AZƏRBAYCANLI MÜƏLLİM KADRLARI HAZIRLIĞINDA İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ ROLU




İrəvan şəhəri tarixən azərbaycanlıların yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri olub. İrəvan xanlığı 1390-cı ildən 1828-ci ilədək azərbaycanlılar tərəfindən idarə olunub. Azərbaycanı işğal edən çar Rusiyası xanlığı ləğv edərək burada erməni vilayəti təşkil etmiş, İrandan 40 min və Osmanlı dövlətindən 84600 ermənini bu torpaqlarda yerləşdirmişdi. Bunlara baxmayaraq İrəvan şəhəri həmişə öz milli kaloritini qoruyub saxlayıb. Məqalədə 1881-ci ildə təşkil edilən İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllim kadrları hazırlığındakı rolundan bəhs olunur. Seminariya 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazıb. Seminariyanın məzunları azərbaycanlıların yaşadığı bölgələrdə dünyəvi məktəblərin açılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsində fəal iştirak etmiş, İrəvanda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində maarifin yayılmasında böyük fədakarlıq göstərmişdilər. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 dekabr 2021-ci il tarixində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla tarixi yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa hədəflənib.

MİLLİ YADDAŞIN BƏRPASINA HƏDƏFLƏNMİŞ SƏRƏNCAM

Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir. Keçmişi bilməmək yalnız indi baş verənlərin dərkinə deyil, həm də gələcəyə nüfuz etmək təşəbbüslərinə mane olur. Keçmiş bu günlə bağlı olduğu kimi, gələcəklə də sıx əlaqədardır. Təkcə bu günü deyil, sabahı – gələcəyi dərindən dərk etmək, qiymətləndirmək baxımından da keçmişi yaxşı öyrənməli və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmalıyıq. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci il tarixində imzaladığı “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam mühüm elmipedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Bu sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla tarixi yaddaşımızı bərpa etməyə və strateji məqsədlərə nail olmağa hədəflənib.

ÜLƏMA, FÜZƏLA VƏ ŞÜƏRA ŞƏHƏRİ – İRƏVAN

Zəngi çayının sahilində dağlarla əhatə olunmuş düzənlikdə salınan qədim Azərbaycan şəhəri İrəvan bölgədə təhsil-tərbiyə mədəniyyətinin, maarifin və maarifçiliyin inkişafında mühüm rol oynayıb. XX əsrin əvvəllərinə kimi şəhər əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edib. Erməni ensiklopediyasında da verilən xronoloji cədvələ görə, İrəvan 438 il (1390-cı ildən 1828-ci ilədək) azərbaycanlılar tərəfindən idarə olunub. 1828-ci ildə İrəvan xanlığı Rusiya tərəfindən ilhaq edildikdən sonra burada əhalinin milli tərkibi nəzərə alınmadan Erməni vilayəti təşkil edilib, İrandan 40 min və Osmanlı dövlətindən 84600 erməni qədim Azərbaycan torpağına yerləşdirilib (Shavrov, 1901). Ciddi demoqrafik dəyişikliyə baxmayaraq, həmin illərdə şəhər əhalisinin 9710 nəfərindən 7331 nəfəri (75,5 %) azərbaycanlı olub (Məmmədov, Əsədov, 1992). “Üləma, füzəla və şüəra” (F.B.Köçərli) yurdu kimi tanınan İrəvan şəhəri qısa bir vaxtda ictimai-siyasi, ədəbi-bədii və pedaqoji fikrin mərkəzinə çevrilib, Mirzə Qədim İrəvani, Fazil İrəvani, Axund Molla Məhəmməd İrəvani, Əbülqasım İrəvani, Abbas Məhəmmədzadə, Cabbar Əsgərzadə, Mirabbas Mirbağırov, Teymur xan Makinski, Rəşid bəy İsmayılov, Nəriman bəy Nərimanbəyov, Miryusif Mirbabayev, Əkbər ağa Şeyxülislamov, Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Maqsud Məmmədov, Heydər Hüseynov, Cəfər Xəndan, Əhməd Cəmil, Mirəli Seyidov, Kamil Əliyev kimi onlarla görkəmli ziyalıların ana yurdu kimi tanınıb. Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin də dediyi kimi, “İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır” (İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı). 

İRƏVANDA MAARİFÇİLİK MÜHİTİ

İrəvan quberniyasında yaşayan azərbaycanlıların sayı Bakı və Gəncə quberniyalarından sonra üçüncü yerdə idi. Burada ənənəvi məktəb və mədrəsələrin geniş şəbəkəsi mövcud idi. İrəvanın əhalisinin kameral siyahıya alınmasını həyata keçirən İ.İ.Şopenin yazdığına görə, XIX əsrin 20-ci illərinin sonunda İrəvanda 8 məscid fəaliyyət göstərirdi ki, bunlardan da 2-si qalanın içərisində yerləşirdi (Shopen, 1852).

Çar Rusiyasının İrəvan xanlığını işğal etdikdən sonra həmin məscidlərdən birindən silah, digərindən isə ərzaq anbarı kimi istifadə olunurdu. Həmin dövrdə şəhərdə Zalı xan, Novruzəli bəy, Sərtib xan, Hüseynəli xan, Hacı İmam, Hacı Cəfər bəy məscidləri fəaliyyət göstərirdi. 4 böyük məscidin dağıldığını bildirən İ.İ.Şopenin məlumatına görə, şəhərdə 332 axund və molla, 105 mirzə, 188 seyid, 10 dərviş yaşayırdı (Shopen, 1852). Fəaliyyət göstərən məscidlərin demək olar ki, hamısında mollaxana (ibtidai müsəlman məktəbi), böyük məscidlərdə isə mədrəsələr fəaliyyət göstərirdi. Yalnız Hüseynqulu xan məscidində 200 şagird (Shopen, 1852) oxuyurdu. Azərbaycanlılar böyüyən nəslin dini təhsil almasına xüsusi diqqət verirdilər. Mədrəsələrdə təhsilin məzmunu digər Şərq mədrəsələrində olduğu kimi, mürəkkəb və çətin idi. Burada ərəb dilinin qaydaları, tarix, təftil1, təcvid2, “Quran”ın təfsiri, hədislər, fiqh və məntiq, riyaziyyat, həndəsə, astronomiya, nəzəri fəlsəfə və tibb öyrədilirdi. Mədrəsələrin vahid proqramı və konkret təhsil müddəti yox idi. Təhsil müddəti tələbələrin dərsi mənimsəmə səviyyəsindən asılı idi. Mollaxanalarda (ibtidai müsəlman məktəbi) isə əksinə, təhsilin məzmunu sadə idi: oxu, yazı, ərəb və fars dilləri öyrədilir, tədris “Quran”ın avazla qiraəti ilə başa çatırdı. 1830-cu ildə Cənubi Qafqazda 1134 məscid mövcud idi ki, onların da əksəriyyətinin nəzdində ya mollaxana, ya da mədrəsə fəaliyyət göstərirdi. XIX əsrin 30-cu illərindən başlayaraq İrəvan quberniyasında dünyəvi təhsil intişar tapsa da, dini təhsil üstünlüyünü qoruyub saxlayırdı. 1864-1865-сi illərdə İrəvan quberniyasında 183 məscid, 70 ibadət evi azərbaycanlı əhalinin dini ehtiyaclarını qarşılayırdı.

1862-сi ildə İrəvan quberniyasında 206 təhsil müəssisəsi (dini və dünyəvi) fəaliyyət göstərirdi ki, orada 293 müəllim (azərbaycanlı, erməni və rus) dərs deyirdi. Şagirdlərin 4256-sı oğlan, 117-si qız idi ki, onlardan 1500 nəfərdən çoxunu müsəlmanlar (azərbaycanlılar — R.F.) təşkil edirdi (Voronov, 1869).

QTD-nin popeçiteli 1867-ci ildə Qafqaz sərdarına yazdığı illik hesabatında bildirirdi ki, məscid nəzdindəki müsəlman məktəblərinin və oradakı şagirdlərin heç olmasa, təxmini sayını müəyyən etmək təşəbbüsümüz heç bir nəticə vermədi. Hər halda onların sayı çox böyükdür, 800-dən çox məktəb, heç olmasa 15 min şagird var. Onların da xeyli hissəsi İrəvan azərbaycanlılarının payına düşürdü (Əhmədov, 2014). 1871-ci ilin məlumatına görə, İrəvan şəhərində 11 məscid məktəbi var idi və onların sayı ildən-ilə artırdı. 1884-cü ilin məlumatına görə, İrəvan şəhərində 8 şiə məscidi, 13 ibadət evi, İrəvan qəzasında isə 25 şiə məscidi, 56 ibadət evi (2-si sünnilər üçün) fəaliyyət göstərirdi.

1879-cu ilin məlumatına görə, İrəvan şəhərindəki 12 məscid məktəbində 12 müəllim 208 şagirdin, İrəvan qəzasında isə 8 məscid məktəbində 8 müəllim 160 şagirdin təhsili ilə məşğul olurdu.

Məscid elm ocağı olmaqla yanaşı, siyasi və ictimai məsələlərin həll edildiyi, xütbələr oxunduğu, insanların cihada çağırıldığı, dövlət başçılarına beyət edilən yer olmuşdur (Rüstəmov, 2022). Tanınmış ilahiyyatçı alim Hacı Sabir Həsənlinin qeyd etdiyi kimi, məscid ictimai həyatda bir növ parlament rolunu oynayırdı.

