MƏKTƏBƏQƏDƏR TƏHSİL PİLLƏSİNDƏ MONTESSORİ, VALDORF VƏ REGGİO EMİLİA ÖYRƏNMƏ NƏZƏRİYYƏLƏRİNİN ƏHƏMİYYƏTİ


Aysel Quliyeva




Məqalədə məktəbəqədər təhsildə müxtəlif pedaqoji yanaşmaların əhəmiyyəti təsvir edilib. Pedaqoji yanaşmalar uşaqların erkən təhsilə başlamasında və hərtərəfli inkişafında xüsusi rol oynayır. Hər bir pedaqoji yanaşma özünəməxsusluğu ilə seçilir. Bununla birlikdə, onların ortaq cəhətləri də vardır. Pedaqoji yanaşmaların əsas məqsədi müasir tələblərə cavab verən, fiziki cəhətdən sağlam, düşünmək, təhlil etmək, mühakimə yürütmək, həmçinin sosial-emosional, estetik-yaradıcı qabiliyyətlərə malik olan insan yetişdirməkdir. Bu prosesdə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin rolu əhəmiyyətlidir.

GİRİŞ

Dünya ölkələrinin təhsil tarixinə nəzər yetirsək, erkən yaşda təhsil həmişə aktual olub. Xüsusilə müasir dövrdə təhsil sahəsində öncül olan ölkələrin vaxtilə təhsilin ilkin pilləsi olan məktəbəqədər təhsilə dair apardıqları tədqiqatlar hazırda da geniş istifadə olunmaqdadır. Belə tədqiqatlar bir sıra beynəlxalq və unikal pedaqoji yanaşmaların yaranması, həmçinin kurikulumların ərsəyə gəlməsinə təkan verib. Pedaqoji yanaşma modelləri niyə bu dərəcədə aktualdır? Əsas səbəblərdən biri odur ki, müxtəlif pedaqoji yanaşma modelləri erkən yaşlı uşaqlara öyrənmək üçün daha geniş imkanlar yaradır. Artıq bir çox ölkələrdə tanınan və tətbiq olunan – Montessori, Reggio Emilia, Valdorf modelləri təhsil sistemində öz yerini tutub, təhsilin öyrətmə imkanlarını genişləndirib. Hər üç pedaqoji yanaşma modeli beynəlxalq səviyyədə tanınır. Qeyd etmək lazımdır ki, Montessori pedaqoji yanaşması yarandığı gündən qısa vaxt ərzində digər ölkələrdə də yayılmağa başlayıb. Bunu pedaqoji yanaşmanın əsas müvəffəqiyyəti hesab edirlər. Məzmun etibarilə bu yanaşmaların hər biri uşağın hərtərəfli inkişafına yönəlib, təbii qurğu və materiallardan istifadə, problemlərin humanist həlletmə istiqamətləri olan kurikulum üzərində qurulub. Bu cür yanaşma uşaqların insan cəmiyyətinə idraki, yaradıcı, şəxsiyyət olaraq baxışlarını formalaşdırır. Bu baxımdan Montessori, Reggio Emilia və Valdorf pedaqoji yanaşmalarının bir-biri ilə oxşar cəhətləri kimi aşağıdakıları göstərmək olar:

  • Hər üç pedaqoji yanaşma təhsilə yeni baxış sistemi formalaşdırmaq üçün yaradılıb;
  • Hər üç modeldə uşaq öyrənmənin mərkəzindədir, mövqeyinə görə fərqlər ayırd edilə bilər.

Məlumdur ki, pedaqoji yanaşmaların oxşar cəhətləri ilə yanaşı, hər birinin özünəməxsus xüsusiyyətləri də vardır.

