MƏSAFƏDƏN TƏHSİLDƏ TƏLƏBƏLƏRİN MÜSTƏQİL İŞİNİN TƏŞKİLİNİN NƏZƏRİ VƏ PRAKTİK ƏSASLARI
Müasir dövrdə cəmiyyətin sosial-iqtisadi inkişafına əsaslı şəkildə təsir göstərən məsafədən təhsil sürətlə təkmilləşdirilir. Məqalədə məsafədən təhsildə tələbələrin müstəqil işinin təşkilinin nəzəri və praktik əsasları və yeni texnologiyaların tətbiqi məsələləri nəzərdən keçirilir. Distant təhsilin üstünlükləri, onun sosial, psixoloji, pedaqoji baxımdan çətinlikləri, həmçinin müəllim və tələbələr arasında yaranan informasiya mübadiləsi, distant təhsilin spesifik xüsusiyyətlərini xarakterizə edən prinsipləri əks olunur. Tələbələrin müstəqil fəaliyyətində fəal və qeyri-fəal üsulların tətbiqi zamanı yaranan problemlər, onların müəyyən edilmiş alqoritmlə həlli yolları, həmin alqoritmə dair tapşırıq növlərinin nümunələri göstərilir: məsələn, tələbələrin müstəqil işi üçün veb araşdırmaları ilə bağlı bilik növləri; tələbələrin müstəqil iş prosesində qarşılıqlı əlaqənin təşkili ilə bağlı tapşırıq növləri; tələbələrin müstəqil işi üçün veb səhifələr yaratmağa yönələn tapşırıq növləri və s. Qeyd olunur ki, məsafədən təhsil müəllim tərəfindən mənbə materialının təqdimatını, tələbələrin praktik tapşırıqlarının səviyyəsini və tapşırıqların fərdiləşdirmə dərəcəsini müxtəlif müstəqil iş formaları vasitəsilə müəyyən etməyə əlverişli zəmin yaradır.
DİSTANT TƏHSİLDƏ TƏLƏBƏLƏRİN MÜSTƏQİL İŞLƏRİNİN TƏŞKİLİNİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI
XXI əsrdə dünyada yaranmış pandemiya şəraiti məsafədən təhsili daha da aktuallaşdırdı. Bu gün “distant təhsil keyfiyyətcə yeni bir təhsil növüdür” (Nejurina, 1998) və “təhsil xidmətləri üzrə dünya bazarlarında rəqabətin güclənməsi şəraitində təhsildə beynəlxalq inteqrasiyanın artmasını, dünya miqyaslı vahid təhsil məkanının formalaşmasını nəzərə alsaq, distant təhsil Azərbaycanın təhsil sistemi üçün də xüsusi aktuallıq kəsb edir” (Əhmədov, 2010). Qeyd edək ki, Azərbaycan Respublikasının ali təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının bütün imkanlarından istifadə olunur. “Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədi və imkanlarına cavab verirsə, distant təhsil ənənəvi təhsilalma forması qədər səmərəli ola bilər” (Əhmədov, 2010). Onu da qeyd etmək lazımdır ki, bu gün müəllimin təhsil prosesində məsafədən təlim texnologiyalarından istifadə etməyə hazır olması onun peşəkar səriştəsinin bir hissəsidir. Məsafədən təhsil texnologiyalarının tətbiqi həm də tələbələrin öz ixtisası üzrə müstəqil şəkildə bilik əldə etməsi imkanını əhəmiyyətli dərəcədə artırır. Beləliklə, Azərbaycanın ali məktəblərində məsafədən təhsildə tələbənin müstəqil işinin yeni texnologiyalara və beynəlxalq tələblərə uyğun təşkili keyfiyyətin artırılması məqsədi daşıyır.
