GÖRÜLMƏYƏCƏK İŞLƏRİN SİYAHISI DA VACİBDİR




Tarixi məlumatlara görə, Leonardo da Vinçinin görüləcək işlər siyahısına Milanın və ətraf ərazilərin ölçülərinin hesablanması, timsah çənəsinin təsviri, Tomas Edisonun siyahısına süni fil sümüyü yaratmaq, uzun məsafəli standart telefon ötürücüsü dizayn etmək kimi məsələlər daxil idi.

Yəni görüləcək işlərin siyahısının tutulması əsrlər boyu istifadə olunan texnikadır.

Bu texnika vaxta qənaət etməyin, iş yaddaşını təmizləməyin ən yaxşı üsulu sayılır. Uğur qazanmaq üçün təhsilalanlara verilən tövsiyələrdən biri də edilməli işlərin siyahısının (to do list) tutulmasıdır. “Azərbaycan məktəbi” bu mövzu ilə bağlı tövsiyələrə bir neçə dəfə toxunub. Bugünkü yazımız isə həm edilməli, həm də edilməməli işlərin siyahısının (not-to-do list) hazırlanması ilə bağlıdır.

Əslində, belə bir universal “not-to-do list” amerikalı sahibkar və şəxsi inkişaf üzrə təlimçi Tim Ferrissin kitablarında təqdim olunub.

Tim Ferriss indiyədək 40-dan artıq dilə tərcümə olunmuş “4 saatlıq iş həftəsi” kitabı (The 4-Hour Work Week: Escape 9-5, Live Anywhere, and Join the New Rich) sayəsində tanınır.

Tim Ferrissin kitab və podkastları daha çox iş adamları üçün nəzərdə tutulsa da, təhsildə uğur qazanmaq istəyənlər də bunlardan yararlana bilər.

Ferrissin tövsiyələrindən bəziləri aşağıdakılardır:

  • Tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməyin. Həm bu zənglərə ayrılan vaxt, həm də danışıqdan sonra yayınmış diqqətin bərpası vaxt itkisidir.
  • Axşam yatmazdan əvvəl və səhər oyanan kimi e-poçtunuzu yoxlamayın. Yatmazdan əvvəl e-poçtla işləmək beyni məlumat və emosiyalarla "yükləyə" və yuxusuzluğa səbəb ola bilər. Səhər e-məktublara verilən cavablar və reaksiyalar günlük planlarınızı dəyişə bilər. E-poçtunuzu daim yoxlamayın - adətən təcili mesajlar üçün mesencerdən istifadə olunur. Məktubları oxumaq və onlara cavab vermək üçün ayrıca vaxt blokları ayırmaq daha yaxşıdır. Məsələn, məktublara gündə iki dəfə - saat 10 və 16-da cavab verməyi vərdiş halına salın.
  • Dərsə başlamazdan öncə telefonu ya söndürün, ya da kənara qoyun. Ekranda görünən hər işıltı və ya səs sizin fikrinizi toplamağınaza mane olacaq.
  • Konkret mövzu və tarix göstərilməyən görüşlərə razılaşmayın. Hansısa mövzu ilə bağlı tədbirlərə qatılanda müzakirə üçün mövzunu və sualların siyahısını əvvəlcədən istəyin. Bu sizə mövzu haqqında düşünməyə və konkret cavablar hazırlamağa imkan yaradar.

İnsanların əhəmiyyətsiz səbəblərdən diqqətinizi yayındırmasına icazə verməyin. Bu, dost və həmkarlarınızla qeyri-rəsmi münasibətlərdən imtina etmək demək deyil, həqiqətən məşğul olduğunuz zaman nəzakətlə sərhədlər təyin etmək bacarığıdır. Məsələn, deyin ki, 30 dəqiqə ərzində vacib bir tapşırıq üzərində işləməlisiniz.

Həddindən artıq işləməkdən və daimi məşğulluqdan qaçın. Əgər sizin ardıcıl olaraq vaxtınız yoxdursa və bundan şikayətlənirsinizsə, bu, sadəcə olaraq prioritetlərinizin olmadığını göstərir.

24/7 “rəqəmsal boyunduruğundan” uzaqlaşmaq, ən azı həftədə bir dəfə özünüzə “rəqəmsal detoks” imkanı vermək olduqca faydalıdır .

Bəs təhsilalan, müəllim və ya valideyn özü üçün etməli olmadıqlarının siyahısını necə yarada bilər?

