LAYİHƏ ƏSASLI ÖYRƏNMƏ: ŞAGİRDLƏRİN XİDMƏT VƏ ÖYRƏNMƏ LAYİHƏSİNİN MƏKTƏB İCMASININ SAĞLAMLIQ VƏ RİFAH HAQQINDA MƏLUMATLILIQ SƏVİYYƏSİNƏ TƏSİRİNİN ARAŞDIRILMASI
OLUWASEYI OLUBUNMI SODIYA, AFƏT NƏBİYEVA
Layihə əsaslı öyrənmə (Project-Based Learning – PBL) şagirdləri aktual öyrənmə təcrübələrinə cəlb etmək üçün standart təhsili real dünya layihələri ilə əlaqələndirən bir yanaşmadır. Tədqiqatın əsas məqsədi Bakıda yerləşən özəl məktəblərin birində şagirdlərin xidmət və öyrənmə (service-learning) layihələrinin məktəb icmasının sağlamlıq və rifah haqqında məlumatlılıq səviyyəsinə təsirini araşdırmaqdır. Şagirdlərin layihə əsasında öyrənmələri məktəb icmasının sağlamlıq və rifahı ilə bağlı olan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) əsaslanıb. Bu da müəlliflərə tədqiqat üçün məlumat toplamaq imkanı verib. Tədqiqatda ev sahibliyi edən məktəbin müəllimləri, özəl məktəblərin şagirdləri, dövlət məktəbindən dəvət olunmuş yuxarı sinif şagirdləri və universitet tələbələri iştirak ediblər. Bu layihə çərçivəsində çoxsaylı idman tədbirləri və seminarlar keçirilib. İlk tədbir özəl məktəb müəllimləri və şagirdləri arasında keçirilən voleybol oyunu olub və burada 63 nəfər iştirak edib. Növbəti tədbir məktəb icmasının idman seminarı olub və həm dövlət, həm də özəl məktəblərdən, eləcə də universitet tələbələrindən ibarət 26 nəfər iştirakçını əhatə edib. PBL yanaşmasının şagirdlərin layihənin həyata keçirilməsi ilə bağlı biliklərinə, məktəb icmasına və iştirakçıların
motivasiyasına necə təsir etdiyini qiymətləndirmək üçün məlumatlar voleybol tədbirində iştirak edən müəllimlər, şagirdlər və müşahidəçilər ilə onlayn sorğu və müsahibələr vasitəsilə toplanıb. Layihənin məktəb icmasının sağlamlıq və rifah haqqında məlumatlılıq səviyyəsinə təsirini qiymətləndirmək üçün reqressiya təhlili aparılıb. Nəticədə PBL metodunun şagirdlər arasında faydalı əməkdaşlığa səbəb olduğu ortaya çıxıb. Layihə vasitəsilə məktəb icmasının əhəmiyyətli dərəcədə təkmilləşdiyi, aktiv və cəlbedici öyrənmə mühitinin inkişaf etdirildiyi, məlumat mübadiləsinin gücləndiyi və şagirdlərin məktəbin müxtəlif fəaliyyətlərində iştirakının artdığı müşahidə olunub.