MONTESSORİ PEDAQOJİ YANAŞMASI

Qısa məlumat. Montessori pedaqoji yanaşma modeli 1900-cü illərin əvvəlində Romada, Maria Montessori tərəfindən tərtib edilib. O, əlilliyi olan uşaqlarla işləmək üçün yaratdığı  metodologiyadan sonra 1907-ci ildə, “Casa dei Bambini” də 4-7 yaşları əhatə edən “Uşaqlar evi” layihəsini həyata keçirməyə başlayır (Edwards, 2002). Qısa müddət ərzində bu metodologiya Amerikada, daha sonra isə Avropa və Hindistanda məşhurlaşmağa başlayır. Onun təbliğ etdiyi fikirlər təhsil cərəyanı üçün olduqca radikal idi. Montessorinin şəxsi nəzəriyyəsi özlüyündə uşaq inkişafını olduqca fərqli və tarixən daha möhkəm formada ehtiva etdiyi üçün digər pedaqoji yanaşmaların quruluşunda bünövrə rolunu oynayıb (Malaguzzi, 1998). Bu yanaşma uşaqların öyrənmə prosesinin və inkişafetdirici mühitin tərbiyəçi-müəllim tərəfindən izlənilməsinin əhəmiyyətini vurğulayır.

Nəzəri əsasları. Pedaqoji yanaşmanın əsasını koqnitiv-konstruktiv öyrənmə nəzəriyyəsi təşkil edir. M.Montessori inanırdı ki, uşaq mərhələlərlə öyrənməlidir: doğulduğu gündən 3 yaşa qədər olan mərhələ – şüursuz mənimsəmə, 3 yaşdan 6 yaşa qədər olan mərhələ isə şüurlu mənimsəmə dövrü adlanır (Edwards, 2003). O, Piajenin fikirlərindən təsirlənərək müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirir. Montessoriyə görə, uşaqlar tam inkişaf etməli idilər. Bu fikir zehnin və ürəyin inkişafının öyrənmə zamanı əldə etdiyi təcrübələr vasitəsilə tamamlanacağını nəzərdə tuturdu. Onun fikirlərinə əsasən təhsil yalnız öyrətməkdən ibarət deyil, həm də uşağın psixoloji inkişafına yönəlməlidir (Lillard, 2005). Bir çox pedaqoqlara görə, məhz Montessori pedaqoji yanaşmasında hər bir detal sanki ruhun da inkişafına xidmət edir.

Müəllimin rolu. Tərbiyəçi-müəllim gözəgörünməz icraedici rolunda çıxış edir. O, uşaqlarda özünəinam formalaşdırmaq üçün öyrənmə zamanı onlara mane olmamalıdır. Beləliklə, uşaqlarda həm də özünü idarə etmək kimi bacarıq formalaşır. Həmçinin müəllim uşaqları real aləmlə yaxından tanış edir, bu tanışlıq da onların tək və ya qrup halında, hiss üzvləri vasitəsilə, təcrübə əsasında öyrənmələrinə şərait yaradır. Bununla yanaşı, müəllim pedaqoji prosesi elə idarə edir ki, uşaqların hiss üzvləri vasitəsilə onların ehtiyac və istəklərinə uyğun öyrənməsi üçün əlverişli mühit yaransın (Miller, 2011). Bu səbəbdən, bəzi pedaqoqların fikrincə, Montessori pedaqoji yanaşmasında müəllim öyrənmək üçün mühiti yaratmaqla daha aktiv rola malik olur. Əlavə olaraq, müəllim uşaqların bir-biri ilə ünsiyyət yaratmasına da önəm verir və münasibətlərin formalaşması üçün onlarda özünüidarəetmə, intizam bacarıqları formalaşdırır. Yalnız konflikt yarana biləcək vəziyyətlərdə müəllim hər hansı formada müdaxilə edir.

Ətraf mühitin rolu. Montessori pedaqoji yanaşmasına görə otaqlar müəyyən vəsaitlərlə zəngin olmalıdır. Kiçik yaşlı uşaqlar vəsaitlərdən yeni nə isə öyrənmək, hər hansı məsələni araşdırmaq üçün istifadə edə bilərlər. Müəllimlər uşaqları onların inkişaf ehtiyaclarını qarşılamağa kömək edəcək vəsaitlərlə təmin etmək üçün müşahidələr aparırlar.