İrəvanda yeni məktəb sisteminin yaradılması XIX əsrin 30-cu illərinə təsadüf edir. Yerli xalqları itaətdə saxlamaq, ruslaşdırma və xristianlaşdırma siyasətini həyata keçirmək, çarizmin hökmranlığını möhkəmləndirmək məqsədilə milli ucqarlarda qəza məktəblərinin açılmasını nəzərdə tutan Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi (1829) qəbul olundu. Bu nizamnaməyə görə, cənubi Qafqazda 20 qəza məktəbinin açılması planlaşdırıldı. 1832-ci ildə İrəvan şəhərində ilk dünyəvi məktəb – ikisinifli qəza məktəbi yaradıldı. Qəza məktəbi 1839-cu ildə üç sinifli qəza məktəbinə, 1869-cu ildə 4 sinifli progimnaziyaya, 1881-ci ildə gimnaziyaya çevrildi. Gimnaziyanın 600-ə yaxın azərbaycanlı məzunu olmuşdu. Görkəmli Azərbaycan maarifçisi F.B.Köçərlinin pedaqoji fəaliyyətinin on ili bu gimnaziya ilə bağlıdır. İrəvan şəhərində yeni üsullu ana dilli məktəblərin meydana gəlməsi də həmin dövrə təsadüf edir. Məşədi Molla İsmayıl Hacı Kazımov, Mirzə Kazım Əsgərzadə 1882-ci ildə, Mirzə Həsən Rüşdiyyə 1883-cü ildə Təbrizdən İrəvana gələrək orada yeni üsullu məktəblər açdılar. İrəvan quberniyasında ildən-ilə qəza məktəblərinin və ibtidai kənd məktəblərinin yaradılması xalq müəllimlərinə zəruri ehtiyac yaratmışdı. O dövrdə ibtidai məktəblər üçün xalq müəllimləri seminariyalarda və müəllimlər institutlarında hazırlanırdı.

1911-сi ildə İrəvan quberniyasında 1 kişi, 2
qadın gimnaziyası, 1 qadın progimnaziyası, 1
müəllimlər seminariyası, 7 şəhər məktəbi, 158
ibtidai məktəb fəaliyyət göstərirdi. Bu məktəblərin
əksəriyyətində azərbaycanlılar və
ermənilər birlikdə oxuyurdular. Bundan əlavə yalnız azərbaycanlıların təhsil aldığı 11 məktəb, 1 kommersiya məktəbi və xüsusi progimnaziya fəaliyyət göstərirdi (Kavkazskiy kalendar na 1896 god. 1885). Kişi gimnaziyasında təhsil alan 624 nəfərdən 106-sı rus, 21-i gürcü, 340-ı erməni, 123-ü azərbaycanlı, 2-si dağlı, 32-si digər millətin uşaqları idi (Kavkazskiy kalendar na 1896 god. 1885). Qadın gimnaziyasında təhsil alan 462 nəfərdən 16-sı, progimnaziyada isə 252 nəfərdən 4-ü azərbaycanlı idi (Kavkazskiy kalendar na 1896 god. 1885).

İrəvan Müəllimlər Seminariyasında 128 nəfər təhsil alırdı ki, onlardan da 30 (23,4%) nəfəri azərbaycanlı, 37 (28,9 %) nəfəri erməni, 52 (40,6%) nəfəri rus idi. Həmin dövrdə Zaqafqaziya Müəllimlər Seminariyasında 132 nəfərdən 54-ü (40,9%) (Kavkazskiy kalendar na 1896 god. 1885), İrəvan şəhər məktəbində oxuyan 152 nəfərdən 39-u azərbaycanlı idi (Məmmədov, Əsədov, 1992). İrəvan xalq məktəbləri direksiyasına tabe olan məktəblərdə oxuyan 9561 nəfər oğlandan 1580 nəfəri, 1855 qızdan 119-u azərbaycanlı idi (Kavkazskiy kalendar na 1896 god. 1885). 

MÜƏLLİM SEMİNARİYALARI 

XIX əsrin 60-cı illərindən başlayaraq Rusiyada pedaqoji təhsilin inkişafına xüsusi diqqət yetirilməyə başlandı. Bu da, hər şeydən əvvəl, ölkə daxilində yürüdülən siyasətlə bağlı idi. Bu dövr Rusiyada siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrini əhatə edən inqilabi hərəkat dövrü idi. 60-cı illərin pedaqoji hərəkatı o dövrdəki ictimai hərəkatın bir hissəsi idi. Təhkimçilik tərbiyəsinin kəskin tənqidi, silki məktəb və erkən ixtisaslaşma əleyhinə çıxışlar, ümumi təhsil, qadın təhsili uğrunda mübarizə, uşaq şəxsiyyətinə ehtiram, xalq məktəblərini çoxaltmaq tələbi XIX əsrin 60-cı illərində mütərəqqi rus pedaqoji fikir nümayəndələrinin irəli sürdüyü mühüm məsələlərdən idi. Həmin illərdə rus pedaqogikasının inkişafında bir neçə cərəyan özünü göstərirdi.

Bunlardan ən mütərəqqisi inqilabi-demokratik pedaqoji cərəyan idi. Bu cərəyanın nümayəndələri yeni məktəblərin açılmasını, müəllim hazırlığını vacib hesab edirdilər. İlk vaxtlar müəllim kadrları Rusiyada ikiillik pedaqoji kurslarda, kilsə-müəllimlər məktəbində, gimnaziyaların nəzdindəki pedaqoji siniflərdə, müəllimlər seminariyalarında hazırlanırdı.

XIX əsrin 60-cı illərində Rusiyada müəllimlər seminariyası ən geniş yayılmış təhsil ocaqlarından biri idi. Müəllimlər seminariyalarının planı görkəmli rus pedaqoqu K.D.Uşinski tərəfindən hazırlanmışdı. Onun hazırladığı “Müəllim seminariyasının layihəsi” 1861-ci ildə nəşr olunmuşdu. Bu layihədə ibtidai xalq məktəbləri üçün müəllim hazırlığının geniş planı verilmişdi. K.D.Uşinski bu əsərində Rusiyada müəllim seminariyalarının təşkilinin zəruriliyini sübut edirdi. Bu təhsil müəssisəsi xalq məktəbləri üçün müəllimlərin hazırlanması məqsədi daşıyırdı. K.D.Uşinskinin müəllim haqqında fikirləri öz ifadəsini məhz həmin layihədə tapmışdı. K.D.Uşinskiyə görə, müəllim məktəbdə mühüm simadır, onun şəxsiyyəti tərbiyədə hər şeydir, buna görə də o, yüksək elmi səviyyəyə, əxlaqi sifətlərə, aydın və dəqiq biliklərə malik olmalıdır. Onun fikrincə, seminariyanın əsas vəzifəsi dövlət məktəbləri, qapalı tip təhsil müəssisələri üçün müəllimlər hazırlamaqdan ibarət idi. K.D.Uşinski rus pravoslav kilsəsini məktəbin əsas dayağı hesab edirdi. Əxlaq onun tərəfindən yalnız bütün rus mentalitetinə nüfuz edən pravoslavlıq çərçivəsində düşünülürdü. Seminariyanın tədris planına ilahiyyat, hesab, qrammatika, kilsə slavyan dili, tarix, qanunvericilik, botanika və zoologiya, coğrafiya, təbiət elmləri, kənd təsərrüfatı, tibb, xəttatlıq, rəsmxət, rəsm, nəğmə fənlərinin daxil edilməsini vacib sayırdı. Beləliklə, K.D.Uşinski bütün Rusiyada müəllimlər seminariyaları şəbəkəsinin yaradılması üçün zəruri olan nəzəriyyəni işləyib hazırladı.

1863-cü ildə Moskvada müəllimlər seminariyası açıldı. Burada progimnaziyalar üçün müəllim və tərbiyəçilər hazırlanırdı. 1864-cü ildə Qərbi Belarusda eksperiment olaraq müəllimlər seminariyası açıldı. Həyatını ibtidai məktəblərdə işləməyə həsr edən pravoslav dininə mənsub olanların seminariyaya qəbulu planlaşdırıldı, Xalq Təhsili Nazirliyi tərəfindən seminariyalar üçün təlimat və qaydalar hazırlandı.

1870-ci ildə “Müəllimlər seminariyası haqqında əsasnamə” qəbul edildi. 1875-ci ildə seminariya ilə bağlı təlimati xarakterli sənəd nəşr olundu. Seminariyaya ikisinifli məktəbi (tədris müddəti 4-5 il) bitirmiş şagirdlər qəbul olunurdu. Seminariyada ümumi yataqxanalar var idi. Tələbələr ya dövlət, ya da zemstvo hesabına oxuyurdu. İlk vaxtlar seminariyaya ancaq oğlanlar qəbul olunurdu, sonralar qızlar üçün də seminariyalar açıldı. 1872-ci ildə Rusiyada 52 müəllimlər məktəbi və seminariya fəaliyyət göstərirdi. 1874-1899-cu illərdə Rusiyada 23 yeni müəllimlər seminariyası açıldı.

Müəllim seminariyaları 1917-ci ilə kimi “Müəllimlər seminariyaları haqqında Əsasnamə” (1870) və “Xalq Maarif Nazirliyinin müəllimlər
seminariyaları haqqında təlimat” əsasında fəaliyyət göstəriblər.

Həmin dövrdə Xalq Maarif Nazirliyi yaranma şərtinə, maliyyələşmə mənbəyinə və idarəedilməsinə görə müəllimlər seminariyasının 3
tipini müəyyən etmişdi: 1) yalnız xəzinə hesabına deyil, həm də digər mənbələr hesabına maliyyələşən dövlət müəllim seminariyası;
2) qeyri-ruslar üçün dövlət müəllim seminariyası; 3) zemstvo və özəl müəllimlər seminariyaları və məktəblər (Prugavin, 1898).

