UŞAQLARA YOQA NİYƏ LAZIMDIR?
Son illərin kütləviləşən sağlamlıq trendləri içərisində yoqa xüsusi yer tutur. Bütün dünyada gündəlik problemlərdən, yeknəsəklikdən bezib yoqaya sığınanların sayı getdikcə artır. İnsanlar yoqada ruh və bədən dincliyi axtarırlar. Maraqlıdır ki, hazırda yoqaya üz tutanlar arasında uşaq və yeniyetmələr də çoxalıb.
Uşaq yoqası azyaşlıların fiziki və mənəvi xüsusiyyətlərinə uyğunlaşdırılan klassik Hatha yoqanın bir qoludur. Məşğələlər klassik yoqa ilə eyni prinsiplərə əsaslansa da, bəzi fərqlər var. Məsələn, uşaq yoqasında meditasiyadan daha çox oynaq hərəkətlərə fikir verilir.
Uşaqlara yoqa niyə lazımdır?
Yoqa tədrisi ilə məşğul olanların dediyinə görə, bu fəaliyyət uşağın fiziki göstəriciləri ilə yanaşı, emosional vəziyyətinə də müsbət təsir edir. Yoqa aktiv uşaqların sakitləşməsinə, utancaqların isə yaşıdları ilə birgə istirahət etməsinə, kommunikasiya yaratmasına imkan yaradır. Müntəzəm məşqlərlə uşaqlar özlərini, ehtiyaclarını və imkanlarını daha yaxşı anlamağa başlayırlar. Bu onların həyatının bütün sahələrinə müsbət təsir göstərir.
Mütəxəssislərin fikrincə, uşaq yoqasında ciddi yaş məhdudiyyəti yoxdur. 3 yaşından başlayaraq uşaqlar yoqa ilə ara-sıra məşğul ola, 5-7 yaşdan etibarən isə ardıcıl yoqa dərslərinə qoşula bilərlər. Uşaqların yoqaya başlaması üçün fiziki və əqli cəhətdən ideal dövr 6-7 yaş hesab olunur. Ancaq uşaq yoqaya nə qədər tez başlasa, nəticələr bir o qədər faydalı və məhsuldar olar.
Yoqa məşqlərinin məzmun və formatı uşağın yaşına görə dəyişir. Adətən, məktəbəqədər və ibtidai sinif şagirdləri üçün məşğələlər oynaq şəkildə keçirilir. Bu, onlarda yoqaya maraq və həvəs oyatmaq üçün lazımdır. Yeniyetmələr üçün məşqlər isə daha çox fəlsəfə elementləri ilə zəngin klassik yoqa formatına yaxındır.
Yoqa duruşlarının əksəriyyəti düzgün qamətin formalaşmasına xidmət edir. Uşaqlar bükülmə, əyilmə və uzanma hərəkətləri zamanı onurğanın daha düz və çevik olmasına diqqət yetirirlər. Məsələn, boyun bölgəsinə yönələn məşqlər qan axınını yaxşılaşdırmağa və intellektual fəaliyyəti artırmağa kömək edir. Dərindən nəfəs çalışmaları ağciyər funksiyasının, qarın əzələləri üçün məşqlər isə mədə-bağırsaq sisteminin işinə təsir edir.
Xarici təcrübə göstərir ki, uşaqların bağçadan başlayaraq yoqa ilə məşğul olması ona gələcək həyatında böyük üstünlük verə bilər. Uşaqlar kiçik yaşdan elastiklik, güc və konsentrasiya bacarığı qazanmış olurlar. Uşaq yoqası sinirləri stimullaşdırır və daxili orqanları tənzimləyir. O, zehinlə bərabər bədəni də öyrədir. Yoqa ilə mütəmadi məşğul olanlar güc, çeviklik və koordinasiya bacarıqlarının hesabına başqa fiziki fəaliyyətlər zamanı zədələnmənin qarşısını alırlar. Yoqa daha asan öyrənmək və müsbət düşünmək, yeni yollarla öyrənmək üçün motivasiya qazanmağı təmin edir. Yoqa ilə məşğul olanlar ətrafda baş verənlərin fərqinə varır, rəqabət hissi və stressə qapılmadan özlərini kəşf etməyi öyrənirlər.
