TƏHSİLALANLARIN VERBAL KOMMUNİKASİYASINDAKI PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ YOLLARI
Məqalədə təhsilalanların ünsiyyət prosesində qarşılaşdıqları problemlərdən bəhs edilir. Müasir dövrdə şagird və tələbələrin verbal nitqində kifayət qədər qüsurlar var. Bu onların Azərbaycan dilinin qrammatik və normativ qaydalarını, ədəbi dilin normalarını, mədəni nitqin tələblərini və kommunikativ ünsiyyətin şərtlərini yaxşı bilməmələrindən irəli gəlir. Kommunikasiya dedikdə, nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibətlər nəzərdə tutulur. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafına xidmət edir. Bu məntiqlə yanaşsaq, heç bir kollektiv öz üzvləri arasında normal ünsiyyət yaratmadan birgə fəaliyyəti həyata keçirə bilməz. Məsələlərin tərəflərin maraqlarını təmin edə biləcək səviyyədə həlli ünsiyyətin düzgün qurulmasından asılıdır. Bu isə nitqi məntiqi və dilçilik baxımından tələb olunan şərtlərə uyğun ifadə etməklə mümkündür. Məqalədə bu problemlər və onların həlli variantları ətraflı şəkildə qeyd olunmuşdur.
GİRİŞ
Azərbaycan dilinin qrammatik və normativ qaydalarına, mədəni nitqin tələblərinə, ədəbi dilin normalarına uyğun şəkildə ünsiyyət hər kəsin, xüsusilə də təhsilalanların əsas vəzifələrindəndir. Müasir dövrdə təhsilalanların verbal nitqində kifayət qədər qüsurlar var. Bu qüsurları şagirdlərin dərs prosesində yazıda və tələffüzdə normativ qrammatik qaydaları gözləmədikləri zaman, tələbələrin konfranslardakı məruzə və çıxışlarında, yazı nümunələrində, ünsiyyət zamanı fikirlərini ifadə etməyə çalışdıqda və s. müşahidə etmək mümkündür. Ona görə də çox aktual olan bu mövzu ilə bağlı ətraflı tədqiqat aparmağa ehtiyac var. Bəhs olunan mövzunun tədqiqat obyekti şagird və tələbələrin ünsiyyət bacarığının araşdırılması, tədqiqat predmeti isə təhsilalanların verbal nitqindəki problemləri və onların səbəblərini, həlli yollarını göstərməkdir.
Məqalənin mövzusu iki yarımfəsildən ibarət tədqiq və təhlil edilmişdir: 1. Öyrənənlərin verbal nitqində nəzərə çarpan problemlər;
2. Şagirdlərin, tələbələrin verbal nitqindəki qüsurların səbəbi və onların həlli yolları.
Mövzunun daha dəqiq şəkildə nəzərə çatdırılması üçün əvvəlcə kommunikasiya və onun vasitələri haqqında, daha sonra isə yarımfəsillər haqqında ətraflı məlumat verməyi məqsədəuyğun hesab edirik.
Kommunikasiya, yəni ünsiyyət dedikdə, nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibət nəzərdə tutulur. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesidir. Başqa sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədi ilə öz səylərini əlaqələndirməsinə və birləşdirməsinə yönəlmiş qarşılıqlı təsirinə deyilir. Heç bir kollektiv öz üzvləri arasında təmas yaratmadan birgə fəaliyyəti həyata keçirə bilməz. Kommunikasiya insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir.
Kommunikativ motiv iki formada təzahür edir: 1. İnsan sosial varlıq kimi ünsiyyətə möhtacdır; 2. Konkret məqamlara nitq fəaliyyəti ilə
müdaxilə etmək tələb olunur.
Birinci halda motivləşmə ümumi “kommunikativ motivləşmə” adlandırılır və ikincisi üçün baza rolunu oynayır. İkinci hal isə “situativ motivləşmə” adlandırılır. Bu da nitqin məqamdaxili hadisə olması ilə bağlıdır (Desyayeva, 2019).
Kommunikasiya müxtəlif vasitələrlə həyata keçirilir. Bu vasitələr elmi ədəbiyyatda iki növ qeyd olunur:
1) Verbal kommunikasiya vasitələri;
2) Qeyri-verbal kommunikasiya vasitələri (Bolshunov, Kisileva, Marchenko, 2018).
