EKRANSIZ TELEFON HƏRƏKATI

Smartfonlar XXI əsrin ən geniş yayılmış kommunikasiya vasitəsinə çevrilib. Hər yaş qrupundan olan insanlar gündəlik həyatlarında bu cihazlardan istifadə edir. Lakin uşaqların bu cihazlardan istifadəsi həm valideynlər, həm də tədqiqatçıların narahatlıq mənbəyidir. Ekran qarşısında ardıcıl vaxt keçirmək, sosial mediadan erkən yaşda istifadə, internet riskləri – bütün bunlar valideynləri uşaqlar üçün daha təhlükəsiz və məhdudlaşdırılmış rabitə vasitələri axtarmağa məcbur edir. Bu ehtiyacı fürsətə çevirməyi bacaranlar Tin Can adlı yeni telefon brendi yaradıblar. Tin Can uşaqlar üçün “smartphone” deyil, sadə və təhlükəsiz danışığa imkan yaradan unikal cihaz kimi diqqət çəkir. Tin can telefonlarının quruluşu bugünkü ünsiyyət texnologiyalarının başlanğıcı kimi keçmişdə uşaqların dəmir konserva qutusu və ip vasitəsilə oynadığı sadə “telefon” oyununa söykənir.
Tin Can ekran, tətbiqlər və internetin kompleks imkanları olmadan səsli rabitəni əsas məqsəd kimi seçən yeni nəsil telefondur. Bu cihaz “modern nostalgiyanı” həyatımıza gətirərək yaxın keçmişdə qalmış sadə telefon modelini yenidən təqdim edir və uşaqlar üçün rəqəmsal dünya yaratmır.
Tin Can brendi 2024-cü ildə ABŞ-nin Sietl şəhərində kiçik bir startap olaraq yaranıb. Həm də valideyn olan brendin qurucuları öz övladları üçün “ekransız danışıq cihazı” yaratmaq arzusu ilə işə başlayıblar. Telefonun yaranması ilə bağlı xəbərlərdə bildirilir ki, ideya ilk dəfə real telefon qədər sadə, lakin smartfonların çoxfunksiyalılığından azad bir cihaz yaratma arzusu ilə formalaşıb.
Tin Can şirkətinin rəsmi açıqlamasında qeyd olunur ki, şirkətin əsas hədəfi “uşaqlar üçün təhlükəsiz, ekransız və yalnız səsli rabitə imkanı verən telefon hazırlamaq” olub.
Tin Can telefonlarını ənənəvi smartfonlardan fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır:
- Ekransız və tətbiqsiz dizayn
Tin Can telefonlarının ekranı, oyun və tətbiqi yoxdur. Bu, uşaqları sosial media və internetin mənfi təsirlərindən qorumaq üçün düşünülmüş həll yoludur. Cihaz yalnız səsli zəngləri qəbul və göndərmək üçün nəzərdə tutulub.
- Wi-Fi üzərindən əlaqə
Tin Can cihazları Wi-Fi vasitəsilə işləyir və mobil şəbəkəyə qoşulmağı tələb etmir. Bu da daha sadə texnoloji quruluşla ailələrə rahatlıqla istifadə şansı yaradır.
- Valideyn nəzarəti
Valideynlər üçün nəzərdə tutulan xüsusi mobil tətbiq vasitəsilə cihazla əlaqə saxlamaq mümkün olur. Valideynlər:
- kimə zəng edilə biləcəyini müəyyənləşdirə,
- zəng etmək vaxtını təyin edə,
- öz uşaqlarının zəng tarixçəsini izləyə bilərlər.
- Məhdud rabitə funksiyası
Tin Can-in yalnız əvvəlcədən təsdiqlənmiş nömrələrə zəng etmək və onlardan zəng qəbul etmək imkanının olması “təsadüfi kənar şəxslərlə danışıq” təhlükəsini aradan qaldırır.
- Minimalist dizayn və nostaljik elementlər
Tin Can dizaynında retro telefonların təsiri hiss olunur və bu, xüsusilə XXI əsrin valideynləri üçün nostalji yaradır.
Tin Can cihazları bazarda sadəcə yeni bir texnologiya deyil, həm də valideynlər arasında bir hərəkat olaraq qarşılanıb. Özünün unikallığı ilə bu cihaz tez bir zamanda viral olub:
- Bəzi mənbələrə görə cihazın satışları o qədər yüksəlib ki, Milad günlərində şirkət yüksək tələbata cavab verə bilməyib.
- Startap bu proqramla əlaqədar əlavə olaraq 3.5 milyon dollar investisiya toplamağı bacarıb. Bazarda telefona artan tələbat investorlar tərəfindən maraqla qarşılanıb.

“Business Insider”in yayımladığı xəbərdə qeyd edilir ki, uşaqlar üçün düzgün texnologiya balansının təmin olunmasında böyük rol oynadığı üçün telefon geniş yayılır. Valideynlər Tin Can cihazını “smartfon olmadan sosial əlaqəni qoruyan yeni telefon dövrü” kimi qiymətləndirir.
Tin Can kimi cihazlar valideynlərin iki əsas narahatlığını aradan qaldırmağa çalışır:
- Ekran asılılığı və psixoloji təhlükələr
Hazırkı smartfonların ekran asılılığı yaratdığı və uşaqların konsentrasiya, yuxu ritmi, sağlamlığı, sosial davranışlarına mənfi təsir ilə bağlı saysız-hesabsız tədqiqatlar var. Tin Can cihazlarında ekran olmadığı üçün belə problem ortaya çıxmır.
- İnternet və sosial media təhlükələri
Tanımadıqları insanlarla rabitə, təhlükəli məzmun və reklamlar uşaqlar üçün risk təşkil edir. Tin Can isə yalnız valideyn tərəfindən təsdiqlənmiş kontaktlara zəng etməyə imkan verir və internetə açıq deyil.
Bu iki əsas səbəb Tin Can-i həm valideynlər, həm də müəllimlər üçün cəlbedici edir.
Tin Can-in bəzi məhdudiyyətləri də var:
- Cihazlar internet şəbəkəsi olmayan yerlərdə işləmir.
- Məhdud funksionallıq smartfonların çoxfunksiyalılığı ilə müqayisədə daha çox nəzərə çarpır.
- Bu cihazlar, əsasən, səsli rabitə üçün nəzərdə tutulub, mesajlaşma, kamera və sosial media kimi imkanları yoxdur, bu da bəzi valideynləri narahat edə bilər.
Tin Can brendi hələ başlanğıc mərhələsindədir və geniş smartfon bazarı ilə müqayisədə nisbi şəkildə məhdud bazarda fəaliyyət göstərir. Buna baxmayaraq:
- Bu model valideynlər arasında trendə çevrilərək uşaq rabitəsi sahəsində yeni kateqoriya yarada bilər.
- Bənzər konsepsiyalar və daha çox təhlükəsiz cihazlar bazara daxil ola bilər.
- Tin Can-in gələcəkdə dünya bazarına çıxmaq üçün marketinq və məhsul inkişafı sahəsində investisiyaları artıracağı gözlənilir.
Tin Can bir növ “ekransız telefon” olaraq smartfonların çoxfunksiyalı dünyasından uzaqlaşmaq istəyən valideynlər üçün yenilikçi və təhlükəsiz bir alternativ kimi ortaya çıxır. Qısa zamanda viral olaraq məşhurluq qazanan Tin Can uşaqlar üçün telefon anlayışını yenidən formalaşmasına səbəb ola bilər.