1870-ci il noyabrın 8-də Xalq Maarif Nazirliyinin icazəsi ilə müəllimlər seminariyalarında hazırlıq siniflərinin açılmasına icazə verildi. Müəllim seminariyalarının və kənd müəllimlərinin nüfuzunu yüksəltmək məqsədi ilə 28 dekabr 1871-ci ildə xüsusi fərman verildi. Fərmanda müəllimlər seminariyasının kənd ibtidai dövlət məktəbində 12 illik qüsursuz işləyən məzunlarına fəxri vətəndaş adının verilməsi qərara alındı.

1896-cı ildə seminariyaların tədris planına xeyli əlavə fənlər (nəğmə, musiqi, əl əməyi, kənd təsərrüfatı) daxil edildiyindən eksperiment kimi 4 illik təhsilə keçildi. 1898-ci ildə müəllimlər seminariyalarının nəzdində birsinifli ibtidai məktəbin əvəzinə ikisinifli məktəbin açılmasına, məzunların orta təhsil müəssisələrində sinif müəllimi köməkçisi vəzifəsi tutmasına icazə verildi.

15 oktyabr 1898-ci ildən müəllimlər seminariyalarının şagirdləri üçün xüsusi geyim forması təsis edildi. Uniforma gimnaziya tələbələrinin geyiminə bənzəyirdi. Onlar həm də papaqda metal nişan və məktəbin baş hərfləri yazılmış toqqa gəzdirirdilər.

Həmin dövrdə Moskva, Peterburq, Xarkov, Kazan, Odessa təlim dairələrində xeyli müəllim seminariyaları fəaliyyət göstərsə də, seminariyalar regionlar üzrə düzgün paylanmamışdı. Belə ki, Rusiyanın milli ucqarları bu bölgüdən kənarda qalmışdı. Yalnız yeni əsasnaməyə və 1875-ci ildə təsdiq edilmiş təlimati xarakterli məktuba əsasən Kubanda (1871), Qoridə (1876) və İrəvanda (1881) müəllim seminariyaları açıldı.

“Qafqaz kalendarı”nda göstərilir ki, 1911-ci ildə Qafqazda 1 müəllimlər institutunda və 8 müəllimlər seminariyasında (Zaqafqaziya, Kutaisi, Stavropol, Terek, İrəvan,Yekaterinador, 1-ci və 2-ci Kuban müəllimlər seminariyaları) 896 tələbə təhsil alırdı ki, onlardan da 488-i rus,103-ü gürcü, 84-ü azərbaycanlı, 49-u erməni, 17-si dağlı, 41-i digər millətin nümayəndələri idi. Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan 56 nəfər müsəlmandan 54-ü azərbaycanlı, İrəvan Müəllimlər Seminariyasında oxuyan 30 nəfər müsəlmandan 30-u da azərbaycanlı idi (Kavkazskiy kalendar, 1912). 1913-cü ildə Rusiyada fəaliyyət göstərən 128 müəllimlər seminariyasında 12190 tələbə, Qafqazdakı 9 seminariyada isə 972 nəfər oxuyurdu (Voytekhovskaya, 2013). 1914-cü ildə Rusiya imperiyasında 128 müəllimlər seminariyası fəaliyyət göstərdiyi halda, 1917-ci ildə onların sayı 192-yə çatmışdı.1917-ci ildən sonra Rusiyada müəllimlər seminariyaları 3 illik pedaqoji kurslara, sonra isə pedaqoji texnikumlara çevrildi.

İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ TƏŞKİLİ

Müəllimlər seminariyasının ilk əsasnaməsinə görə, bu tip təhsil müəssisəsinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna
bilərdi. 1875-ci ildə qəbul edilən “Müəllimlər seminariyaları haqqında təlimat”da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. 1879-cu ildə Daşkənddə Türküstan Müəllimlər Seminariyası, Orsk şəhərində Qazax Müəllimlər Seminariyası açıldı. Rusiya Dövlət Şurası 20 oktyabr 1880-ci ildə “Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” qərar qəbul etdi (Sbornik postanovleniy po Ministerstvu narodnogo prosveshcheniya Tsarstvovaniye imperatora Aleksandra II. 1883).

İrəvan Seminariyasına dövlət xəzinəsindən 28.350 rubl vəsaitin ayrılması nəzərdə tutuldu. Xalq Maarif Nazirliyi tərəfindən İrəvan Müəllimlər Seminariyasının ştat cədvəli (Cədvəl 1) təsdiq olundu (Sbornik postanovleniy po Ministerstvu narodnogo prosveshcheniya Tsarstvovaniye imperatora Aleksandra II. 1883).

Cədvəl 1 İrəvan Müəllimlər Seminariyasının Xalq Maarif Nazirliyi tərəfindən təsdiq olunmuş ştat cədvəli

İrəvan Müəllimlər Seminariyası 8 noyabr 1881-ci ildə 9 müəllim, 42 şagirdlə fəaliyyətə başladı. İlk vaxtlar seminariyanın binası yox idi. İrəvan Xalq Təsərrüfatı İnstitutunun indiki binasında fəaliyyət göstərirdi. Seminariyanın ilk direktoru görkəmli maarifçi Yakob Stepanoviç Suşevski idi (Kavkazskiy kalendar, 1881). O, ilk illərdə seminariyanın təşkilində böyük çətinliklərlə qarşılaşmalı oldu. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin popeçiteli A.O.Çernyayevskinin seminariyaya azərbaycanlı tələbələrin cəlb edilməsindəki çətinlikləri o da yaşamalı oldu. Kuban və Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının mütərəqqi ənənələrindən bəhrələnən Y.S.Suşevski çətinliklə də olsa ilk tədris ilində seminariyaya 9 müəllimin, 42 şagirdin cəlb edilməsinə, maliyyə məsələlərinin həllinə nail oldu.

İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladığı ilk dövrdə tədris prosesi üçün lazımi səviyyədə əlverişli şəraiti olmayan, illik icarə haqqı 5 min rubl olan birmərtəbəli binada yerləşmişdi. Binanın qapısının üzərindən kiçik bir lövhə asılmışdı. İrəvan təhsil tarixinin tanınmış tədqiqatçısı dosent Cəlal Allahverdiyevin araşdırmalarına görə, həmin lövhənin üzərində əski ərəb əlifbası ilə bu sözlər yazılmışdı: “Əcəb səadətə çatdıq görüb əsl səidi, bu zülmət içrə göründü gözə “Ziyayi-Rəşidi3.

1901-ci ildə seminariyanın pedaqoji şurası təhsil müəssisəsi üçün ayrıca bina tikmək qərarına gəldi, şəhərin yuxarı hissəsində (Daşlı küçədə) bağlarla əhatə olunmuş ərazi məktəb binası üçün ayrıldı. Bir il sonra memarlar Vasili Mirzoyan və Nikolay Kitkin layihəsi əsasında binanın tikintisinə başlandı. 1905-ci ildə tikintisi başa çatan binada on il İrəvan Müəllimlər Seminariyası fəaliyyət göstərdi. 1915-ci ildə bina kazarmaya çevrildiyindən seminariya Armavirə köçürüldü. İki il müəllimlər seminariyası kimi fəaliyyət göstərən təhsil ocağı 1917-ci il fevral burjua inqilabından sonra Rusiya imperiyasının digər seminariyaları kimi üçillik pedaqoji kursa çevrildi və 1918-ci ildə isə öz fəaliyyətini tamamilə dayandırdı.

Seminariyada ilahiyyat fənlərini P.Q.Qambarov (pravoslav), keşiş Q.Q.Amanasyanç (erməniqriqoryan) və Axund Məmmədbağır Qazızadə (islam) tədris edirdi. Axund Məmmədbağır Qazızadə həm də tatar (Azərbaycan) dili müəllimi vəzifəsində çalışırdı. 1883-cü ildə seminariyada A.A.Karamosko, İ.A.Tamamşev, S.A.Nazaryan, A.O.Raymeman, Bazılyeviç, E.K.Bayor kimi müəllimlər çalışırdı. 1884-cü ildə P.Q.Qəmbərov keşiş A.Sokolovla əvəz olunmuş, yuxarı siniflər açıldığından yeni müəllimlər – İ.M.Klopov (rus dili və tarix), A.İ.Lyaudanski (riyaziyyat), V.Dıviçkiy (təbiət elmləri və coğrafiya), N.A.Suvorov (ibtidai məktəbin müdiri), S.N.Kaspadze, A.B.Zeldliç, V.V.Zaüçov və b. pedaqoji fəaliyyətə cəlb edilmişdir. 1885-ci ildə müəllimlərin sayı 12-yə, 1889-cu ildə 13-ə çatdı. Kollektivin təcrübəli, öz işini sevən müəllimlərdən təşkil edilməsi seminariyada təhsil-tərbiyə işlərinin ildən-ilə yaxşılaşmasına, nümunəvi tədris müəssisəsinə çevrilməsinə səbəb oldu.

Qafqazdakı digər seminariyalar kimi, İrəvan Müəllimlər Seminariyasının da tərkibi beynəlmiləl idi. İlk təhsil ilində seminariyaya qəbul olunan 42 şagirdin 8-i rus, 28-i erməni, 6-sı azərbaycanlı idi. İkinci tədris ilində azərbaycanlıların sayı xeyli artdı. İkinci tədris ilinin sonunda tələbələrin ümumi sayı 54 nəfər olmuşdu ki, onlardan da 7-si rus, 23-ü azərbaycanlı, 23-ü isə erməni idi (İbrahimov, 1982).