Verbal kommunikasiya ünsiyyətin şifahi və yazılı nitq vasitəsilə yaradılmasıdır. Müəyyən edilmişdir ki, qeyri-verbal kommunikasiya vasitələri isə nitqə uyğun olaraq fikirlərin ifadəsində bədən hərəkətlərindən (jest, mimika, taktil kommunikasiya və s.) istifadə olunmasıdır. Qeyri-verbal kommunikasiya verbal ünsiyyəti tamamlayır, nə deyiləcəyi barədə xəbər verir, nitqin məzmununu təsdiq və yaxud inkar edir, pauzaları əvəzləyir, adresatla (adına məktub, teleqram və s. göndərilən şəxslə) əlaqə qurulmasını asanlaşdırır, ayrı-ayrı sözləri əvəzləyir, verbal nitqi bir qədər gecikmiş tərzdə təkrarlayır və s. Verbal və qeyri-verbal vasitələrin dəyərləndirilməsində başlıca funksiya olan kommunikativliyə diqqət yetirmək tələb olunur.
Verbal ünsiyyət vasitələrinə danışmaq, dinləmək, yazmaq, oxumaq aid edilir. Elə fəaliyyət sahələri var ki, yazmaq, elə sahələr də var,
danışmaq daha vacibdir. Hesablamalara görə, (Sxem 1) insanlar öz iş vaxtının 9 faizini yazmağa, 16 faizini oxumağa, 25 faizini danışmağa və 50 faizini dinləməyə sərf edirlər (Cəfərov, 2009).
Sxem 1 Verbal kommunikasiya vasitələri sxemi
Verbal kommunikasiya vasitələri sxemindən belə görünür ki, bütövlükdə dinləmə fəaliyyəti digər fəaliyyət növlərini əsaslı şəkildə üstələyir. Bütün bu proseslər qeyri-verbal vasitələrin iştirakı ilə müşayiət olunur. Odur ki, həmin vasitələrə bir-birindən təcrid olunmuş şəkildə baxılması bir qədər nisbi xarakter daşıyır. Ünsiyyət prosesində verbal vasitələrin qeyri-verbal vasitələrlə, xüsusilə jestlərlə konkurent olması zəruridir. Bu o deməkdir ki, hər hansı jest səsli nitqi tamamlamalıdır.
Verbal vasitə olan nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:
- Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır.
- İctimai-tarixi şərait haqqında məlumat nitq vasitəsilə alınır.
- Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir.
- Nitq milli mədəniyyətin inikas vasitəsidir.
- Nitq idrak alətidir.
Rabitəli nitqin inkişafı xüsusi təlim predmetinə, bacarıqlar sisteminə malik olan dil proqramı bölməsidir. Şagirdlərin nitq bacarığını təkmilləşdirmək və fəallaşdırmaq, fikri şifahi və yazılı formalarda ifadə etmək vərdişləri aşılamaq bu bölmənin başlıca didaktik vəzifəsidir (Balıyev, Balıyev, 2014).
ÖYRƏNƏNLƏRİN VERBAL NİTQİNDƏ NƏZƏRƏ ÇARPAN PROBLEMLƏR
Təhsilalanların verbal nitqində mövcud olan problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Fikirlərin istər yazılı, istərsə də şifahi nitqdə düzgün şəkildə ifadə olunmaması.
Təhsilalanların istər elmi, istərsə də şəxsi fikirlərini yazılı və ya şifahi nitqdə dinləyicilərə çatdıra bilməməsinin ən əsas səbəbləri kimi
öyrənənlərin kifayət qədər mütaliə etməməsini, bədii və elmi kitabları, habelə qəzet, jurnal materiallarını oxumamasını göstərmək olar. Yəni ədəbi dilin normalarını, qaydalarını bilməməklə bərabər, lazımi səviyyədə söz ehtiyatının olmaması da onların öz nitqini düzgün şəkildə ifadə etməsinə mane olur. Nəticədə, nitqini düzgün şəkildə qura bilməyən ən savadlı tələbə belə, müsahibi tərəfindən zəif, bacarıqsız, savadsız kimi qiymətləndirilir.
