ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRİN YARADICI TƏFƏKKÜRÜNÜN İNKİŞAF ETDİRİLMƏSİ METODLARI


Təhminə Əsgərova




Şagirdlərin yaradıcı təfəkkürünün inkişafı müəllim-filoloqun fəaliyyətində əsas istiqamətlərdən biridir. Ədəbiyyat dərslərində ən münasib və əlverişli üsullardan istifadə etməklə şagirdlərin yaradıcılıq qabiliyyətini, təfəkkürünü inkişaf etdirmək lazımdır. Bu məqsədlə dərslə əlaqələndirilmiş kiçik hekayələrin tərtibi, inşaların, esselərin yazdırılması, müxtəlif mövzuda debatların, müsabiqələrin təşkili daha məqsədəuyğun üsullardır. Bədii əsərin təhlili də yaradıcılıq prosesinə çevrilməli, şagirdlərin təfəkkürünü inkişaf etdirməyə imkan verən evristik xarakterli praktiki tapşırıqlardan istifadə olunmalıdır. Ədəbiyyat dərslərində şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyin əsas şərtlərindən biri də onların yaradıcılıq azadlığının təmin edilməsidir. Hər bir ədəbiyyat dərsində şagirdlərin təfəkkürünün inkişafına diqqət göstərilməli, təhsilalanlar müəllimin psixoloji və pedaqoji dəstəyi ilə bildiklərini müstəqil şəkildə tətbiq etməyi öyrənməlidirlər.

GİRİŞ

Yaradıcı təfəkkürə, müstəqil düşüncəyə və yüksək elmə malik şəxsiyyətin formalaşdırılması müasir təhsil sisteminin əsas strateji məqsədlərindən biridir. Ona görə ki, ölkəmizə cəmiyyətin aparıcı qüvvələri olan qabiliyyətli, istedadlı şəxslər lazımdır. Şagirdləri müstəqil həyata hazırlamaq, şəxsiyyət kimi formalaşmasına təkan vermək üçün onların təfəkkürünü inkişaf etdirmək lazımdır. Bu, şəxsiyyətyönlü təhsilin əsas məqsədidir. 

Bəs bu gün ədəbiyyat dərslərində şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi istiqamətində atılan addımları qənaətbəxş saymaq olarmı? Fikrimizcə, təlim prosesini yaddaşdan düşüncəyə çevirmək istiqamətində nə qədər işlər görülsə də, bu problem hələ də öz aktuallığını saxlayır. Hələ də bir çox məktəblərdə şagirdlərin əsas bilik mənbəyi müəllim və dərslikdir. Müəllimlər onları bilikləri müstəqil əldə etməyə yönləndirmirlər. Ədəbiyyat dərslərində şagirdlərin yaradıcı təfəkkürünü və tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün onlara ilk növbədə, öz düşündüyünü müstəqil şəkildə ifadə etməyi öyrətmək lazımdır. Dərsdə müəllim “mən səni öyrədirəm” yox, “biz birlikdə öyrənirik” prinsipi ilə hərəkət etsə buna daha tez nail olar. Şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasına kömək etmək üçün müəllim şagirdlərə fərdi yanaşmağı həmişə üstün tutmalı, müstəqil fəaliyyət üçün dəstək olmalıdır. Fərdilik tədqiqat üçün verilmiş tapşırıqlarda mütləq nəzərə alınmalıdır. Müəyyən əsərlər üzərində çoxistiqamətli təhlillər aparmaq, kiçik həcmli hekayə, nağıl, esse və s. yazmağı tapşırmaq onların tədqiqatçılıq imkanlarına geniş yol açır, eyni zamanda, istedadlı uşaqlarda yaradıcılığa maraq yaradır.

Məktəbdə ədəbiyyat dərnəklərinin təşkil olunması da bu istiqamətdə işlərin düzgün qurulmasına yardım edir. İstedadlı şagirdləri ayrı-ayrı fənn müəllimlərinin “kəşf etməsi” azdır, onları müxtəlif müsabiqə, yarış, ədəbi-bədii gecələr və s. vasitəsi ilə bütün kollektivə təqdim etmək, tanıtmaq lazımdır ki, müstəqil söz sahibi kimi inkişaf etsinlər.