İndiki mərhələdə ali məktəbdə müstəqil iş təhsil prosesinin getdikcə daha vacib tərkib hissəsinə çevrilib. Dövlət Təhsil Standartlarının
və ali məktəbin normativ sənədlərinin tələblərinə uyğun olaraq tələbələrin müstəqil işi ali təhsil proqramının uğurlu inkişafını təmin edən bir sıra auditoriya və auditoriyadan kənar müstəqil fəaliyyəti tədris prosesinin məcburi tərkib hissəsidir. Bu işlər müəllimin bilavasitə köməyi olmadan həyata keçirilən planlaşdırılmış idrak, təşkilati və metodikyönlü fəaliyyətdir. Ona görə də, hər bir tələbə fərdi olaraq özünü inkişaf etdirmə qabiliyyətinə malik olmalı, təlimdə vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır. Beləliklə, “müstəqil iş” anlayışının mühüm xüsusiyyəti ondan ibarətdir ki, idrak və digər praktik fəaliyyətlər müstəqil, aktiv, tədqiqat xarakterlidir. Tələbələrin tədris prosesinin şəxsi və peşəkar məqsədlərinə çatmağa yönəlmiş tədqiqat və layihə fəaliyyətini təmin edir” (Pozdnyak, 2010).
Bu təhsilalma forması həm də çox yüksək əlçatanlıq şəraitində istehsalatdan ayrılmadan effektiv fundamental təhsili təmin edir” (Orexov, 1995). Təbii ki, tələbə müstəqil iş zamanı müəyyən problemlərlə qarşılaşır və özünü qeyri-ixtiyari onlara yönləndirir. Belə situasiyalarda ona lazım olan məlumatı seçir və onları necə istifadə edəcəyini müəyyən edir. Müəllim isə tələbəyə bunları icra etməkdə, sadəcə, kömək edə bilər. Ona görə də “tələbələrlə müəllimlər arasında, eləcə də tələbələrin öz arasında fəal məlumat mübadiləsini distant təhsilin üstünlüyü kimi qeyd etmək olar” (Tixonov, 1998). Beləliklə, “distant təhsil müəllimdən müəyyən qədər uzaq məsafədə olan tələbələr üçün təhsil prosesinin həyata keçirilməsidir (Tixomirov, 1997).
Xarici elmi ədəbiyyatlarda (Andreev, 1999) distant təhsil haqqında nəzəri və praktik cəhətlər öyrənilib. Eləcə də A.A.Verbitsky, A.A.Zolotareva, A.V.Xutorski, Q.L.Andrianova, Q.V.Mojayeva, N.D.Nikandrov, N.N.Neçayev, O.A.Kozlova, P.A.Nazarov, P.İ.Pidkasisty, V.İ.Ovsyannikov, V.L.Matrosov kimi rus alimlərinin distant təhsilin məqsədi və mahiyyəti, onun məsafədən təlimdə vəzifələri və prinsipləri, məsafədən idarə alətləri, müxtəlif texnologiyalardan istifadə, distant təhsilin tədris prosesinə tətbiqinin metodik və psixoloji-pedaqoji əsasları (müstəqil işin formaları, metodları, xüsusiyyətləri) araşdırılıb.
