TƏNBƏLLİK BEYİNİN MÜDAFİƏ SİSTEMİDİR?
“Sabah başlayacağam”. “Bir azdan edərəm”. “İndi həvəsim yoxdur”. Bu cümlələri xüsusilə gənclər tez-tez işlədir. Çox vaxt ətrafdakılar bunu tənbəllik kimi qiymətləndirir. Amma məsələ düşündüyümüz qədər sadə deyil. Mütəxəssislərin fikrinə görə, motivasiya çatışmazlığı çox vaxt xarakterlə yox, beyinin işləmə prinsipi ilə bağlıdır.
Burada əsas sual budur: niyə bəzən istəsək də, özümüzü dərsə, işə və ya hər hansı faydalı fəaliyyətə yönəldə bilmirik?
Motivasiya çox vaxt səhvən yalnız “həvəs” kimi izah olunur. Halbuki psixoloqlar motivasiyanı beyinin qərarvermə sistemi ilə əlaqələndirirlər. İnsan beyni hər hansı bir fəaliyyət qarşısında daim hesab aparır: “Bu işə sərf etdiyim enerji nəticəyə dəyəcəkmi?” Əgər nəticə uzaq, qeyri-müəyyən və ya emosional baxımdan zəif görünürsə, beyin həmin işi prioritetə çevirmir. Məhz buna görə bir çox insanlar vacib işləri təxirə salaraq saatlarla sosial mediada vaxt keçirir.
Motivasiya sadəcə xarakter məsələsi deyil. İnsanların “tənbəl” görünən davranışlarının arxasında çox vaxt beyinin enerji qoruma instinkti, mükafat sistemi və müasir rəqəmsal mühitin təsiri dayanır. Buna görə motivasiya problemini yalnız iradə zəifliyi kimi qiymətləndirmək düzgün deyil. Bəzən problem insanın özündə yox, onun yaşadığı mühitdə və beyinin həmin mühitə verdiyi reaksiyadadır. Motivasiya problemi sadəcə fərdi məsələ deyil - bu, qlobal səviyyədə araşdırılan ciddi fenomendir. Məsələn, “Financial Times” qəzetində dərc olunan məqalədə Gallupın “State of the Global Workplace 2026” araşdırmasına istinadən qeyd olunur ki, dünyada çalışan insanların cəmi 20 faizi öz işinə həqiqətən motivasiya ilə yanaşır. Bu o deməkdir ki, insanların böyük əksəriyyəti ya sadəcə “minimumu edir”, ya da ümumiyyətlə işindən narazıdır. Araşdırmaya görə, motivasiya çatışmazlığı dünya iqtisadiyyatına təxminən 10 trilyon dollar itkiyə səbəb olur.
Gallupın 90-dan çox ölkədə apardığı meta-analizə görə motivasiyası yüksək komandalar daha məhsuldar olur, daha çox gəlir gətirir və stabil işləyir. Bu o deməkdir ki, motivasiya sadəcə “həvəs” yox, ölçülə bilən fəaliyyət faktorudur.
Bu vəziyyət müasir rəqəmsal mühitdə daha aydın görünür. Çünki sosial media platformaları insan beyninin mükafat sisteminə uyğun şəkildə hazırlanıb. Hər “bəyənmə”, bildiriş və ya qısa video beyində dopamin ifrazını artırır. Dopamin çox vaxt yanlışlıqla “xoşbəxtlik hormonu” adlandırılır. Əslində isə o, daha çox “istək” və “gözlənti” ilə bağlıdır. Beyin dopamin vasitəsilə “bunu yenə et” siqnalı verir. Bu səbəbdən, insan bir videodan digərinə keçdikcə zaman hissini itirir.