Arxiv sənədlərindən məlum olur ki, hər il 15 nəfər azərbaycanlı tələbənin İrəvan Müəllimlər Seminariyasında dövlət vəsaiti hesabına
oxuması və pansionda yaşaması müəyyənləşdirilmişdi (Azərbaycan Respublikası. DTA, iş 279)

Seminariyada təhsil müddəti 3 il idi, nəzdində hazırlıq sinfi, nümunəvi ibtidai məktəb fəaliyyət göstərirdi. Seminariya iki qrupla (böyük hazırlıq qrupu və birinci qrup) başlamışdı. 1883-cü ildə üçüncü sinif təşkil olunmuşdu.

Seminariya tələbələri pedaqoji təcrübəni həmin məktəbdə keçirdilər. Seminariyanın nəzdində pansionat (yataqxana) fəaliyyət göstərirdi. Burada azərbaycanlılarla bərabər, erməni, gürcü, rus və digər xalqların uşaqları təhsil alırdı. Seminariyanın əsasnaməsi Qori Müəllimlər Seminariyasının əsasnaməsi ilə eynilik təşkil edirdi. Digər seminariyalar kimi, İrəvan Müəllimlər Seminariyası da 4 sinifdən ibarət idi. Hər il hazırlıq qrupuna və birinci sinfə şagird qəbulu elan edilirdi. Şagirdlərin II və III siniflərə birbaşa qəbuluna icazə verilmirdi. İbtidai məktəb müəllimi olmaq istəyənlər progimnaziyanın ikinci sinfinin proqramına uyğun olaraq ilahiyyat, rus dili, hesab, həndəsə, coğrafiya, tarix və biologiya fənlərindən imtahan verməli olurdular. 1883-1884-cü tədris ilində hazırlıq qrupunda həftəlik dərs saatlarının miqdarı 36 saat, I sinifdə 38 saat, II sinifdə 39 saat, IV sinifdə isə 40 saat olmuşdu. Sonrakı illərdə şagirdlərin və müəllimlərin sayı artmışdı.

NÜMUNƏ MƏKTƏBİ

Seminariyanın nəzdində nümunə məktəbiibtidai məktəb fəaliyyət göstərirdi. 1896-cı ildə məktəbin müəllimləri bu şəxslər idi: N.A.Suvorov, A.İ Sokolov (keşiş), Q.Amanasyanç (erməniqriqoryan), Məmmədbağır Qazızadə (şəriət) (Kavkazskiy kalendar, 1912).

Təhsilin müddəti 3 il idi. Rus dili və hesab birinci dərəcəli fənlər hesab edildiyindən onların tədrisinə xüsusi diqqət yetirilirdi. Ana dili, nəğmə, rəsm, təbiət və digər fənlər ikinci dərəcəli fənlər hesab edilirdi. İbtidai məktəbdə şagirdlərin ətraf aləmlə tanışlığına, sinifdənxaric tədbirlərin təşkilinə, onların fiziki, əxlaqi, estetik tərbiyəsinə mühüm əhəmiyyət verilirdi. Seminaristlər ibtidai məktəbin tədbirlərində iştirak edir, şagirdlərlə müxtəlif oyunlar təşkil edir, müəllimin ən yaxın köməkçisi rolunda çıxış edirdilər. Seminaristlər pedaqoji təcrübəni həmin məktəbdə keçirdilər. 1882-1883-cü tədris ilində ibtidai məktəbdə 61 şagird təhsil alırdı ki, onlardan da 13-ü azərbaycanlı, 38-i erməni, 10-u rus millətinin nümayəndələri idi. 1889-1900-cü illərdə şagirdlərin sayı 82 nəfərə çatmışdı. Nümunə məktəbinin müdiri ayrı-ayrı vaxtlarda V.A.Muxin, A.Suvorov, ilk azərbaycanlı müəllimi isə Məşədi Bağır Qazızadə olmuşdu. Aşağı hazırlıq sinfində azərbaycanlı uşaqları həftədə 5 saat rus dili, 5 saat riyaziyyat, 4 saat ilahiyyat, 2 saat tarix, 2 saat coğrafiya, 2 saat fizika, 2 saat təbiətşünaslıq, 2 saat nəğmə, 2 saat hüsnxət, 2 saat rəsm, 2 saat rəsmxət (həftədə cəmi 30 saat) öyrənirdilər. Azərbaycanlı uşaqlar rus dilini, rus adətənənəsini, tarixini və coğrafiyasını öyrəndikdən sonra xristian uşaqları ilə birlikdə oxuya bilərdilər. Aşağı hazırlıq sinfinə rus dilini bilməyən uşaqlar qəbul olunurdu. Azərbaycanlı şagirdlərin aşağı hazırlıq siniflərinə daxil olması və seminariyada 5 il oxuması məcburi deyildi. Siniflər komplektləşdirilərkən şagirdlərin hazırlıq səviyyələri nəzərə alınırdı. Rus dilində danışmağı bacaran, müəyyən hazırlıq səviyyəsi olan şagirdlər yuxarı hazırlıq siniflərinə, yaxud birinci sinfə qəbul edilirdi. Seminaristlər 2-ci sinifdə 4 saat, 3-cü sinifdə 8 saat ibtidai məktəbdə təcrübədə olurdular.

Mətbuat səhifələrində Ordubad məktəbinin seminariyanın təcrübə məktəbi olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Belə ki, 1854-cü ildə açılan Ordubad məktəbi 1897-ci ildə 2 sinifli şəhər məktəbinə çevrilmişdi. İrəvan şəhərində qəza məktəbi, ibtidai məktəb və yaxınlıqda Uluxanlı məktəbi olduğu halda, tələbələrin İrəvan şəhərindən xeyli uzaqlıqda yerləşən Ordubad məktəbinə təcrübəyə aparılması real görünmür. Yanlışlığa əsas səbəb “Qafqaz kalendarın”da Ordubad məktəbindən bəhs edildikdən sonra İrəvan seminariyasının nəzdindəki ibtidai məktəb haqqında yazılmasıdır. İlk baxışda elə təsəvvür yaranır ki, söhbət Ordubad məktəbindən gedir. Əslində isə seminariyanın nəzdindəki ibtidai məktəbdən, onun müəllimi N.A.Suvorov, ilahiyyat müəllimləri M.K.Kapiton, Q.Amanasyanç və Məmmədbağır Qazızadə haqqında məlumat verilir. Ordubad məktəbində isə həmin dövrdə ilahiyyat müəllimi Mirzə Yəhya Səməndərov olub.

SEMİNARİYADA TƏHSİLİN MƏZMUNU

Seminariyada tədris ili 38 tədris həftəsindən, təxminən 210-215 gündən ibarət (bayram günləri istisnasız) olurdu.

Seminaristlər üç il müddətində Azərbaycan dili ilə bərabər, ilahiyyat, rus dili, riyaziyyat, tarix, coğrafiya, fizika, təbiətşünaslıq, pedaqogika, nəğmə, hüsnxət, rəsmxət, rəsm, gimnastika fənlərini öyrənirdilər. Rusiyada digər tədris müəssisələri kimi, seminariyaların da tədris planları tez-tez dəyişdirilirdi. Məsələn, 1890-cı ildə təsdiq edilən müəllimlər seminariyalarının tədris planında 1 və 2-ci siniflərdə həftədə 24, 3-cü sinifdə 20 saat tədris yükü nəzərdə tutulmuşdu (Cədvəl 2).

Cədvəl 2 İrəvan Müəllimlər Seminariyasının 1890-cı il tədris planı

Gimnastika və əl işləri yerli dillər (Azərbaycan dili, erməni dili) kimi fakültativ məşğələlərdə öyrədilirdi.

1903-cü ildə həftəlik tədris yükləri xeyli artırıldı. Seminaristlər hazırlıq qrupunda həftədə 30, 1-ci sinifdə 31, II sinifdə 33, III sinifdə 28
saat dərs keçməli idilər (Cədvəl 3).

Cədvəl 3 İrəvan Müəllimlər Seminariyasının 1903-cü il tədris planı

Cədvəldəki həftəlik saatlar tədris planının invariativ hissəsi idi, bütün müəllimlər seminariyalarında olduğu kimi istifadə edilirdi, variativ hissə isə yerli şəraitə uyğunlaşdırılır, yerli dillər (Azərbaycan, erməni) və könüllü olaraq xarratlıq, tərəvəzçilik, cildçilik, ipəkçilik üzrə də dərslər keçirdilər. Tədris planı eyni olduğundan müəllimlər seminariyalarının hamısında eyni fənlər tədris edilirdi, seçim yalnız əlavə peşə fənləri ilə bağlı olurdu.

Tədris planının xeyli zəngin olmasına baxmayaraq, seminariyanı bitirənlər həmin dövrdə təhsillərini yalnız o qədər də yüksək statusu
olmayan müəllimlər institutlarında davam etdirə bilərdilər.

Yarandığı gündən funksiyası ibtidai məktəblər üçün müəllim hazırlamaq olan seminariyalar statusuna görə, ibtidai məktəbdən yuxarı, orta məktəbdən aşağı idi. Ona görə də hələ 1908-ci ildə dövlətin bu siyasətini kəskin tənqid edən P.Klunnıy müəllimlər institutlarının məzunlarını “universitetlərin bağlı qapılarını döyənlər” adlandırırdı (Klunnıy, 1908). 14 may 1917-ci ildə müəllimlər seminariyalarının və müəllimlər institutlarının statusları müzakirə edilərək hər iki təhsil müəssisəsinə orta məktəb statusu verildi. Həmin dövrdə İrəvan Müəllimlər Seminariyası Armavirdə fəaliyyət göstərirdi. Həmin dövrdə Rusiyada kənd məktəbləri üçün müəllim kadrları hazırlığında müəllimlər seminariyaları mühüm rol oynayırdı. Bu səbəbdən də müəllim seminariyalarının sayı ildən-ilə artırdı.