Respublikamızda isə bu sahədə bir sıra dissertasiya işləri (Əlizadə T.V. İnformatika təlimində distant təhsil elementlərindən istifadə (ali təhsil müəssisələrinin materialları əsasında və b.) müdafiə olunub, kitablar (Əhmədov İ.B. Ali təhsildə kompüter texnologiyaları; Qasımov V. Elm və təhsilin informasiya təminatı sistemləri; Pələngov Ə., Abdullayeva M. Orta məktəbdə informatikanın tədrisi metodikası: ümumi metodika; Əhmədov H.H. Qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi; Tağıyeva Z.Ə. Kompüter şəbəkələri. İnternet. Multimedia texnologiyaları: informatika və riyaziyyat-informatika ixtisası üzrə bakalavr pilləsinin tələbələri üçün dərs vəsaiti; və b.), məqalələr (İ.B.Əhmədov, Ç.İsmayılova, G.Muradova. Ali təhsildə kompüter texnologiyaları və b.), tezislər (B.İsmayılova. Distant təhsil: üstünlüklər, çatışmazlıqlar və müsbət təcrübə və b.) nəşr edilib. Lakin bununla belə, Azərbaycanda ali təhsil sistemində distant təhsilin səmərəli şəkildə təşkilinə dair elmi metodik cəhətdən əsaslandırılmış vəsait hələ yoxdur və bu, aşağıdakı ziddiyyətin yaranmasında mühüm amildir:
Məsafədən təhsilə ehtiyacın olmasının elmi cəhətdən əsaslandırılması səbəbindən tələbə və müəllimlərin əksəriyyətinin bu təhsilalma forması haqqında təsəvvürü azdır. Ona görə də distant təhsili kim və necə aparmalıdır, hansı distant alətlər məsafədən təlimdə əsas götürülməlidir kimi problemlər öz həllini tapmalıdır.
Beləliklə, bu mövzudakı elmi və metodiki ədəbiyyatı (Tolsteneva, 2012) təhlil edərək və müstəqil iş zamanı tələbələr üçün distant təhsilin xüsusiyyətlərini, üstünlüklərini nəzərə alaraq, əsas diqqətin aşağıdakılara yönəldilməsini məqsədəuyğun hesab edirik:
- ali təhsildə keyfiyyətin yüksəldilməsi və təhsilalanların problemlərinin həllinə kömək edəcək müstəqil işlərin təşkili;
- tələbələrin təhsil prosesində informasiya səriştəsinin formalaşmasına kömək edəcək müasir texnologiyalardan istifadə etməyə hazır olması.
Elmi ədəbiyyatların ümumi təhlilinə, həmçinin yerli və xarici müəlliflərin təcrübəsinə əsasən qeyd etmək olar ki, məsafədən təhsil prosesində tələbələrin müstəqil işinin təşkilində müxtəlif aspektlər araşdırılıb: distant təhsilin yaradılması və inkişaf etdirilməsinin əsasları, onun keyfiyyətini yüksəltmək imkanları, anket sorğusu əsasında distant təhsilin problemləri və onların həlli yolları, müstəqil işin təşkilində istifadə olunan yeni yanaşmalar, üsullar, vasitələr və s. Tələbələrin məsafədən təhsildə müstəqil işinin təşkilinin (nəzəri və praktik) təhlili göstərir ki:
- distant təhsil şəraitində tələbələrin müstəqil işi onlara və müəllimlərə mövcud olanları yeniləməyə və müvafiq səriştələrini formalaşdırmağa imkan verir;
- təhsilalanlar müstəqil fəaliyyətin həyata keçirilməsində müxtəlif informasiya və kommunikasiya texnologiyalarından istifadə təcrübəsi qazanırlar;
- tələbələr müasir texnologiyaları, elektron tədris vasitələri və məsafədən təhsil texnologiyaları əsasında öz müstəqil işlərini təşkil edirlər;
- tələbələrin məsafədən təhsildə müstəqil işinin təşkilinin effektivliyi və səmərəliliyi onların informasiya və elektron mədəniyyət imkanlarına uyğunlaşmasından asılıdır.
Elmi ədəbiyyatların (Vinnik, 2013) təhlilinin ümumiləşdirilməsi, distant təhsilin mahiyyətini xarakterizə edən spesifik cəhətlərin aşkara çıxarılmasına imkan verir. Onun spesifikliyi aşağıdakı fərqli xüsusiyyətlərə malikdir:
- tələbələrin yaşayış yerindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq sosial bərabərliyi;
- rahatlıq (təlimin vaxtı, yeri, tempi və həcmi nəzərə alınmaqla);
- təlim sahəsi, nəqliyyat, texniki vasitələrin xərclərini azaltmaqla maddi qənaəti təmin etmək.