Stanford Universitetinin tədqiqatçısı Anna Lembke bu vəziyyəti “dopamin iqtisadiyyatı” adlandırır. Onun fikrincə, müasir texnologiyalar insan beyninin zəif nöqtələrini çox yaxşı tanıyır və diqqəti mümkün qədər uzun müddət saxlamaq üçün hazırlanır. Bu isə xüsusilə gənclərin fokuslanma qabiliyyətinə təsir göstərir. Çünki beyin sürətli və davamlı stimul qəbul etdikcə, daha uzun müddət diqqət tələb edən fəaliyyətlər, məsələn, kitab oxumaq və ya dərs çalışmaq beyinə daha “yorucu” görünməyə başlayır.
Başqa maraqlı məqam isə beyinin enerji ilə bağlı davranışıdır. İnsan beyni bədənin ümumi çəkisinin kiçik hissəsini təşkil etsə də, çox böyük enerji sərf edir. Buna görə də beyin mümkün qədər “qənaətli” işləməyə çalışır. Psixoloq Daniel Kahneman insan düşüncəsini izah edərkən beyinin iki fərqli işləmə formasından danışır. Onun “Sürətli və yavaş düşünmə” nəzəriyyəsinə görə beyin, əsasən, sürətli, avtomatik və az enerji tələb edən qərarlara üstünlük verir. Dərin analiz, uzunmüddətli fokus və öyrənmə isə daha çox enerji tələb etdiyi üçün beyin bunlardan yayınmağa çalışır.
Motivasiya ilə bağlı mühüm araşdırmalardan biri də Edvard Deci və Riçard Ryanın “Özünü müəyyənetmə nəzəriyyəsi”dir (“Self-Determination Theory”). Onlar hesab edirlər ki, insanın motivasiyalı olması üçün üç əsas psixoloji ehtiyac ödənməlidir: azadlıq, bacarıqlı olduğunu hiss etmək və mənsubluq duyğusu. Əgər təhsilalan və ya işçi daim nəzarət altında olduğunu düşünürsə, çalışdığı işdə inkişaf hiss etmirsə və ya özünü həmin mühitə aid hiss etmirsə, motivasiya sürətlə azalır.
Bugünkü gənclər əvvəlki nəsillərlə müqayisədə daha çox diqqət yayındırıcı faktorlarla üz-üzədir. Sosial media, qısa videolar, oyunlar beyinin mükafat sistemini “həddindən artıq stimullaşdırır”. Nəticədə, adi fəaliyyətlər, məsələn, dərs oxumaq daha “darıxdırıcı” görünür. Bu, real darıxdırıcılıq yox, müqayisə effektidir. Beyin artıq yüksək stimulyasiyaya öyrəşdiyi üçün normal fəaliyyətlər ona kifayət etmir. Bu səbəbdən, gənclər tez-tez “həvəsim yoxdur” deyir. Əslində isə məsələ həvəs deyil, beyinin alışdığı mükafat sistemidir.
Motivasiya problemi həll edilə bilən bir məsələdir, amma bunun üçün yanaşmanı dəyişmək lazımdır. Əvvəla, böyük hədəfləri kiçik hissələrə bölmək vacibdir. Beyin böyük və çətin işləri “təhlükə” kimi qəbul edir və qaçmaq istəyir. Amma kiçik addımları idarə etmək daha asandır.
İkincisi, mühit böyük rol oynayır. Əgər telefon daim əl altındadırsa, diqqət yayındırıcılar hər zaman qalib gələcək. Bu səbəbdən, mühiti dəyişmək, məsələn, telefonu uzaqlaşdırmaq motivasiyadan daha effektivdir.
Üçüncüsü isə nəzərə almaq lazımdır ki, intizam motivasiyadan daha güclüdür. Motivasiya dəyişkəndir, amma vərdişlər daha stabildir. Hər gün az da olsa, işləmək uzun müddətdə daha böyük nəticə verir.
Motivasiya çatışmazlığı çox vaxt şəxsi zəiflik deyil, beyinin təbii işləmə mexanizmidir. Amma bu o demək deyil ki, biz bunu dəyişə bilmərik. Əksinə, beyinin necə işlədiyini anladıqca, onu daha düzgün yönləndirmək mümkün olur.

