İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ TƏNQİDİ TƏFƏKKÜRÜN İNKİŞAF ETDİRİLMƏSİ YOLLARI




Məqalədə ingilis dilinin tədrisində yuxarı sinif (X-XI sinif) şagirdlərinin tənqidi təfəkkürünün düzgün formalaşması yollarından bəhs edilir. Əsas məqsəd ingilis dilinin tədrisi zamanı şagirdlərdə tənqidi düşüncə qabiliyyətlərini formalaşdırarkən müəllimlərin qarşılaşdıqları çətinlikləri müəyyən etmək və onların həlli yollarını müzakirə etməkdir. Bu, mövzu və ya materiallar əsasında həyata keçirilən, dərindən düşünməyi tələb edən aktiv bir prosesdir. Bu tədqiqatın subyektləri Bakı şəhərindəki 238 nömrəli tam orta məktəbin X və XI sinif şagirdləri və iki ingilis dili müəllimi olub. Nümunə olaraq E-Tvinninq layihəsi çərçivəsində layihə əsaslı təlimdən (LƏT) istifadə edilib, şagirdlərin mövzular üzrə situasiyanı şərh etmək, vəziyyəti təhlil etmək, nəticə çıxarmaq, izah etmək və özünə nəzarət etmək kimi bacarıqları öyrənilib. Bu araşdırmanın nəticəsində müəllimlərin düzgün fasilitasiya qabiliyyətləri, ingilis dilinin layihə əsaslı təlimində tələb olunan aspektləri bilmək, zəngin lüğətə, düzgün tələffüzə malik olmaq, kontekstual ifadə və etiketlərdən yerində istifadə etmək, orijinal dialoqlar qurmaq və ya problem ətrafında mövzu seçmək bacarıqları da müəyyən olunub. Araşdırmalar zamanı məlum oldu ki, müəllimlər tənqidi düşüncə bacarıqlarını təkmilləşdirmək yollarını araşdırmaq üçün yeni texnikalar haqqında zəif təsəvvürə malikdirlər və şagirdlərin sərbəst düşüncə tərzinə müsbət təsir edən təlim mühiti yaradılmayıb.

GİRİŞ

Ümumi təhsil müəssisələrində ingilis dili dərslərində tənqidi təfəkkürün inkişaf etdirilməsi üzrə yeni təlim strategiyalarının tətbiqi xarici
dil müəllimlərinin əsas vəzifələrindən biridir. Buna əsaslanaraq qeyd etmək lazımdır ki, şagirdlərin mövzu ətrafında idraki inkişafı xarici dilin tədrisinin vacib məqsədlərindəndir.

İngilis dili ünsiyyət üçün şifahi dil kimi beynəlxalq dillərdən biridir. İngilis dili həm də dünyanın, demək olar ki, hər yerində istifadə olunan universal tədris dilidir. Ümumi təhsil məktəblərində ingilis dilinin tədrisi şagirdlərin təfəkkür bacarıqlarının formalaşmasına əsaslanan yeni məzmuna malikdir. Mürəkkəbləşən dünyada məktəbi bitirən hər bir gəncin uğur qazanmasında ingilis dilində tənqidi düşüncəyə malik olmaq vacib şərtdir və bu bir kompetensiya kimi qəbul olunur. Tənqidi düşünmə vacib və zəruri bir bacarıq kimi şagirdlərin gələcək təhsilini davam etdirməsində düzgün seçim etmək, zehni və məntiqi sualların öhdəsindən gəlməyə kömək edir, milli dəyərləri, innovasiyaları və təhsil irəliləyişlərini qiymətləndirmək üçün istifadə edilir. Qlobal problemlərin həllində şagirdlərin ingilis dilində tənqidi təfəkkür və idraki düşüncə əsaslı bilik, bacarıq və vərdişlərə sahib olması strateji hədəflərdən hesab olunur. 

Tənqidi düşüncə, hər hansı bir fəaliyyəti yerinə yetirmək barədə qərar verməyə yönəlmiş aydın, əsaslı, əks etdirən düşüncədir. Burada sadəcə mövzuları, faktları əzbərləmək, eşitdiklərinizi və ya oxuduqlarınızı qəbul etmək yox, mövzuda əksolunanlara tənqidi yanaşmaq və fərziyyələrə necə nail olmaq yollarını əhatə edir (Dewey & Bento, 2009; Karakuzular, 2013; Kow, 2016).