Bu fərqli xüsusiyyətlər məsafədən təlimdə tələbənin müstəqil işinin təşkilinə uğur gətirir.
Distant təhsilin əsas spesifik cəhəti odur ki, müəllim koordinator kimi çıxış edir, təhsilalanların aktiv və inkişafetdirici öyrənmə metodlarını, müasir texnologiyaların düzgün müəyyənləşdirilməsinə müxtəlif mənbələrdən müstəqil olaraq bilik əldə edib tətbiq etməsinə kömək edir. Beləliklə, tələbə İnternet texnologiyaları vasitəsi ilə müstəqil iş aparmaq qabiliyyətinə malik olur və onlayn ünsiyyətdən istifadə edərək müəllimlə dialoq aparmaq imkanı qazanır.
Məsafədən təhsildə tələbənin müstəqil işinin təşkili indiki mərhələdə həm sosioloji, həm psixoloji, həm də pedaqoji baxımdan daha çox marağa səbəb olan problemlərdəndir. Buna görə də bəzi problemli məsələlərə və onların həlli yollarına diqqət yetirməyi məqsədəmüvafiq hesab edirik (Cədvəl 1).
Cədvəl 1 Məsafədən təhsil zamanı tələbələrin müstəqil işinin təşkilində sosial, psixoloji, pedaqoji problemlər və onların həlli yolları
Pandemiya şəraitinin təhsil sistemində yaratdığı problemlərin həlli məqsədilə elektron tədris vəsaitlərinin hazırlanması və onlardan səmərəli istifadə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə bilavasitə təsir edəcək amillərdir. Bu məqsədlə müxtəlif layihələrlə ali məktəb müəllimləri üçün təlimlərin keçirilməsinin də təsiri ola bilər. Çünki distant təhsilə keçid zamanı tələbələrin müstəqil işinin təşkili probleminin həllinin rasional yollarından biri universitet müəllimləri üçün distant təhsil kurslarının yaradılmasıdır. Bu vacibdir, ona görə ki, tələbələrin müstəqil işinin səmərəli təşkili üçün müəllimlərin pedaqoji dəstəyinə, onların bir “məşqçi rolu”na ehtiyacı vardır (Cədvəl 2).
Cədvəl 2 Ali məktəb tələbələrinin müstəqil işinin təşkilində müəllimin rolları
Tələbənin müstəqil işini təşkil etmək üçün müəllim müəyyən vasitələrdən istifadə edir (elektron kurslar, elektron testlər, elektron kitablar, veb seminarlar və s). Bu vasitələr videoseminarlar və konfranslar, telekonfranslar, elektron poçtla yazışmalar şəklində həyata keçirilir.
Cədvəl 3 Tələbənin müstəqil işini məsafədən təşkil etmək üçün vasitələr
Azərbaycanda məsafədən təhsil şəraitində tələbələrin müstəqil işinin təşkilində həm nəzəri, həm də praktik baxımdan ümumi sosioloji, psixoloji, pedaqoji problemləri araşdırıb, onların həlli yollarını tapmaq, distant təhsilin keyfiyyətinin artırılmasında ən mühüm amillərdəndir.
Bu gün distant təhsildə ali məktəb tələbələrinin müstəqil işinin inkişafı prosesi iki əsas istiqamətdə gedir:
- məsafədən təlim prosesində tələbənin müstəqil işinin təşkilinin yeni üsullarına əsaslanan distant təhsilin tətbiqi;
- tələbənin müstəqil işinin ənənəvi formalarının tətbiqi zamanı təhsilin keyfiyyətini artırmaq və dizaynını yaxşılaşdırmaq üçün distant təlimdən istifadə.