Yoqa uşaqlara konsentrasiya və diqqəti artırmaqda kömək etdiyindən onların məktəb uğurlarında da irəliləyiş hiss olunur.
Azyaşlılar və yeniyetmələrdə skoliyoz və kifozla bağlı problemlərə tez-tez rast gəlinir. Odur ki, uşaqlar üçün yoqa onurğa sütunu və ətrafındakı əzələləri gücləndirməkdə çox təsirlidir. Yoqadakı dartınma, bükülmə, əyilmə və dönmə hərəkətləri ilə uşaqların üzləşdikləri bu problemlərin qarşısını almaq olar. Amma yoqanın faydaları bununla bitmir. Yoqa uşaqlara:
- elastikliyi və plastikliyi öyrədir;
- hərəkətlərin koordinasiyasını yaxşılaşdırır, vestibulyar aparatı gücləndirir;
- emosional vəziyyəti tarazlaşdırır, səbir və dözüm aşılayır;
- uşaqları yaradıcılıq uğurlarına ilhamlandırır;
- zorakılıq olmadan sağlam həyat tərzi sürməyi öyrədir;
- immun sistemini gücləndirir və orqanizmə müxtəlif xəstəliklərlə mübarizədə kömək edir;
- özünü dərk etmək və bütün bəşəriyyətin bir hissəsi kimi görmək bacarığı verir.
Yoqa ilə məşğul olmaq üçün uşağın əlavə avadanlıq və alətlərə ehtiyacı yoxdur. Ona ancaq kiçik xalça və istək lazımdır.
Uşaq yoqa dərslərinin həftədə bir və ya iki dəfə, 20-25 dəqiqə ərzində keçirilməsi kifayətdir. Bununla belə, uşaqların diqqəti və konsentrasiyası yaş qruplarından asılı olaraq fərqli olduğundan dərsin müddəti 35-60 dəqiqə arasında dəyişə bilər.
Uşaq yoqası ilə məşğul olan mütəxəssislərin dediyinə görə, bu prosesdə uşaqların qazandığı ən mühüm bacarıq öz bədənini dinləmək və onun verdiyi siqnalları anlamaq qabiliyyətidir. Yoqa bunu zorakılıqla deyil, sevinc və maraqla öyrədir. Uşaq anlayır ki, o, sual verə, öyrənə və anlamadıqda qorxmaya bilər. Uşaqlar üçün yoqa məşğələləri aşağıdakı meyarlar əsasında aparılır:
- bədənin formalaşdırılması üçün fiziki məşqlər;
- nəfəs texnikaları ilə tanışlıq;
- rahatlamaq bacarığını öyrənmək.
Burada müvafiq istiqaməti seçərkən uşağı, onun maraqlarını və temperamentini müşahidə etmək vacibdir. Buna əsaslanaraq onun hansı idman növü ilə daha çox maraqlanacağını güman etmək olar. Əsas odur ki, uşaq sevmədiyi bir işə məcbur edilməsin. Uşaqlar yoqa ilə məşğul olmağa istəksiz və zorla cəlb olunsa, bunun onlara faydasından çox zərəri ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatı 2010-cu ildə əhalinin fiziki sağlamlığı ilə bağlı tövsiyələrində 5-17 yaşlı uşaqlar üçün aktiv həyat tərzi, idman və yoqanın vacibliyini vurğulayıb. ÜST ekspertlərinin fikrincə, aktiv və idmana aludə olan uşaqlar ekran qarşısında və mobil cihazlarla daha az vaxt keçirir. Bu isə nəticə etirabilə onun həm fiziki, həm də psixi sağlamlığına təsir göstərir.
Ekspertlər qeyd edir ki, valideynlərin övladları ilə birlikdə qatıldığı yoqa dərslərinin effekti daha böyükdür. Onlar bu məşqlər sayəsində uşaqların bədəninin fiziki hazırlığı, doğru nəfəs alması, özünü düzgün ifadə etməsi və kommunikasiya qurmasında böyük irəliləyişlərin şahidi ola bilərlər. Bu həm də valideynlərlə övladlar arasındakı bağın gücləndirilməsi üçün faydalaı ola bilər.