ONLAYN TƏHSİLDƏ KEYFİYYƏTİN TƏMİN EDİLMƏSİ




Müasir dövrdə keyfiyyətli təhsil ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür. Məqalədə pandemiya ilə əlaqədar təhsilin, demək olar ki, bütün mərhələlərinin onlayn sistemə keçirilməsində həm təhsilalanlar, həm də təhsilverənlər üçün yaranmış çətinliklərdən və onların həlli yollarından bəhs edilmişdir. Məqalənin əsas məqsədi onlayn təhsilə marağın artırılması, keyfiyyətin təmin edilməsi və yeni metodologiyalardan istifadənin genişləndirilməsidir. Təhsilin onlayn rejimdə olması, təbii ki, ənənəvi tədris prosesinin və qiymətləndirmə metodlarının öz təsirini itirməsinə gətirib çıxarmışdır. Məqalədə qeyd olunur ki, onlayn təhsildə tələbələrin mühazirə tipli dərslərə marağının çox aşağı olması ilə bərabər, bu forma təhsilalanları əzbərləməyə və qiymət almaq xatirinə oxumağa təhrik edir. Hazırkı dövrdə elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmayan, onlayn təhsilin təşkilinin əsaslarını mənimsəməyən müəllim özünün rəqabətə davamlılığını itirir, həm də müasir ünsiyyət üsullarında mobilliyinin olmaması tələbələr üçün maraqsız və arzu edilməz olur. Bunun qarşısını almaq üçün daha yeni metodlardan istifadə edərək dərslərin qarşılıqlı diskussiya şəraitində keçirilməsi məqsədəmüvafiqdir və bu zaman tələbələrin dərs prosesinə marağının artdığı müşahidə olunacaqdır. Qiymətləndirmə prosesində Kahoot və Quizziz kimi öyrədici oyun platformalarından istifadə edilməsi tələbələrin dərs prosesinə marağının artmasına gətirib çıxaracaqdır.

GİRİŞ

Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Əsas məqsəd cəmiyyətin tələbləri nəzərə alınmaqla, təhsildə keyfiyyəti yüksəltmək, həmçinin onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranmışdır.

Təhsildə keyfiyyət anlayışı həmişə gündəmdə olmuşdur, çünki təhsil varsa, keyfiyyət də olmalıdır. Müasir dövrdə təhsil sistemi əsaslı
şəkildə cəmiyyətin sosial-iqtisadi inkişafına təsir göstərir. Təhsilin inkişaf perspektivləri ölkə miqyasında hamını narahat edir, düşündürür və çıxış yolları axtarmağa məcbur edir. Təlim və tədris prosesinin təkmilləşdirilməsi, ölkə üzrə tələbələrin nailiyyətləri barədə obyektiv məlumatların əldə edilməsi, habelə dövlət təhsil standartlarının monitorinqinin həyata keçirilməsi üçün müasir qiymətləndirmə mexanizmlərinin yaradılması mühüm vəzifə kimi hər bir təhsil işçisini narahat edən əsas məsələlərdir. Təhsildə keyfiyyətin müəyyənləşdirilməsində əsas göstərici təhsilalanın nəticələri olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən etibarlı mənbə hesab olunur.

AZƏRBAYCANDA ONLAYN TƏHSİLƏ KEÇİD

Son dövrlərdə bütün dünyada geniş yayılan COVİD-19 pandemiyası digər sahələrdə olduğu kimi təhsilin keyfiyyətinə də mənfi təsir etmişdir. BMT-nin 2020-ci ilin avqust ayına olan “COVİD-19 dövründə və ondan öncəki dövrdə təhsil” buraxılışında qeyd olunur ki, bu pandemiya bütün dünyada 190 ölkədə, təxminən 1,6 milyard təhsilalana təsir etmişdir. Məktəblərin və təhsil müəssisələrinin bağlanması dünya üzrə təhsilalanların 94%-nə təsir göstərmişdir ki, bunların da 99%-i aşağı və orta aşağı gəlirli ölkələrin payına düşür.1 

COVİD-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratmış, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri etmişdir. Pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi bu virusun geniş yayılmasının qarşısını aldı. İlk mərhələdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 35s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlandı və nazirliyin 2020-ci il 28 fevral tarixli qərarı ilə ənənəvi təhsil prosesindən onlayn təhsilə keçildi.2 