Bu iş daim təkmilləşməli, gənc nəslə lazım olan bacarıq və vərdişlər formalaşmalıdır. Təlim prosesi nə qədər məqsədəuyğun qurularsa, şagirdlərimizin tədqiqatçılıq qabiliyyəti bir o qədər tez üzə çıxacaq. Tədqiqatçılıq qabiliyyəti isə fəaliyyət prosesində inkişaf edir.

ŞAGİRDLƏRİN YARADICI TƏFƏKKÜRÜNÜN İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ

Şagirdlərin tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması üçün onların məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək lazımdır. Müqayisələr aparmaq, tutuşdurmaq məntiqi təfəkkürün, fakt və hadisələri təhlil etmək, ona dəyər vermək, qiymətləndirmək, müsbət və mənfi cəhətlərini qeyd etmək tənqidi təfəkkürün, baza biliklərinə və bacarıqlarına söykənməklə yeni ideyaların yaranması isə yaradıcı təfəkkürün əsas əlamətləridir.

Şagirdlərin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi ədəbiyyat müəlliminin fəaliyyətində əsas istiqamətlərdən biridir. Ona görə ki, yaradıcı təfəkkür şagirdlərin fəaliyyətində tədqiqatçılıq qabiliyyətlərinin inkişafı ilə şəxsi keyfiyyətlərinin qazanılmasında və şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. L.S.Vıqotskinin fikrincə, “Tədqiqatçı şagird müstəqil olmalı, öz düşündüyünü sərbəst deməli, səhv olacağından çəkinməməlidir. Təlim prosesində qazandığı bu müstəqillik şagirdin gələcəkdə sərbəst söz, fikir demək qabiliyyətini inkişaf etdirir. Başqa sözlə desək, bu, şəxsiyyətin özünü dərketmə forması, dünyaya xüsusi, təkrarsız münasibətini ifadə etmək imkanıdır” (Vygotsky, 1985).

Şagirdlərin yaradıcı təfəkkürünün inkişafı müəllim-filoloqun fəaliyyətində əsas istiqamətlərdən biridir. Bəs onu necə inkişaf etdirmək olar? Bunun üçün müəllim hansı şəraiti yaratmalıdır?

İlk növbədə bədii əsərin təhlili yaradıcılıq prosesinə çevrilməlidir. Bunun üçün şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan verən evristik xarakterli praktiki tapşırıqlardan istifadə etmək lazımdır. Metodist alimlər ümumtəhsil məktəblərində ədəbiyyatın tədrisi prosesində həm əsərin təhlili üçün nəzərdə tutulmuş dərsləri, həm də tətbiq, müzakirə, yaradıcı iş, layihə üzrə iş dərslərini şagirdlərin yaradıcı təfəkkürünün inkişafı üçün məqsədəuyğun hesab edirlər. Bunun üçün dərsliklərdə mövzular üzrə müxtəlif iş növlərindən, sual və tapşırıqlar sistemindən istifadə nəzərdə tutulur.

  • Tətbiq. Müzakirə. Yaradıcı iş. Sinifdə bədii əsərin təhlili zamanı şagirdlər qrup şəklində tədqiqat aparılmasına, yaradıcı işə qoşulmağa, bilik və bacarıqlarını tətbiq etməyə, öyrənilənlərə münasibət bildirməyə istiqamətləndirilir.
  • Layihə üzrə iş. Layihələr müxtəlif mənbələrlə, dərslikdəki müvafiq materiallarla işləmək, bilik və bacarıqları tətbiq etmək, yaradıcı fəaliyyət göstərmək üçün təklif edilir (Həsənov, Əliyev, Məmmədov, Mustafayeva, 2018).

