YENİYETMƏLİK 32 YAŞADƏK DAVAM EDİR




Əsrlər boyu “yetkinlik” anlayışı hüquqi və bioloji faktorlarla məhdudlaşdırılıb. Bir çox cəmiyyətlərdə 18 yaşın tamam olması fərdin artıq tam yetkin insan olduğu, qərarlarında məsuliyyət daşıdığı və bioloji inkişafının başa çatdığı dövr kimi qəbul edilirdi. Lakin müasir elm, xüsusilə də son onillikdə inkişaf edən beyin əks etdirmə texnologiyaları bu qəlibləri sındırır. Artıq alimlər bir ağızdan bəyan edirlər ki, yeniyetməlik 18 yaşda bitmir. O, 30-cu yaşların əvvəllərinə qədər uzanan keçid dövrüdür.

Beynimizin “yetkinləşməsi” prosesi arxa hissələrdən (təməl funksiyalar) başlayaraq ön hissəyə doğru irəliləyən bir dalğa kimidir. Beyinin ən son inkişaf edən hissəsi isə prefrontal korteksdir.

Prefrontal korteks beyinin “icraçı direktoru” sayılır. Planlaşdırmaq, qərar qəbul etmək, impulsların idarə olunması və nəticələri proqnozlaşdırmaq bu hissənin məsuliyyətindədir. Kembric Universitetinin neyrologiya üzrə professoru Peter Conesun araşdırmalarına görə, bu bölgədəki neyron əlaqələri 20-ci yaşların sonuna qədər, bəzi hallarda isə 32 yaşa qədər struktur dəyişikliklərinə məruz qalır.

Bu dövrdə iki mühüm proses baş verir:

  • Sinaptik budanma: beyin istifadə olunmayan neyron əlaqələrini kəsir ki, daha sürətli və effektiv işləsin. Bu, bir növ “təmizlik” prosesidir və 30 yaşa qədər davam edə bilər.
  • Mielinləşmə: Neyronların ətrafında izolyasiya qatı (mielin) yaranır. Bu qat siqnalların ötürülmə sürətini 100 dəfəyə qədər artırır. Araşdırmalar göstərir ki, ağ maddənin (mielinləşmiş liflər) sıxlığı 30-32 yaş aralığında pik həddə çatır.

2024-2025-ci illərdə Kembric Universitetində aparılan genişmiqyaslı MRT tədqiqatları göstərir ki, beyinin inkişafı düz xətli deyil, dalğavari xarakter daşıyır. Alimlər 18 yaşındakı bir gəncin beyninin “plastik” (dəyişməyə meyilli) olduğunu, lakin 32 yaşda bu plastikliyin stabilləşdiyini müəyyən ediblər.

Bu araşdırmalar sübut edir ki, 18-20 yaşlı gənclər hələ də emosional stimullara qarşı yeniyetmələr kimi reaksiya verirlər. Beyinin “mükafat mərkəzi” bu yaşlarda çox aktiv olsa da, onu cilovlayacaq olan prefrontal korteks hələ kifayət qədər “güclü” deyil. Bu balans pozuntusu 25-30 yaş arasında tarazlaşmağa başlayır.

Psixoloq Ceffri Censen Arnettin irəli sürdüyü “Ortaya çıxan yetkinlik” nəzəriyyəsi bu bioloji dəyişikliklərin sosioloji tərəfini izah edir. Müasir dünyada təhsil müddətinin uzanması, iş həyatına gec başlamaq və evlilik yaşının yuxarı qalxması yeniyetməlik dövrünü süni şəkildə uzadıb.

  • İdentifikasiya axtarışı. Gənclər artıq 20 yaşlarında kim olduqlarını tam dərk etmirlər. Bu axtarış 30 yaşa qədər davam edir.
  • Qeyri-stabillik. Yaşayış yeri, iş yeri və partnyor dəyişiklikləri 20-30 yaş arası pik həddə çatır.
  • Özünə diqqət. Bu dövrdə fərdlər valideyn nəzarətindən çıxsalar da, hələ tam məsuliyyətli “böyük” rolunu öhdələrinə götürməyə tələsmirlər.

Yeniyetməlik yaşının 32-yə qədər artması sadəcə elmi maraq kəsb etmir, həm də ciddi praktik nəticələrə malikdir.

Bir çox hüquqşünas və psixoloqlar təklif edir ki, 18-25 yaş arası gənclərin törətdiyi cinayətlərə baxılarkən onların beyin inkişafı nəzərə alınmalıdır. Çünki bu yaş qrupundakı insanların impulsları idarə etmə qabiliyyəti 40 yaşlı insanlardan kəskin fərqlənir.

Mütəxəssislər qeyd edir ki, şizofreniya və başqa bir çox psixi pozuntular, adətən, 20-ci yaşların sonunda üzə çıxır. Bu, birbaşa beynin son inkişaf mərhələsindəki həssaslığı ilə əlaqəlidir. 32 yaşa qədər davam edən inkişaf dövrü həm də risk dövrüdür.

          Şirkətlər artıq 20-30 yaş arası kütləni “tam yetkin” deyil, “böyük yeniyetmələr” (kidults) kimi hədəf alırlar. Oyun sənayesi, moda və əyləncə sektorunda bu yaş qrupunun hələ də yeniliklərə və emosional alış-verişə meyilli olması (beyin inkişafının nəticəsi olaraq) iqtisadi strategiyaları dəyişir. Kembric Universiteti alimləri artıq 18 yaşın “yetkinlik” üçün süni bir rəqəm olduğunu vurğulayaraq, səhiyyə sistemində 25 yaşadək gənclərə “keçid dövrü xidmətləri” göstərilməsini təklif edirlər. ABŞ-in sığorta şirkətləri 25 yaşdan aşağı sürücülərin daha çox risk aldığını statistik olaraq təsdiqləyirlər ki, bu da birbaşa prefrontal korteksin inkişafı ilə bağlıdır.

Mütəxəssislər vurğulayır ki, yeniyetməliyin 32 yaşa qədər uzanması insanların daha “gec böyüməsini” deyil, insanın təkamül prosesində daha mürəkkəb bir beyin quruluşuna sahib olduğunun göstəricisidir. Daha mürəkkəb bir sistemin “quraşdırılması” isə daha çox zaman tələb edir.

32 yaş beyinin bütün hissələrinin bir-biri ilə tam harmoniyada işlədiyi, emosiyaların məntiqlə tam cilovlandığı və fərdin öz bioloji “pik” nöqtəsinə çatdığı yaşdır. Bu elmi həqiqət bizə gənclərə qarşı daha anlayışlı olmağı, onların səhvlərini “inkişafın bir hissəsi” kimi görməyi və yetkinlik anlayışımızı yenidən nəzərdən keçirməyi təklif edir.

          Ötən əsrin əvvəlində Mirzə Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsinin qəhrəmanı Kəblə Əzimlə bərabər ədəbi dilə “saqqallı uşaq” epiteti daxil oldu. Bu ifadə, adətən, zahirən böyümüş, saqqal saxlayan, lakin daxilən uşaq qalan fərdləri təsvir etmək üçün işlədilirdi. Bu günün elmi isə bizə deyir ki, “saqqallı uşaqlıq” həm də bioloji bir mərhələdir. “32 yaş həddi” bu halın əslində bəşəriyyətin böyük bir hissəsinin keçdiyi uzadılmış inkişaf yolu olduğunu göstərir.

Zemfira Məmmədqızı