Burada əsas məqam odur ki, hansısa yeni fəaliyyət planlaşdırarkən ilk növbədə artıq gördüyümüz işlərin siyahısını yazmalı, sonra bu siyahıdan nələri çıxara biləcəyimizi düşünməliyik. Yalnız bundan sonra görüləcək işlərin siyahısını hazırlamalıyıq.

T.Ferrissə görə, yeni şeylər və fəaliyyətlər üçün vaxt tapmağın yalnız üç yolu var: bütün mövcud işləri daha sürətli etmək, daha çox tapşırıq yerinə yetirmək və bəzi şeylərdən imtina etmək.

Şəxsi inkişaf mütəxəssislərinin bununla bağlı nə məsləhət verdiyinə baxaq.

Edilməli olmayanlar siyahısını yaratmaq üçün mütəxəssislər ilk addım kimi prioritetləri müəyyənləşdirməyi təklif edirlər. Bunun üçün təhsildə, ailə münasibətlərində, sağlamlığın qorunmasında hazırda sizin üçün ən vacib olanları aydınlaşdırın. Sizi vacib işlərdən yayındıran amillərin siyahısını tərtib edin. Bu, sosial şəbəkələr, xəbərlərin izlənməsi, ətrafınızdakılarla mənasız söhbətlər ola bilər.

Dəqiq qayda və limitlər müəyyənləşdirin, müəyyənləşdirdiyiniz qaydalara əməl edin.

Mütəxəssislər görüləcək işlər siyahısı yaratmaq üçün aşağıdakı addımları tövsiyə edirlər:

  • Məqsədlər və prioritetlər müəyyən etməklə başlayın. Başqa sahələrdə nəyə nail olmaq istədiyinizi və bunun üçün lazım olanları aydınlaşdırın.
  • Məqsədlərinizə çatmaq üçün yerinə yetirilməli olduğunuz tapşırıqları müəyyənləşdirin və buna uyğun plan hazırlayın.
  • Bütün görüləcək işləri yazılı şəkildə qeyd edin. Əl ilə yazmağı sevmirsinizsə, planlaşdırma proqramında və ya smartfondakı “qeydlər” qovluğunda görüləcək işlərin siyahısını yaratmaq mümkündür.
  • Hər bir tapşırığın yerinə yetirilməsi üçün son tarix müəyyənləşdirin. Bu, motivasiyanın yüksək qalmasına kömək edəcək.
  • Tapşırıqlar çox böyük görünürsə, onu daha kiçik tapşırıqlara bölün. Bu onun icrasını asanlaşdıracaq.
  • Adekvatlıq – siyahıya çox tapşırıq əlavə etməməyə çalışın. Həddindən artıq yüklənmiş siyahı motivasiyanın itməsinə səbəb ola bilər.
  • Münasiblik – görüləcək işlər siyahısını müntəzəm yeniləyin, tamamlanmış tapşırıqları silin və yenilərini əlavə edin. Bu, dəyişən şərtlərə uyğunlaşmağa kömək edəcək.
  • İcra - planlaşdırılan işlərin öhdəsindən gəlməyə və tapşırıqları vaxtında yerinə yetirməyə çalışın. Bu, əhvalınızı və özünə inamınızı yaxşılaşdıracaq.

Görüləcək işlər siyahısı yaratmaq və effektiv şəkildə idarə etmək təcrübə tələb edən bacarıqdır. Bunun üçün smartfonlardakı proqramlardan yararlanmaq olar. Qurğuya “Görülən işlər siyahısı yaradın” əmrini verin, sonra səsli köməkçi sizə prosesin necə getdiyini göstərəcək. Bu köməkçi hətta “yaxşı işlərin siyahısını tərtib et” və ya “təbiəti qorumağa kömək edəcək işlərin siyahısını tərtib et” kimi tematik tələbləri də yerinə yetirə bilər.

T.Ferrissin adı çəkilən kitabı da bu prosesə kömək edə bilər. Həmişə yadda saxlamaq lazımdır ki, həm görüləcək, həm də görülməyəcək işlər siyahısı həyatı və öyrənmə prosesini asanlaşdırmaq üçün lazımdır. Bu siyahıların hər biri təhsilalanlara rahatlıq bəxş edir, ən vacib və əhəmiyyətli işləri xatırlatmaq üçün fürsət yaradır.