2. Yazılı materialı oxuyarkən durğu işarələri, fasilə və intonasiya tələblərinin pozulması.
Dərslərdə, məktəbdaxili tədbirlərdə, konfranslarda, şeir müsabiqələrində bəzi şagird və tələbələrin müxtəlif mövzudakı yazı materialını – inşa, esse, məruzəni və digər yazılı sənədi nitq texnikası tələblərinə uyğun ifadə etmədikləri məlum olur. Bu da təbii olaraq dinləyici kütləsi içərisində çaşqınlığa, anlaşılmazlığa səbəb olur. Öyrənənlər bilməlidirlər ki, cümlədə olan hər bir durğu işarəsi bir fikri dəqiqləşdirməyi, onun intonasiyası, pauzası, səs tembri isə həmin fikrin qarşıdakı şəxsə açıq-aydın çatdırılmasını təmin edir.
“Azərbaycan dili” fənni üzrə mövzuların tədrisi zamanı əsas vəzifələrdən biri nitq inkişafı təliminə əsasən şagirdlərə, tələbələrə düzgün tələffüz vərdişlərini aşılamaqdır. Bu məqamda öyrənənlər orfoepik qanunlarla bərabər, intonasiya, nitq fasiləsi, vurğu, səs tonu, nitqin tempi və s. kimi məsələləri də ədəbi tələffüz aspektində ətraflı şəkildə mənimsəməlidirlər. Kurikulum təhsil proqramının tələblərinə uyğun olaraq “Azərbaycan dili” dərsliklərində mövzuların, dil qaydalarının yüksək səviyyədə mənimsədilməsi məqsədi ilə mətnlər verilir. Həmin mətnlər şagirdlərin dil qaydaları üzrə nəzəri biliyini praktik cəhətdən tətbiq etməsi baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, onların söz ehtiyatının, nitq qabiliyyətinin formalaşmasına da kömək edir. Fənn müəllimi tərəfindən müvafiq siniflər üzrə dərslikdə qeyd olunmuş mətnlərlə iş strategiyası düzgün qurularsa, bu zaman mövzunun mənimsənilmə və keyfiyyət göstəricisi yüksək olar, öyrənənlərin nitq bazası kifayət qədər sözlə zənginləşə bilər. Ona görə də təhsilverənlər dərs prosesində, sinifdənkənar ünsiyyətdə intonasiya, nitq fasiləsi, cümlələrin ritmik bölgüsü üzrə işlərə daim diqqət yetirməli, onların şifahi nitqdəki mühüm rolunu unutmamalıdır (Balıyev, Balıyev, 2014).
3. Danışarkən sözlərin düzgün tələffüz olunmaması, özünü itirmək, tez həyəcanlanmaq.
İstər məktəbdə, istərsə də auditoriyada dərs danışarkən, öyrənənlər sözləri düzgün şəkildə tələffüz etmirlər. Bu hal, xüsusən elmi terminlərin və alınma sözlərin tələffüzündə, bəzi hallarda isə milli sözlərimizdə müşahidə olunur. Bu cür neqativ situasiya daha çox gənclərin tələffüz qaydalarını yaxşı mənimsəməməsindən irəli gəlir.
4. Dinləmək mədəniyyətinin qənaətbəxş olmaması.
Başqasını dinləməyi bacarmaq böyük məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin, nəcib əxlaqın təzahürüdür. Bu keyfiyyət hər bir savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca vacibdir. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir” (Ə.M.Bəhmənyar) (Abdullayev, 2013).
Gənclərimizin dinləmək mədəniyyəti, təəssüf ki, çox zəifdir. Faiz göstəricisi ilə qeyd etsək, bu proses danışmaq mədəniyyətinə görə 40% təşkil edə bilər. Bildiyimiz kimi, dinləmə prosesi eşitmədən fərqli olaraq şüurlu prosesdir. Ona görə dinləməyə şüurlu proses deyilir ki, bu zaman dinləyici danışandan nə isə öyrənmək və yaxud sualına cavab gözləyir, fikrini dəqiqləşdirmək istəyir. Təcrübə göstərir ki, şagird və tələbələrimizin bir qismi sanki qarşıdakına cavab qaytarmaq, onun fikrini yarıda saxlamaq üçün dinləyir. Bu da nitq mədəniyyəti tələbləri, əsasən də ziyalı nitqi üçün etik qayda sayılmır.
Ədəbiyyatda iki dinləmə növü vardır: refleksiv və qeyri-refleksiv.
“Refleksiv” və “qeyri-refleksiv” terminləri “refleksiya” anlayışından yaranmışdır (latınca “reflexio” – geri çevrilmə), yəni – subyektin öz diqqətini özünə və öz şüuruna yönəltməsi, dinləmə prosesində isə bu, həmsöhbətin nitqinə reaksiya deməkdir (Məmmədli, 2020).
