BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANIN TƏDRİSİNDƏ HƏRƏKİ ADƏT VƏ VƏRDİŞLƏRİN ROLU
Məqalədə bədən tərbiyəsi və idman fənninin tədrisinin orqanizmin harmonik inkişafında, təhsilalanların sağlamlığının qorunmasında, güclü şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyətə malik olmasından bəhs edilir. Qeyd olunur ki, son dövrlərdə beynəlxalq miqyasda əldə olunan nailiyyətlər aparılan təhsil islahatlarının qlobal xarakterinin milli zəmin üzərində formalaşmış bəşəri mahiyyətini göstərir. Bütün bunlar müasir Azərbaycan təhsilinin simasının dəyişdiyini ifadə edir. Aparılan ilkin araşdırmalar bu dəyişikliklərin məhz müəllimin, şagirdin, valideynin, ümumiyyətlə, təhsildə marağı olan bütün iştirakçıların psixoloji fəaliyyətində özünü göstərdiyini təsdiq edir. Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas götürməklə təhsilalanların psixoloji mənafeyinə xidmət göstərmək Azərbaycan təhsilinin qarşısında mühüm vəzifə kimi dayanır.
Giriş
Dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar deyil, dəyərlər, səriştələr, vərdişlər şəxsiyyətin psixoloji inkişafında mühüm amillər kimi qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri mərhələlərlə aparılır.
Cəmiyyətimizin ehtiyac və tələbatlarına uyğun təhsil sisteminin qurulmasında demokratiklik, inteqrasiya, diferensiallaşma, fərdiləşmə, humanistləşmə və humanitarlaşma mühüm pedaqoji-psixoloji prinsiplər kimi nəzərə alınır. Əlbəttə, bunlar təhsil müəssisələrində keçirilən bədən tərbiyəsi və idman dərslərinə də öz təsirini göstərir. Çünki idman insanları həm fiziki, həm psixoloji, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını təmin edir, həm də cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün psixoloji cəhətdən nə qədər lazımlı olduğunu sübut edir. Bədən tərbiyəsi, hər bir sivil xalqda olduğu kimi, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir (Quliyev, 2009).
İdmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. Uşaq və yeniyetmələrin idmana istiqamətləndirilməsini zəruri edən amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- özünəgüvənin, mənlik dəyərinin artmasına təsir edir;
- liderlik bacarığını formalaşdırır;
- xarakterdə müsbət xüsusiyyətlərin formalaşmasına təsir göstərir;
- yaşıdlarla dostluq münasibətləri qurmaq bacarığı formalaşdırır;
- fiziki görünüşə müsbət təsir göstərir.
Bədən tərbiyəsi və idman orqanizmin harmonik inkişafında, möhkəmləndirilməsində, məktəblilərin psixoloji tərbiyəsinin və sağlamlığının qorunmasında, mənəviyyatın və əzmkarlığın formalaşmasında da çox mühüm əhəmiyyətə malikdir. Bu xüsusiyyətləri aşılamaq, vacib olan tədbirləri düzgün icra etmək isə müəllimlərin üzərinə düşür. Məsələn, məktəbdə ibtidai sinfin ilk illərindən şagirdlərə düzgün yerimək, tullanmaq, dırmanmaq öyrədilməli, habelə digər fiziki bacarıq və vərdişlərin təkmilləşdirilməsi üçün zəruri metodlar tətbiq edilməli, təbii şəraitdə müxtəlif növ hərəkətlərin, oyunların, əyləncələrin öyrədilməsi üçün bacarıq və vərdişlər aşılanmalıdır.
