DƏB TƏBİƏTƏ QARŞIDIR
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ötənilki məlumatına görə, yüngül sənaye təbiətə zərər yetirən əsas istehsal sahələrindən biridir. Dünyada ən böyük su istehlakçısı olmaqla yanaşı, planetə atılan zəhərli qazların təqribən 10 faizə qədəri də bu sənaye sahəsinin payına düşür. Üstəlik, bu qədər böyük resurslar hesabına hazırlanan tekstil məmulatlarının 85 faizi hər il zibilliyə atılır.
Bütün dünyada brend geyimlərin istehsalçısı kimi tanınan bir neçə şirkət gənc istehlakçıların ehtiyaclarını ödəmək üçün “ucuz və sürətli moda” vasitəsi ilə ətraf mühitə olduqca mənfi təsir göstərir. Ekoloji hesabatlarda göstərilir ki, insanların moda vərdişləri son dərəcə təhlükəli həddə çatıb. Onlar dəbli görünmək naminə minlərlə növdən ibarət biomüxtəlifiyin məhvinə səbəb olduqlarını, Yer kürəsini və bəşəriyyətin gələcəyini təhlükəyə atdıqlarını anlamaq istəmirlər. Tekstil materiallarının poliqonlarda parçalanması 200 ildən çox çəkə bilər. Beynəlxalq təşkilatların hesabatlarında göstərilir ki, parçalanma prosesi zamanı toxuculuq məmulatları həm istixana effektli metan qazı yaradır, həm də zəhərli kimyəvi maddə və boyaları yeraltı sulara və torpağa ötürür.
Bu gün istifadə olunan “sürətli moda” termini moda, davamlılıq və ətraf mühit şüuru ilə bağlı müzakirələrdən sonra daha çox işlədilməyə başladı. Termin mövcud dəb tendensiyalarını, son podium üslublarını təkrarlayan, qısa zamanda kütləvi istehsal olunan ucuz geyimlərə aiddir.
“BBC Earth” əməkdaşlarının Monqolustanda istehsal olunan ucuz kəşmirin monqol çöllərinin ekoloji vəziyyətinə təsiri ilə bağlı araşdırması da deyilənləri sübut edir. BBC-nin məqaləsində qeyd olunur ki, Monqolustanın çəmənlikləri, heyvanlar aləmi – ayrı-ayrı növlər təhlükə altındadır. Çöllər iqlim dəyişikliyi nəticəsində torpaq eroziyası, göl və çayların quruması ilə üzləşib. “Ətraf Mühit Problemləri” jurnalının yazdığına görə, Monqolustanda otlaqların 70 faizə yaxını deqradasiyaya uğrayıb. Buna səbəb qlobal bazar üçün daha ucuz kəşmir istehsalıdır. Yumşaq, tüklü kəşmir hazırlamaq üçün istifadə edilən xırda buynuzlu heyvanlar təbiət üçün iri buynuzlu mal-qaradan daha dağıdıcı təsirə malikdir. Monqolustan dünyada ən böyük kəşmir istehsalçısı sayılır.
İnsanın daha dəbli görünmək naminə apardığı mübarizənin yan təsirlərindən biri də su hövzələrinə daxil olan plastik və onun yaratdığı təhlükədir. Beynəlxalq ekoloji təşkilatlar plastikin dünyanın su hövzələrində yaşayan bütün canlılar üçün yaratdığı təhlükəyə diqqət çəkmək istəsə də insanlar hələ də problemin ciddiliyini nəzərə almırlar. Yəqin ki, həmin plastiklərin su hövzələrinə gedən marşrutlarından birinin evimizdəki paltaryuyan maşınlardan keçdiyini çox az adam bilir. Sintetik lifli parçalardan (poliyester, neylon, akril) hazırlanan paltarlar maşında yuyulduqda milyonlarla kiçik mikroliflər su təmizləyici qurğular vasitəsilə dənizə, çaylara və göllərə buraxılır. Dəniz orqanizmləri – balıq, xərçəng, tısbağa, pinqvin, suiti, su samurları və başqa heyvanlar bu liflərlə qidalandıqda həyatlarına təhlükə yaranır. Mikroliflər həzm yolunu bağlaya, mədəni zədələyə, qidalanma və aclığın azalmasına səbəb ola bilər.
Moda sənayesinin ekologiyaya mənfi təsirlərindən biri də meşələrin qırılması ilə bağlıdır. Geyim sənayesində istifadə olunan “ağac pulpası” viskoz və liflər üçün əsas materialdır. Pulpa nəsli kəsilməkdə olan və ya qədim meşələrdəki ağaclardan alınır. Bu o deməkdir ki, aldığımız və geyindiyimiz paltarlar birbaşa meşələrin qırılmasına, oradakı biomüxtəlifliyin məhvinə təsir edir. 2021-ci ilin statistikasına görə, dünyada 150 milyondan çox ağac tekstil sənayesini ehtiyacları üçün kəsilib. Sertifikatlaşdırılmış meşələrdən viskoz toplayan bir neçə böyük şirkətin olmasına baxmayaraq, İndoneziya, Kanada və Amazondakı meşələrdə viskoz əldə etmək üçün kəsilən ağacların sayı hər il artır.
