İZİMİZLƏ GƏLƏN OLSUN
İsraf tullantıları artırır
BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə sammitinin Bakıda keçirildiyi vaxt Avropada da tullantıların azaldılması həftəliyinə start verilib. Noyabrın 16-24-nü əhatə edən bir həftə ərzində 29 ölkə tullantıların azaldılmasına xidmət edən aksiyalar həyata keçirir. Həmin aksiyalar çərçivəsində məktəblilərə israf və tullantılara qarşı davranışlar da öyrədilir.
Avropalı mütəxəssislərin məktəbli və tələbələr üçün hazırladığı tövsiyələr təkcə ətraf mühitə deyil, icmalara və yerli əraziyə də fayda verməyə yönəlib. Bu tövsiyələrin azərbaycanlı məktəblilər üçün də maraqlı olacağını nəzərə alıb onlardan bəzilərini sizinlə bölüşmək istəyirik.
Həmin tövsiyələrdə qeyd olunur ki, məktəblərin ortaq cəhətlərindən biri fiziki əşyalardan - kağız, qələm, kitab, plastik, yapışqan, printerlərdən istifadədir. Bu materialların istifadədən çıxarılması ətraf mühitin sağlamlaşdırılması üçün yaxşı başlanğıc ola bilər.
Bunun üçün mütəxəssislər “Bulud” saxlama texnologiyalarından istifadəni tövsiyə edirlər. Onlar bunun hər kəs üçün daha az texniki xidmət xərcləri, daha yüksək səmərəlilik, daha az tullantı demək olduğunu vurğulayırlar. Bu halda inventarın tükənməsi təhlükəsi də aradan qalxır.
“Bulud” texnologiyaları təhsil proqramlarını, qrup layihələrini, tapşırıqları sadələşdirə və bir çox başqa sahələr arasında ünsiyyəti gücləndirə bilər. Əşyalarla dolu şkaflardan fərqli olaraq, “bulud” telefonun yaddaşındakı yeri ilə kifayətlənir.
Mütəxəssislər onu da qeyd edir ki, texnologiyadan istifadənin özünün də yaratdığı müəyyən problemlər var. Məktəblərdə uzun müddət istifadə olunan texnoloji avadanlıqlar sonradan problemə çevrilə bilər.
Gücü və yaddaşı olmayan köhnə kompüterlər müasir internet sürəti ilə ayaqlaşmaqda çətinlik çəkə, köhnəlmiş proqram təminatı məhsuldarlığa böyük təsir göstərə bilər.
Odur ki, elektron tullantıların təkrar emalı da diqqət yetirilməli ekoloji problemlər sırasındadır.
Məktəblərin və məktəblilərin ətraf mühitə başqa bir təsiri də birdəfəlik əşyalardan kütləvi istifadədir. Məktəb və universitetlər təhsilalanlara və işçilərə su şüşələri paylamaqla onları düzgün istiqamətə yönləndirmiş olar. Məktəb yeməkxanalarında taxta qəhvə qarışdırıcıları, metal bıçaqlar, çini fincan və boşqablardan istifadə oluna bilər. Təbii ki, bu əşyaların yuyulması və qurudulması üçün ərazi də ayrılmalıdır.
Başqa bir məşhur həll yolu məktəb və universitetlərdə kompost edilə biləcək əşyalardan istifadədir. Bambuk və ya şəkər qamışından hazırlanmış bıçaq, boşqab və fincanlar ekoloji baxımdan səmərəli alternativ ola bilər.
Şagirdlər birdəfəlik qabların istifadəsinin azaldılmasına fokuslandıqca zibil qutusundakı başqa tullantılara da diqqət yetirməyə başlayırlar. Ekoloqlar buna “tullantıların auditi” adını verib. Məktəblərin əsas tullantı istehsalçılarından olduğunu nəzərə alsaq, tullantıların auditi ekologiyaya böyük fayda verə bilər. Bu proses haqqında məktəb işçiləri və şagirdlər maarifləndirilməlidir. İşçi heyəti və təhsilalanları prosesə cəlb etmək ekoloji duruma müsbət təsir edər.
