AUTİZMLİ UŞAQLARIN TƏHSİLİ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü ilin martında açıqladığı statistikaya görə, dünyada hər 100 uşaqdan birində autizm əlamətləri müşahidə olunur.
Autizm müxtəlif səbəblərdən yaranan, uşaqlığın ilk üç ili ərzində özünü göstərən məhdud maraq və təkrarlanan hərəkətlərlə ortaya çıxan, ömrü boyu davam edən inkişaf pozuntusudur.
Ölkədə xüsusi qayğıya möhtac uşaqların təhsili və cəmiyyətə adaptasiyası üçün dövlət tərəfindən çox işlər görülsə də, bu qrupa daxil olanların sayı durmadan artır. Azərbaycan Səhiyyə Nazirliyi bu sahədə konkret statistikanın olmadığını, autizmlə bağlı sosial maarifçilik layihələri həyata keçirən QHT-lər isə bu rəqəmin 7 mindən artıq olduğunu bildirib. Statistikadan asılı olmayaraq zehni inkişaf pozğunluğu olan uşaqların gələcəyi əslində hamının problemi sayıla bilər. Bu isə valideynlərin, cəmiyyətin və qeyri-hökumət təşkilatlarının üzərinə çox böyük öhdəlik və məsuliyyət qoyur.
“Autist” deyəndə bəzi insanlar uzaq 80-ci illərdə Hollivudun məşhur “Yağış adam” filminin qəhrəmanına bənzər qeyri-adi istedadlı insanlar təsəvvür edirlər. Halbuki reallıq olduqca fərqlidir. Autizm əlamətləri – uşağın öz yaşıdlarından zehni və fiziki inkişafdan qaldığı erkən dövrdə müşahidə edilsə də, çox vaxt dəqiq diaqnoz qoyulmur. Onlar böyüdükcə bacarıq və ehtiyacları da dəyişir. Bəzi autistlər müstəqil həyat sürə bilsə də, bəziləri əlil kimi ömür boyu qayğı və dəstəyə ehtiyac duyurlar.
“Məktəb və autizm” mövzusunda danışan psixoloqların gəldiyi ümumi nəticəyə görə “məktəb nadir hallarda autizmli uşaqlar üçün yaxşı mühit sayıla bilər”. Bu uşaqların “duyğularını ifadə etmək çətinliyi” hamıya aydındır. Gündəlik məktəb həyatı isə bir çox aspektləri ilə uşaqların bu duyğularına təsir edir. Burada məktəb dəhlizindəki hay-küy, siniflərdəki səslər, işıqlar, əks-səda verən idman zalları - autizmi olmayan azyaşlılar üçün də kifayət qədər qıcıqlandırıcı mühitdir. Autizmli uşaqlar isə belə məkanlarda həddindən artıq narahatlıq və autistik tutmalar keçirə bilərlər.
Məsələnin başqa tərəfi odur ki, məktəb standartlaşdırılmış testləri ilə ən aşağı siniflərdən başlayaraq uşaqlardan məntiq, şifahi və yazılı dili dərk etmək, müvafiq suallara cavab vermək tələb edir. Uşaqlar böyüdükcə onlardan şifahi nitq və qavrama qabiliyyətinin artması da gözlənilir. Autizmli uşaqlar belə testlər zamanı böyük çətinliklərlə üzləşirlər. Məktəblilərdən tələb olunan ən sadə bacarıq ev tapşırıqları və məktəb layihələrini yerinə yetirmək, imtahanlara hazırlıqla bağlıdır. Aydındır ki, uşaqlarda yazmaq, çəkmək, kəsmək, yapışdırmaq və başqa fəaliyyətlər üçün incə motor bacarıqları vacibdir. Sərt motor bacarıqlarından isə hoppanmaq, qaçmaq və atılıb-düşmək üçün istifadə olunur. Autizmli uşaqların əksəriyyətində bu bacarıqların yüngül və ya orta dərəcədə pozulmasına rast gəlinir. Odur ki, məhdudiyyətlər uşağın həm məktəb, həm də gündəlik həyatına təsir edə bilər.
Autistlər sosial ünsiyyətdə də çətinlik çəkirlər. Şifahi ünsiyyət bacarıqlarındakı çatışmazlıqlar nəticəsində uşaqlar yaşıdlarının zarafat və ya sarkazmını reallıqdan ayıra bilmirlər.
Autizmli uşaqların təhsil problemlərini araşdıran mütəxəssislər deyir ki, belə qrupların müəllimlərinin üzərinə böyük iş düşür. Onlar bütün insanların "anormal" saydığı davranışlara qarşı müxtəlif səviyyələrdə tolerantlıq və empatiyaya malik olmalıdırlar. Bəzən müəllimlər autizmli bir uşağın birdən-birə hansısa mövzuda çox danışması, yaşıdları ilə əməkdaşlıqda çətinlik çəkməsi, silkələnməsi, çırpınması və ya gözlənilməz hərəkətlərinə sərt reaksiya verə bilər.
Belə hallarda, uşaqların fərdi ehtiyaclarını qarşılaya bilən repetitor və xüsusi proqramlarla işləməsi adi sinifdə iştirakdan daha faydalı olar.
Bakıda autizm maarifçiliyi ilə bağlı təlimlərdə iştirak edən psixoloq Gülşən Özdəmir əməkdaşımızla söhbətində bildirib ki, xarici təcrübədə belə uşaqların bacarıqları xüsusi meyarlarla ölçülür və onların təhsil həyatı həmin ölçmənin nəticələrinə əsaslanır. 40 dərəcədən aşağı göstəricilərə malik uşaqlar məktəblərdəki adi siniflərə qatıla, sağlam yaşıdları ilə normal ünsiyyət qura və inkişafa nail ola bilirlər. 50 və 60 dərəcəlik autistlərə əl bacarıqları və müəyyən peşə vərdişləri öyrədilməsi mümkündür. Xaricdə belə uşaqlar üçün normal məktəblərdə 4 nəfərlik alt siniflər yaradılır. Burada əsas məqsəd uşağın sosiallaşması və bacarıqlara yiyələnməsidir. Belə uşaqların fərqli sistem və öyrənmə metodları ilə emalatxanalarda vaxt keçirməsi, müəyyən peşə vərdişləri qazanması mümkündür. Amma 70-80 dərəcəlik autizmi olan uşaqların artıq zehin və zəka ilə bağlı problemləri var. Beynəlxalq standartlarda göstərilir ki, autizmi neyromüxtəliflik kimi qəbul edən və anlayan pedaqoq ilə səmimi, təhlükəsiz münasibət şagirdin özünü dəyərli hiss etməsi üçün çox vacibdir. Bu halda mütəxəssislər art terapiyanın – musiqi, rəqs, teatr dərnəkləri, rəsmin faydasını xüsusi vurğulayırlar.
İngiltərə Miilli Autizm Cəmiyyətinin açıqlamasına görə, əlilliyi olan uşaqlar terapiya seanslarına, sosial ünsiyyət vərdişləri yaradan qruplara və çatışmayan bacarıqları formalaşdırmağa kömək üçün nəzərdə tutulan digər proqramlara qatılmaqla müəyyən irəliləyişə nail ola bilərlər.
Zemfira Məmmədqızı