15 YAŞDAN KİÇİKLƏRİN HESABLARI SİLİNƏCƏK




Statistikaya görə, hər gün dünyada 175 milyondan çox uşaq virtual aləmdə səyahətdə olur. Odur ki, bu prosesin tənzimlənməsi zərurəti yaranır.

Texnologiya nəhənglərinin əksəriyyətinin vətəni olan ABŞ-də uşaqların kibertəhlükəsizliyini qorumaq üçün sosial mediadan istifadə qaydaları ilə bağlı qanunlar hazırlanır.

2023-cü ilin aprelində bir qrup konqresmen Konqresə “Uşaqların Sosial Mediada Müdafiəsi Aktı”nı təqdim edərək onun bütün ştatlarda qəbul olunmasını təklif edib.

Layihə müəllifləri sosial şəbəkələrdə qeydiyyatın yaşa görə ciddi şəkildə məhdudlaşdırılmasını istəyirlər.

ABŞ-ın Florida ştatı hadisələri qabaqlayaraq ötən il məktəblərdə mobil telefon istifadəsini qadağan etməklə gündəmə gəlmişdi. Ştatın dövlət məktəblərində mobil telefonları qadağan edən qanundan sonra, “New York Times” bu addıma şübhə ilə yanaşaraq yazırdı ki, “yeni dövlət qaydaları gənclərə və sosial mediaya qarşı gücləndirilmiş qlobal təzyiqləri əks etdirir”.

Qanunvericilər və ştat rəhbərləri isə daha sərt məhdudiyyətlərə ehtiyac olduğunu iddia edirlər, çünki məktəb zamanı sosial mediadan geniş istifadə təhsilin keyfiyyətini, şagirdlərin rifahını və fiziki təhlükəsizliyini təhdid edir.

Ştat miqyaslı qadağadan sonra, “Orange County Public School” şagirdlərinə məktəbdə gün ərzində mobil telefonlardan istifadəni qadağan edib. Bir çox valideyn və şagirdlər bu qadağaya etiraz etsə də, mövzu ilə bağlı araşdırmalar belə bir qadağanın əslində faydalı olduğunu təsdiqləyib.

Araşdırmalardan sonra hazırlanan hesabatda göstərilir ki, mobil telefon qadağası olan məktəblərdə şagird nailiyyətlərinin başqa təhsil müəssisələrinə nisbətən artması müşahidə olunur.

“USA Today” qəzeti də qadağaların aşağı nəticə göstərən şagirdlər üçün daha çox faydalı olduğu fikrini dəstəkləyib. Məqalədə qeyd olunur ki, “sosial media daha aşağı nəticə göstərənlərin diqqətini daha çox yayındırır, bu da onları sinifdə “ağıllı telefon”ların zərərli təsirləri qarşısında daha həssas edir. Bir sıra digər tədqiqatlar da göstərir ki, məktəblərdə mobil telefonların qadağan edilməsi, xüsusən də zəif inkişaf edən şagirdlərin akademik göstəricilərini yaxşılaşdırır”.

Florida qubernatoru Ron DeSantis bu il  martın 25-də böyük müzakirələrə yol açan daha bir qərar imzalayıb.

Gələn il yanvarın 1-dən qüvvəyə minəcək qanuna görə 14 yaşdan kiçik uşaqlara sosial media hesablarının açılması qadağan edilir.

14 və 15 yaşlı uşaqlar üçün sosial media platformalarında hesab açmazdan öncə valideynin icazəsi tələb edilməlidir.

Qərarı əsaslandıran mütəxəssislərin fikrincə, onlar əslində son vaxtlar yeniyetmələrin zəifləyən psixi sağlamlığı, rekord dərəcədə yüksələn depressiya və narahatlıqla mübarizə aparırlar.

Floridanın “sosial media qadağası” xüsusi platformaları hədəf almasa da, qanun layihəsində deyilir ki, qadağalar gündəlik aktiv istifadəçilərin ən azı 10 faizinin 16 yaşdan kiçik uşaqlar olduğu istənilən sosial media platformasına şamil edilir.

Əksər sosial media platformaları artıq öz siyasətlərində 13 yaşdan kiçik uşaqların hesab yaratmasına icazə verilmədiyini açıqlayırlar. Lakin qanun bu platformalardan istifadəçilərinin yaşını faktiki olaraq yoxlamağı tələb edir, bu tələblərə necə cavab verməyi şirkətlərin öhdəsinə buraxır. Sosial media platformasında pozuntu aşkarlanarsa,  hər pozuntuya görə 50.000 dollara qədər cərimələr tətbiq oluna bilər.

Məhkəmə “Florida qanunu”nda 14 və 15 yaşlı uşaqların sosial mediadan istifadəsi üçün valideyn razılığını tələb edən bölmənin icrasını qadağan etməyə qərar verərsə, vəziyyət dəyişə bilər. Bu halda qanunun sadəcə olaraq 15 və ya daha kiçik yaşlı hər kəsin sosial mediadan istifadəsini qadağan edəcəyi bildirilir. Qanun sosial media şirkətlərindən 14 yaşdan kiçik uşaqların hesablarının silinməsini istəyir.

Ştatın təmsilçilərindən Paul Renner qanun layihəsinin təsirindən danışarkən deyib ki, "beyni inkişafda olan bir uşağın asılılıq yaradan texnologiyalara cəlb olunduğunu anlamaq qabiliyyəti yoxdur. Əslində məktəblilərin yaşına uyğun olmayan materiallara girişini qadağan etməyən şirkətlər məsuliyyət daşıyır”.

Prosesi izləyən media ekspertlərinin fikrincə isə, Birləşmiş Ştatlardakı bəzi dövlət məktəbləri özlərini çox əsəbi valideynlər kimi aparır.

Uşaqların internet və sosial mediadan istifadəsinin tənzimlənməsi ilə bağlı artıq Çində də müəyyən qadağalar tətbiq olunur. Bütün dünyanın Çinin Tik-Tok platformasının əsirinə çevrildiyi bir vaxtda bu ölkənin hakimiyyəti belə qənaətə gəlib ki, gənc nəsil sosial şəbəkələrdə çox vaxt  keçirməməlidir. İndi 14 yaşdan kiçik istifadəçilərin Douyinə (yerli TikTok) gündə yalnız 40 dəqiqə vaxt ayırmasına icazə verilir.

Üstəlik, bu platformaya yalnız saat 6:00 – 22.00-arası daxil ola bilərlər. Platformanın avtomatik üz tanıma sistemi xidmətdən istifadə edənin yaşını təsdiqlədikdən sonra onun bura daxil olmasına icazə verir.  Çində bundan əlavə də yeni qayda tətbiq etmək planlaşdırıldığı haqqında xəbərlər yayılıb. Burada da sosial şəbəkələrdə qeydiyyatdan keçərkən uşaqlardan valideynlərinin şəxsi məlumatları və razılığı tələb olunacaq.

Artıq Avropanın bir sıra ölkələrində uşaqların sosial mediadan istifadəsiniə məhdudiyyətlər qoyulması ilə bağlı qaydalar hazırlanır. Təbii ki, əsas məqsəd onları müxtəlif təhlükələrdən qorumaq və zərərin azaldılmasıdır.