Qeyd etmək lazımdır ki, məsafədən təhsildə ali məktəb tələbələrinin müstəqil işinin həyata keçirilməsinin bir sıra üstünlükləri vardır. Bütün üstünlüklər bütövlükdə təhsilalanların müstəqil işlərinin təşkilinin nəzəri və praktiki əsaslarını əks etdirir.
Cədvəl 4 Məsafədən təhsildə tələbənin müstəqil işinin həyata keçirilməsinin üstünlükləri və onların xüsusiyyətləri
Cədvəl 4-ə əsasən deyə bilərik ki, tələbələrin müstəqil işi müəllimlərin rəhbərliyi altında İKT-dən istifadə etməklə interaktiv qarşılıqlı əlaqə əsasında həyata keçirilərsə, keyfiyyətli nəticələrin əldə olunmasına imkan yaranar.
Ali məktəb tələbələrinin müstəqil işinin təşkilinin məzmununun nəzəri və praktiki əsasları, distant təhsilin xüsusiyyətlərini xarakterizə
edən müəyyən prinsiplərlə izah olunur. Həmin prinsiplərə daxildir:
- Çeviklik prinsipi. Bu prinsip tələbənin müstəqil işinin inkişafı prosesi üçün əlverişli vaxtda, istənilən yerdə və uyğun tempdə həyata keçirilir. Tələbə seçdiyi mövzu üzrə istədiyi nəticələrə nail olmaq üçün lazım olduğu qədər müstəqil işləyir.
- Modulluq prinsipi. Bu prinsip tələbənin hər bir müstəqil işində, müəyyən bilik sahəsində seçdiyi mövzu üzrə bütöv təsəvvür yaratmağa, təhsilalanların fərdi qabiliyyətlərinə cavab verən yaradıcılıq fəaliyyətinin modulunun formalaşdırılmasına imkan verir.
- Təhsilin keyfiyyətinə nəzarət prinsipi. Tələbələrin müstəqil işinin keyfiyyətinə nəzarət forması olan bu prinsip məsafədən təşkil olunmuş müsahibələr, praktik tapşırıqlar, dizayn işləri, kompüterin ağıllı test sistemlərindən istifadə zamanı əlverişlidir.
- Xüsusi texnologiyalar və tədris vasitələri prinsipi. Tələbələrin müstəqil iş sahəsində müəllimin rolu onların idrak prosesini koordinasiya etməsi, müstəqil iş üçün fərdi plan tərtibində məsləhət verməsi, təhsil layihələrinə rəhbərlik etməsi və tələbələrin peşə səviyyəsində dəstəklənməsi kimi tələblər bu prinsipə aiddir. Müəllim və tələbə arasındakı belə asinxron qarşılıqlı əlaqə informasiya mübadiləsinin səmərəli təşkilinə zəmin yaradır.
Yuxarıda göstərilən prinsipləri ümumiləşdirərək, qeyd edə bilərik ki, onlar distant təhsil texnologiyasının xüsusiyyətlərini xarakterizə edir və pedaqoji kollektivlə tələbələr arasında məsafədən qarşılıqlı əlaqəni həyata keçirir. Bu cür əsaslarla təşkil olunan pedaqoji mühit məsafədən təhsildə tələbələrin müstəqil işinin inkişafı prosesini təmin edən bir sıra imkanlar yaradır:
- tələbənin müstəqil iş prosesində iştirak səviyyəsini göstərmək;
- tələbə üçün metodik dəstək hazırlamaq və müəyyən bir mövzuda müstəqil iş planlaşdırmaq;
- qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlə tələbə arasında qarşılıqlı əlaqə şəraitini təşkil etmək;
- ixtisas üzrə tələbələrin peşəkar səriştələrə yiyələnməsinə kömək etmək;
- tələbələrin müstəqil işə motivasiyasını artırmaq;
- tələbələrin müstəqil işlərinin inkişafına nəzarəti gücləndirmək.