Müəllimlər seminariyaları Rusiyada pedaqoji təhsilin ən kütləvi formasına çevrilmişdi. Seminariyada pulsuz peşə təhsilinin verilməsi bu təhsil müəssisələrinin kasıb əhali, xüsusilə də kəndlilər arasında cəlbediciliyini artırmışdı. Digər tərəfdən kənd müəllimləri vergidən və hərbi qulluqdan azad edilirdi ki, bu da onların sosial vəziyyətinin yaxşılaşmasına xeyli  dərəcədə təsir göstərirdi.

1917-ci ilin avqustun 3-dən 8-nə kimi Moskvada ümumrusiya müəllimlər seminariyalarının nümayəndələrinin qurultayı keçirildi. Qurultayda Dövlət komitəsinin üzvü N.N.İordanskinin müəllimlər seminariyalarının statusunda və tədris planında dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilərək təsdiq olundu. Qurultay müəllimlər seminariyaları üçün tədris planını təsdiq etdi (Cədvəl 4).

Cədvəl 4 İrəvan Müəllimlər Seminariyasının 1917-ci il tədris planı

Tədris planına daxil olunan fənlər həm 2 sinifli məktəbin, həm də ali ibtidai məktəbin məzmununu tam əhatə edirdi. Seminaristlər rus dili, hesab, həndəsə, tarix, təbiətşünaslıq fənlərinin tədrisi metodikasını öyrənir, seminariyanın nəzdindəki məktəbdə sınaq dərsləri deyir, fiziki tapşırıqlar fənnində uşaq oyunları ilə tanış olurdular. Digər seminariyalarda olduğu kimi İrəvan Müəllimlər Seminariyasında da yerli xalq maarif komitəsinin icazəsi ilə tələbələr ana dilini və kənd təsərrüfatı fənlərini (bağçılıq, bostançılıq) öyrənirdilər.

Status genişləndiyinə görə, tədris planları da təkmilləşdirildi. Müəllimlər Seminariyasının nəzdində bir və ya ikiillik hazırlıq siniflərinin, tələbələrin sayına uyğun olaraq paralel siniflərin və yataqxananın açılmasına icazə verildi. Hazırlıq siniflərinə ikisinifli ibtidai məktəbin, ikinci sinfə isə yalnız ali ibtidai məktəbin və ya ona bərabər tutulan təhsil müəssisələrinin məzunları qəbul oluna bilərdi.

Seminariyada ana dili fənninin tədrisində həmin dövrdə İrəvan gimnaziyasında müəllim işləyən görkəmli Azərbaycan maarifçisi F.B.Köçərlinin yazdığı “Azərbaycan dili proqramı” ndan istifadə olunurdu. Həm seminariyanın nəzdindəki nümunə məktəbində, həm də gimnaziyada ilk vaxtlar müəllimlərin özlərinin hazırladığı materiallardan və M.Elxanovun “Vətən dili” dərsliyinin əlyazmasından istifadə edilirdi. Həmin dərsliyə Qori Müəllimlər Seminariyasının popeçiteli A.O.Çernyayevski, Sankt-Peterburq Universitetinin Şərq fakültəsinin dosenti V.Simirnov müsbət rəy versə də, təəssüf ki, həmin dərslik nəşr edilməmişdir. Amma Mirzə Elxanovun “Vətən dili” dərsliyi izsiz qalmadı. Məhz həmin dərsliyin təsiri ilə A.O.Çernyayevskinin və M.H.Rüşdiyyənin “Vətən dili” dərslikləri meydana gəldi. Sonralar həm Qori, həm də İrəvan müəllimlər  seminariyalarında A.O.Çernyayevskinin “Vətən dili” dərsliyindən istifadə olunurdu. 

TƏLİMİN TƏŞKİLİ

İrəvan Müəllimlər Seminariyasında təlimin əsas təşkili forması sinif-dərs sistemi idi. Seminariyada dərsin təşkilində daha çox üstünlük kombinəedilmiş (mürəkkəb) dərs tipinə verilirdi. Kombinəedilmiş dərslərdə eyni vaxtda təlimin bir neçə məqsədini reallaşdırmaq mümkün idi: tələbələrə verilən tapşırıqların yoxlanılması, aydın olmayan məsələlərin yenidən izahı, tapşırıqların müxtəlif tələbələr tərəfindən təkrarı, yeni mövzunun keçilmiş mövzu ilə əlaqələndirilməsi, yeni mövzunun izahı, tələbələrin yeni mövzu ilə bağlı tapşırıqları icra etməsi, ev tapşırıqlarını həll etmək üçün zəruri bacarıq və vərdişlərin qazanılması, tələbələrin fərdi qaydada qiymətləndirilməsi. Digər seminariyalarda olduğu kimi, burada da təlimin köməkçi formalarından (ekskursiya, ev tapşırıqları, fakültativ məşğələ, əlavə dərslər) səmərəli istifadə olunurdu. Ev tapşırıqları rüblər üzrə müəyyənləşdirilir və pedaqoji şurada təsdiq olunurdu. Ev tapşırıqları təlim prosesində alınan bilik və bacarıqların möhkəmlənməsinə və dərinləşməsinə kömək edirdi. Əlavə dərslər fərdi və qrup şəklində ola bilərdi. Yaxşı mənimsənilməyən mövzuların öyrənilməsinə xidmət edirdi. Üzrlü və ya üzrsüz səbəbdən dərsdə iştirak etməyən tələbələrə həmin mövzunu fərdi qaydada əlavə dərsdə öyrənməsinə imkan yaradılırdı. Əlavə dərslər fərdi məsləhətlərlə sıx bağlı idi. Tələbələr həm sinif mürəbbisindən, həm də növbətçi müəllimdən məsləhət ala bilərdi. Fakültativ məşğələlər, adətən, əsas fənlərlə paralel təşkil olunurdu, tələbələrdə ixtisas fənləri ilə bağlı biliklərin genişlənməsinə və dərinləşməsinə, praktik bacarıq və vərdişlərin, yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək edirdi. İrəvan Müəllimlər Seminariyasında yerli dillər (Azərbaycan dili, erməni dili), cildçilik, bədii oyma, musiqi fakültativ şəkildə öyrədilirdi.

Seminaristlərin referat yazmalarına xüsusi diqqət yetirilirdi. Referatlar pedaqoji və elmi məsələlərə həsr olunurdu. Seminaristlər müstəqil olaraq elmi ədəbiyyatı araşdırır, öz fikirlərini şərh edirdi. Hər şənbə günü direktorun və müəllimlərin iştirakı ilə referat işləri müzakirə olunurdu. Referat işləri tələbələrdə pedaqoji işə maraq yaradır, onların əqli imkanlarını genişləndirirdi.

Seminariyada ekskursiyalardan geniş istifadə olunurdu. Məqsəd ətraf aləmi öyrənmək, İrəvan şəhərinin tarixi, mədəniyyəti, maddi dəyərləri, fauna və florası ilə tələbələri tanış etmək idi. Təlimin köməkçi formaları tələbələrdə ətraf aləm haqqında tam təsəvvür yaratmaqla yanaşı, onlarda yaradıcı qabiliyyətlərin və mənəvi aləmin inkişafına güclü təsir göstərirdi. İnşa və referat yazmaq, dərsi konspektləşdirmək tədris prosesinin vacib hissəsi hesab olunurdu.

PEDAQOJİ TƏCRÜBƏ

Seminariyada gələcək ibtidai məktəb müəllimlərinin peşə hazırlığında pedaqoji təcrübənin təşkilinə xüsusi əhəmiyyət verilirdi. Seminaristlər təhsil müddətində pedaqoji peşəyə həm nəzəri, həm də praktik cəhətdən hazırlanırdılar. Təlim prosesində tələbələr mütərəqqi pedaqoji ideyalarla tanış olur, fənlərin tədrisi metodikasını mənimsəyir, didaktika ilə bağlı mühazirələrdə və nümunə dərslərində iştirak edirdilər. Məsələn, pedaqogika kursunda şagirdlərin əqli inkişafı məsələləri, təlimdə əyaniliyin rolu, əxlaqi tərbiyə, didaktika, ibtidai təhsilin məzmunu, ibtidai məktəblər üçün əsas normativ sənədlər və s. öyrədilirdi. Musiqi dərslərində skripkada ifa etmək öyrədilirdi. Tələbələr təlim prosesində mənimsədikləri pedaqoji bilik, bacarıq və vərdişləri pedaqoji təcrübə müddətində daha da inkişaf etdirir, əsl xalq müəllimi kimi yetişirdilər.