İNGİLİS DİLİNDƏ ŞAGİRDLƏRİN TƏNQİDİ TƏFƏKKÜRÜNÜN İNKİŞAFI VƏZİYYƏTİ

Aparılan təhlillər göstərir ki, dil öyrənənlərin tənqidi düşünmə bacarıqları o qədər də qənaətbəxş deyil. Bu problemlərin yaranmasına təsir edən əsas səbəblərə ingilis dilində uyğun motivasiya və mövzu seçiminin olmaması, sərbəst təlim mühitinin təşkilində yol verilən nöqsanlar, dialoqların aparılmaması, eyni zamanda şagirdlərin sosial bacarıqlarının, fərdi qabiliyyətlərinin aşağı səviyyədə olması daxildir. Digər amillərə isə yuxarı sinif şagirdlərinin əsas vaxtını repetitorlarla ali təhsil müəssisələrinin qəbul imtahanlarına hazırlaşmağa sərf etməsi, fiziki yorğunluq, ingilis dilində yalnız linqvistik biliklərə üstünlük verilməsi, oxu materiallarına az vaxt ayrılması, təhsilalanların düşünmə bacarıqlarının inkişafı üçün uyğun mövzulara yer verilməməsini aid etmək olar. Buna görə də ingilis dilində şagirdlərin test nəticələrinin yüksək olmasına baxmayaraq, onlar tənqidi düşünmə bacarıqları üzrə öz inkişaf dinamikalarını tapa bilmir, hər hansı mövzu ətrafında sərbəst fikir ifadə etməkdə çətinlik çəkirlər.

Digər mövcud problem tədris proqramında tənqidi təfəkkürü formalaşdıran mövzulara az yer verilməsidir. Təlimdə motivasiyanın zəifliyi şagirdlərin təlimə marağını azaldır və qrup işlərində birgə əməkdaşlığa mənfi təsir göstərir.

Müəllimlərin üzləşdiyi əsas çətinliklər isə onların tənqidi təfəkkürün formalaşdırılmasında mühüm rolu olan təlim texnologiyaları haqqında təcrübəyə malik olmaması və müvafiq təlimlərdə iştirak etməməsi ilə bağlıdır. Ona görə də təhsilverənlər şagirdlərin sərbəst nitqini inkişaf etdirməyə təsir göstərən və onların düşünməsini təmin edən metodlardan istifadəyə əhəmiyyət vermirlər. Bir çox hallarda dərslər, əsasən, dərsliklərdə verilmiş tapşırıqları oxuyub cavablandırmaq, hazır dialoqların təkrar oxunuşu və qrammatik çalışmaları həll etməklə yerinə yetirilir. Dərslərdə qrup işləri aparılsa da, şagirdlərə yenə də dərslikdə verilmiş çalışmalar təqdim edilir. Bu cür fəaliyyətlə təlimdə keyfiyyəti təmin etmək və şagirdlərdə yaradıcı düşüncəni formalaşdırmaq çox çətindir.

Sxem 1 Şagirdlərin ingilis dili dərslərində fəaliyyətinin izlənməsi (X-XI siniflər), 2021

Sxem 1-də 25 şagird arasında mövzu ilə əlaqədar təhlillər aparmaq məqsədilə keçirilən monitorinqin faizlə göstəriciləri verilir. Göründüyü kimi, nəticə o qədər qənaətbəxş deyil. X sinif üzrə 13 şagirdin 4,5%-nin linqvistik biliklərə, 1,8%-nin şifahi müzakirələrə, 1,2%-nin sərbəst nitqə, XI siniflərdə isə 4,7%-nin linqvistik biliklərə, 1,6%-nin şifahi müzakirələrə, 1,4%-nin sərbəst nitqə malik olduğu müşahidə edilir. Bu təhlilə əsaslanıb, belə bir nəticəyə gəlmək olar ki, şagirdlərin ingilis dili dərslərində linqvistik biliklərin öyrənilməsinə daha çox yer verilməsi onların şifahi müzakirələrdə zəif iştirakına və nəticədə sərbəst nitqin zəif inkişaf etməsinə səbəb olur.

Digər tərəfdən, təhsilalanların sərbəst düşüncə qabiliyyəti ilə bağlı gündəlik qiymətləndirilmə aparılmadığından onlarda şifahi nitq üzrə motivasiya yaratmaq çətin olur. Aparılan müşahidə və təhlillər göstərir ki, ingilis dilinin orijinal mövzular ətrafında qrup müzakirələrində öyrənilməsi və şagirdlərin mövzuya münasibət bildirməsi, əldə etdiyi məlumatı dəyərləndirməsi, mövcud problemi faktlarla əsaslandırması üzrə fəaliyyətlər və metodiki üsullar tətbiq edilmir (Bensley, Crowe, Bernhardt, Buckner & Allman, 2010).