Yuxarıdakı imkanları nəzərə alaraq deyə bilərik ki, tələbələrin müstəqil işinin təşkilində müasir ünsiyyət üsullarında mobilliyin olması vacibdir. Ona görə ki, ali məktəblər müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsini təmin etmək istiqamətində uğurlu fəaliyyət göstərən şəxsiyyət hazırlamalıdır. Beləliklə, elektron tədris texnologiyalarını tətbiq edən, elektron təlimin təşkilinin əsaslarını mənimsəyən, bu sahədəki bilik, bacarıq və motivasiyaya sahib olan hər bir tələbə ayrıca müstəqil işin təşkili üçün virtual təlim mühitini qurmaq imkanı qazanır.
DİSTANT TƏHSİLDƏ ALİ MƏKTƏB TƏLƏBƏLƏRİNİN MÜSTƏQİL İŞLƏRİNİN TƏŞKİLİNİN PRAKTİK ƏSASLARI
Distant təhsildə tələbənin müstəqil işinin həllində bir sıra məqamlara diqqət yetirmək vacib şərtdir:
- ümumiləşdirmək və sistemləşdirmək üçün yeni biliklərin mənimsənilməsi, həmçinin əvvəllər əldə edilmiş biliklərin dərinləşdirilməsi və təkrarlanması;
- öyrənilənlər üçün praktiki bacarıqların formalaşdırılması, fənlər, eləcə də gələcək ixtisas üzrə peşəkar bacarıqlar;
- əldə edilmiş biliklərin və bacarıqların praktikada (müstəqil işdə) tətbiqi.
Təhsilalanların müstəqil işləri üzrə “tədris prosesində müəllimlə münasibətdə olan tələbələr qrupu yaranırsa, onda məlumat axını daha bir neçə yöndə yaranır: müəllimdən bütün qrupa və əksinə, bütün qrupdan müəllimə, tələbədən qrupa və əksinə, qrupdan tələbəyə, tələbədən tələbəyə” (Əlizadə, 2019). Belə çıxır ki, müəllim və tələbələr arasında yaranan informasiya axını üç istiqamətə ayrılır:
- İnformasiyanın müəllimdən tələbəyə ötürülməsi;
- İnformasiyanın tələbədən müəllimə ötürülməsi;
- İnformasiyanın tələbədən qrupa və əksinə, qrupdan tələbəyə ötürülməsi.
Bu üç istiqamət təhsilalanların müstəqil işlərinin təşkilinin nəzəri və praktiki əsaslarını təşkil edir.
Məsafədən təhsildə müəllim və tələbənin fəaliyyət alqoritmlərini sintezləşdirərkən, onların arasında dialoqun qurulmasına, sosioloji-psixoloji-pedaqoji məsələlərə çevik reaksiya vermək imkanlarına xüsusi diqqət yetirilir. Bu cür qarşılıqlı əlaqə ortaya çıxan problemlərin (təlimin təşkili ilə bağlı həlli yolları, müəyyən bir mövzuda olan suallar, etik davranış qaydaları və digər problemli məsələlər) birgə həll olunmasına imkan yaradır.
Tələbələrin müstəqil işlərinin (TMİ) alqoritmi dedikdə, həm auditoriya, həm də auditoriyadankənar işləri əhatə edir. Auditoriyadankənar TMİ ev tapşırıqlarına aiddir. Auditoriya TMİ isə mühazirələrdə, praktiki və laboratoriya məşğələlərində yerinə yetirilir. TMİ-nin əsas növləri auditoriyaya hazırlıqdır (mühazirə, praktiki, seminar, laboratoriya məşğələləri və digər müvafiq müstəqil iş ilə bağlı tapşırıqları). Tələbənin müstəqil iş alqoritminin həyata keçirilməsində müəllim və tələbələrin qarşılıqlı əlaqəsi özünəməxsus xarakter daşıyır. Çünki müəllimin nəzarəti altında tələbələrlə həyata keçirilən müstəqil iş idarə olunan müstəqil iş kimi müəyyən edilir. Müəllim tərəfindən təşkil edilən TMİ-nin inkişafı prosesi müstəqil işin məzmununun açılmasında, zəruri materialın axtarışında, tələbələri özünümənimsəmə, özünüyoxlama və özünüidrak fəaliyyətinə yönəldir.