Fiziki tərbiyə müəllimləri və məşqçilər uşaqların, yeniyetmələrin fiziki və psixi inkişafında, sağlamlığının qorunmasında, orqanizmin fizioloji tamlığının saxlanılmasında, idman nailiyyətlərinin qazanılmasında məşqlərin səmərəli aparılmasına və fiziki yükün məşqlərarası psixoloji cəhətdən düzgün bölüşdürülməsinə xüsusi diqqət yetirməlidirlər. Buna nail olmaq üçün müəllim və məşqçilərdən insan orqanizminin psixoloji xüsusiyyətləri və inkişaf istiqamətləri haqqında geniş informasiya bazasına malik olmaq, innovativliyi qorumaq və psixoloji inkişafa zəmin yaratmaq tələb olunur.
Fiziki tərbiyə dərslərini proqram əsasında, müasir tələblərə uyğun və düzgün metodoloji və psixoloji yanaşma ilə təşkil etmək, şagirdyönlülüyə xidmət edən stimullaşdırıcı, səmərəli və inkişafetdirici oyunlar qurmaqla daha maraqlı etmək, keyfiyyətli tədrisin əldə olunmasına zəmin yaratmaq mümkündür. Bunları həyata keçirmək üçün fənn müəllimlərindən yüksək səviyyədə işgüzarlıq, zəhmətkeşlik, əzmkarlıq, psixoloji cəhətdən özünəinam, şəxsiyyətyönlü yanaşma təfəkkürü və əsl pedaqoji-psixoloji qabiliyyətlər tələb olunur (Qoqunov, 2005).
Fiziki tərbiyə kurikulumu ümumtəhsil məktəblərində şagirdlərin hərəki bacarıq və vərdişlərinin formalaşması, hərəki qabiliyyətlərin inkişaf etdirilməsi, sağlamlığın qorunması və reabilitasiyası üzrə fəaliyyətləri istiqamətləndirən konseptual sənəddir.
Fiziki tərbiyə kurikulumu nəticəyönlü xarakterə malikdir. Bu sənəddə məzmun materialları bacarıqlar formasında ifadə edilmişdir. Bu zaman fiziki tərbiyə fənninin təlimi prosesində şagirdlərin idraki, emosional, xüsusən də psixomotor fəaliyyələrinin nəzərə alınması diqqət mərkəzində saxlanılmışdır.
Kurikulumun hazırlanmasında başlıca istiqamət şagirdlərə yönəldilmişdir. İlk növbədə ümumi təlim nəticələrinin, sinif standartlarının
hazırlanmasında şagird fəaliyyətinin izlənməsi, inkişaf etdirilməsi əsas götürülmüşdür. Eləcə də təlim strategiyasında, nailiyyətlərin qiymətləndirilməsində şagirdlərin bir subyekt kimi bütün fəaliyyətlərin mərkəzində dayanması zəruri tələb kimi nəzərə alınmışdır.
1. Fiziki tərbiyənin əhəmiyyəti. Fiziki tərbiyənin insanın harmonik fiziki və psixi inkişafını təmin etməklə, mənəvi-iradi dayanıqlılığını formalaşdırmaqla cəmiyyətdə müstəsna əhəmiyyətə malik olması, ilk növbədə onun xarakterik xüsusiyyətləri ilə əlaqədardır.
2. Fiziki tərbiyənin yüksək fərdi xüsusiyyətlərin formalaşmasında əhəmiyyəti. Ümumtəhsil müəssisələrində fiziki tərbiyənin tədrisi qarşısında qoyulan əsas məqsədlərdən ən əhəmiyyətlisi vətənini, xalqını, millətini sevən, fiziki və psixoloji cəhətdən hazırlıqlı, nümunəvi əxlaqi davranışa və qarşılıqlı münasibətlərə malik, mübariz və tolerant insan tərbiyə etməkdir. Kollektivin, komandanın mənafeyi uğrunda mübarizə, vətənpərvərlik, rəqibə hörmət, tolerantlıq, mübarizlik və çevik qərar qəbul edərək onu reallaşdırmaq kimi fərdi xüsusiyyətləri formalaşdırır.
3. Fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişafetdirici əhəmiyyəti. Optimal hərəkət, fiziki yük insanın psixomotor fəaliyyətinin formalaşmasında mühüm rol oynayır. Ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafına yönəlmiş fiziki yükün dərs prosesində tətbiqi qan dövranının intensivləşdirilməsi ilə orqanizmin inkişafını təmin edən maddələr mübadiləsini və müxtəlif funksional sistemlərin işini xeyli yaxşılaşdırır. Bu cəhətdən də müntəzəm fiziki yük inkişafda olan orqanizmin sağlamlığı və möhkəmləndirilməsi üçün olduqca zəruri psixoloji əhəmiyyət daşıyır.
4. Fiziki tərbiyənin maarifləndirici əhəmiyyəti. Fiziki tərbiyə prosesində insan sağlamlığı və ona təsir edən amillər haqqında geniş informasiyanın əldə edilməsi, sağlamlığın qorunması, möhkəmləndirilməsi və reabilitasiyası üçün psixoloji vasitələrdən istifadəyə dair biliklərə, metodlara yiyələnmə özünün “sağlam olmaq məsuliyyəti”ni dərk edən, “psixoloji sağlamlıq mədəniyyəti”nə malik olan gənclərin cəmiyyətə psixoloji inteqrasiyası üçün mümkün şərait yaradır.
5. Fiziki tərbiyənin tətbiqi əhəmiyyəti. Hazırda yüksək fiziki və psixoloji hazırlıq tələb edən peşə sahələri mövcuddur. Orduda, ölkənin müdafiəsində, güc strukturlarında, fövqəladə hallarda xilasetmə xidmətləri və s. belə fəaliyyət sahələrinə aiddir. Qeyd olunan fiziki hazırlığın əsası isə insanın fiziki və psixi inkişafının daha intensiv dövrünə təsadüf edən ümumtəhsil məktəblərində, fiziki tərbiyə prosesində qoyulur. Həyati əhəmiyyət kəsb edən bacarıqların formalaşdırılması fiziki və psixoloji hazırlığın artırılması həyatda rast gəlinməsi mümkün olan ekstremal şəraitlərdə insanın uğurlu fəaliyyətinə önəm yaradır.
6. Fiziki tərbiyənin mahiyyəti, məqsədi və vəzifələri. Ümumtəhsil məktəblərində şagirdlərin fiziki və psixoloji tərbiyəsi böyüyən nəslin sağlamlığını, fiziki hazırlığını özündə birləşdirən psixoloji-strateji əhəmiyyətə malik sahələrdən biridir. Fiziki tərbiyənin əsas məqsədi şagirdlərin hərtərəfli fiziki və psixi inkişafının, hərəki mədəniyyət və mənəvi, emosional-iradi xüsusiyyətlərinin formalaşdırılmasının təmin edilməsidir. Bu fənnin tədrisi ayrı-ayrı təhsil səviyyələrində şagirdin fiziki və psixi inkişafı ilə əlaqədar aşağıdakı fərqli səciyyəvi xüsusiyyətlərə malikdir:
- tam orta təhsil səviyyəsində idman növlərində texniki, taktiki, psixi fəaliyyətlərin və hərəki qabiliyyətlərin yaş qrupunun fərdi psixoloji tələblərinə müvafiq təkmilləşdirilməsi nəzərdə tutulur. Bu mərhələdə fənnin tədrisinin səciyyəvi psixoloji xüsusiyyətləri də diqqətə alınmalıdır;
- sağlamlığın möhkəmləndirilməsi, hərəki qabiliyyətlər, onların psixoloji inkişafı metodları, müstəqil məşğələlərin təşkili biliklərinin təkmilləşdirilməsi;
- fiziki, psixoloji hazırlığın təkmilləşdirilməsi və düzgün qamətin formalaşdırılması metodikasından istifadə etmək bacarığına yiyələnməsi;
- fiziki yükün icrası zamanı orqanizmin funksional vəziyyətinə nəzarət və sadə psixoloji bərpa vasitələrindən istifadəetmə bacarığının formalaşdırılması;
- ilk tibbi yardım üsullarından istifadənin təkmilləşdirilməsi;
- komandalı fəaliyyət zamanı qarşılıqlı əməkdaşlıq formasından istifadə bacarığına yiyələnilməsi;
- psixoloji hərəki mədəniyyət fəaliyyətinin təkmilləşdirilməsi;
- ekstremal şəraitlərdə fiziki və mənəvi, emosional-iradi potensialı reallaşdırmaq bacarığının formalaşdırılması.
