OXU TƏLİMİ DİFERENSİAL YANAŞMANI TƏMİN EDƏN EFFEKTİV TƏDRİS METODU KİMİ
Məktəbdə şagirdlərin akademik hazırlıq səviyyələri fərqli olur və bu da mövcud tədris materialının yüksək səviyyədə mənimsənilməsini təmin etməyə çalışan müəllimlər üçün müəyyən çətinliklər yaradır. Vəziyyətdən çıxış yolu kimi, təhsilverənlər dərs planını daha çox orta statistik şagirdin bilik və bacarıqlarını rəhbər tutaraq tərtib etsələr də, bu, istedadlı şagirdlərin, eləcə də nisbətən zəif hesab olunan şagirdlərin diqqətdən kənar qalmasına səbəb olur. Məqalədə tədris prosesində müəllimlərin üzləşdiyi bu problemin həllinə töhfə verə biləcək model kimi oxu təlimi (Reader’s workshop) təklif və müzakirə olunur. Bu model oxumağı öyrənmə zamanı şagirdlərə diferensial yanaşmağa, o cümlədən onları fəal şəkildə öyrənmə prosesinə cəlb etməyə imkan verir. Oxu təlimi zamanı təhsilalanlar öz oxu səviyyələrinə uyğun olaraq istər cütlərlə, istərsə də müstəqil formada oxuyurlar və bu zaman müəllim eyni bilik səviyyəsinə malik şagirdlərdən təşkil olunmuş qrupla işləyir. O bu cür qruplarla iş zamanı dərsi şagirdlərin fərdi ehtiyaclarına uyğun təşkil etmək imkanı əldə edir. Bu təlim modeli öyrənmək, oxu kitabını seçmək, kitab haqqında yazmaq və fikirlərini yoldaşları ilə paylaşmaq, habelə qrupda müzakirə etmək kimi komponentləri özündə ehtiva edir. Tədqiqatlar göstərir ki, oxu təlimi zamanı şagirdlərin oxu bacarıqları və oxuya münasibətləri inkişaf edir, müəllimlər isə təlimi diferensiallaşdırmaq üçün müəyyən vaxt qazanır. Məqalənin əsas məqsədi “oxu təlimi” məfhumuna aydınlıq gətirmək, bu modelin komponentlərini müzakirə etmək, eləcə də təlim çərçivəsində müəllim və şagirdlərin rolunu müəyyənləşdirməkdir. Seçim, zaman və çevikliyin oxu təliminin əsas elementləri kimi qeyd olunduğu bu məqalədə öyrənmənin “təlim” şəklində təşkili və müvafiq ədəbiyyatların qısa təhlili də öz əksini tapmışdır. Məqalədə oxu təliminin faydaları və çətinliklərindən də bəhs edilir, eyni zamanda onun müvəffəqiyyətlə həyata keçirilməsini təmin etmək üçün tövsiyələr verilir.