1917-ci ilə kimi tələbələrin pedaqoji təcrübəsi seminariyanın nəzdindəki ibtidai məktəbdə təşkil edilirdi. Pedaqoji təcrübənin 2 sinifli məktəbdə keçirilməsi nəzərdə tutulduğundan seminariyanın nəzdindəki ibtidai məktəb 2 sinifli məktəbə çevrilmişdi. Tədris planında pedaqoji təcrübəyə xüsusi yer ayrılırdı. 1-ci sinifdə nəzəri fənlər, 2-3-cü siniflərdə praktik fənlər və pedaqoji təcrübə keçirilirdi. Hər bir tələbə 4 fəndən 5 və ya 6 sınaq dərsi (cəmi 20) keçməli idi. 1903-cü ildə təsdiq olunan müəllimlər seminariyalarının tədris planına görə, tələbələr II sinifdə həftədə 6 saat, III sinifdə 8 saat məktəbdə pedaqoji təcrübədə olurdular. II sinif tələbələri praktik məşğələdə öyrəndikləri mövzuları (dərsliklərin təhlili, nümunə dərslərinin icmallarının tərtibi, ilk nümunə dərsi) pedaqoji təcrübədə tətbiq edirdilər.

III sinfin praktiki məşğələlərinə aşağıdakılar daxil idi: a) ibtidai məktəb müəllimini əvəz etməyi bacarmaq; b) ibtidai məktəbdə müstəqil
dərs aparmaq; c) dərslərin təhlilinə həsr edilmiş konfranslarda iştirak etmək; ç) ibtidai məktəbin hər üç qrupunda sınaq dərsləri demək. Təhlil ediləcək ibtidai sinif dərslikləri və vəsaitlər pedaqoji şura tərəfindən tövsiyə olunurdu. Tələbələr praktik məşğələlərdə təhlil etdikləri dərsliklər və vəsaitlər haqqında tədris ilinin birinci yarısında hesabat verirdilər. Bu hesabatı dinləmək üçün məktəb direktorunun, fənn müəlliminin və ibtidai məktəb müəllimlərinin iştirakı ilə konfranslar təşkil olunurdu. Hər bir tələbənin dərsliklərlə bağlı hesabatı ciddi müzakirə edilir, verilən suallar tələbələr tərəfindən cavablandırılırdı.

Yekunda isə fənn müəllimi deyilənləri ümumiləşdirirdi. Hesabat zamanı əsas diqqət tələbənin həmin dərsliyi necə mənimsəməsinə yönəldilirdi. Hesabatlar təxminən aşağıdakı plan üzrə hazırlanırdı: 1) dərsliyin məzmunu; 2) materialın yerləşdirilməsindəki ardıcıllıq; 3) hər hansı səbəbə görə dərsliyin üstün cəhətləri; 4) hər hansı səbəbə görə dərsliyin çatışmayan cəhətləri; 5) müəllimin dərslikdən istifadə edə bilməsi və s. 

II sinif tələbələri pedaqoji təcrübə dövründə yazı, oxu, təlimdə əyanilikdən istifadə və say haqqında dərsin icmallarını təqdim etməli idilər. Tələbələrin hazırladıqları icmallar pedaqogika dərslərində müzakirə edilir, ən yaxşıları direktora təqdim olunurdu. Bundan sonra həmin tələbələrə ilk nümunə dərsi deməyə icazə verilirdi. Pedaqoji təcrübə müddətində tələbələrə şagirdlərlə işləmək bacarığı aşılanırdı. II sinifdə qazanılan bacarıqlar III sinifdə pedaqoji təcrübə dövründə inkişaf etdirilirdi. Tələbələr sonuncu tədris ilinin birinci yarısında ibtidai məktəb müəlliminin köməkçisi kimi fəaliyyət göstərirdilər. Sonra ibtidai məktəbdə pedaqoji təcrübədə olurdular. Pedaqoji təcrübənin ilk ayında tələbələr müəllimlərin dərslərini müşahidə edir, dərsin təşkili prinsip və metodları ilə tanış olurdular. Sonra onlar bir həftə müəllimin köməkçisi, bir həftə təcrübəçi, bir həftə isə assistent olurdular.

İbtidai məktəb müəlliminin köməkçisi kimi tələbələr aşağıdakı vəzifələri həyata keçirirdi: 1) müəllim digər təcrübəçi tələbənin dərsində
iştirak edəndə onun dərsini demək; 2) dərs başlayana kimi zəruri ləvazimatları hazırlamaq; 3) sinif jurnalında müvafiq qeydlər aparmaq; 4) tənəffüsdə uşaqların oyunlarına rəhbərlik etmək; 5) şagirdlərin yazı işlərini yoxlamaq və səhvləri düzəltmək; 6) müəllimin tədrislə bağlı tapşırıqlarını yerinə yetirmək.

Təcrübəçi vəzifəsinə başlayan tələbənin deyəcəyi dərsin planı əvvəlcədən ibtidai məktəbin müəllimi razılaşdırılırdı. Assistent kimi tələbənin vəzifəsi tələbə yoldaşının sınaq dərslərində iştirak etmək, təcrübəçinin dərslərinin uğurlu və uğursuz cəhətlərini göstərmək idi.

Pedaqoji təcrübəni uğurla başa vuran tələbələr buraxılış imtahanları ərəfəsində hər üç qrupda nümunə dərsi deyir, tədris etdiyi mövzunun icmalını pedaqoji şuranın üzvlərinə təqdim edirdi. Nümunə dərslərinin təhlili seminariyanın direktoru və fənn müəlliminin iştirakı ilə keçirilən konfransda təhlil edilir və protokollaşdırılırdı.

Sinfi, milli və dini məhdudiyyətləri ləğv edən Fevral inqilabı müəllimlər seminariyalarının həyatında da pedaqoji dəyişikliklərə səbəb oldu.

SEMİNARİSTLƏRİN BİLİYİNİN YOXLANMASI

Seminariyada tələbələrin biliyinin yoxlanması forması imtahan hesab olunurdu. Tədris ilinin sonunda birinci və ikinci kurs tələbələri növbəti mərhələyə keçmək üçün imtahan verməli idi. Yuxarı sinfə keçidin şərtləri aşağıdakı kimi idi:1) tələbənin tədris ilinin bütün rübündə müvəffəqiyyəti haqqında məlumat; 2) ilin sonunda yazılı və şifahi imtahan.

Əsas məqsəd seminaristin keçilən fənləri dərindən mənimsədiyini müəyyənləşdirmək və növbəti kursda tədris prosesində uğur qazanacağına əmin olmaq idi. Yazılı imtahanlar şifahi imtahanların keçirilməsinə 2 həftə qalmış keçirilirdi. Yazılı imtahanlar elə təşkil edilirdi ki, tələbələrin digər fənləri oxumasına mane olmasın. İmtahanlara hazırlıq məqsədilə sinif tərbiyəçisi tərəfindən bir neçə mövzu və tapşırıq pedaqoji şurada müzakirə olunaraq direktora təqdim olunurdu. Tələbələrin öyrənmədikləri mövzular imtahan suallarına daxil edilmirdi. Tələbələr imtahana düşəcək konkret mövzu və tapşırıq haqqında əvvəlcədən xəbərdar olmurdular. Tapşırıqlar müəyyən vaxt ərzində cavablandırılırdı. Şifahi imtahanlar isə direktorun, fənn müəlliminin və assistentin iştirakı ilə tədris ilinin sonuna iki həftə qalmış keçirilirdi. Yazılı imtahanın nəticələri əvvəlcə fənn müəllimi, sonra sinif mürəbbisi, daha sonra direktor tərəfindən yoxlanılır, son qiymət dəftərə və imtahan vərəqinə yazılırdı. Şifahi imtahan zamanı seminaristlər direktor, müəllim və assistent tərəfindən ayrı-ayrılıqda qiymətləndirilirdi. Yazılı imtahanda olduğu kimi, şifahi imtahanda da son qiymət direktor tərəfindən yazılırdı. 2 əsas fəndən qeyri-müvəffəq qiymət alan tələbə şifahi imtahana buraxılmırdı. Yenidən imtahanda iştirak etmək şansı yalnız tətildən sonra verilirdi. İmtahanların nəticəsi pedaqoji şurada müzakirə edilir, tələbələrdən kimlərin yuxarı siniflərə keçirilməsi, kimlərin yüksək nailiyyət göstərdiyinə görə mükafatlandırılması haqqında yekun qərar qəbul edilirdi. Tələbələrin il boyu fəaliyyəti və imtahan nəticələri nəzərə alınırdı. Növbəti kursa keçmək üçün bütün fənlərdən müvəffəq qiymət almaq tələb olunurdu.Yazılı və şifahi imtahanların nəticələri (orta qiymət) vahid balla qiymətləndirilirdi. İl boyu nəticəsi 2,5 olanlar 3, 3,5 olanlar 4, 4,5 olanlar 5 balla qiymətləndirilirdi.

Yuxarı sinfə (kursa) keçməyin şərtləri aşağıdakı kimi idi: 1) ilahiyyat, rus dili, pedaqogikadan orta bal 3-dən, digər fənlərdən 2,5-dən az olmamalı idi. Birinci və dördüncü rüblərdə hər fəndən ən azı 3 qiymət olmalı idi. Hüsnxət, rəsmxət, musiqi və nəğmə fənlərindən qeyri-qənaətbəxş alanlar mükafatdan məhrum edilsələr də, şərti olaraq yuxarı sinfə keçirilirdilər. Pedaqoji Şuranın iclasında direktor sinifdən-sinfə keçmənin nəticələrini və mükafata layiq görülən tələbələrin adlarını elan edirdi. Seminariyada sinifdən-sinfə keçmək imtahanları 16 mart 1916-cı ildə ləğv edildi və yuxarı sinfə keçirilmə tələbənin illik müvəffəqiyyətinə görə aparılmağa başlandı. Ancaq imtahanlar tamam aradan götürülmədi. İllik qiymətlərinin aşağı olması səbəbindən yuxarı sinfə keçə bilməyənlərin imtahan verməsinə icazə verilirdi. İmtahandan uğur qazananlar yuxarı siniflərə keçirilirdi.