Nitq mədəniyyəti kitablarında bu baxımdan “çətin dinləyici anlayışı və onun tipləri” fərqləndirilir.
Elmi ədəbiyyatda çətin dinləyicilər aşağıdakı şəkildə qruplaşdırılır:
- Yalançı. Bu tipli dinləyicilər elə təsəvvür yaradırlar ki, guya qarşı tərəfi çox diqqətlə dinləyirlər. Əslində isə onların bu hərəkətini yalnız etika xatirinə, qarşı tərəfə xoş gəlmək naminə edilən cəhd kimi qiymətləndirmək lazımdır. Diqqətcil olmalarını hər vasitə ilə nəzərə çarpdırmaq istəyində olsalar da, bu tip dinləyicilər söhbətin əsl mahiyyətindən xəbərsiz olur, hətta sual verməyi də özlərinə ar bilirlər. Elmi ədəbiyyatda “yalançılar” simulyant adlandırılır.
- Asılı. Belələri öz zahiri görkəmi ilə təsir göstərmək hislərinə elə dərindən qapılırlar ki, söhbətin nədən getdiyini unudurlar.
- Sözkəsən. Danışıq əsnasında bu tip dinləyicilər öz ağlına gələnləri unutmaqdan ehtiyatlanır, dərhal haqqında söhbət gedən hadisəyə oxşar hadisələrlə assosiativ əlaqələr axtarır və bunları tələsik ifadə etməyə can atırlar. Dinləyicinin bu cür davranışı danışanı qıcıqlandırmaya bilməz. Odur ki, sözü kəsən dinləyici ilə sonadək anlaşmaq çox çətindir. Bəzən elə olur ki, dinləyicinin günahı üzündən söhbət tam başqa məcraya yönəlir. Bu isə qarşılıqlı anlaşmaya ciddi maneə yaradır.
- Xəyalpərəst. Bunlar öz daxili dünyası ilə yaşayan, problemlərini daim götür-qoy edən dinləyicilərdir. Çox vaxt söhbətin nədən getdiyi onları, demək olar ki, bir o qədər də maraqlandırmır. Belə təəssürat yaranır ki, onlar heç qarşı tərəfi eşitmirlər.
- Məntiqli. Hər şeyi ölçüb-biçmək, əvvəlki məlumatlarla yeni məlumatları tutuşdurmaq, özünə faydalı olmayanları bir kənara qoymaq, ağlına gələnləri müəyyən ardıcıllıqla yozmaq bu tip dinləyicilər üçün çox xarakterikdir. Yerdə qalan nə varsa, onların diqqətindən kənarda qalır. Belələrini başa salmaq heç də asan deyil (Əbdülhəsənli, Kazımova, Allahverdiyev, 2017).
5. Şifahi nitqdə mədəni nitq etiketlərindən (zəhmət olmasa, xahiş edirəm, mümkündürsə, imkan olarsa və s. tipli ifadələrdən) istifadəyə riayət olunmaması.
Öyrənənlərin şifahi nitqindəki əsas problemlərdən biri də situasiyaya uyğun olaraq nitq etiketlərindən istifadə etməməkdir. Gənclərin bir çoxu istər təhsil müəssisəsində, istər evində, istərsə də cəmiyyətdə fikir söyləmək istərkən və ya nə isə bir şey əldə etmək üçün mədəni nitq etiketlərindən lazımi səviyyədə istifadəyə riayət etmirlər. Belə ki, onlar daha çox əmr tonunda “Kitabı mənə ver”, “Bu haqda danışın”, “Gələn dəfə dərs danışaram” və s. kimi cümlələrdən istifadə edirlər. Halbuki bu cümlələr, fikirlər mədəni nitq etiketlərindən biri ilə ifadə olunarsa, (“Zəhmət olmasa, kitabı mənə verin”. “Xahiş edirəm, bu haqda danışın”.) həm ifadə tərzində xüsusi bir çalarlıq, həm də nəzakət, etika hiss olunar.
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. Nitq etiketinə malik olmaq insanın nüfuz qazanmasına kömək edir, inam və hörmət yaradır. Onlara əməl etmək insana özünə inamlı olmaq imkanı verir. Onu öz səhvləri və düzgün olmayan hərəkətləri üçün narahatlıq keçirməkdən, başqalarının istehza hədəfi olmaq qorxusundan qurtarır.