Yaradıcılıq bilik və bacarıqları müstəqil şəkildə yeni forma və vəziyyətə köçürmək, yeni problemləri görmək, həll etmək üçün müxtəlif yollar və sübutlar tapmaq bacarığıdır. Amerikalı psixoloq Fromm yaradıcılığı təəccüblənmək və öyrənmək, qeyri-standart situasiyalarda həll yolu tapmaq, dərindən öyrənmək bacarığı kimi qiymətləndirir1. Əslində, bütün insanlar müxtəlif dərəcədə yazıçılıq keyfiyyətlərinə malikdirlər. Ona görə də ədəbiyyat müəlliminin vəzifəsi bu keyfiyyətləri – uşaqların təsəvvür gücünü, fantaziyasını, müşahidə və fikrini bədii şəkildə ifadə etmə qabiliyyətini üzə çıxarmaq və inkişaf etdirməkdir. Bunun üçün verilmiş tapşırıqlar da rəngarəng olmalıdır. Şagirdlərin müşahidə qabiliyyətlərini, təxəyyülünü, emosional həssaslığını, düşüncəsini inkişaf etdirmək, eyni zamanda, fikirlərini bədii şəkildə ifadə etməyi öyrətmək üçün əsərin bir hissəsinin səhnələşdirilməsi, epizodlarından biri əsasında yeni ekran ssenarisinin yazılması, əsərin qəhrəmanlarının prototiplərlə müqayisəsi, mövzu ilə bağlı hekayə, nağıl, şeir yazılması və s. məqsədəuyğundur.

Fəal iş üsullarından, texnikalarından istifadə şagirdlərin yaradıcılıq qabiliyyətlərinin səmərəli inkişafına kömək edir. İnteraktiv təlim metodları, əsasən, hazır biliklərin təqdim edilməsinə, onların təkrarına deyil, fəal idrak fəaliyyəti prosesində şagirdlərin bilikləri müstəqil mənimsəməsinə və tətbiqinə yönəlmiş üsullar sistemidir. Burada müəllim-şagird qarşılıqlı əlaqəsinin düzgün qurulması vacib amildir. Akademik M. Mehdizadə tədqiqatçılıq bacarıqlarının formalaşmasında təlim metodlarının mühüm rolunu qeyd edir: “Təlim metodu özündə bir tərəfdən öyrətmə metodunu (müəllimin fəaliyyətini), o biri tərəfdən öyrənmə metodunu (şagirdlərin fəaliyyətini) birləşdirir. Onlar qarşılıqlı əlaqədədirlər” (Mehdizadə, 1982).

Müəllimlərin çoxu dərsdə tədqiqat xarakteri daşıyan, yaradıcılıq tələb edən tapşırıqlar müəyyənləşdirir, bu tapşırıqlar üzrə qrupların işini təşkil edirlər. Bunları müsbət dəyərləndirmək olar. Ancaq bəzən qruplara verilən tapşırıq üzərində işin təşkilində ciddi nöqsanlara da yol verilir. Belə ki, tapşırıqlar çox vaxt bir-iki şagird tərəfindən yerinə yetirilir, digərləri isə passiv qalır. Bu problemi həll etmək üçün müəllim işin yerinə yetirilməsində şagirdlərin hamısının fəallığını təmin etməlidir. Zəif oxuyan şagirdlərin maraq dairəsini artırmaq, onların bilinməyən, gizlində qalan tərəflərini üzə çıxarmaq üçün verilmiş tapşırığa (hekayəyə, ssenariyə) aid şəkil çəkmələrini tapşırmaq olar. Tapşırıqların kiçik qruplarda yerinə yetirilməsi şagirdləri çoxtərəfli şəkildə yaradıcılıqla tanış edir: ssenari yaratmaq cəhdi, axtarışlar aparmaq, müxtəlif ədəbiyyatla tanışlıq – bütün bunlar şagirdlərdə birgə yaradıcılıq hissi yaradır və əldə etdikləri bilik və bacarıqların bir-birinə ötürülməsinə imkan verir, sinfi yaradıcı fəaliyyətə sövq edir. Bu fəaliyyət istər toplu, istər fərdi formada yerinə yetirilsə də, şagirdlərin müstəqil qərar verməsinə zəmin yaradır. 

ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ YARADICI TƏFƏKKÜRÜN İNKİŞAFI ÜSULLARI

Ədəbiyyat dərslərində ən münasib və əlverişli üsullardan istifadə etməklə şagirdlərin yaradıcılıq qabiliyyətini, təfəkkürünü inkişaf etdirmək lazımdır. Bu məqsədlə dərslə əlaqələndirilmiş kiçik hekayələrin tərtibi, inşaların, esselərin yazdırılması, müxtəlif mövzuda debatların, müsabiqələrin təşkili daha məqsədəuyğun üsullardır. Hər bir ədəbiyyat dərsində şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafına xüsusi diqqət göstərilməli, təhsilalanlar müəllimin psixoloji və pedaqoji dəstəyi ilə bildiklərini tətbiq etməyi bacarmalıdırlar. Yaradıcı təfəkkürün inkişafı üçün onlar xüsusi bir zəmində yeni layihə qurmağı, yaradıcı surətdə düşünməyi öyrənməlidirlər.

Bu zaman ən vacib şərt təhsilalanların müstəqil axtarışlar aparmasına şərait yaratmaq, onlarda ilkin tədqiqatçılıq vərdişləri yaratmaq və bu vərdişi inkişaf etdirmək, iş üsullarını seçmək azadlığı, müxtəlif cavabların onların özlərinin seçdikləri ardıcıllıqla təqdim edilməsi imkanları ilə ifadə olunan yaradıcılıq azadlığının təmin edilməsidir. Satirik əsərləri öyrəndikdən sonra uşaqları özlərini satirik şair, lətifələri, müxtəlif yumoristik əsərləri öyrəndikdən sonra isə yumoristik yazıçılar kimi sınamağa dəvət edə bilərik. Bu təcrübə çox vaxt kiçik hekayə və ya nağıl yazmaq tapşırığını verdikdə özünü doğruldur. Uşaqlar üçün mövzu tapmaq, kənardan kömək olmadan lazımi material toplamaq, kompozisiyanı qurmaq, işi tərtib etmək nə qədər çətin olsa da, bir o qədər həyəcanverici və zövqlüdür. Əsas şərt, onlarda yaradıcı axtarış həvəsi oyatmaqdır.

Könül Aydın Nəhmətova hekayə üzrə yazı fəaliyyətinin qarşısında duran əsas vəzifələri belə planlaşdırır:

  1. Şagirdə hekayəni düzgün qurmağı öyrətmək: təhkiyəni məntiqi ardıcıllıqla yürütmək şərti ilə sözə girişdən başlamaq bacarığını formalaşdırmaq;
  2. Hekayənin hissələrini zaman ardıcıllığı ilə əlaqələndirməyi öyrətmək; 
  3. Hadisələrə öz münasibətini hiss etdirərək canlı, ifadəli danışmağı öyrətmək;
  4. Obrazlı nitqi inkişaf etdirmək;
  5. Predmet, hərəkət və əlamətləri adlandırmaq üçün dəqiq sözlərdən istifadə etmək vərdişini qazandırmaq;
  6. Cümləni düzgün qurmaq bacarığını formalaşdırmaq (ARTİ, 2021).