Seminariyanı bitirənlər sonda pedaqoji şuranın üzvlərinin iştirakı ilə buraxılış imtahanı verirdilər. İmtahana quberniyanın xalq məktəblərinin direktoru dəvət olunurdu. Direktorun icazəsi ilə seminaristlərin valideynləri, digər təhsil müəssisələrinin direktorları və tanınmış şəxslər də iştirak edə bilərdi. İmtahanlar may ayının axırı, iyun ayının birinci yarısında 3-4 həftə müddətində keçirilirdi. Aprel ayında onlara 3 il müddətində keçilən fənlərin proqramı təqdim olunurdu. İlk imtahan əsas fənn olduğundan ona hazırlaşmaq üçün 2-4 gün verilirdi. Mayın 10-dan sonra sinif mürəbbisi hər bir tələbənin 3 il müddətində yazdığı yazı işlərini xronoloji ardıcıllıqla toplayaraq xüsusi qovluqda pedaqoji şuraya təqdim edirdi. İmtahan başlanana kimi pedaqoji şuranın üzvləri həmin qovluqla tanış olurdular. İmtahanda qiymətləndirmə zamanı çətinlik yarananda həmin nailiyyətlər tələbələrin köməyinə gəlirdi. Yazı işlərinin qaralama variantı seminariyada qalır, son variantı tələbələrə verilirdi. Bütün fənlərdən yazı işi aparılırdı. İmtahanda əsas fənlərə 2-4 saat, digər fənlərə isə 1-2 saat vaxt verilirdi. Buraxılış imtahanı üçün sinif mürəbbisi pedaqoji şuraya 5-10 mövzu təqdim edirdi. Pedaqoji şuranın bəyəndiyi mövzulardan birini direktor seçərək tələbələrə elan edir, imtahanın başlanma və qurtarma vaxtını bildirirdi. İmtahan nəticələrini sinif mürəbbisi yığıb fənn müəlliminə təqdim edirdi. Son qiymət pedaqoji şurada müzakirə edilirdi. Qiymətləndirmə aşağıdakı kimi aparılırdı: qənaətbəxş, çox qənaətbəxş, qeyri-qənaətbəxş. Tələbə 3 fəndən qeyri-qənaətbəxş qiymət alardısa, şifahi imtahana buraxılmırdı. Yazı işlərinin son variantı tələbələrə şifahi imtahanların keçirilməsinə 5 gün qalmış verilirdi. Buraxılış imtahanlarına kimi ayrı-ayrı fənlərdən tələbələrə məsləhət verilir, məşqlər edilirdi. Digər seminariyalarda olduğu kimi, İrəvan Müəllimlər Seminariyasında da tələbələr pedaqoji şuranın üzvlərinin iştirakı ilə sınaq imtahanları da verirdilər. Bu imtahanlar dərs şəklində təşkil olunurdu. Dərs direktorun (və ya sinif mürəbbisinin) və bütün tələbələrin iştirakı ilə həmin gün müzakirə edilir və qiymətləndirilirdi. Xüsusi buraxılış imtahan vərəqlərinə hər bir komissiya üzvü müvafiq qiymətlər yazırdı. Sonuncu qrafada pedaqoji şuranın son qərarı yazılırdı. İmtahan nəticələri komissiya üzvləri tərəfindən ciddi müzakirə olunduqdan sonra məzunlara ibtidai məktəb müəllimi adı verilirdi. Əvvəl tələbələrin əxlaqi yetkinliyi, sonra əqli yetkinliyi, daha sonra ayrıayrı fənlərdən nailiyyətləri müzakirə edilirdi. Məzunlara Xalq Maarif Nazirliyinin təlimatına uyğun olaraq xüsusi Şəhadətnamə verilirdi. Əxlaqi keyfiyyətləri ilə seçilməyən məzunlara müəyyən edilmiş müddətdə seminariyada oxuması ilə bağlı adi arayış verilirdi.

SEMİNARİYANIN DİREKTORLARI

Xalq Maarif Nazirliyinin əsasnaməsinə əsasən seminariyanın direktoru vəzifəsinə yalnız pravoslav dininə mənsub olan ali təhsilli müəllimlər təyin edilə bilərdi. İrəvan Müəllimlər Seminariyasının direktorlarını Qafqaz Təlim Dairəsinin popeçiteli təyin edirdi. Direktor həm seminariyanın, həm də seminariyanın nəzdindəki nümunəvi məktəbin bilavasitə rəhbəri idi. Hər iki məktəbin və pansionun bütün işçiləri ona tabe olurdular. Seminariyada pedaqoji şura fəaliyyət göstərirdi. Şuranın tərkibi direktor tərəfindən seçilir, Qafqaz Təlim Dairəsinin popeçiteli tərəfindən təsdiq olunurdu. İlahiyyat, Azərbaycan dili və erməni dili müəllimlərindən başqa bütün müəllimlər ali təhsilli pravoslavlar idilər. Direktor hər il seminariyanın pedaqoji şurasında illik hesabat verir və həmin hesabatı QTD-nin popeçitelinə göndərirdi. Hesabatda seminariyanın müəllim heyəti, maddi bazası, maliyyə xərcləri, kitabxana fondu, tədris-tərbiyə prosesinin təşkili, tələbələrin inkişaf dinamikası (siniflər üzrə sayı, qəbul olunanlar, müəllim adı alanlar) haqqında məlumatlar öz əksini tapırdı.

Ayrı-ayrı vaxtlarda Yakob Stepanoviç Şuşevski, Aleksey Miropiyev, İvan Andreyeviç Pastuyeviç, Aleksey Martinov Zazuboviç, Sergey Nikolayeviç Streleçkiy, Valentin Vasilyeviç Dobrotin İrəvan Müəllimlər Seminariyasının direktoru olmuşlar. Adlarını qeyd etdiyimiz bu şəxslərin bəziləri müxtəlif vaxtlarda həm Zaqafqaziya Müəllimlər Seminariyasının, həm də İrəvan Müəllimlər Seminariyasının direktoru olmuşdular.

SEMİNARİYANIN AZƏRBAYCANLI MÜƏLLİMLƏRİ

İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili müəllimi vəzifəsində Axund Məmmədbağır Qazızadə (1881-1897), Rəhim Xəlilov (1898 – 1903), Həmid bəy Şahtaxtinski (1904 -1917), şəriət müəllimi vəzifəsində isə Axund Məmmədbağır Qazızadə (1881-1911) və Axund Əbülhəsən Qazızadə (1912-1917) işləyiblər. İrəvan Müəllimlər Seminariyasının məzunu olan Həbib bəy Səlimov (Azərbaycan Xalq Cümhuriyyətinin generalı) az bir müddətdə seminariyada gimnastika (fiziki tərbiyə) müəllimi olub.

SEMİNARİYANIN AZƏRBAYCANLI MƏZUNLARI

İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə olub. Həmin il məktəbi 5 nəfər azərbaycanlı bitirib. 1885-ci ildə 9, 1886-cı ildə 14, 1887-ci ildə 6, 1888-ci ildə 10, 1889-cu ildə 13, 1890-cı ildə 12 nəfər olub. Bu illər ərzində 69 nəfər ibtidai məktəb müəllimi adını alıb (Ermənistan Respublikası DTA, iş 151). Məzunların 39 nəfəri İrəvan-Yelizavetpol, 2 nəfəri Bakı və Dağıstan, 1 nəfəri Kutaisi, 1 nəfəri Stavropol məktəblərinə göndərilmişdi. 1891-ci ildə seminariyanın 12, 1892-ci ildə 4, 1893-cü ildə 5, 1894-cü ildə 9, 1895-ci ildə 14 nəfər məzunu olub (Ermənistan Respublikası DTA, iş 209). 1881-1895-ci illərdə seminariyanın 12 buraxılışı olub ki, burada da 123 nəfərə ibtidai məktəb müəllimi adı verilib. Onlardan 25 nəfəri azərbaycanlı, 67 nəfəri erməni, 8 nəfəri rus, 2 nəfəri dağlı, 10 nəfəri digər millətlərin nümayəndələri olub. 1895-1915-ci illərdə İrəvan Müəllimlər Seminariyasını 38 nəfər, 1916-cı ildə 19 nəfər,1917-ci ildə 22 nəfər, 1918-ci ildə 23 nəfər azərbaycanlı bitirib (Ermənistan Respublikası DTA, iş). 

Seminariyanın 20-ci buraxılışı 1903-cü ildə, 30-cu buraxılışı 1913-cü ildə olub. XIX əsrin sonlarında Cənubi Qafqazda işləyən kənd məktəbləri müəllimləri və müdirlərinin xeyli hissəsi müxtəlif illərdə həmin seminariyada ekstern yolu ilə imtahan verərək müəllimlik hüququ qazanmışdılar. Seminariyanın pedaqoji şurasının qərarına əsasən 1895-ci ildə Cəlil Mirzəyev, Tağı bəy Səfiyev, Məmməd bəy Qazıyev, 1902-ci ildə isə İbadulla bəy Muğanlinski, Cabbar Məmmədov, Şamdan Mahmudbəyov və başqalarına kənd müəllimi adı verilmişdi. Bu nəcib işin də təşəbbüsçüsü və təşkilatçısı qocaman maarif xadimi Axund Məmmədbağır Qazızadə olmuşdu. Məzunların təyinat üzrə kənd məktəblərində işləməsi məcburi idi. 1910-cu ildə məzun olmuş Mehdi Kazımova verilən sənəddən aydın olur ki, o, təyinat üzrə 6 il işləməyə borcludur, əks halda xəzinəyə 520 rubl ödəməlidir.