TƏHSİLALANLARIN VERBAL NİTQİNDƏKİ QÜSURLARIN SƏBƏBİ VƏ ONLARIN HƏLLİ YOLLARI
Təhsilalanların nitqindəki qüsurların bir çox səbəbi ola bilər. Bu səbəbləri müxtəlif elmlər öz aspektlərinə görə tədqiq edir və fərqli amillər göstərirlər. Dilçilik elmi bu məsələyə tamam başqa prizmadan, psixologiya və sosial linqvistika daha fərqli mövqedən yanaşır. Elmdə sübut olunub ki, ünsiyyət prosesində müşahidə olunan çətinliklər, problemlər, adətən, sosial və psixoloji xarakter daşıyır. Bu çətinliklər şəxsin müəyyən fərdi-psixoloji xüsusiyyətlərə malik olmasından irəli gəlir. Məhz öyrənənlərin verbal kommunikasiyasında yuxarıda sadaladığımız problemlər onların fərdi-psixoloji və ya sosial xüsusiyyətlərindən irəli gəlir.
Gənclərin verbal nitqində olan qüsurların bünövrəsi bəzi hallarda uşaqlıq illərində qoyulur. Belə ki, təhsilalanların uşaqlıq dövründə ailəsində “Sən sus. Sən qarışma. Sən uşaqsan, anlamazsan. Get, öz işinlə məşğul ol. Səndən fikrini soruşan yoxdur...” kimi ifadələri tez-tez eşitməsi onların sonrakı həyatında fikirlərini ifadə etməkdən çəkinməsinə, utanmasına, hətta qorxmasına gətirib çıxarır. Təhsil prosesində müəllim-tələbə və müəllim-şagird arasındakı dialoqlarda da belə neqativ hallara rast gəlmək olar. Müəllimin şagirdinə və ya tələbəsinə “Sən nəsən ki, nə də fikir deyəsən?”, “Səndən gələcəkdə heç nə olmayacaq”, “Kəs səsini, otur aşağı” və s. kimi təhqiramiz ifadələrlə münasibəti həmin təhsilalanın hətta bildiyi bir şey haqqında da fikir söyləməməsi ilə nəticələnə bilər. Ona görə tədris prosesində belə təhqiramiz ifadələrə yol vermək olmaz. Bu, təhsilalanların özünə inamlı olması və fikrini ifadə edə bilməsi üçün vacibdir.
Öyrənənlərin verbal nitqindəki problemlərin səbəblərindən biri də söz ehtiyatının az olması ilə bağlıdır. Təhsilalanların əksəriyyətində bu halla qarşılaşmaq mümkündür. Öyrənənlər bəzi hallarda onlara verilən sualları öz şəxsi fikirləri ilə cavablandırmaqda çətinlik çəkir, sadəcə kitabdan əzbərlədiklərini təkrar etməklə kifayətlənirlər. Bu çatışmazlığın əsas səbəbi məhz onların söz ehtiyatı və cümlə qurmaq bacarığının zəif olmasıdır. Ona görə də təhsilalanlara düzgün cümlə qurmaq bacarığı və lüğətlərlə işləmək vərdişləri aşılanmalıdır. Məzmun və qrammatik cəhətdən fənn müəllimi şagirdlərə aşağıdakı vərdişləri aşılamağı qarşıya məqsəd qoymalıdır:
a) yazılı nitqdə orfoqrafiya qaydalarının tələblərinə riayət etmək;
b) şifahi ünsiyyət prosesində orfoepiya qaydalarının tələblərinə uyğun davranmaq və şifahi nitqin inkişafı məqsədilə kiçik həcmli mətnlərin oxusunu təşkil etmək;
c) dərslikdəki mətndən seçilmiş sözlərdən istifadə edərək yeni mətn qurmaq;
d) bir sıra söz birləşmələri tərtib etmək və onları nitqdə ifadə etmək;
e) cümlədə yersiz təkrarlara yol verməmək üçün sözlərin sinonim variantlarından düzgün istifadə etmək;
f) şeir, hekayə, nağıl, qəzet, məqalə və s. oxumaq.
Bu qaydalar ibtidai sinifdən başlayaraq məqsədli şəkildə icra olunarsa, şagirdlərin verbal nitqindəki söz bazası zənginləşəcək və onlar hərtərəfli fikir ifadə etməyə qadir olacaqlar.