Pandemiya ilə əlaqədar təhsilin, demək olar ki, bütün pillələrində onlayn təhsil sisteminə keçilməsi həm təhsilalanlar, həm də təhsilverənlər üçün böyük çətinliklər yaratdı. Bu çətinliklərə birbaşa fərdlərdən asılı olmayan problemlər (internet, texniki avadanlıqlar və s.) və birbaşa fərdlərlə bağlı olan çətinliklər (texniki avadanlıqlardan düzgün istifadə, yeni yaranmış proqramlardan istifadə və s.) daxildir. Onu da qeyd etmək lazımdır ki, son zamanlar təhsil müəssisələrimizdə nəzərə çarpacaq dərəcədə dəyişikliklər (yeni texniki avadanlıqlar, kompüter təminatı və s.) müşahidə olunsa da, tədris prosesində, müəllim-tələbə-valideyn münasibətlərində keyfiyyət baxımından inkişaf və yeni texnologiyalardan istifadə bir o qədər qənaətbəxş deyil. Çünki bəzi müəllimlərdə yeni təfəkkür tərzi formalaşmır, onlar keçmişin təsirindən uzaqlaşmır və köhnə dünyagörüşü ilə işləyirlər. Təhsil müəssisələrinin rəhbərlərinin bu problemləri məktəb şuralarında, pedaqoji şuralarda müzakirə etməməsi və lazımi tədbirlər görməməsi isə təlimdə mənimsəmənin keyfiyyətinin azalmasına şərait yaradır. Bu araşdırmanın məqsədi pandemiya dövründə onlayn təhsil sisteminə daha sürətlə adaptasiya olmağın, yeni metodlardan istifadə etməklə keyfiyyətin artırılmasının təmin edilməsidir.

Onlayn təhsilə keçidin müsbət xüsusiyyətlərindən biri hər kəsin yeni informasiyaları rahatlıqla əldə edə bilməsidir. Təhsilalmanın bu formada təşkili, təbii ki, ənənəvi qiymətləndirmə metodlarının öz təsirini itirməsinə səbəb olur. Çünki ənənəvi tədris üsulunda testləşdirmə, yazılı imtahan və başqa üsullarla aparılan qiymətləndirmə hazırda bu təhsilalma formasında məqsədəuyğun hesab olunmur.  

Tələbələrin karyera baxımından bacarıqlarını inkişaf etdirməsində onlayn təhsil əhəmiyyətli rol oynayır. Onlar qiymətləri, rəyləri və sertifikatları onlayn təhsil vasitəsilə daha sürətli alırlar. Dərs materiallarının hər zaman əlçatan olması, dərslərdə iştirak etmək üçün əlavə vaxtın sərf olunmaması, mütaliə etmək üçün vaxtın çoxluğu da onlayn təhsilin müsbət xüsusiyyətləri kimi xarakterizə oluna bilər.

Bütün dünyada onlayn tədris yalnız internet ilə deyil, həmçinin televiziya və radio kanalları vasitəsilə də təşkil olunub. Bunun obyektiv səbəbi olaraq göstərə bilərik ki, YUNESKO-nun Statistika İnstitutu (UIS) və Müəllimlərin İş Qrupunun apardığı son araşdırmaya görə, pandemiya səbəbi ilə dünyada 1.5 milyard şagird sinif-dərs prosesindən kənarda qalmış, təxminən 826 milyon şagirdin (50%) isə evdə kompüterlə təminat imkanı olmamışdır. Təxminən 706 milyon şagirdin internetə çıxışı yoxdur və onların 56 milyonu mobil şəbəkələrin əhatə olunmadığı ərazilərdə yaşayır. Ona görə də, effektiv həll yolu kimi televiziya və radio evdə internet və kompüter olmadığı bir şəraitdə ən yaxşı alternativdir.3 Bu texnoloji uçurumu nəzərə alaraq dünyanın əksər ölkələri məsafəli təhsili həyata keçirmək üçün televiziya və radio əsaslı proqramlardan da istifadə edirlər.

Bu proqramlar nə qədər önəmlidirsə, COVİD-19 pandemiyası ilə bağlı maarifləndirici verilişlər də bir o qədər əhəmiyyətlidir. Bununla belə, radio və televiziyanın məsafədən təhsil vermək üçün vasitə kimi istifadəsi aşağıda qeyd olunan problemlər də yaradır:

  • tədris məzmunlu audio-vizual formatlarda mövzuların olmaması;
  • qısa müddət ərzində kəmiyyət və keyfiyyət baxımından tədris məzmunlu verilişlərin çəkilməsinin çətinlikləri;
  • təhsil məzmunlu proqramların dizaynı və yayımı üçün əvvəlcədən təhsil qurumları və televiziya şirkətləri arasında razılaşmanın olmaması;
  • təhsil proqramları hazırlamaq üçün təhsil mütəxəssisləri ilə televiziya və radioda işləyən mütəxəssislər arasında ünsiyyət və əməkdaşlığa ehtiyac;
  • onlayn təhsilin monitorinqi və qiymətləndirilməsi ilə bağlı bilik və təcrübənin yetərli olmaması və s.

BMT-nin “COVİD-19 dövründə və ondan öncəki dövrdə təhsil” adlı 2020-ci il buraxılışında qitələr üzrə göstəricilər statistika qrafik 1-dəki kimidir.