Əhməd bəy Qaziyev, Əli Əşrəf Qaziyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Fərəməz Mahmudbəyov, Yusif bəy Qaziyev (Qazızadə), Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, Saleh Məşədi Teymur oğlu Güllücinski, Ağa bəy Firudinbəyov, Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Qədimov, Abbas Allahverdi oğlu Qədimov, Əli Sultanov, Fərrux Ağakişibəyov, Əli Cəlilzadə, Mirzə Bağır Əliyev, Şıxəli bəy Firudinbəyov, Cəfərbəy Cəfərbəyov, İbrahim Şahtaxtlı, Vahid Musabəyov, Rəşid bəy İsmayılov, Həbib bəy Səlimov, İsmayıl bəy Şəfibəyov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Haşım bəy Nərimanbəyov, Şamil Mahmudbəyov, Həmid bəy Şahtaxtinski və b. ayrı-ayrı vaxtlarda seminariyanın məzunları olublar. Türkiyənin görkəmli rəssamlarından olan İbrahim Səfi də həmin seminariyanın məzunu olub.

İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ SONRAKI TALEYİ

İrəvan Müəllimlər Seminariyası şəhərdə yalnız təhsil ocağı deyil, elm və mədəniyyət mərkəzinə çevrilmişdi. Seminariyada azərbaycanlılarla yanaşı, demokratik fikirli rus, ukraynalı və erməni müəllimləri fəaliyyət göstərirdi. 1881-ci ildən 1914-cü ilədək İrəvan Müəllimlər Seminariyasını 63 nəfər azərbaycanlı bitirmişdi. İrəvan Müəllimlər Seminariyasının direktoru V.V.Dobrotinin 1918-ci ildə yazdığı hesabatdan aydın olur ki, 1915-1916-cı tədris ilində seminariyanı 19 nəfər, 1916-1917-ci tədris ilində 22 nəfər, sonuncu – 1917-1918-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdi. Ümumiyyətlə, üç il ərzində seminariyanı 316 nəfər bitirmişdi ki, onlardan 64 nəfərini azərbaycanlılar, 2 nəfərini isə türklər təşkil etmişdi.

1915-ci ildə İrəvan Müəllimlər Seminariyası Armavirə köçürüldü və 1918-ci ilə kimi orada fəaliyyət göstərdi. Həmin dövrdə seminariyaya direktor B.B.Dobrotin rəhbərlik edirdi. Seminariyada 3 ilahiyyat müəllimi, 9 fənn müəllimi və 1 həkim çalışırdı. Azərbaycan dili fənnini Mirzə Cabbar Məmmədov, şəriət fənnini isə Axund Məmmədbağır Qazızadə tədris edirdi. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə səbəbindən seminariya fəaliyyətini dayandırdı, müəllimlərin və tələbələrin bir qismi amansızcasına qətlə yetirildi, sağ qalanlar isə doğma yurdlarını tərk edərək Türkiyəyə və Azərbaycana pənah apardılar. Çar Rusiyasının bilavasitə dəstəyi ilə qədim Azərbaycan torpağında yaradılan İrəvan quberniyasının əsasında RSFSR-in köməyi ilə ilk erməni dövləti (Ararat) yaradıldı. Bu torpağın qədim sakinləri – azərbaycanlılar isə öz vətənlərində azsaylı xalqlardan birinə çevrildilər. Ermənistan K(b)P MK-nın nəzdində fəaliyyət göstərən Azsaylı xalqlar şöbəsinin müdiri Bala Əfəndiyevin, Xalq Maarif Komissarlığının “Azlıqda qalan millətlər” bürosunun rəhbəri Mehdi Kazımovun, “Zəngi” qəzetinin məsul redaktoru Mustafa Hüseynovun, digər milli ziyalıların milli
iradəsi və təkidli tələbləri sayəsində 1924-cü ilin oktyabr ayının 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı. Bir il sonra İrəvan Türk Pedaqoji Texnikumuna böyük siyasətçi və dövlət xadimi Nəriman Nərimanovun adı verildi. Məqsəd azərbaycanlıların təhsil aldığı məktəbləri ibtidai sinif müəllimi ilə təmin etmək idi. Lakin İrəvan Müəllimlər Seminariyasının ənənələrini yaşatmaqla bölgədə əbədi-mədəni və təhsil mühitinin formalaşmasında və inkişafında mühüm rol oynayan Türk Pedaqoji Texnikumu ilk vaxtlardan böyük çətinliklərlə üz-üzə qaldı. Texnikum 1949-cu ildə azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası ilə əlaqədar olaraq Xanlar rayonuna köçürüldü... Beləliklə də, azərbaycanlıların indiki Ermənistan ərazisindən – Qərbi Azərbaycandan kütləvi deportasiyasına zəmin hazırlandı və bu hadisə 1988-ci ilin noyabr-dekabr aylarında həyata keçirildi.

Millət yaratdığı şərəfli tarixi ilə özünü ifadə edir. İndi yadlara, yağılara qalan qədim İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan müəllimlər seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik tariximizin, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir. 

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan verəcək.

İstifadə edilmiş ədəbiyyat

1 “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı. “Xalq qəzeti”
29 dekabr 2021-ci il. 
2 Allahverdiyev, C. Cənubi Qafqazda dünyəvi təhsil verən məktəb. https://www.yeniazerbaycan.com/Sosial_e65324_az.html
3 Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.312, siy.1, iş 279, v.6.
4 Cəfərov, C., Allahverdiyev, C. (2017). İrəvanda milli maarifçilik mühiti. Bakı: Şərq-Qərb, 439 s.
5 Ermənistan Respublikası Dövlət Tarix Arxivi. f.197.iş 5,v.9.
6 Ermənistan Respublikası Dövlət Tarix Arxivi. f.3.siy.1.iş 209,v.2.
7 Ermənistan Respublikası Dövlət Tarix Arxivi. f.3.siy.3.iş 151,v.2,5.
8 Əhmədov, H. (2014). Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil.
9 İbrahimov, N. (1982). İrəvan Müəllimlər Seminariyası. “Azərbaycan məktəbi” jurnalı, №7.
10 İrəvan xanlığı. (2010). (Elmi redaktoru: AMEA-nın müxbir üzvü, prof. Y.Mahmudov). Bakı: Azərbaycan, 617 s.
11 Kavkazskiy kalendar na 1896 god. Glavnoye upravleniye glavnonachal stvuyushchego grazhdanskoyu chast yu na Kavkaze, Kavkazskiy statisticheskiy komitet. Tiflis. 1885, 886 c.
12 Kavkazskiy kalendar na 1913 god. Spravochnaya kniga po gor. Tiflis, Kratkiy putevoditel po Kavkazu Pod red. A.A.El zengera, N.P.Stel mashchuka; Izdan po rasporyazheniyu Namestnika yego Imperatorskago Velichistva na Kavkaze – Tiflis, 1912. 649 s.
13 Kavkazskiy kalendar. (1881). Tekst na 1882 god. Tiflis.
14 Kavkazskiy kalendar. Tiflis, na 1913 god: 68-y god: c prilozheniyem: “Spravochnaya kniga po gorodu Tiflisu”. 1912. 893 s.
15 Klunnıy, P. (1908). Okonchivshiye uchitelskiye instituty stuchatsya v zakrytuyu dver universiteta // Russkaya shkola. № 3. c. 116–
117. 
16 Məmmədov, İ., Əsədov, S. (1992). Ermənistan azərbaycanlıları və onların acı taleyi. Bakı: Azərbaycan.
17 Prugavin, A.S. (1898). Instruktsii dlya uchitel skikh seminariy Ministerstva Narodnogo Prosveshcheniya: Utv. Ministerstvom Narodnogo Prosveshcheniya 4-go iyulya 1875 g./ A.S.Prugavin //Zakony i spravochnyye svedeniya po nachal nomu narodnomu obrazovaniyu. SPb., 806 s.
18 Rudolf, N.F. (1914). Obzor deyatelnosti Kavkazskogo uchebnogo okruga (1908-1912 gg). Tiflis, 231 s.
19 Rüstəmov, F. (2006). Pedaqogika tarixi. Bakı: Elm və təhsil, 748 s.
20 Rüstəmov, F. (2022). Milli müəllim kadrları hazırlayan təhsil ocağı. “Azərbaycan müəllimi” qəzeti, 7 və 20 yanvar.
21 Sbornik postanovleniy po Ministerstvu narodnogo prosveshcheniya Tsarstvovaniye imperatora Aleksandra II, Tom 7, 1877-1881.
S.Peterburg. 1883.
22 Shavrov, N. (1901). Novaya ugroza russkomu delu v Zakavkazye: predstoyashaya rasprodazha Mugani inorodtsam. SPb. s. 59-61.
23 Shopen, I.I. (1852). Istoricheskiy pamyatnik sostoyaniya Armyanskoy oblasti v epokhu yeye prisoyedineniya k Rossiyskoy imperii: V tip. Imp. Akademii nauk, 1236 s.
24 Voronov, I. (1869). (sostavitel). Sbornik statisticheskikh svedeniy o Kavkaze Tom I. Tiflis.
25 Voytekhovskaya, M. (2013). P.Istoriya pedagogicheskogo obrazovaniya v Rossii: uchebnoye posobiye. Chast I / M. P. Voytekhovskaya. – Tomsk: Izdatelstvo Tomskogo gosudarstvennogo pedagogicheskogo universiteta, 112 s.