Yanaşmanın təcrübədə tətbiqi. Bu pedaqoji yanaşmaya əsasən biliklər sensor üzvlərin vasitəsilə təcrübə edilərək mənimsənilir. Tapşırıq verildikdən sonra uşaqlar onu böyüklərin müdaxiləsi olmadan tamamlamaq üçün həvəsləndirilirlər. Uşaqlar kiçik yaşlarda bir sıra akademik biliklərə yiyələnirlər. Öyrənmə prosesində uşaqlar istifadəsi rahat olan, hərəki və rəngli didaktik materiallardan geniş formada istifadə edirlər. Bu materiallar vasitəsilə riyaziyyat, rəng, ölçü, oxuma və yazma qabiliyyətləri inkişaf etdirilir. Bəs öyrənmə zamanı hansısa uğursuzluq baş versə? Bu zaman uşaqlar yenidən cəhd edir və öz səhvini özü düzəltmiş olur. Buna görə Montessoridə istifadə olunan materiallar orijinaldır və uşaqlara özlərini korrektə etmək imkanını verir (Lillard, 2013) .

Montessori pedaqoji yanaşmasının başlıca özəlliyi ondan ibarətdir ki, burada uşaq ona maraqlı olan, onu cəlb edən hadisə və əşyaları öyrənir. Montessori inanırdı ki, uşaqlar uzunmüddətli iş prosesindən zövq alırlar. Onun təbiri ilə desək, müəllim həqiqətən inanmalıdır ki, uşaq onu cəlb edən, ona maraqlı olan kiçik bir hissəni müəllimdən əvvəl tapanda öz həqiqi mənəvi dünyasını tapmış olacaq.

İş formaları. Müxtəlif yaşlı uşaqlar inkişaf mərhələlərinə görə qruplaşdırılırlar (0-3 və 3-6 yaş).

Müasir dövrdə də bu öyrənmə nəzəriyyəsi əsasında dünyanın bir çox ölkələrində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Montessori əsasında qurulan bağçalardan birini nümunə kimi göstərək: 3-6 yaş arası uşaqlar məktəbə – “Uşaqlar evi” adlanan yerdə gedirlər. Hər sinifdə müxtəlif yaş qruplarından 20-30 uşaq və müəllimlərdən ibarət bir qrup (həm rəhbər, həm də köməkçi) vardır. Siniflərdə həm müstəqil öyrənmə, həm də sosial qarşılıqlı əlaqə imkanlarını təmin etmək üçün fərdi və qrup halında yerləşdirilmiş kiçik masalar var. Öyrənmə materialları sinifdəki rəflərə yerləşdirilir və müəllim əvvəlcə fəaliyyətləri təqdim edir, sonra uşaqlar nə edəcəyini və nə qədər müddətdə edəcəklərini özləri seçə bilərlər. Riyaziyyat, dil, musiqi, incəsənət və mədəniyyət üzrə akademik fəaliyyətlər çox praktikdir (“North American Montessori Center”, 2023). 

VALDORF PEDAQOJİ YANAŞMASI

Qısa məlumat. Valdorf pedaqoji yanaşması 1919-cu ildə Rudolf Steiner tərəfindən Almaniyada yaradılıb. Buna səbəb fabrik işçilərinin uşaqları üçün məktəb yaratmaq təşəbbüsü idi. Steiner uşaqların mənəviyyatını inkişaf etdirməyin vacibliyinə inanırdı (Edwards, 2002). O, Rousseaunun fikirlərindən ilhamlanaraq iddia edirdi ki, uşaqlar təbii, qayğıkeş və rahat mühitdə, böyüklərin xaricdən müdaxiləsi olmadan böyüməlidirlər. Pedaqoji yanaşmanın əsasında belə bir fikir dayanır ki, insanlara onları əhatə edən təbii aləmi kəşf etmək imkanı verilsə, onlar təbii yolla inkişaf edəcəklər.. Steinerin əsas məqsədi texnologiyanın insana verdiyi pis təsirlərin mədəniyyətdə yarada biləcəyi problemlərə köklənmək idi. O, təhsildə elə yenilik yaratmaq istəyirdi ki, çətinliklərin öhdəsindən gələ biləcək uşaqlar yetişsin.

