MƏKTƏBƏ HAZIRLIQ MƏTBƏXDƏN BAŞLAYA BİLƏR
Azyaşlı uşaqları məktəbə və təhsilə hazırlamağın müxtəlif yolları var. “Azərbaycan məktəbi” jurnalı vaxtaşırı olaraq bu yollar və yanaşmalar haqqında xarici mətbuatda dərc olunan yazıları da diqqətinizə çatdırır.
Bu dəfəki məqalə uşaqların məktəbə və təhsil həyatına hazırlıq mərhələsində mətbəxin rolu haqqındadır. Xarici ekspertlərin fikrincə, mətbəx işləri həm evdə, həm də uşaq bağçalarında balacalarla birlikdə əylənərək öyrənilə biləcək fəaliyyətlərdəndir. Burada uşaqlar məktəbəqədər hazırlıq müəllimləri ilə birgə qruplarda işləməyə və öyrənməyə yönləndirilir. Uşaq bağçasının müəllimləri fəaliyyətə başlamazdan konsepsiyaları və öyrənmə prosesini planlaşdırır, uşaqların bundan əldə edəcəyi faydanı araşdırırlar. Uşaq bağçalarında mətbəxlə bağlı fəaliyyətlərdən sonra müəllim ailələrə xəbərdarlıq məktubları göndərərək uşaqların qazandıqları anlayışlar haqqında onlarla söhbət etmələrini və ya buna bənzər işləri evdə də görmələrini xahiş edə bilərlər.
Pedaqoqlar azyaşlıların inkişafını çoxşaxəli şəkildə dəstəkləməyi tövsiyə edirlər. Məktəbəqədər öyrənmə prosesində mətbəx fəaliyyətləri uşaqların sosial, beyin və incə motor bacarıqlarının inkişafına hərtərəfli dəstək verən istiqamətlərdəndir. Valideyn və ya müəllimləri ilə birlikdə nə bişirəcəklərinə qərar vermək uşaqların planlaşdırma və problem həlletmə bacarıqlarını, ərzaqlardan müəyyən ardıcıllıqla və ölçüdə istifadə etmək isə diqqət və riyazi qavrayışlarını artırır. Öz reseptlərini hazırlamaq, süfrəni bəzəmək, yeməkləri təqdim etmək, estetik düşüncə və yaradıcılıq kimi bacarıqların inkişafına da təkan verir.
Proses zamanı uşaqlara ərzaqları ölçmək və qarışdırmaq, qidaların strukturunu müşahidə etmək, rəng dəyişiklikləri, müxtəlif qoxu və dadları hiss və ayırd etməklə əslində uşaqlar elmlə bağlı ilkin anlayışlar da əldə edirlər. Bundan əlavə, material, ölçü və rəng seçmək uşaqlarda vizual qavrayış və vizual diqqət bacarıqlarını artırır.
Bu yanaşma əslində Montessori təhsil modelinə uyğundur. Modeldə gündəlik həyat bacarıqları arasında yer alan məktəbəqədər mətbəx fəaliyyətləri uşaqların incə motor bacarıqlarını və əl-göz koordinasiyasını inkişaf etdirməyi hədəfləyən planlardan biridir. Bundan əlavə, uşaq bağçasında mətbəx fəaliyyətləri uşaqlara komanda işini öyrənməyə və sosiallaşmağa yardım edir.
“Uşaqlarla bərabər mətbəxdə nə işlər görmək olar?” sualına ekspertlər aşağıdakı nümunələri təqdim edirlər:
Pizza günü
Əvvəlcə uşaqlarla yeməklər, pizzaya hansı qidaların daxil olması və onların pizzanı bəyənib-bəyənməmələri barədə söhbət edin. Uşaqlara əvvəlcədən hazırladığınız pizza xəmirinin üzərinə pomidor, pendir, zeytun və bibər kimi sağlam qidaları yerləşdirməyi öyrədin. Tədbirin sonunda pizzanı hamının birlikdə yediyinə əmin olun.
Şirniyyat günü
Uşaq bağçasında və ya məktəbəqədər hazırlıq mərkəzlərində sadə peçenyelərin bişirilməsi də mümkündür. Üzərində yumurta, un, yağ və süd təsviri olan kartları stulların üstünə qoyun. Uşaqlar üzü aşağı olan kartları çevirəndə onlardan kartdakı şəkilləri təsvir etmələrini istəyin. "Sizcə, bu ərzaqlarla nə bişirəcəyik?" sualına uşaqlardan “peçenye” cavabı alanadək inqrediyentləri birlikdə araşdırın. Sonra uşaqlara ərzaqların qarışdırılma ardıcıllığını izah etməklə xəmir hazırlanır və forma verilib bişirilir. Şirniyyat hazır olanda uşaqları bir-birlərinə peçenye təklif etməyə yönəldin. Bu fəaliyyətlə siz uşaqlara əməkdaşlıq və paylaşma kimi anlayışlar və davranışlar qazanmağa kömək edə bilərsiniz.
Mətbəxdə öyrənmə prosesində müəllimin üzərinə böyük məsuliyyət düşür. Burada təhlükəsizlik və gigiyena qaydalarına əməl etmək olduqca vacibdir. İşə başlamazdan öncə uşaqlarla təhlükəsizlik və sanitar qaydaları müzakirə etmək lazımdır. Müəllim uşaqları söhbətə cəlb etməli, gördükləri iş haqqında onların fikirləni öyrənməlidir. Uşaqları məntiqi düşünməyə və problemi həll etməyə təşviq etmək üçün yoxlayıcı suallar vermək olar.
Müəssisənizdə mətbəxlə bağlı fəaliyyəti həyata keçirmək üçün yemək bişirməyə lazım olan bütün təchizat və alətlər olmalıdır. Eyni zamanda bu layihəyə nəzarəti təmin etmək üçün işçi heyəti ayrılmalıdır. Reseptlər sağlam qida, yerli təsərrüfatlarda tapıla bilən mövsümi məhsullar əsasında hazırlanmalıdır. Sonda yeməklərin masaya verilməsi, masanın təmizlənməsi prosesini də uşaqların öhdəsinə buraxın.
Bu prosesdə ən vacib məqam uşaqlarla birlikdə əylənməkdir. Onlar bu öyrənmə təcrübəsi ilə yemək bişirməkdən həzz alırlar.
Məqalə www.scoe.org saytının materialları əsasında hazırlanıb.