KURİKULUMSUZ TƏHSİL SİSTEMİ

Bu günlərdə dünyanın aparıcı KİV-ləri Uels şahzadəsi Keyt Middltonun Şimali İtaliyaya rəsmi səfəri haqqında silsilə reportajlar paylaşıb. Maraqlıdır ki, Böyük Britaniya Krallığı təmsilçisinin səfəri təhsil təcrübəsini öyrənmək məqsədi daşıyıb.
Britaniyada təhsil sisteminin problemləri və ehtiyac duyulan dəyişikliklər barədə uzun müddətdir ki, müzakirələr aparılır. Kensinqton Sarayı açıqlamasında Middltonun səfərinin məqsədinin “birbaşa və eksklüziv olaraq Reggio Emilia təhsil metodunu yerindəcə öyrənmək, analiz etmək və Böyük Britaniyada tətbiqini genişləndirmək” olduğunu açıqlayıb. Middltonun rəhbərlik etdiyi Kral Fondunun Erkən Uşaqlıq Mərkəzinin (“The Royal Foundation Centre for Early Childhood”) hesabatında şahzadənin bu səfərdən əldə etdiyi təcrübəni uşaqların həyatının ilk 5 ilinin əhəmiyyətini vurğulayan “Shaping Us” (“Bizi formalaşdıran”) adlı qlobal kampaniyanın növbəti mərhələsində tətbiq edəcəyi bildirilir. Bəs dünyanın diqqət mərkəzində olan Reggio Emiliodakı təhsil nə ilə fərqlənir?
Reggio Emilia metodunu anlamaq üçün onun yarandığı tarixi şəraitə nəzər salmaq vacibdir. 1945-ci ildə İtaliyada faşist diktaturası və müharibə başa çatdıqda yerli əhali tamamilə fərqli düşüncəyə malik yeni nəsil yetişdirməyin zərurətini dərk edib. Onlara sual verməyən, araşdırmayan, sadəcə əmrlərə tabe olan deyil, tənqidi təfəkkürü inkişaf etmiş, azad və demokratik cəmiyyət qura bilən uşaqlar lazım idi.
Tanınmış pedaqoq və psixoloq Loris Malaguzzi yerli xalqın bu təşəbbüsünə qoşularaq uşaq psixologiyasının nəhəngləri sayılan Jan Piaje, Lev Viqotski və Con Dyui kimi mütəfəkkirlərin nəzəriyyələrini İtaliya mədəniyyətinə sintez edib. Nəticədə, heç bir standarta sığmayan, tamamilə uşaqyönlü ekosistem yaranıb.
Araşdırmalarda qeyd olunur ki, Reggio Emilia yanaşması sabit bir kurikulum və ya dərsliklərə sahib deyil. O, prinsiplər fəlsəfəsidir və bu fəlsəfə 5 əsas sütun üzərində dayanır:
1. Uşağın güclü obrazyönlülüyü.
Ənənəvi təhsil sistemləri uşağı çox vaxt “məlumatlandırılmalı olan”, “zəif” varlıq kimi görür. Reggio fəlsəfəsində isə uşaq doğulduğu andan zəngin potensiala malik, maraqlı, yaradıcı və öz öyrənmə prosesinin aktiv iştirakçısıdır. Uşağın özünəməxsus fikirləri, nəzəriyyələri və sualları var; böyüklərin vəzifəsi ona yol göstərmək deyil, onunla birlikdə kəşf etməkdir.
2. “Uşağın yüz dili” (“The hundred languages of children”).
Malaguzzinin yazdığı eyniadlı məşhur şeirdə qeyd olunduğu kimi, uşağın özünü ifadə etməyinin yüzlərlə fərqli dili, yəni yolu var: rəsm, heykəltəraşlıq, musiqi, rəqs, kölgə oyunları, dram, yazmaq, qaçmaq, sükut və s. Lakin ənənəvi məktəb uşağın əlindən bu dillərin doxsan doqquzunu alır və onu sadəcə sözlərə və rəqəmlərə məhkum edir. Reggio bağçalarında uşaqların bu dillərin hamısından istifadə etməsi üçün hər cür şərait yaradılır.
3. Ətraf mühit “Üçüncü müəllim” kimi.
Bu metodda fiziki məkan sadəcə dörd divardan ibarət deyil; o, təhsil prosesində üçüncü müəllimdir. Sinif otaqları və dəhlizlər estetik cəhətdən zəngin, işıqlı və təbii materiallarla dolu olur. Plastik oyuncaqların yerini gil, ağac budaqları, balıqqulağı, şüşə muncuqlar, güzgülər və işıq masaları tutur. Məkan elə dizayn edilir ki, uşaqları kəşfə və ünsiyyətə sövq etsin.