Moda sənayesinin əsas materiallarından sayılan pambıq parçanın hazırlanma prosesi də on illiklərdir ki, təbiətə öz böyük zərbəsini vurmaqdadır. Pambığn bitki kimi yetişdirilməsi, süni lif olmaması onun təbiət üçün faydalı və ya davamlılığını göstərmir. Əslində, pambıq ekologiya üçün ən problemli və zərərli məhsullardan sayılır. Onun istehsalı bütün dünyada şirin su çatışmazlığını gücləndirən səbəblərdən birinə çevrilir. Mütəxəssislərin hesablamasına görə, yalnız bir pambıq köynək hazırlamaq üçün 2700 litrə yaxın su istifadə olunur. Qazaxıstanda pambıqçılıq Aral dənizinin qurumasına və orada yaşayan heyvan növlərinin məhvinə səbəb olub. Bundan əlavə, pambıq istehsalında istifadə olunan pestisidlər su yollarına və torpağa sızmaqla daha böyük təhlükələrə yol açır. BMT fondlarının hesablamalarına görə, qlobal insektisidlərin 22,5 faizi pambıq istehsalının payına düşür.
Müasir dəbin ən klassik və geniş yayılmış geyimlərindən biri olan Azərbaycanda “cins” adlanan denim də təbiətə yetərincə zərər yetirən geyimlərdəndir.
2020-ci ildə dünya qlobal denim bazarı 63,5 milyard dollar dəyərində qiymətləndirilib. Hər il milyardlarla denim geyim istehsal olunur. Bu klassik geyimi istehsal etmək üçün istehsalçılar parçanın rəngini təmin edən yeganə molekul olan indiqo boyasına ehtiyac duyurlar. İndiqo əvvəllər təbii olaraq bitkidən əldə edilsə də, 20-ci əsrdə artan tələbat sintetik indiqonun yaranmasına səbəb oldu.
İstər təbii, istərsə də sintetik indiqo suda həll olunmadığından prosesdə sərt kimyəvi maddələrdən istifadə olunur.
Danimarkalı tədqiqatçılar rəngləmə üçün fermentdən istifadə etməklə, sərt kimyəvi maddələrə ehtiyacı aradan qaldıran təkmilləşdirilmiş boyama metodu hazırlayıblar. “Nature Communications”-da dərc olunan araşdırmada qeyd olunan bu texnologiya, zəhərli kimyəvi maddələr olmadan indiqo ilə əlaqəli bir molekul olan indikanın geniş miqyaslı istehsalına və tətbiqinə imkan verə bilər.
Zəhərli kimyəvi maddələrin denim istehsalından çıxarılması tekstil işçiləri üçün daha sağlam şərait və “təbiətə daha az zəhərli çirkab su sızması” demək olardı.
Lakin yeni texnologiyalar denim sənayesinin bütün ekoloji problemlərini həll etmir. Bir cins şalvarın istehsalına - pambıq yetişdirilməsindən tutmuş, boyama, rəng və naxışlar vurulmaqla satışa çıxarılanadək 3 min litrə yaxın su sərf olunduğu bildirilir.
Bəs biz nə edə bilərik?
Ekoloqlar yeni nəslin tərbiyəsində ekoloji savadlılığa diqqət yetirmək üçün uşaqları kiçik yaşlardan geyim və brend asılılıqlarına qarşı diqqətli olmağa çağırırlar. İnsanların geyim və bütövlükdə qarderobu sürətlə yeniləməsi, ehtiyacından daha çox istehlak etməsi, aldıqlarının böyük qismini zibilliyə atması, təkcə fərdlərin pul və maliyyə qaynaqlarının israfı deyil, həm də bütövlükdə təbiətə zərbədir.
Bu prosesə azacıq da olsa fayda vermək üçün valideynlər və müəllimlər uşaqlar arasında ekoloji maarifçiliyi gücləndirməlidirlər. Onlar yeniyetmələrə sadəcə daha az geyim almağı, aldıqlarını daha uzun müddət istifadə etmək vərdişlərini aşılamalıdırlar. Geyinmədiyimiz paltarları dostlar və tanışlarla dəyişmək olar. Köhnəlmiş paltar və ayaqqabıları atmaq əvəzinə ona yeni həyat vermək, təmir etmək mümkündür. Beynəlxalq ekoloji fondların “5 D” adlı təlim modelində məhz bu məqamlara diqqət yetirilir. Bu barədə növbəti yazılarda.