Müasir dövrdə tələbələrin müstəqil işinin təşkilinin səmərəliliyi, onun aktivləşdirilməsi tətbiq olunan yeni kompüter və İnternet texnologiyalarından asılıdır. Burada internet deyərkən, onun imkanları (keys texnologiyası, klaster texnologiyası, layihə, modul, reytinqli təlim texnologiyası və digər müxtəlif texnologiyalar) nəzərdə tutulur. Hər bir İnternet texnologiyası tələbələrin müstəqil işinin bir təlim forması kimi təqdim olunur və onların özünüinkişafı üçün səmərəli şərait yaradır. Buna görə də onların bu istiqamətdə istifadəsi məqsədəuyğundur. İnternet texnologiyaları vasitəsilə tələbələrin müstəqil işinin təşkili formaları Cədvəl 5-də verilir.
Cədvəl 5 İnternet texnologiyaları vasitəsilə tələbələrin müstəqil işinin təşkili formaları
Cədvələ əsaslanaraq, qeyd edə bilərik ki, “distant tədris məsafədən öyrətmə və öyrənmənin (tələbələrin idraki fəaliyyətinin) vəhdətidir. Bu təhsilalma formasını müəyyən edən əsas amillərə daxildir:
- müəllim və tələbələrin məsafə ilə bir-birindən ayrılması;
- müəllim və tələbələrin cəhdlərini birləşdirməyə imkan verən tədris vasitələrindən istifadə etmək və kursun mənimsənilməsini
təmin etmək; - müəllim, tələbə və kursun inzibati heyəti arasında interaktivliyin təmin edilməsi və s. (Andreev, 2000).
NƏTİCƏ
Distant təhsil tələbə ilə müəllim arasında məqsədyönlü, pedaqoji cəhətdən düzgün təşkil olunmuş informasiya resursları əsasında həyata keçirilən bir sıra təhsil texnologiyalarının istifadəsi ilə təmin olunur. Ona görə də məsafədən təhsildə tələbələrin müstəqil işinin səmərəli təşkil edilməsi üçün onun məzmununun elminəzəri və praktiki əsaslarını ümumiləşdirərək, aşağıdakı təkliflərin nəzərə alınması vacibdir:
- tələbə və müəllim arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirmək;
- distant təlimin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluq, iqtisadi səmərəlilik, tələbələrin müstəqil işinin təşkilində müəllimin rolu, müstəqil işinin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə etmək;
- tələbələrin müstəqil işində informasiyaları öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim etmək;
- tələbələrin müstəqil işində tədris metodik kompleksdən, kompüter, multimedia texnikası kimi təlim vasitələrindən istifadə etmək.
Beləliklə, distant təhsildə tələbələrin müstəqil işinin təşkilinin nəzəri və praktik əsaslarının ümumiləşdirilmiş təhlilinə əsaslanaraq qeyd etmək lazımdır ki, distant təhsil, xüsusən də müstəqil işin təşkilində tələbəyə müsbət təsir göstərir, onların özünüidarəetmə qabiliyyətini, təşkilati, yaradıcı və intellektual potensialını artırır.
İstifadə edilmiş ədəbiyyat
1 Andreev, A.A. (1999). Ali təhsil müəssisələrində distant təhsilin didaktik əsasları: dis. dr. ped. elmlər. Moskva, 306 s.
2 Asnovich, N.G. (2016). Sosial şəbəkələrin təhsil prosesində istifadəsi. IV Beynəlxalq Elmi və Texniki İnternet Konfransı, Minsk: BNTU, 18-19 noyabr, s. 147-150.