Nəzəri əsasları. Pedaqoji yanaşmanın əsası öyrətmə və öyrənmənin humanist ideyalarla təşkilidir. Steiner bu fikirlə razı idi ki, uşaqlar böyüklərin dünyasından kənarda, öz təbiətlərinə uyğun böyüməlidirlər. Valdorf pedaqogikasında əsas amil söz azadlığıdır (Damovska, 2005). Pedaqoji yanaşma uşaqların hərtərəfli inkişafına, insanın ruhuna azadlıq verməyə xidmət etməlidir. Bu yanaşma həmçinin, uşaqların emosiya və hisslərinin inkişafını da nəzərdə tutur. Steiner konstruktiv pedaqogikada təbliğ olunan fikirlərlə deyil, hərtərəfli mənəvi inkişafa əsaslanan humanist ideyalarla daha çox həmfikir idi (Kane, 2011). Valdorf pedaqoji yanaşmasını ən yaxşı izah edən xarakteristika isə daim inkişaf edən insandır. O, həmçinin bütün uşaqların gözəllikləri sevməsi və incəsənətlə bağlı olması üçün çalışırdı. Digər pedaqoji yanaşmalarda olduğu kimi burada da önəmli olan hər bir uşağın özünəməxsus ehtiyaclarına köklənməkdir. Uşaq inkişafında 7 yaşa qədər xüsusi dövrdür və bu dövr ərzində onlar həmişə azad, inkişaf edən, öyrənən varlıqlardır.

Müəllimin rolu. Müəllim Reggio və Montessori pedaqoji yanaşmalarına nisbətən burada daha çox uşaqlarda birgəlik və bərabərlik hissi formalaşdıran, müdaxilə edən mənəvi bələdçi rolundadır. Bununla yanaşı, uşaqların bir-birinin və ətraf mühitin qayğısına qalmağa həvəsləndirilməsi də əsas şərtlərdəndir. Valdorf pedaqoji yanaşmasında müəllim həmişə uşaqların yaxşılıq, həqiqət, gözəllik öyrənməsinə və daim onların inkişafının izlənməsinə bələdçilik edir. Uşaqların davranışı ilə bağlı problemlərlə üzləşdikləri zaman ya fəaliyyət növü dəyişdirilir, ya yeni hekayə danışılır, ya da onlara incəsənət növündən nümunə göstərilir. Xüsusilə, nağıl və hekayə danışmaq sistemin əsas hissələrindən biridir.

Ətraf mühitin rolu. Mühit təbii komponentlərdən təşkil edilməli və qayğı ilə əhatə olunmalıdır. Oyuncaqlar və vəsaitlər daha çox əl ilə düzəldilir, material olaraq taxtaya üstünlük verilir. Təbiəti tərənnüm etmək üçün təbiətdə olan müxtəlif rənglərdən istifadə edilir.

Yanaşmanın təcrübədə tətbiqi. Erkən yaşlı uşaqlar öyrənmə prosesinə ilk dəfə müəllimlərini təqlid etməklə başlayırlar. Məktəbəqədər təhsil müəssisələrində əsas fikir “tətbiq edərək öyrənmək”dir. Kiçik yaşlı uşaqlar hekayələr, mahnılar, keyfiyyətli materiallarla iş, düzgün davranış formaları vasitəsilə fiziki və nitq inkişafı, maraq, düşüncə və təxəyyülün gələcək inkişafının əsasına yiyələnirlər. Bu pedaqoji yanaşmaya əsasən, 7 yaşa qədər uşaqlara heç bir oxuma, yazma, riyazi bacarıqlar öyrədilmir. Bunun əvəzində onlara oynamaq və kəşf etmək üçün daha çox zaman verilir. Uşaqlar böyük yaşlarda öyrənmək üçün zəruri olan enerjini və ya oynamaq həvəsini erkən yaşlarda itirməməlidirlər.

Valdorf metodunda öyrənmə prosesi ardıcıl həyata keçirilir: əvvəlcə tanışlıq, sonra tanışlıqdan təcrübə, təcrübədən isə müxtəlif anlayışlar əldə edilir. Sadalanan üç addım həqiqi öyrənmə prosesinin əsasını təşkil edir. Oyunlar isə həm əyləncə, həm də fiziki aktivlik xarakteri daşıyır. Metod müəllimlərin hekayələri və uşaqların qiymətləndirilməsi ilə öyrənmə imkanlarını genişləndirir. Valdorf pedaqoji yanaşmasının tərəfdarları müasir texnologiyanın uşaqların inkişaf imkanlarını və yaradıcılıq qabiliyyətlərini məhdudlaşdıracağını düşündükləri üçün otaqda heç bir texnoloji avadanlıqdan istifadə etmirlər. Bunu da qeyd etmək lazımdır ki, “təhsil bir incəsənətdir”– düşüncəsi mövzunu estetik mühit yaratmaqla uşaqlara aşılamağı iddia edir. Xüsusi rolu olan hekayələrin dinlənilməsindən sonra da uşaqlar əldə etdikləri bacarıqlar vasitəsilə hekayələr haqqında fikirlərini ya bədiiləşdirib danışır, ya da əyləncəli tamaşa quraraq ifadə edirlər.