Ekoloqlar şagirdlərin üzvi tullantıların kompostlanmasına qoşulması üçün xüsusi təlimat da hazırlayıblar. Həmin təlimatda ardıcıllıq bu şəkildə göstərilib:
- Kompost qutusu və ya yığınının xoşagəlməz qoxusunun qarşısını almaq və asan təmizlənməsi üçün açıq havada və yaxşı drenajla uyğun bir yer seçilməlidir.
- Kompost qutusunu hazırlayın. Bunun üçün hazır satılan kompost qutusundan istifadə edə və ya özünüz quraşdıra bilərsiniz. Nəzərə alın ki, bu da məktəblilərin əl bacarıqlarının təkmilləşməsi üçün əla layihədir.
- Üzvi tullantıları toplayın: yeməkxanalardan təkrar emal üçün yığılmış qida qalıqları, ofis mətbəxlərindəki qəhvə tullantıları, həyətyanı təsərrüfatlarda çalışanların topladığı zibillər və digər materiallardan kompost kimi istifadə etmək mümkündür. Uşaqlar bilməlidir ki, ət, süd və yağlı qida qalıqları kompost üçün yararlı sayılmır.
Karbon izlərinin azaldılması
Son vaxtlar ekoloqların geninə-boluna istifadə etdiyi “karbon izi” ifadəsinin arxasında nə dayanır? Karbon izi fəaliyyətlərimiz və gündəlik həyatda istehlakımız nəticəsində atmosferə atılan karbon qazı da daxil olmaqla bütün istixana qazlarının (CO2) miqdarını ton ekvivalentində ifadə edir. Daha sadə dillə desək, karbon izi təbiətə vurduğumuz zərərin ədədi ekvivalentidir. Karbon izi fərdin və ya təşkilatın yaratdığı ümumi istixana qazı emissiyalarını ölçür; bu, sizi məktəbə aparan avtomobilin hərəkətindən tutmuş karqo sifarişinin qapınıza çatdırılması üçün istifadə olunan karbon emissiyalarını əhatə edir.
Bildiyiniz kimi, atmosferdəki karbon planetin istiləşməsinə səbəb olan əsas elementlərdən biridir və karbon hasilatının azaldılması iqlim dəyişikliyi ilə mübarizənin mühüm hissəsidir.
Ekofəallar planetə vurulan zərərdə payınızı və izlərinizi azaltmağı təmin etməli olan bəzi məsləhətlər verirlər:
Müəllimləri, şagirdləri və valideynləri ictimai nəqliyyatdan və ya velosipeddən istifadəyə təşviq edin.
Nəqliyyatla bağlı emissiyaları azaltmaq üçün işçilərə həftədə bir neçə gün evdən işləməyə imkan verən “onlayn iş”siyasətini genişləndirməyə çalışın.
Bərpa olunan enerjiyə dəstək: günəş panellərinə, külək turbinlərinə investisiya qoymağa və ya məktəb binaları üçün yaşıl enerji almağa səy göstərin.
Elektrikli məktəb avtobusları: emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq və uşaqların məktəbə təhlükəsiz getməsinə kömək etmək üçün elektrik avtobuslara keçid əhəmiyyətli həll yollarından biri olar.
Yuxarıdakı məsləhətlərə əməl etmək karbon emissiyalarını aktiv şəkildə azaldacaq, amma hər bir fərd daha da çox işlər görə bilər. Ona görə də karbon hasilatınızı, yəni planetdəki karbon izlərinizi azaltmağın yollarını axtarın.
Dayanıqlılıq bugünkü dünyanın ən aktual problemlərindən biridir. Biz sonrakı nəsillər üçün planetin gələcəyini təmin etmək uğrunda mübarizə aparırıq. Ekoloqlar hazırkı situasiyanı qiymətləndirərkən “indiki nəslin uduzmuş vəziyyətdə” olduğunu vurğulayırlar. Bununla belə, problemin həllinə daha nikbin baxan mütəxəssislər dönüş nöqtəsinə çatdığımızı söyləyirlər. Onların fikrincə, problemin uğurlu həlli üçün alətlərimiz və nou-haularımız var.
Sonda onu qeyd edək ki, daha dayanıqlı bir həyat tərzini seçməklə planetin sərvətlərindən yalnız bəhrələnən deyil, həm də ona fayda verməyə yönələn fəaliyyətlə gələcəyimizi xilas edə bilərik.
Zemfira Məmmədqızı