Əksər televiziya və radio şirkətləri proqramlarını daha çox interaktiv komponentlərlə hazırlayaraq öyrənənlərin, xüsusən də gənclərin diqqətini cəlb etmək istəyir. Proqramlar nəsillər arasında məlumat və təcrübə mübadiləsi üçün bir platforma təmin etmək məqsədilə də hazırlanır. Məsələn, Litvanın milli televiziya kanalı təhsilalanları öz videolarında interaktiv ev tapşırıqlarına aid video çəkib kanala göndərməklə təhsil prosesində daha fəal iştirak etməyə təşviq etmişdir.

Uzaqdan təhsil həlləri kimi radio və televiziya yayımının istifadəsi, təhsil sektorundakı rəqəmsal uçurumu aradan qaldırmaq və bu prosesdən kənarda qalanları da əhatə etmək üçün güclü bir metoddur. Bununla birlikdə, nəzərə alınması lazım olan bəzi vacib məsələlər də var. Məsələn, təhsil proqramlarının keyfiyyət təminatı, öyrənənlərin, xüsusən ən gənc olanların motivasiyası, öyrənmə nəticələrinin qiymətləndirilməsi və ya ölçülməsi ilə bağlı bir çox məsələ həll edilsə də, görüləsi işlər də çoxdur.

Qrafik 1 COVİD-19 dövründə və ondan öncəki dövrdə təhsil4

Bu sahədə qarşılaşdığımız problemlərdən biri də onlayn təhsildə tələbələrin mühazirə tipli dərslərə marağının aşağı olmasıdır. Bu mexanizm subyektiv xarakter daşıyır, tələbəni, bir qayda olaraq, əzbərləməyə və qiymət almaq xatirinə oxumağa təhrik edir. Təlim-tədris prosesində yalnız formal biliklər qiymətləndirilir, çox hallarda məqsəd qiymət yazmaqla məhdudlaşır və təhsilalanlara özünüqiymətləndirmə imkanı verilmir. Qiymətləndirmə nəticələrinin təhlilinin aparılmaması və müvafiq hesabatların hazırlanmaması da məsələnin həllinin uzanmasına gətirib çıxarır. Motivasiyanın azalması, bəzi yerlərdə internet və kompüter çatışmazlığı, ünsiyyətin canlı olmaması və digər texniki problemləri də onlayn təhsilin mənfi tərəfləri kimi qeyd etmək olar. 

Birinci kurs tələbələri arasında distant təhsilin idarə edilməsi barədə keçirilmiş sorğunun nəticələri 1-6-cı diaqramlarda verilir.

NƏTİCƏ

Ənənəvi dərs prosesində tələbələr sinif otaqlarında parta arxasında oturduqları zaman özlərini tədris mühitinin bir parçası kimi hiss edirlər və müəllimlərini rahat bir şəkildə dinləyərək dərsləri qavrayırlar. Lakin onlayn təhsil sistemində onlar bu mühiti hiss edə bilmədikləri üçün dərs prosesinə fokuslanmaqda çətinlik çəkirlər. Bu problem xüsusilə aşağı kurslarda daha çox müşahidə olunur. Bunun qarşısını almaq üçün daha yeni metodlardanistifadə edərək dərslərin qarşılıqlı diskussiya şəraitində keçirilməsi məqsədəmüvafiqdir. Bu zaman tələbələrin dərs prosesinə marağının artdığı müşahidə olunacaqdır. Qiymətləndirmə prosesində Kahoot və Quizziz kimi qiymətləndirmə vasitələrindən istifadə edilməsi də tələbələrin dərs prosesinə marağının artmasına kömək edən əsas amillərdən biri hesab olunur. Bu proqramlar vasitəsi ilə müəllimlər öz viktorinalarını yarada, pulsuz şəkildə mövcud viktorinalardan istifadə edə, tələbələr isə dərs prosesində bu sistemə daxil olaraq rahat şəkildə sualları cavablandıra bilərlər.

Diaqram 1 Məsafədən təhsilə necə adaptasiya oldunuz?