Ümumi orta təhsildə də ingilis dilində tənqidi təfəkkürün inkişafına təsir edən kommunikativ fəaliyyətlər, şifahi dialoqların yaranması, videomaterialların müzakirəsi, baş verən hadisələrə, problemlərə münasibətin bildirilməsi çox az müşahidə olunur.

TƏNQİDİ TƏFƏKKÜRÜN NƏZƏRİ ƏSASLARI

Yüksək səviyyəli düşünmə bacarıqlarının mənimsədilməsi ingilis dili üzrə kurikulumun tərkib hissəsidir. Tədqiqatlara görə, kurikulumun tələblərinə uyğun tənqidi və yaradıcı düşünmək qabiliyyətinə nail olmaq üçün şagirdlərdə əlverişli qərar qəbul etmək, eləcə də problemləri həll etmək bacarığı formalaşdırılmalı, intellektual, fiziki, emosional, mənəvi amillər düzgün balanslaşdırılmalıdır. Belə olduğu təqdirdə tənqidi düşüncə təhsil alanların öyrənmə təcrübəsini genişləndirər, xarici dilin mənimsənilməsini daha da asanlaşdırar. Çünki tənqidi təfəkkürün şagirdlərin nailiyyətləri ilə yüksək nisbətdə əlaqəsi var (Rafi, 2011).

Müxtəlif tədqiqatlar ingilis dilində yazı qabiliyyətinin təkmilləşdirilməsində tənqidi düşüncənin rolunu təsdiqləyir. Burada şagirdlərin dil biliyi və şifahi ünsiyyət qabiliyyətini nümayiş etdirmək üçün motivasiyanın rolu vurğulanır. Xarici dildən istifadə zamanı təhsilalanlara tənqidi təfəkkürün nümayiş etdirilməsi yolları öyrədilərsə, onlar təcrübəli dil istifadəçisi ola bilərlər. Pedaqoqlar ingilis dilində düşünmə bacarıqlarını inkişaf etdirmək üçün rahat sinif otaqları və səmərəli resurslardan istifadənin əhəmiyyətini də qeyd edirlər.

Picanın (2000) qeyd etdiyi kimi, ingilis dilinin tədrisi metodologiyasında dil və düşünmə bacarıqlarının inteqrasiyası periferik xarakter daşıyır. İddia olunur ki, dilin kommunikativ vasitə kimi öyrədilməsi şagirdlərin hədəf dildə bacarıqlı olmasına, həqiqətən, kömək etmir. O, qeyd edir ki, fikri məntiqi cəhətdən mükəmməl qurmaq üçün hədəf dildə yaradıcı və tənqidi düşünmək əsas şərtdir. Dil öyrənənlərdə tənqidi təfəkkürün artırılması isə akademik dil proqramının olması, kurikulumun tələblərinə uyğun tənqidi düşüncəni inkişaf etdirmək və linqvistik amillərin təsirindən kənara çıxmaqla mümkündür.

DİLİN TƏDRİSİNDƏ TƏNQİDİ DÜŞÜNCƏNİN İNKİŞAF ETDİRİLMƏSİ YOLLARI

Tənqidi düşüncə fərdlərin müstəqil düşünmək və düzgün qərarlar qəbul etmək qabiliyyətini artırır. Bu gün sürətlə dəyişən dünyada çox intensiv müşahidə olunan informativ və texnoloji yeniliklər inkarolunmaz həqiqətdir (Saavedra & Opfer, 2012; Trilling & Fadel, 2009; Voogt & Roblin, 2012). Bu dəyişikliklər bir sıra bacarıqlara, o cümlədən rəqəmsal media savadlılığına yiyələnməyi tələb edir. Dinləmək, danışmaq, oxumaq və yazmaq kimi bəzi bacarıqlar təhsilalanlara həm tənqidi düşünmək, həm də hər şeyi sərbəst ifadə etmək imkanı verir. Tənqidi düşüncəyə nail olmaq üçün bəzi yanaşmalar və metodlar tətbiq edilməlidir. Son araşdırmalara əsasən tənqidi təfəkkürün inkişafı üzrə yeni metodik yanaşmalar təqdim olunur (Sxem 2).

Sxem 2 Tənqidi təfəkkürün inkişafı yolları (Kow, 2016)

Sinif müzakirələri – tənqidi düşünmə, problem həll etmə və yaradıcılıq kimi bacarıqların istifadəsi üçün şagirdlərin motivasiyasını artıran bir metoddur. Müzakirələr düşünmə prosesini düzgün aparmağa kömək edir, çünki bu zaman şagirdlər maraqlı mövzu ətrafında faktlar əsasında dəqiq fikir bildirmək səriştəsi qazanır.