Bu təhsil səviyyəsində psixoloji hərəki bacarıq və vərdişlər təkmilləşdirilir, hərəki qabiliyyətlərin dinamik inkişafı təmin edilir. Hərəkətlərin təyinatı və məqsədyönlü istifadəsi haqqında biliklər mənimsənilir. Bu və ya digər idman növünə psixoloji uyğunluq, meyil və maraq müəyyənləşdirilir. Eyni zamanda şagirdlərin potensial imkanlarının reallaşdırılması üçün lazımi şərait yaradılır, seçmə və idman orientasiyası təmin edilir. Fənnin tədrisi şagirdlərdə mübarizlik ruhu, mənəvi, emosional-iradi keyfiyyətlər, şəraiti təhlil etmək və çevik qərar qəbul etmək bacarığı, məsuliyyət hissi, rəqibə hörmət, vətənə sevgi və məhəbbət hisləri oyadır.
7. Fiziki tərbiyənin reabilitasiya əhəmiyyəti. Ümumtəhsil müəssisələrində müəyyən fiziki qüsuru olan və ya zədələnmələrə məruz qalmış insanlarda dayaq-hərəkət aparatındakı problemlər, müəyyən xəstəlikdən sonrakı zəruri hərəki reabilitasiya fiziki və psixoloji tərbiyə vasitəsi ilə aradan qaldırılır.
“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” çərçivə sənədində müəyyən edilmişdir ki, ümumi təhsil məktəblərində fiziki tərbiyənin tədrisi vasitəsilə:
- İbtidai təhsil pilləsində sağlamlığın möhkəmləndirilməsi və qorunmasında fiziki tərbiyənin mühüm amil olduğunun dərk edilməsi təmin olunur.
- Əsas təhsil pilləsində fiziki tərbiyənin hərəki bacarıq və vərdişlərin şəxsiyyətin formalaşmasında mühüm amil olduğu haqqında
biliklər zənginləşdirilir. - Orta təhsil pilləsində hərəki bacarıq və vərdişlər təkmilləşdirilir, şəraiti təhlil etmək və çevik qərar qəbul etmək bacarığı, kollektiv fəaliyyət zamanı məsuliyyət hissi, rəqibə hörmət, vətənə sevgi və məhəbbət hisləri tərbiyə olunur.
Bədən tərbiyəsi dərsləri və idman məşğələləri fəaliyyətin digər növlərindən özünün kəskin və qüvvətli psixoloji emosionallığı ilə fərqlənir. İdman fəaliyyəti prosesində orqanizmdə bir sıra psixoloji dəyişikliklər baş verir, ümumi gümrahlıq artır. Bədən tərbiyəsi dərsləri və idman fəaliyyətində icra ediləcək hərəkətlərin ritmi zahiri görünüşə də təsir edir. Ümumiyyətlə, məşğul olduğu idman növündən asılı olmayaraq hər bir idmançının nümayiş etdirdiyi hərəkət, ilk növbədə özünün zahiri əlamətlərinin gözəlliyi ilə seçilməlidir (İlin, 2010).