Kahoot – müəllimlərin təhsilalanlar üçün sadə testlər və sorğular hazırlaya biləcəyi sual-cavab platformasıdır. Müəllim getkahoot.com
saytına daxil ola və pulsuz üzv olaraq testlər, sorğular yarada bilər. Viktorinaları tamamladıqdan sonra təhsilalanların cihazında hər hansı bir internet brauzerini açması, kahoot.it saytına qoşulması və viktorina kodunu və adlarını daxil etməsi lazımdır.5

Quizizz gündəlik həyatda, işdə və ya təhsildə istifadə edə biləcəyimiz qiymətləndirmə prosesini əyləncəli və maraqlı etmək üçün yaradılmış veb-platformadır. Bu platformadan istifadə etməklə təhsilalanları qruplar halında qiymətləndirə və quizizz ilə qiymətləndirməni asanlaşdırmaq üçün sorğular, testlər yarada

Diaqram 2 Məsafədən təhsil prosesi sizi qane edirmi?

bilərik. Bu qiymətləndirmə metodlarından tələbələr  asanlıqla istifadə edə bilir, lakin şagirdlərdə xüsusilə aşağı sinifdə oxuyanlarda müəyyən problemlər yaşanır. Belə texniki problemlərin qarşısının alınması üçün xüsusi maarifləndirici təlimatların hazırlanması məqsədəuyğun hesab edilir.6 

Onlayn təhsil sistemində əsasən Zoom və MS Teams platformalarından istifadə edilir ki, bu platformalar bir çox üstünlükləri ilə seçilir. Məsələn, təhsilalanlar ehtiyac olduqda, dərsi (təqdimat, video, canlı mühazirə, səs yazısı və s.) qeyd edərək daha sonra internet üzərindən yükləyə bilərlər.

Diaqram 3 Ənənəvi təhsillə müqayisədə məsafədən təhsil əlverişlidir?

 

Fikrimcə, hazırkı dövrdə ənənəvi təhsil prosesində alınan nəticələr məsafədən təhsildə hələ müəyyən müddət olmayacaq. Lakin pandemiya dövrünün nə qədər davam edəcəyinin bilinməməsi və təhsilin keyfiyyətinin azalmasının qəbuledilməzliyi onlayn təhsilin keyfiyyətinin artırılması üçün yuxarıda sadalanan metodların istifadəsini labüd edir. Bu metodların əsas vacib xüsusiyyətləri aşağıdakılar hesab oluna bilər:  

Diaqram 4 Hansı onlayn platformalardan istifadə edirsiniz?

Diaqram 5 Gələcəkdə məsafədən təhsil almaq istərdinizmi?                       Diaqram 6 Məsafədən təhsil zamanı                     

                                                                                                                              qiymətləndirmə sizi qane edirmi?

  • interaktiv və qarşılıqlı;
  • əyləncəli;
  • cəlbedici interfeys;
  • istifadəçiyönlü.

Qənaətimiz belədir ki, koronavirus pandemiyası dövrünün gətirdiyi çətinliklərin qarşısı yalnız keyfiyyətli təhsil nəticəsində əldə edilmiş
biliklər sayəsində alınacaqdır.

Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya
platformasının təşkilatçılığı ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransında təqdim edilib.

İstifadə edilmiş ədəbiyyat

1 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. (2009). Bakı. 
2 “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. (2019). Bakı.
3 Məmmədzadə, R. (2010). Təhsildə keyfiyyət apаrıcı istiqamətlərdən biri kimi. Bakı.
4 Baytak, A. (2014). “Eğitimde Web Teknolojilerinin Kullanımı”. Pegem Akademi Yayıncılık.

5 İşman, A. (2011). “Uzaktan Eğitim”. Pegem Akademi Yayıncılık.
6 Kaya, Z. (2007). “Uzaktan Yüksek Öğretim” Değişim Çağında Yüksek Öğretim Global Trendler Paradigmal Yönelimler. Yaşar Üniversitesi Yayınları.
7 Talbot, C.J. (2003). Studying at a distance: A guide for students. Open University Press.
8 Uşun, S. (2009). “Dünyada ve Türkiye’de Bilgisayar Destekli Öğretim”. Pegem Akademi Yayıncılık.
9 http://www.wlac.edu/online/documents/otl.pdf
10 https://elearnmag.acm.org/
11 https://en.unesco.org/news/learning-throughradio-and-television-time-covid-19
12 https://oedb.org/ilibrarian/10-advantages-totaking-online-classes/
13 https://online.illinois.edu/articles/onlinelearning/item/2017/06/05/5-benefits-of-studying-online-(vs.-face-to-face-classroom)
14 https://onlinelearningconsortium.org/read/olc-online-learning-journal/
15 https://www.britannica.com/topic/distancelearning
16 https://www.iau-aiu.net/IMG/pdf/iau_covid19_and_he_survey_report_final_may_2020.pdf
17 https://www.un.org/development/desa/dspd/wp-content/uploads/sites/22/2020/08/sg_policy_brief_covid-19_and_education_august_2020.pdf
18 https://www.unicef.org/globalinsight/sites/unicef.org.globalinsight/files/2020-06/UNICEFGlobal-Insight-remote-learning-issue-brief-2020.pdf
19 https://www.uopeople.edu/blog/what-isdistance-learning
20 https://egitimaraclari.net/quizizz-nedir-nasilkullanilir/
21 https://www.ozeldersalani.com/kahoot-nedirnasil-kullanilir