Şagirdin özünü yaradıcı yazıda sınaması çox vacibdir. Təbiət etibarilə bütün uşaqlar istedadlıdırlar, onların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək isə müəllimdən asılıdır. Dərsdə kiçik bir hekayə yazdırmaqla və yaxud müəyyən hissəsi yarımçıq qalmış hekayənin davamını yazmağı tapşırmaqla şagirdə böyük bacarıqlar qazandırmaq olar. Hekayənin davamını yazmaq uşağın yaradıcı qabiliyyətinin inkişafında daha yüksək nəticələr əldə etməyə imkan verir. Şagirdlər hekayədəki ədəbi qəhrəmanın roluna girərək, onun düşüncə və hislərini yaşayırlar. Uşağın düşdüyü xəyali vəziyyət onun düşüncə prosesini, o cümlədən yaradıcı intuisiyasını stimullaşdırır. Şəxsiyyətin sosiallaşması problemlərinin həlli də bu cür yaradıcı tapşırıqlar vasitəsilə həyata keçirilir, o, istər-istəməz personajların davranışını öz təcrübəsi ilə əlaqələndirir. Bu zaman onun dünyaya və sənətə münasibəti formalaşır və təbii ki, uşağın xüsusi yaradıcılıq qabiliyyətləri, təfəkkürü inkişaf edir, ən əsası, düşünməyi, gözəl cümlələr qurmağı öyrənir.

Ədəbiyyat dərslərində yaradıcı təfəkkürün inkişafı üçün esse yazıların da rolu böyükdür. Bu yazılar şagirdlərin təfəkkürünü, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir, müstəqil fikir yürütmələrinə stimul verir, onlarda təşəbbüskarlıq, qərarların qəbulunda müstəqillik, fikrini azad ifadə etmə vərdişləri və özünəinam oyadır. Essenin adı seçilərkən şagirdlərin yeni təklif və fikirlər irəli sürməsinə, təhlil aparmasına, düşüncələrini ifadə etməsinə imkan verən mövzulara üstünlük verilməlidir. Məsələn, “M.F.Axundzadənin “Sərgüzəşti Mərdi-Xəsis” dramındakı erməni kəndliləri və rus çinovniklərini bugünkü reallıqlarla müqayisə edin”, “Sizcə yazıçı Gülbahar (Ədəbiyyat, XI sinif, 2018) obrazını qardaşların cəbhəsində yaratmış olsa idi, necə bir obraz təsvir olunardı? Fikirlərinizi obraza tətbiq etməklə yeni “Gülbahar” obrazı yaradın”, “Siz ətrafınızda C.Məmmədquluzadənin “Anamın kitabı” dramındakı kimi bir ailə və ya buna bənzər vəziyyət müşahidə etmisinizmi? Müşahidə etmisinizsə, bir neçə cümlə ilə fikirlərinizi yazın, həmin ailəni təsvir edin”, yaxud “Cahandar ağanın (Ədəbiyyat, XI sinif, 2018) mənlik, qürur duyğuları Allahyar obrazı ilə dəyişsə idi, sizcə, hadisələrin gedişatı nə cür olardı?” və s. tipli mövzular təklif etmək olar.

Şagirdləri esse yazmağa stimullaşdırmaq üçün müxtəlif üsullardan istifadə etmək, tövsiyələr vermək lazımdır. Esseni yazarkən əsas
şərt təhsilalanın planlaşdırma qabiliyyətini və fikrini müstəqil şəkildə ifadə etmək bacarığını formalaşdırmaqdır.

Cənubi Afrikalı professor Devid Makkoyd-Meyson tərəfindən yaradılmış MİNN (Mövqe, İzah, Nümunə, Nəticə) şagirdlərin məntiqi və
yaradıcı təfəkkürünü, mühakimə qabiliyyətini üzə çıxarmaq imkanı verən mükəmməl interaktiv üsuldur. MİNN qısa zamanda ərsəyə gələn essenin sxemidir. Bu texnoloji üsulla şagirdin mövzu ilə bağlı fikirlərini bir neçə cümlə ilə, lakin mükəmməl şəkildə bildirmək imkanı yaranır, eyni zamanda, şifahi mühakimə yürütmələri də asanlaşır.

MİNN texnoloji üsulunun dörd məqamını əks etdirən cümlələr vasitəsi ilə şagirdin mühakimə qabiliyyəti üzə çıxır və müəllim az müddət ərzində onların həm mövzunu qavramasının, həm də onu dəyərləndirməsinin səviyyəsini öyrənmək imkanı qazanır.