Debatlar və oyunlar – danışıq qabiliyyətini sürətləndirməklə, şagirdlərin düşüncəsinə təsir edir, onların zehnində tənqidi təfəkkürü zənginləşdirən çoxlu fikir və düşüncənin formalaşmasına səbəb olur. Mövzunun lehinə və əleyhinə olan çarpaz fikirlər debatın əsas xüsusiyyətidir.

Onlayn forumlar – həm yazılı həftəlik tapşırıqlar, həm onlayn müzakirə yazılarında şagirdlərin mövqelərini nəzərdən keçirməyə, həm də etibarlı onlayn mənbələrdən istifadə etməklə tədqiqatlar aparmağa kömək edir.

Sinifdənkənar layihələr – Layihə əsaslı öyrənmə (PBL) əsasında dildə olan faktların və anlayışların birbaşa təqdimatını təklif edir. Bu yanaşma həm də şagirdləri dildə yeni anlayışlarla tanış edir və müzakirələri təşviq etmək üçün bir vasitə kimi mürəkkəb real dünya problemlərindən istifadə etməyə həvəsləndirir. Karakuzular (2013) və Kow (2016) izah edir ki, tənqidi düşüncə layihə əsaslı təlimdə müşahidə nəticəsində toplanmış məlumatın aktiv şəkildə konseptuallaşdırılması, tətbiqi, təhlili, sintezi və ya qiymətləndirilməsinin intizamlı prosesidir.

Sərbəst yazı nümunələrinin hazırlanması – şagirdlərə müşahidə etdikləri maraqlı mövzular və hadisələr haqqında həftəlik yazı çalışmaları üzrə sərbəst fikirlər yazmaq tapşırılır. Burada əsas ideyanı yazmaq, uyğun sözlər işlətmək və mətnin ifadəli şəkildə təsviri təşkil edir. Yazıların müəllim və ya sinif yoldaşları tərəfindən təhlil edilməsi və qiymətləndirilməsi yeni düşüncənin yaranmasına səbəb olur. Həftəlik yazılar şagirdlərin mövzulara sərbəst yanaşmasına, yeni fikirlər əlavə etməsinə, öz münasibətlərini ifadə etməsinə və dilin daha mükəmməl öyrənilməsinə imkan yaradır (Kow, 2016; Rafi, 2011).

Bu özünüqiymətləndirmə prosesi üçün alətlər tənqidi düşüncə ilə təmin edilir. İnsanlar bu qabiliyyətə malik olmaqla karyerası üçün ən
etibarlı perspektivi təmin edir. Güclü tənqidi təfəkkür, fakt və ya hadisələrə düzgün münasibət bildirmək, obyektiv təhlil aparmaq deməkdir.

NƏTİCƏ

Şagirdlərin ingilis dilində tənqidi düşüncəyə malik olması vacib və zəruri bacarıqdır, çünki onlara istənilən situasiyadan çıxmağa və davranışları qiymətləndirməyə kömək edir.

Problemə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, ingilis dilində nitq çatışmazlığı tənqidi düşüncənin olmamasından qaynaqlanır. Effektiv metod və üsulların köməyi ilə tənqidi təfəkkürü formalaşdırmaqla, mövcud problemlərin həlli yollarını tapmaq, lazımi məlumatları toplamaq, tərtib etmək, məntiqi düşüncə, yalan və doğru məlumatları ayırd etmək, qiymətləndirmək, nəticə çıxarmaq kimi bəzi göstəricilərə malik yüksək düşünmə qabiliyyəti qazanmaq mümkün olur.

İstifadə edilmiş ədəbiyyat

1 Bensley, D.A., Crowe, D.S., Bernhardt, P., Buckner, C., & Allman, A.L. (2010). Teaching and assessing critical thinking skills for argument analysis in psychology. Teaching of Psychology, 37(2), 91-96.
2 Dewey, J. & Bento, J. (2009). Activating children’s thinking skills (ACTS): The effects of an infusion approach to teaching thinking in primary schools. British Journal of Educational Psychology, 79(2), 329-351.
3 Fisher, A. (2001). Critical thinking: An introduction. UK: Cambridge University Press. 
4 Karakuzular, D. (2013). Developing critical thinking skills of EFL learners through a sequence of critical thinking tasks. Unpublished
Master Thesis, Çukurova University, Social Sciences Institute, Adana.
5 Kow, H.M. (2016). Infusion of Critical Thinking across the English Language Curriculum: A Multiple Case Study of Primary School In-Service Expert Teachers in Singapore. Unpublished Doctoral Thesis, The University of Western Australia.
6 Rafi, M.S. (2011). Promoting critical pedagogy in language education. International Research Journal of Arts and Humanities, 39(39), 105.