PLANETİ SİZ XİLAS EDƏ BİLƏRSİNİZ




Məktəblərdə kompüter, ağıllı lövhə, televizor, işıqlandırma, isitmə və ya soyutma sistemləri kimi texnologiyadan geniş  istifadə bu obyektləri enerji qənaət qaydalarına əməl etməli olan prioritet məkanlar sırasına salır.

Ona görə də enerjiyə qənaət etmək üçün şagirdlərin maarifləndirilməsi olduqca vacibdir. Şagirdlər bilməlidir ki, məktəbdə enerjiyə qənaət təkcə ekoloji cəhətdən faydalı deyil, həm də iqtisadi səbəblərdən vacibdir.

 BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Bakıda keçirilməsi ekoloji problem və onun həlli yolları, ekoloji savadlığın artırılması ilə bağlı müxtəlif layihələr həyata keçirilməsini intensivləşdirib. Ekoloji savadlılıqdan danışanda enerjiyə qənaət və onun iqtisadi tərəflərinə xüsusi diqqət yetirilir.

Enerjiyə qənaət ondan daha səmərəli istifadə etmək deməkdir. Enerjiyə qənaət etməklə həm maliyyə vəsaitlərindən daha rasional istifadəyə, həm də ekologiyanın çirklənmə nisbətinin azalmasına nail olmaq mümkündür.

Məktəblərdə şagirdlərin enerji qənaəti ilə bağlı məlumatlılığını artırmaq üçün  aşağıdakı ipucularından istifadə oluna bilər:

  • Əgər hava günəşlidirsə, onun işığından yararlanaraq sinif otaqlarındakı elektrik lampalarını söndürə bilərsiniz. Eyni zamanda məktəb rəhbərliyi işıqlandırmada elektrik enerjisinə qənaət edən LED lampalara üstünlük verə bilər.
  • Məktəbdə kompüterlər istifadə edilmədikləri müddətdə avtomatik olaraq aşağı enerji istehlakı rejiminə quraşdırıla bilər.
  • Məktəb binası daxilində tez-tez istifadə edilən bəzi yerlərdə, məsələn, tualetlərə sensor işıqlandırma əlavə etmək yaxşı seçimdir. Hərəkət sensoru işıqlandırması ilə həm təhlükəsizlik, həm də enerjiyə qənaət əldə edilə bilər.
  • Şagirdləri təkrar emal yollarına həvəsləndirmək həm də məktəbdə enerjiyə qənaət etməyin vacib şərtidir. Bu mənada, sinif, yeməkxana və ya yataqxanalarda çox istifadə edilən kağız, plastik və metal kimi tullantılar üçün təkrar emal qutuları qoyula bilər.
  • İzolyasiya yolu ilə içəridəki istiliyin çölə çıxmasının qarşısı alına bilər. Yaxşı və düzgün izolyasiya ilə məktəb yayda sərin, qışda isə isti ola bilər.
  • Məktəb pəncərələrinin yaxşı hazırlanmış, yüksək keyfiyyətli materiallardan seçilməsi əraziləri qızdırmaq və ya sərinlətmək üçün həddindən artıq enerji sərfinin qarşısını ala bilər.
  • Ağıllı istilik sistemləri ilə isitmə və soyutma tətbiq oluna bilər. Beləliklə, məktəb boş olduqda enerji istifadəsini azaltmaq mümkündür.
  • Hava isti və ətraf çox səs-küylü olmayan zamanlarda şagirdlərlə birlikdə açıq havada dərs keçilə bilər. Beləliklə, daxili işıqlandırma yerinə təbii işıqlandırma ilə enerjiyə qənaət edilməsinə nail olmaq olar.
  • Enerjiyə qənaət etmək üçün xüsusilə kondisionerdən istifadə edilən məktəblərdə filtrlərin düzgün və hərtərəfli təmizlənməsi vacibdir. Bundan əlavə, enerjiyə qənaət edən xüsusiyyətləri olmayan kondisionerlərin yenilənməsi və modellərinin təkmilləşdirilməsi də variantlardan biridir.
  • İstifadə etmədiyiniz elektrik cihazlarını şəbəkədən çıxararaq izafi enerji istehlakından qaçmaq olar.
  • Evdə, iş yerində və ya məktəbdə enerjiyə qənaət edən cihazlardan istifadə etmək mümkündür.
  • Panellər quraşdırmaqla günəş enerjisindən faydalanmaq artıq geniş yayılmış həll yollarındandır.
  • Bir otaqda işinizi bitirdiyiniz və ya istifadə etmədiyiniz zaman işıqları söndürməyi unutmayın.
  • Paltaryuyan maşını aşağı temperaturda istifadə etmək daha az enerji sərf olunmasını təmin edəcək.
  • Qabyuyan maşınınızı tam dolu olmadan işə salmamağa çalışın.
  • Duşda keçirdiyiniz vaxtı azaltmaq həm su, həm də enerjiyə qənaət olunmasına imkan verir.

Məktəblərdə şagirdlərə müxtəlif tapşırıqlar verməklə onlarda enerjiyə qənaət vərdişləri yaratmaq mümkündür. Məsələn, işıqların yandırılıb və söndürülməsinə cavabdeh olan növbətçilər müəyyən edilə bilər. Beləliklə, şagirdlərə bu tapşırıqları vərdiş halına gətirmək və evdə gerçəkləşdirməkdə kömək etmək olar. Şagirdlər, müəllimlər, valideynlər və məktəbin qalan işçiləri enerji israfını azaltmaq üçün yüksək effektli həll yollarını araşdıra bilərlər. Hədəflərinə fokuslanmış, hərtərəfli planlarla məktəblərdə enerjiyə qənaətə asanlıqla nail olmaq mümkündür.

Belə yollardan biri də bərpa olunan enerji mənbələrindən istifadədir.

Enerjiyə qənaət maddi vəsaitdən tutmuş ətraf mühitin qorunmasına qədər bir çox səbəblərə görə vacibdir. Yaşadığımız rəqəmsallaşan dünyada elektrik və enerji daşıyıcılarının böyük əhəmiyyəti var. 

Bildiyimiz kimi, elektrik enerjisinə tələbatı elektrik stansiyaları ödəyir. Ancaq bu elektrik stansiyaları qaz və ya kömür kimi yanacaqlardan istifadə etməklə havaya zərərli istixana qazları buraxır. Bu baxımdan enerjiyə qənaət bir çox ekoloji problemlərin, xüsusilə iqlim dəyişikliyinin həllində böyük əhəmiyyət kəsb edir.

Bütün bu sadə təklifləri nəzərə alaraq ətraf mühitin və dünyanın qorunmasına kömək edə bilərik.  Planetin gələcəyi hər birimizdən asılıdır.