Məişət, əmək hərəkətləri ilə yanaşı idman vərdişləri də insanın həyat və fəaliyyətində mühüm rol oynayır. İdman vərdişlərinə yiyələnməklə insanda yeni hərəkət formalarının təşəkkülü və hərəki aparatın yüksək inkişafı təmin olunur. Vərdişlər yarandıqda hərəkətlər avtomatlaşır. Lakin icra olunan fəaliyyət yenə də şüurlu fəaliyyət olaraq qalır. Bununla belə insanların yiyələndikləri hərəkət vərdişlərinin bir qismi, məsələn: yerimək, geyinmək, bədəni müvafiq vəziyyətdə saxlamaq kimi məişət vərdişləri dəfələrlə təkrarlanaraq tam avtomatlaşmış prosesə çevrilir. İdmanla bağlı vərdişlər daim icra edilən işə məsuliyyətli psixoloji münasibət bəsləməklə bağlı olur. Məhz ona görə də, idman vərdişləri həmişə şüurlu icra edilən iş kimi hafizədə qalır. Bu zaman idmançının öz hərəkətlərini psixoloji cəhətdən dərk etməsi zərurəti meydana çıxır.
İdman vərdişlərinin əsası planlı şəkildə məktəb illərində qoyulduğundan bədən tərbiyəsi müəllimləri və məşqçilər şagirdlərdə ilkin idman vərdişlərinin düzgün təşkilinə ciddi fikir verməlidirlər (Shaboltas, 1998). Pedaqoji–psixoloji ədəbiyyata görə idman fəaliyyətində hərəki vərdişlərin yaranması dörd mərhələdən keçir (İsmayılov, 1994).
I mərhələ – öyrənilməli olan vərdişlər haqqında dəqiq və sistemli təsəvvürlərin yaradılması;
II mərhələ – nəzəri biliklərin əməli tətbiqi və hərəki proseslərdə nümayiş etdirilməsi;
III mərhələ – hərəki vərdişlərin ən kiçik səhvlərə yol vermədən, avtomatlaşmış halda, yüksək ritm, temp və psixoloji savadlılıqla icrası;
IV mərhələ – avtomatlaşma səviyyəsinin idman növünün tələblərinə, idmançının şəxsi keyfiyyətlərinə müvafiq tərzdə qorunması.
Hər bir mərhələnin təşkilində və müvəffəqiyyətlə başa çatdırılmasında sözdən istifadənin psixoloji rolu da nəzərə alınır. Ona görə də şərhetmə və izahat işlərinin mərhələlərlə həyata keçirilməsi zamanı fərdi xüsusiyyətlərin ayrı-ayrılıqda nəzərə alınması başlıca məsələdir. Şagirdlərdə idman bacarığı və vərdişlərinin bu sahəyə olan maraqdan asılılığı məktəb praktikasında xüsusi əhəmiyyət kəsb edir (Shaboltas, 1998).
Təhsilalanlarda tam hərəki obrazların yaranması çox zaman müəllimin hərəkəti necə icra etməsindən və göstərməsindən asılı olur. Hərəkətləri sözlə təsvir edib qavramaq şagirdlərdə real obrazların fərqli təsəvvürlərini formalaşdırır. Ona görə də şagirdlər idman hərəkətlərinin mənimsənilməsi prosesində icrasına başladığı fiziki hərəkətin, mütəhərrik idman oyunlarının yerinə yetirilməsi üçün lazım olan fəndlərin tətbiqini bilməli, qarşıya çıxan çətinlikləri dərk etməli, mövcud vəziyyətə düzgün qiymət verməyi bacarmalıdırlar.
Son dövrlər orta məktəb şagirdlərinin çoxunda, həm ibtidai, həm də yuxarı sinif şagirdlərində onurğa əyriliyi, kifoz və skolioz kimi arzuolunmaz xəstəliklər açıq şəkildə özünü göstərir. Buna səbəb məktəblilərin vaxtlarının çoxunu (məktəb dərslərində, evdə ev tapşırıqlarını yerinə yetirərkən, uzun müddətli kompüter arxasında) oturaq vəziyyətdə keçirməsidir. Nəticədə bel əzələləri düzgün formalaşmır, skolioz, kifoz kimi qamət pozulması baş verir.
Məktəbyaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Uşaqların oturuşuna evdə valideynlər, bağçada və məktəbdə isə müəllimlər nəzarət etməlidirlər. Uşaqlar arasında son illər fiziki aktivlik azalmışdır. Hipodinamiya və hipokineziyanın azalması da bu xəstəliklərin artmasında rol oynayır. Uşaq oturaq vəziyyətdə uzun müddət dayanırsa, tədricən skolioz və kifoz xəstəlikləri meydana gəlir. Ona görə çalışmaq lazımdır ki, uşaqlar aktiv həyat tərzi keçirsinlər, fiziki hərəkətli oyunlara üstünlük versinlər.1
Uşağın düzgün fiziki inkişafı onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır. Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməli, gündəlik səhər idmanı ilə məşğul olmalıdır. Bütün bunlar bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir.
Üzgüçülüklə məşğul olmaq bütün bədən əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan problemləri aradan qaldırır. Uşaqda normal qamətdən kiçik kənaraçıxmalar olarsa, başlanğıcda onları sadə fiziki idman hərəkətləri ilə aradan qaldırmaq olar.
İdmanla məşğul olmaqdan əlavə, məktəbyaşlı uşaqlarda onurğa sütununda əyilmənin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət rejimi yaratmaq lazımdır. Əgər uşaq uzun müddət hərəkətsiz vəziyyətdə qalırsa, bu, onurğa sütununa da mənfi təsir göstərir. Şifahi və yazılı tapşırıqları növbələşdirməklə, məktəb məşğələləri ilə ev tapşırıqlarının yerinə yetirilməsi arasında da kifayət qədər vaxt verməklə bu problemin qarşısını almaq olar.
Nəticə
Tədqiqat prosesindən belə nəticəyə gəlmək olar ki, idman və fiziki tərbiyədə qazanılan hərəki adət və vərdişlər sayəsində müvafiq davranış formalaşır ki, onu da asanlıqla dəyişmək mümkün olmur. Məsələn, təhsilalanlar sağlamlaşdırıcı vasitələrdən sistemli şəkildə istifadə etməyi, hərəkətləri və oyunları qaydalara müvafiq qurmağı bacarır. Fiziki tərbiyə insanın fiziki cəhətdən təkmilləşməsinin idarə olunmasının ümumi qanunauyğunluqlarına əsaslanan bir elm olduğundan ümumi pedaqoji qanunauyğunluqlara istinad edir. Səmərəli qurulmuş fiziki tərbiyə prosesi vətənini, xalqını, millətini sevən, fiziki cəhətdən hazırlıqlı, nümunəvi davranışa malik, mübariz və tolerant insan tərbiyə etmək kimi məqsədlərin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasına imkan verir.
İstifadə edilmiş ədəbiyyat
1 İsmayılov, T.M. (1994). Azərbaycanda İdman Psixologiyasının bəzi aktual məsələləri. Bakı: ADBTİ, 162 s.
2 Quliyev, B.S. (2009). Fiziki tərbiyənin nəzəri–metodik və praktik işlərin əsasları. Bakı. “ADPU” nəşriyyatı, 314 s.
3 Nəsrullayev, M.Ə. (2003). Məktəblilərin fiziki tərbiyəsi. Dərs vəsaiti. Bakı. “ADPU” nəşriyyatı, 268 s.
4 https://saglamolun.az/index.php/
5 İlin, Y.P. (2010). Psixologiya sporta. Sankt-Peterburg: Piter, 352 s.
6 Qoqunov, Y.N. (2005). Psixologiya fizicheskogo vospitaniya i sporta. M: Akademiya, 224 s.
7 Radionov, A.V. (2015). Sportivnaya psixologiya. Uchebnik dlya akademicheskogo bakalavriata. M.Yurayt, 431 s.
8 Shaboltas, A.V. (1998). Motivı zanyatiya sportom vısshix dostijeniy v yunosheskom vozraste. M: SPb. 184 s.