M – Mövqe (Şagird birinci cümlədə məsələyə öz münasibətini bildirir).
İ – İzah (Şagird ikinci cümlədə öz mövqeyinin səbəbini izah edir).
N – Nümunə (Şagird üçüncü cümlədə öz mövqeyinin doğruluğunu faktlarla, nümunələrlə sübut edir).
N – Nəticə (Şagird dördüncü cümlədə fikirlərini ümumiləşdirir və hansı nəticəyə gəldiyini yazır).

MİNN üsulu çox vaxt mühakimə xarakterli essenin sxemi kimi təqdim edilməklə yanaşı, müzakirələrin aparılmasında da çox faydalı və maraqlı texnologiyadır. 

IX sinif ədəbiyyat dərsində tədris olunan Anarın “Keçən ilin son gecəsi” (Ədəbiyyat, IX sinif, 2018) pyesinə aid “Övladlarının yeni il
gecəsi ananın yanında olmaması təbii haldır” adlı essenin MİNN üsulu ilə yazılmasına dair bir neçə nümunəyə baxaq.

Nümunə 1.

Mən düşünürəm ki, Həmidə xalanın övladlarının yeni il gecəsi onun yanında olmaması tam təbii haldır. Çünki onların öz həyatları var
və böyüdükcə öz maraqları yaranır, sərbəst həyata can atırlar, öz qayğıları başlayır.

Məncə, müxtəlif nəsillər arasında fərqlər olması təbiidir, hər yeni nəsil özü ilə bir yenilik, inkişaf gətirir,ona görə də köhnə qaydalarla
razılaşmaya bilər, bu da həyatın zərurətidir. Həmidə xala da ətrafında, ailəsində baş verən hadisələrə real münasibət bəsləyir, bununla razılaşır.

Bundan çıxış edərək düşünürəm ki, övladların yeni il gecəsi analarını evdə tək qoyması, heç də onların pis övlad olmasını və yaxud mənəvi dəyərlərə hörmət etmədiklərini göstərmir. Burada sadəcə həyat həqiqətləri əks etdirilir.

Nümunə 2.

Mən bu fikir ilə razı deyiləm, ana bayram axşamı tənha qalmamalı idi. Çünki cəmiyyət nə qədər inkişaf etsə də, fikirlər nə qədər dəyişsə də, əvvəlki nəslin mənəvi dəyərləri unudulmamalı, nəsillər arasında varislik gözlənilməlidir.

Həmidə ana ruhdan düşməsə də, gələcəyə inamla baxmağa çalışsa da, bayramı övladları ilə birlikdə keçirmək, ailə üzvlərini bir yerdə görmək arzusu da göz qabağındadır. 

Məncə, övladlar ata-ananın həyatının davamçıları olmalı, milli və ailə ənənələrinə sadiq qalmalıdırlar. Nəsillər arasında mənəvi əlaqələr qırılmamalıdır.

Ədəbiyyat dərslərində şagirdlərin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi onların şifahi nitqinin formalaşdırılması ilə paralel şəkildə aparılmalıdır. Bu zaman debat və müzakirələrin rolu böyükdür. Elə mövzular var ki, onlar müzakirə olunaraq açılmalıdır. Müasir dövrdə əlaqə vasitələri nə qədər rəngarəng olsa da, canlı söhbətin, müzakirənin yerini əvəz edə bilmir. Debat və müzakirələr uşaqlarda araşdırma, auditoriya qarşısında sərbəst çıxış etmək, fikri düzgün çatdırmaq, inandırma və təqdimetmə bacarığı qazandırır, ən əsası isə onların təfəkkürünü inkişaf etdirir. Bu zaman məntiqi nitq ilə qarşıdakını həm inandıra, həm də məğlub edə bilir. Hələ XI əsrdə Keykavus məşhur “Qabusnamə”sində yazırdı: “Ey oğul, bütün sənətlər içərisində ən gözəli natiqlikdir. Dilini gözəl danışmağa öyrət. Dili xoş olanın havadarı çox olar. Onu da bilməlisən ki, söz dörd cürdür: birini nə deyərlər, nə bilərlər. Birini bilərlər, amma deməzlər. Birini deyərlər, lakin bilməzlər. Birini də həm bilərlər, həm də deyərlər” (Keykavus, 2006).

