DRAM DƏRNƏYİNİN FAYDASI NƏDİR?
Valideynlər övladlarının istedadlarını üzə çıxarmaq üçün onları müxtəlif dərnək və məşğələlərə yönəldirlər. Rəsm, xoreoqrafiya, idman, müxtəlif musiqi alətlərində ifa və s. bu kimi fəaliyyətlər arasında dram dərnəkləri də özünəməxsus yer tutur. Dram dərnəklərinin uşaqların inkişafında və özünüdərkində rolundan söz açmaq istəyirik.
Mütəxəssislərin qənaətinə görə, dram dərnəklərində iştirak etmək uşaqların ünsiyyət bacarıqlarını artırır, onlara özlərini ifadə etməyin müxtəlif yollarını öyrədir, təxəyyül və yaradıcılıq imkanlarını genişləndirir.
Dram dərnəkləri utancaq və sosial əlaqə qurmaqda çətinlik çəkən uşaqlar üçün çox faydalı bir platformadır. Tamaşalarda kiçik rollarda belə iştirak utancaq uşaqları özünə inamlı olmağa sövq edir. Onlar kütlə qarşısında danışmaqda və fikirlərini ifadə etməkdə çətinlik çəkmir, digər dostlarını dinləməyi öyrənirlər. Bu dərnəklərdə uşaqların əməkdaşlıq bacarıqları da artır. Oyun zamanı səhnədə yoldaşları ilə əməkdaşlıq etmək onlara iş bölgüsünü öyrədir.
Burada nitq, ədəbi dil bilikləri və ünsiyyət, özünü yaxşı ifadə edə bilmək qabiliyyəti püxtələşir. Dram dərnəklərində rollarını əzbərləməklə uşaqlar həm də yaddaşlarını gücləndirirlər. Tamaşa zamanı gülmək, ağlamaq və ya qəzəblənmək kimi reaksiyalar emosional zəkanın inkişafında olduqca faydalıdır. Bu fəaliyyət eyni zamanda onlara yeni dostlar tapmağa imkan yaradır. Oyun zamanı musiqi alətlərində çalmaq, rəqs və ifaçılıq məharətlərini göstərmək onların həm mənəvi, həm də fiziki inkişafına təsir edir.
Övladınızın rəngarəng geyimlərlə səhnədə oynaması onun içindəki aktyorluq potensialını aşkara çıxara bilər. O, tamaşalarda oynamaqla dramaturgiyanı həyat tərzinə çevirə, evdə olduğu zaman belə təqlidçiliklə, rolları əzbərləməklə məşğul ola bilər. Belə vaxtlarda onu dəstəkləsəniz yaxşı olar. Evinizin bir küncündə qura biləcəyiniz səhnə və onunla duetləriniz övladınızı aktyorluğa daha da həvəsləndirə bilər.
Evdəki stullarla hazırladığınız simvolik tamaşa zalı, ailə üzvlərinin oturaraq onu izləməsi və alqışlaması balaca istedadın içindəki həvəsi daha da artıra bilər.
Dram təliminin məktəblilərə təsirini araşdıran məqalələrdə qeyd olunur ki, övladınızın aktyorluğa, teatra, ifaçılığa marağını hiss edirsinizsə, onu bu sahədə təhsil almış dram müəllimlərinə tapşırmaq lazımdır. Ona diqqətlə yanaşan və düzgün yönəldə bilən mütəxəssislərlə işləməsi övladınızın gələcək inkişafı üçün daha faydalı ola bilər. Həftə ərzində zamanının müəyyən hissəsini bu dərnəklərdə keçirmək uşaqları virtual aləmdən uzaqlaşdırmağa, real həyata və real dostlara bağlamağa çox böyük yardım edəcək.
Gələcəkdə bu peşəni seçməsə belə, bu fəaliyyət onun özünə inamlı, komplekslərdən uzaq bir şəxsiyyət kimi formalaşmasına xidmət edə bilər.