3 Azərbaycanda distant təhsil: vəzifələr, perspektivlər. Azərbaycan müəllimi qəzeti, 24.01.2014.
4 Blagodinova, V.V. (2013). Tələbələrin müstəqil işini təşkil etmək vasitəsi olaraq modul obyektyönlü təhsil mühiti. Nijni Novqorod Universitetinin bülleteni. N.İ. Lobaçevski, No 5-2, s. 28-32.
5 Bondarenko, T.A. (2019). Tələbənin müstəqil işinin təşkili üçün informasiya və kommunikasiya texnologiyalarından istifadə. Müasir pedaqoji təhsil problemləri. No 62-1. ilə. 57-65.
6 Əhmədov, H.H. (2010). Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı, “Elm” nəşriyyatı. 800 s.
7 Əhmədov, İ.B. (2016). Ali təhsildə kompüter texnologiyaları. Təhsildə İKT. Bakı, №3, s.235.
8 Əlizadə, T. (2019). Distant təhsilin əsas modelləri və metodları. “Azərbaycan məktəbi”, № 3 (688), səh. 129-139.
9 Xəlilov, T. (2020). 525-ci qəzet, 29 aprel. https:140835-distant-tehsil-mahiyyeti-veehemiyyeti.
10 İsmayılova, B. (2014). Distant təhsil: üstünlüklər, çatışmazlıqlar və müsbət təcrübə. “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, 4 dekabr, s. 189-192.
11 Klimenko, O.A. (2012). Sosial şəbəkələr təhsil prosesi iştirakçılarının öyrənmə və qarşılıqlı əlaqəsi vasitəsi olaraq. I İnternatura materialları. elmi. konf. Sankt-Peterburq: Renome, s. 405-407.
12 Qasımova, F.İ. (2018). Distant təhsilə və elmi tədqiqatlara yönəldilmiş informasiya sistemlərində istifadə olunan kommunikasiya metodlarının təhlili. s. 92.
13 Qəndilov, R.T., Əliyev, A.F. (2013). Təhsildə yeni informasiya və kommunikasiya texnologiyaları: problemlər, prioritetlər. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri. Bakı, № 1, s.59-61.
14 Nejurina, M.I. (1998). Distant təhsil üçün xüsusi bir məlumat və təhsil mühitinin təşkili və inkişaf etdirilməsi prinsipləri: dis. Cand. bunlar. elmlər. M., 160 s., s.28.
15 Orexov, V.D. (1995). Bazar şəraitində işləmək üçün menecerlərin yenidən hazırlanması üçün uzaq texnologiya. Moskva: Mexanik mühəndis, № 4-5, s.44-45, s.44.
16 Pokalo, O.G. (2009). Moodle Müəllim Bələdçisi. M., 39 s.
17 Pozdnyak, S.N. (2010). Tələbələrin müstəqil işinin təşkili üçün təlimatlar. Ekaterinburq: UrGPU, 30 s.
18 Tixomirov, V.P. (1997). Distant təhsil: tarix, iqtisadiyyat, meyillər. “Təhsildə standartlar: problemlər və perspektivlər”. II Beynəlxalq
konfransının materialları. Moskva: Nisan, s.201-205, s.202.
19 Tixonov, A.N., Abrameshin, A.E., Voronina, T.P. və digər. (1998). Müasir təhsilin idarə edilməsi: sosial və iqtisadi aspektlər. M.: Vita-press, 256 s., s.38.
20 Tolsteneva, A.A. (2012). Moodle elektron öyrənmə mühitindən istifadə edərək tələbələrin müstəqil işinin təşkilinin nəzəri və metodoloji əsasları. Gələcəyin Məktəbi, № 3, s. 102-108.
21 Vinnik, V.K. (2013). Distant elektron təhsil platformalarına baxış. Elmi axtarış. № 2.5, s. 5-7.