Debatlar şagirdlərə öz mülahizələrinin inandırıcı, məntiqli dəlillərlə əsaslandırılmasının zəruriliyini izah etməklə yanaşı, demokratik mühit yaradır, onlarda müstəqil şəkildə müzakirə aparmaq bacarığı, yaradıcılıq qabiliyyəti aşılayır.

NƏTİCƏ

Yuxarıda sadalananlar bu nəticəyə gəlməyə əsas verir ki, ədəbiyyat dərslərində şagirdlərin yaradıcı təfəkkürünün inkişaf etdirilməsinin məqsədi təhsilalanların hərtəfərəfli inkişafını təmin etməkdir. Bu istiqamətdə görülmüş işlər, onların qazanmış olduqları bilik və bacarıqlar şəxsiyyət kimi yetişmələrinə əvəzsiz töhfə verir. Yaradıcı təfəkkürün inkişaf etdirilməsinin ən mühüm nəticəsi şagirdlərin gələcək uğurlarıdır: onların əksəriyyəti özlərinə inanır, özünüinkişafla məşğul olur, zehni fəaliyyətinin formalaşma səviyyəsi dəyişir, təhsil, tədqiqat və layihə fəaliyyətlərini davam etdirirdilər. Şagirdin yaradıcı tədqiqat zamanı əldə etdiyi təcrübə onun cəmiyyətdəki sosial həyatı üçün əhəmiyyətli məqama çevrilir. Bu fəaliyyət üçün müəllimlər bütün güc və enerjisini sərf etməli, gələcəyimizin təminatçılarını, cəmiyyətin sabahkı qurucularını yetişdirməkdən zövq almalıdırlar.

45 dəqiqəlik dərs müddəti şagird və müəllimlər üçün məhdud zamandır. Buna görə də istedadlı və tədqiqatçı şagirdlər ədəbiyyat dərnəklərində, disputlarda, şagird elmi cəmiyyətlərində birləşməli və yaradıcı təfəkkürünü, qabiliyyətlərini orada daha da inkişaf etdirməlidirlər. Bu, həm ədəbi fəaliyyətə meyilli olan şagirdləri aşkara çıxarmaq, yaradıcılığa maraq yaratmaq baxımından, həm də gələcək peşə istiqamətlərini müəyyənləşdirmək üçün çox faydalıdır.

İstifadə edilmiş ədəbiyyat

1 ARTİ. (2021). Şagirdləri bədii yaradıcılığa necə sövq etməli? https://www.arti.edu.az/az/presentation/897-sagirdlari-badii-yaradiciliga-neca-sovq-etmali
2 Ədəbiyyat. 11-ci sinif. (2018). Dərslik. Bakı, Bakınəşr, 209 s.
3 Ədəbiyyat. 11-ci sinif. (2018). Dərslik. Bakı, Bakınəşr, 209 s.
4 Ədəbiyyat. 7-ci sinif. (2018). Metodik vəsait. Bakı, Bakınəşr, 208 s.
5 Ədəbiyyat. 9-cu sinif. (2018). Dərslik. Bakı, Bakınəşr, 225 s.
6 Keykavus. (2006). Qabusnamə. Bakı, Şərq-Qərb, 215 s.
7 Mehdizadə, M. (1982). Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları. Bakı, Maarif, 382 s.
8 Vygotsky, L.S. (1985). Yaradıcılıqdan şəxsiyyətə qədər. M., 203 s.
9 Tələbələrin yaradıcı potensialının açılmasında müəllimin rolu. (2021). https://mbukckslg.ru/az/rol-uchitelya-vrazvitii-opyta-tvorcheskoi-deyatelnosti.html