Təhsilalanların verbal nitqindəki qüsurların digər səbəbi isə sosial mühitdən kənar olmasıdır. Sosiallaşma deyəndə, yanlış olaraq gənclər arasında yalnız sosial şəbəkələrdən istifadə başa düşülə bilər. Düzdür, sosial şəbəkələrdən istifadə etmək lazımlı olsa da, insan bütün gününü yalnız sosial şəbəkələrdə keçirirsə və kitab mütaliə etmirsə, cəmiyyət üzvləri, həmçinin ailəsi ilə ünsiyyət qurmursa, onun nitqi zəif, hətta getdikcə daha da passiv formaya keçəcək. Psixoloqlar sosiallaşma deyəndə, gənclərin, tələbələrin cəmiyyət üzvləri ilə canlı, üzbəüz söhbətlər, görüşlər keçirməsini, diskussiya, debat, müzakirələrdə iştirakını, özünü fikir və emosional baxımdan doğru ifadə etməsini nəzərdə tutur. Tədqiqatçıların fikrincə, ünsiyyət prosesində əmələ gələn bu cür çətinlikləri aradan qaldırmaq üçün insanlara, əsasən də gənclərə düzgün ünsiyyət vərdişlərini aşılamaq və ünsiyyət mədəniyyətini formalaşdırmaq lazımdır (Məmmədli, 2020).
Müasir dövrdə ünsiyyət vərdişləri aşılamağın təsirli vasitəsi kimi sosial-psixoloji treninqlərdən istifadə olunur. Özünüdərketmə, ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaşması sahəsində qrup metodlarının tətbiqi onun əsas vəzifəsini təşkil edir. Sosial-psixoloji treninq prosesində başlıca vasitə kimi müxtəlif modifikasiyalarda tətbiq edilən qrup diskussiyasından və rollu oyunlardan istifadə olunur.
Ünsiyyət prosesində insanlar bir-birinə müxtəlif yollarla psixoloji təsir göstərirlər. Sosial psixologiyada bir ənənə olaraq, psixoloji sirayət, təlqin, inandırma, təqlid kimi vasitələri fərqləndirirlər. Bir çox hallarda şayiə, moda kimi xüsusi fenomenlər də psixoloji təsir vasitələri sırasında nəzərdən keçirilir. Hətta lazım olarsa, nitqində yuxarıda sadaladığımız qüsurlar olan şagird və tələbələrlə fərdi şəkildə fikir mübadiləsi aparmaq, nitqindəki problemlərin həlli yollarını da məhz həmin faktora görə müəyyənləşdirmək lazımdır. Sadalanan verbal nitq problemlərinə görə yazılı nitq vərdişlərini formalaşdıracaq materiallar, sənədlər, yazı mətnləri üzərində iş aparmaq, şifahi nitqi zənginləşdirmək üçün lüğətlərlə iş metodundan istifadə, danışmaq və dinləmək mədəniyyəti formalaşdırmaq istiqamətində işlər görmək daha effektiv nəticəyə imkan yaradar (Cəfərov, 2009).
Danışmaq və dinləmək məqsədyönlü, şüurlu, qarşılıqlı proses olduğundan öyrənənlərə nitq bacarığı ilə birlikdə dinləmə mədəniyyəti də öyrədilməlidir. Elmi ədəbiyyatda yuxarıda adları sadalanan “çətin dinləyici” tipləri ilə üzləşdikdə danışan təslimçilik mövqeyində durmalı deyil. Əksinə, bu tiplərin hər birinə qarşı münasibətdə spesifik yanaşma metodlarından istifadə etmək lazım gəlir. “Çətin dinləyicini” öz istəyinə uyğun “kökləmək” üçün standart təsir mexanizmi olmasa da, danışan bunu müxtəlif suallar şəklində reallaşdırmağa çalışmalıdır.
Ali məktəblərin tədris proqramına salınmış və hazırda tədris olunan “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisinin məqsədi tələbələrdə şifahi və yazılı, işgüzar və akademik kommunikasiya vərdişlərini formalaşdırmaqdır. İşgüzar və akademik kommunikasiya nəzəriyyəsi və təcrübəsi sahəsində biliklər vermək, işgüzar kommunikasiyanın ən təsirli üsullarına, formalarına əsaslanaraq, gələcəkdə tələbələrə peşəkar fəaliyyətlərini həyata keçirməyə imkan verəcək kommunikativ səlahiyyətləri formalaşdırmaq və inkişaf etdirmək də bu fənnin əsas məqsədlərindən sayılır (Əbdülhəsənli, Kazımova, Allahverdiyev, 2017).
