. Tərbiyəçi

robotun vəzifəsi şagirdi təlim prosesinə cəlb etmək və onu həvəsləndirməkdir. Bu, fərdi məşq üçün xüsusilə faydalıdır.

Alimlər uzun müddətdir ki, əqli və fiziki inkişafda qüsurlu uşaqlara kömək edəcək cihazlar üzərində işləyirlər. Belə bir robot dərslərinin öhdəsindən gələ bilməyən uşaqlar üçün faydalı olardı, çünki “maşın” sözün əsl mənasında tükənməyən səbrə malikdir . Onun səhvlərə sakit reaksiyası və materialı sonsuza qədər təkrarlamaq qabiliyyəti çox lazımlıdır. Yeri gəlmişkən, İROBİ adlı ilk belə robot hələ 2000-ci ildə Yaponiyada hazırlanıb.

  1. Yoldaş

Tərbiyəçi robotla yoldaş robot arasında fərq nədir? Böyük Britaniyanın Linkoln Universitetinin tədqiqatçısı Pol Baksterin “İbtidai məktəbdə həmyaşıd öyrənənlər robotu: Fərdiləşdirmə uşaqların öyrənməsini təkmilləşdirir” məqaləsində qeyd olunur ki,  robot-tərbiyəçinin səhv etməməsi gözləniləndir, lakin yoldaş səhv edə bilər. Bu, insanların səhvlərindən nəticə çıxara biləcəyi "rəqəmsal sinif yoldaşı", "tələbə yoldaşı" olmalıdır. Baxter hesab edir ki, “yoldaş robot” lar həm də birgə öyrənən rolunda çıxış edirlər.

Baxterin araşdırması çərçivəsində, 7-8 yaşlı uşaqların oxuduğu iki sinif robotlarla təchiz edilib. Robotlardan biri  sosiallaşıb, yəni uşaqlarla ünsiyyətə girib, onların xüsusiyyətlərini və xarakterini nəzərə almağa çalışıb,  ikincisi isə sadəcə ona verilən tapşırıqları icra edib.

Tədqiqat göstərib ki, sosiallaşmış robotla təhsil alan uşaqların məktəb uğurları daha yüksək olub. Yeri gəlmişkən, təcrübə zamanı uşaqların 67%-nin robotları “dost” kimi qəbul etdiyi üzə çıxıb.

Robot-yoldaşlar evdə, təhsildə də faydalı ola bilər. ABŞ-dan olan tədqiqatçılar uşaqların robotla birgə mütaliə edərkən daha çox əyləndiyini, robotun onları oxumağa həvəsləndirdiyini bildiriblər.

Robotlar həqiqətən təhlükəsizdirmi?

Böyük Britaniyanın Durham Universitetinin tədqiqatçıları “Humanoid robotlar müəllim kimi və onların istifadəsi üçün təklif olunan kod” məqaləsində robotların təhsildə istifadəsinin səbəb ola biləcəyi üç risk sahəsini müəyyən edirlər.

  1. İnsanlarla bağlı məlumatların təhlükəsizliyi

Robotların, eləcə də hər hansı digər kompüter proqramlarının tələbələrin cavablarını qəbul və təhlil etməsi üçün onlar haqqında məlumatlı olmalıdırlar. Nəzəri olaraq, bir müddət sonra robotların onlarla bağlı topladığı məlumat üçüncü tərəfin istifdəsindən qorunmalıdır.  İnsan müəllim şagirdləri haqqında çox şey bilir, amma onun beynindən həmin məlumatları başqa qaynaqlara köçürmək mümkün deyil, robot müəllim isə haker hücumuna məruz qala bilər.

İkinci risk robotun məlumatları səhv qiymətləndirə bilməsi ehtimalıdır. Bu halda nəticələrə görə kim məsuliyyət daşıyacaq?

Üçüncü problem isə davranış və ünsiyyətdə meydana çıxa bilər.

Texnologiya nə qədər irəli getsə də, robotlar hələ də insanlarla eyni şəkildə ünsiyyət qura bilmirlər.  Avstraliyada aparılan araşdırmaya görə, robotla ünsiyyətdə olan uşaqlar onu təkrarlamağa başlayıblar.   Başqa bir araşdırmadan isə məlum olub ki, uşaqlar robota bir şəxs kimi baxır, onunla dostluq  etmək istəyir, hətta  sirlərini belə etibar etməyə hazırdırlar.

Robot müəllimlərin üstünlükləri

Müəllimlərin vəzifəsinin bir çox hissəsi robotlara ötürülüb. Məsələn, dərs üçün məlumat axtarışı, testlərin yoxlanılması texnologiyanın köməyi ilə avtomatlaşdırılıb.

Robot müəllimlərin üstünlükləri getdikcə artmaqdadır. Robototexnika məktəblərdə şagirdə qarşı şəxsi neqativ münasibəti də aradan qaldıra biləcək. Qiymət təyin edilərkən insan amili və müəllimin uşağa münasibəti rol oynamayacaq. Şagird layiq olduğu qiyməti alacaq.

Robotlar özündə bir insanın yadda saxlaya biləcəyindən daha çox məlumat daşısalar da, onlar özlərini yorğun hiss etmirlər. Başqa bir yanlış fikir ondan ibarətdir ki, süni intellekt şagirdləri oxumağa həvəsləndirmək üçün insan müəllimlər kimi emosiyalarını ifadə edə bilmir.

Robot müəllimlərin ən mühüm üstünlüyü şagirdin heç bir yerə və ya zamana bağlı olmamasıdır. Özünə uyğun olan istənilən vaxt oxuya bilər, dərslərinə ehtiyacı olduğu qədər vaxt ayıra bilər. Standart məktəb təhsili zamanı uşaqlar çox vaxt və səy tələb edən ciddi cədvələ malikdirlər.  

Yüksək texnologiyalar gec-tez həyatımızın əsas hissəsini zəbt edəcək. Robotlaşdırılmış təhsil prosesində hər kəs özünə uyğun olanı tapa biləcək.