UŞAQLARI QIZILCADAN NECƏ QORUYAQ?




Hazırda dünyanın bir çox ölkələrində qızılca virusu  məktəblərin distant təhsilə keçməsinə səbəb olub, əhali arasında peyvəndləşdirmə prosesi genişləndirilir. 

Azərbaycanda məktəblilər arasında da qızılcaya tutulanların sayının  getdikcə artması, ölüm faktları,  bəzi siniflərin distant təhsilə keçməsi təhlükənin miqyasının genişləndiyini göstərir. Analoji vəziyyət Azərbaycanla qonşu ölkələrdə, xüsusilə Rusiyada daha çox nəzərə çarpır. Rusiyalı epidemioloqlar virusun əsas daşıyıcılarının Mərkəzi Asiya ölkələrindən gələn əmək mirqantları olduqlarını bildirirlər.

Qızılca nədir, necə yayılır, bu və başqa yoluxucu xəstəliklərdən uşaqları necə qorumalıyıq?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılcanı  hava-damcı yolu ilə yayılan, ciddi fəsadlara, hətta ölümə səbəb ola bilən çox yoluxucu, kəskin virus xəstəliyi kimi təqdim edir.

Qızılca simptomları adətən virusa məruz qaldıqdan 10-14 gün sonra özünü göstərir. Qızılcanın ən nəzərə çarpan əlaməti açıq səpkilərdir. Erkən simptomlar kimi burun axması, öskürək, gözlərin qızarması və sulanmasını göstərmək olar. Səpkilər virusa yoluxduqdan 7-18 gün sonra görünür,  3 gün ərzində bütün bədənə yayılır, 5-6 gündən sonra isə solğunlaşır və çəkilir.

Qızılcanın ağırlaşması halları əsasən 5 yaşa qədər uşaqlarda və 30 yaşdan böyüklərdə müşahidə olunur. Bu qrup düzgün qidalanmayan, xüsusilə A vitamini çatışmazlığı, HİV infeksiyası və digər xəstəliklərlə bağlı zəif immun sistemi olan insanlardır. Qızılca özü də immun sistemini zəiflədir və orqanizmin infeksiyalardan qorunmağın yollarını “unutmasına” səbəb ola bilər ki, bu da uşaqlar üçün son dərəcə ciddi təhlükə yaradır.

İmmuniteti olmayan (peyvənd olunmamış və ya peyvənd olunmuş, lakin immuniteti formalaşmamış) hər kəs yoluxma riski altında ola bilər.

Həkimlər qızılca üçün xüsusi müalicənin olmadığını bildirirlər. Xəstəyə qulluq simptomları aradan qaldırmağa, xəstənin rahatlığını təmin etməyə və ağırlaşmaların qarşısını almağa yönəlməlidir.

Kifayət qədər su içmək və pəhriz saxlamaq vacibdir.

Yalnız xüsusi həkim müayinəsindən sonra pnevmoniya, göz və qulaq infeksiyalarını müalicə etmək üçün antibiotiklər təyin edilə bilər.

Qızılcaya tutulmuş bütün uşaqlara və ya böyüklərə 24 saat fasilə ilə iki dozada A vitamini əlavələri verilir. Bu müalicə hətta normal qidalanmaya malik uşaqlarda da özünü göstərən A vitamini çatışmazlığının kompensasiyasına kömək edir.  ÜST-nin materiallarında qeyd olunur ki, A vitamini əlavəsinin qızılcadan ölüm hallarını azaltdığı, görmə zəifliyinin və korluğun qarşısını almağa kömək etdiyi təsdiqlənib.

Qızılcanın yayılmasının qarşısını almağın ən təsirli yolu peyvənddir. Virusa qarşı ilk peyvənd 1963-cü ildə vurulub. O vaxta qədər dünyada hər 2-3 ildən bir yayılan epidemiyalar  ildə təqribən 2,6 milyon insanın ölümü ilə nəticələnirdi.

Hazırda bir çox ölkələrdə qızılca təhlükəsi durmadan artır. 2021-ci ildə 22, 2022-ci ildə 37 ölkədə böyük və şiddətli epidemiyalar yaşanıb.

ÜST-nin məlumatına görə,  2000-ci ildə qızılcadan  761 min, 2021-ci ildə isə  128.000-ə yaxın, əsasən 5 yaşdan kiçik  uşaq ölüb. Ötən il dünyada uşaqların təxminən 83%-i  qızılca peyvəndinin yalnız ilk dozasını alıb ki, bu da 2008-ci ildən bəri ən aşağı səviyyə sayılır.

ÜST bu sahədəki geriləmələri COVID-19 pandemiyası nəticəsində normal peyvəndləmə cədvəlinin pozulması ilə əlaqələndirib. Peyvəndləmə xidmətlərinin dayandırılması və ya azalması, dünya miqyasında bu prosesə nəzarətin zəifləməsi milyonlarla uşağı qızılca kimi yoluxucu xəstəliklər qarşısında müdafiəsiz qoyub. Qurum bildirir ki, bütün uşaqlara qızılca peyvəndinin hər iki dozasının vurulmasını sürətləndirmək üçün immunizasiya proqramlarının potensialı gücləndirilməlidir.  Bütün uşaqlar qızılcaya qarşı iki dozada  peyvəndlənməlidir. Qızılcanın geniş yayıldığı ölkələrdə ilk doza adətən 9 aylıq, digər ölkələrdə isə 12-15 aylıqda verilir. İkinci doza daha gec yaşda, adətən 15-18 ay arasında verilməlidir.  ÜST xəstəliyə qarşı mübarizənin effektliliyini artırmaq üçün iki dozalı peyvənd rejimini tövsiyə edir, çünki ilk dozadan sonra bütün uşaqlarda immunitet yaranmaya bilər.

Qızılca peyvəndi tək və ya, məxmərək, suçiçəyi vaksinləri ilə birlikdə vurula bilər.

2020-ci ildə ÜST və qlobal maraqlı tərəflər 2021-2030-cu illər üzrə İmmunlaşdırma Fəaliyyət Proqramını təsdiqləyiblər.   

2030-cu ilədək  İmmunlaşdırma Gündəliyində qızılca və məxmərəyin qarşısının alınması üçün ABŞ Qızıl Xaç Cəmiyyəti, BMT, Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzləri (CDC), Peyvənd Alyansı, Bill və Melinda Qeyts Fondu, UNICEF və ÜST əməkdaşlıq edir. Bu təşkilatlar 2030-cu ilə qədər qızılca və məxmərəklə mübarizə üzrə xüsusi hədəflərə nail olmağa, peyvənd olunmamış uşaqları müəyyənləşdirməyə, bütün uşaqları qızılca və digər xəstəliklərə qarşı peyvənd etməyə çağırır.

2001-ci ildə Qızılca və Məxmərək Təşəbbüsü kimi yaradılan və yenidən canlanan Tərəfdaşlığın məqsədi heç bir uşağın qızılcadan ölməməsini və ya anadangəlmə məxmərək sindromu ilə doğulmamasını təmin etməkdir. Tərəfdaşlıq bütün ölkələrdə qızılca və məxmərək xəstəliyinə son qoymaq üçün səyləri birləşdirməyə çağırır, bunun üçün maliyyə və başqa yardımlara hazır olduğunu bildirir.