İşgüzar və akademik kommunikasiyanın cəmiyyətdə çox böyük rolu var. Sual-cavablar, keçirilən elmi konfranslar, seminarlar, disputlar, elmi mübahisələr bu fənnin inkişafına, yüksək səviyyəli kommunikativ bilik və bacarıqların təbliğinə yönəlib. Ən başlıcası isə bu cür tədbirlər işgüzar və akademik kommunikasiyanın inkişafına təkan verir. Məlumdur ki, cəmiyyət inkişaf etdikcə informasiya bolluğu yaranır. Dünyada baş verən hadisələrin şərhi, daxili xəbərlər, rəsmi xronika, iqtisadi icmallar və s. ünsiyyət mədəniyyətinin inkişafına xeyli kömək göstərir, xalqın dünyagörüşünü zənginləşdirir. Bu məntiqlə yanaşsaq, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisi birbaşa cəmiyyətə xidmət edir, onun maraqlarına və mənafeyinə hesablanıb. Çünki Azərbaycan dilində normal, məntiqli, sistemli, aydın və elmi cəhətdən sanballı işgüzar və akademik kommunikasiya vərdişlərinə yiyələnmək hər bir tələbənin nitq bacarıqlarını artıracaq, Azərbaycan xalqının minilliklər boyu sahib olduğu dəyərlərin yaşamasına, digər tərəfdən isə cəmiyyətin inkişafına və tərəqqisinə xidmət edəcək.
NƏTİCƏ
Yekun olaraq qeyd etməliyik ki, öyrənənlərin verbal nitqindəki problemlərin linqvistik, psixoloji və sosial baxımdan həll olunmasında müəllimlərin rolu əhəmiyyətli dərəcədə böyükdür. İşi elə təşkil etmək lazımdır ki, öyrənənlər nitqini Azərbaycan dilinin qrammatik və normativ qaydalarına, mədəni nitqin tələblərinə uyğun şəkildə ifadə etməyi bacarsınlar. Bunun üçün şagirdlərimizə, tələbələrimizə milli və dünya ədəbiyyatının dəyərli nümunələrini mütaliə etməyi, qəzet və jurnallar oxumağı, izahlı lüğətlərlə işləməyi, Azərbaycan dilinin qrammatik qaydalarını (sözlərin mənası, durğu işarələrindən yerində istifadə, cümlələrin qurulması və s.) yaxşı mənimsəməyi öyrətməliyik. Ünsiyyətin düzgün qurulması və fikrin düzgün, dəqiq ifadə olunması üçün təhsilalanlara söz ehtiyatını artıracaq bədii filmlərə baxmağı, elmi müzakirələrdə iştirak etməyi, öz nitqləri üzərində müəyyən praktik məşqlər (diksiya, səs tonu, tənəffüs, tembr, pauza kimi amilləri tənzimləməyi) aparmağı tövsiyə etməliyik. Bu problemin müvəffəqiyyətli həlli yalnız dil-ədəbiyyat müəllimlərinin yox, bütün müəllimlərin, hətta valideynlərin qarşılıqlı əlaqəsi nəticəsində mümkün ola bilər.
İstifadə edilmiş ədəbiyyat
1 Abdullayev, N. (2013). “Nitq mədəniyyətinin əsasları”. Bakı, 277 s.
2 Balıyev, H.B., Balıyev, A.H. (2014). “Azərbaycan dilinin tədrisi metodikası”. Bakı, “Qismət”, 384 s.
3 Bol’shunov, A.Y., Kisileva, N.İ., Marchenko, G.I., i dr. (2018). «Delovaya kommunikatsiya». Moskva.
4 Cəfərov, V. (2009). “Diplomatik etiket və nitq mədəniyyəti”. Bakı, 175 s.
5 Desyayeva, N.D. (2019). «Akademicheskaya kommunikatsiya». Moskva.
6 Əbdülhəsənli, T., Kazımova F., Allahverdiyev C. (2017). “İşgüzar yazışmalar” (dərs vəsaiti). Bakı, 250 s.
7 Məmmədli, N. (2020). “Azərbaycan dili və nitq mədəniyyəti”. Bakı, I cild.