4. Müəllim həm tədqiqatçı, həm də tərəfdaş kimi.
Reggio müəllimi sinifdə mütləq hakimiyyət sahibi deyil. O, uşaqları müşahidə edən, onların maraq dairəsini izləyən və bu maraqlara uyğun layihələr hazırlayan tədqiqatçıdır. Müəllim uşaqların suallarına hazır cavablar vermir; “Gəl, bunu birlikdə yoxlayaq və görək nə baş verir” deyərək uşağı elmi araşdırmaya yönəldir.
5. Sənədləşdirmə.
Reggio otaqlarının divarları uşaqların rəsmləri, onların dediyi maraqlı cümlələr və layihələrin fotoşəkilləri ilə dolu olur. Bu, sadəcə sərgi deyil, sənədləşdirmə prosesidir. Məqsəd uşağın inkişaf dinamikasını vizual olaraq həm uşağın özünə, həm valideynə, həm də müəllimə göstərməkdir. Uşaq öz işinin dəyərli olduğunu görəndə, özünəinamı maksimum dərəcədə artır.
Reggio bağçalarının memarlıq quruluşu İtaliyanın şəhər mədəniyyətini əks etdirir. Burada Piazza (mərkəzi meydan) - uşaqların toplaşdığı, ünsiyyət qurduğu sosial məkan;
Atelier (böyük emalatxana), yaradıcılıq, gil, boya və təbii materiallar laboratoriyası;
Kiçik emalatxanalar - hər sinif otağının daxilində yerləşən yaradıcılıq zonaları kimi qurulub.

“Piazza” əslində fərqli yaş qrupundan olan uşaqların görüş və oyun məkanıdır. Bu bağçaların ən mühüm hissəsi emalatxanalardır. Burada incəsənət sahəsində təhsil almış mütəxəssis çalışır. O, müəllimlərlə birlikdə uşaqların vizual və sensor dillərini inkişaf etdirmək üçün layihələr həyata keçirir.
Reggio Emilia metodunda dərslər bir neçə ay öncədən planlaşdırılmır. Kurikulum uşaqların maraqlarından doğur. Məsələn, əgər uşaqlar həyətdə bir ilbiz tapıblarsa, onun hərəkəti, arxasında qoyduğu iz uşaqların diqqətini çəkibsə, müəllim bu mövzunu böyük layihəyə çevirir.
Uşaqlar ilbizi müxtəlif aspektlərdən həftələrlə araşdıra bilərlər:
- Gildən ilbiz formaları düzəldirlər (İncə motorika və incəsənət).
- İlbizin sürətini ölçürlər (Riyaziyyat və zaman anlayışı).
- İlbiz haqqında nağıllar uydururlar (Dil və nitq inkişafı).
- İşıq masasında ilbizin qabığının spiral quruluşunu analiz edirlər (Həndəsə və elm).
Bu cür təhsil uşaq üçün məcburiyyətdən deyil, daxili maraqdan doğur.
Müasir dövrdə uşaqlar ciddi şəkildə rəqəmsal təsirə məruz qalırlar. Bu hal onlarda diqqət dağınıqlığı, sensor aclıq və yaradıcılıq böhranı yaradır. Reggio Emilia metodu məhz bu problemlərin həllinə yardım edir. Təbii materiallarla (su, qum, gil, quru yarpaqlar) daimi təmas uşaqların sinir sistemini tənzimləyir, taktil həssaslığı bərpa edir. Layihələr qrup şəklində icra edildiyi üçün uşaqlar danışıqlar aparmağı, bir-birinin fikrinə hörmət etməyi və ortaq məxrəcə gəlməyi öyrənirlər. Hazır oyuncaqlar uşağın təxəyyülünü məhdudlaşdırır. Lakin yaradıcılıqla məşğul olan uşaqlar bir neçə taxta parçası və karton qutudan istifadə etməklə öz bacarıqlarını genişləndirə bilərlər.
Uels şahzadəsinin İtaliya səfəri sübut edir ki, rəqəmsal xaosun hökm sürdüyü müasir dünyada gələcək nəsilləri xilas etmək üçün uşaqlığın saf mahiyyətinə qayıtmağa böyük ehtiyac var. Reggio Emilia metodunun təkcə Britaniya deyil, dünya təhsilinə inteqrasiyası uşaqların texnologiyanın əsirinə çevrilmədən azad, yaradıcı və təfəkkürlü fərdlər kimi yetişməsində yeni mərhələnin başlanğıcı ola bilər.