İş formaları. Qruplarda eyni yaşlı uşaqlar iştirak edirlər.

Dövrümüzdə bu nəzəriyyənin tətbiqinə Böyük Britaniyada olan təcrübəni nümunə göstərə bilərik. Bu Britaniyadakı Valdorf Məktəbləri 1945-ci ildə Maykl Hall Valdorf Məktəbinin yaradılması ilə başladı. Valdorf məktəbləri həmişə birgə təhsili, tam əhatəliliyi təbliğ edir. Buraya inanc və mənşəyi müxtəlif olan 3 yaşından 18 yaşına qədər hər cür qabiliyyətli uşaqları qəbul edirlər. Ailələr və müəllimlər üçün festivallar, teatr tamaşaları təşkil olunur, məktəb yarmarkaları vasitəsilə icma tədbirlərindən zövq almaq üçün çoxsaylı imkanlar yaradılır. Valdorf nəzəriyyəsinin üstünlüyü uşaqların erkən ixtisaslaşmaq əvəzinə, öyrənmə prosesində sevinc tapmaq və uşaqlığın zənginliyini yaşaya biləcəkləri yaradıcı bir öyrənmə mühitini təmin etməkdən ibarətdir. Valdorf tədris proqramı bütün uşaqları nəzərə alan təhsil prinsiplərinə əsaslanan çevik bir pedaqoji təlimatdır, uşağın inkişafının müxtəlif mərhələlərinə uyğun işləmək üçün hazırlanıb. Hər bir şagirdin fiziki, emosional, intellektual, mədəni və mənəvi ehtiyaclarına eyni səviyyədə diqqət yetirilir, dərs proqramının əsas fənləri tematik bloklarda tədris olunur və bütün dərslər bədii, praktiki və intellektual məzmunun balansını ehtiva edir. Mərkəzi Avropada ilk Valdorf məktəbinin açılmasından çox sonra bu təhsil dünyanın hər yerində və hər sahədə insanlara ilham verməkdə davam edir. Valdorf məktəbləri sürətlə dəyişən və qeyri-müəyyən dünyanın tələbləri ilə mübarizə apara bilən hərtərəfli və balanslı insan yetişdirmək üçün ciddi nüfuza malikdir. Valdorf məzunları dünyaya olan maraqları və bacarıqları ilə sonrakı təhsildə və iş yerlərində qiymətləndirilir (What is Waldorf Education?, 2023).

REGGİO EMİLİA PEDAQOJİ YANAŞMASI

Qısa məlumat. Bu pedaqoji yanaşma Loris Malaguzzi tərəfindən 1944-cü ildə İtaliyanın Reggio Emilia şəhərində yaradılıb. Əsas ideya uşaqlar arasında əməkdaşlığın inkişafı, müstəqil öyrənmə bacarıqlarının formalaşdırılması və cəmiyyətlə uşaq arasında əlaqənin düzgün qurulmasıdır. Bu metodda ətraf mühit mühüm rol oynayır. Uşaq özü tədrisin mərkəzində dayanır və öyrənmə prosesinin yaradıcısıdır. Bu baxımdan, mühit 3-cü müəllim hesab olunur (Rinaldi, 2006). Emilia pedaqoji yanaşmasında idrakın inkişafı əsas hədəflərdən biri olduğu üçün mühitin uşaq idrakının inkişafına təkan verməsi, bununla yanaşı, fiziki və sosial cəhətdən inkişafına da şərait yaratması lazımdır.

Nəzəri əsasları. Pedaqoji yanaşmanın əsası sosial-konstruktivizm nəzəriyyəsinə əsaslanır. Montessori, Piajenin fikirlərinə əsaslanaraq özü öyrənən uşağın tərəfdarı idisə, Malagizzi, Vıqotskinin fikirlərinə əsaslanır və qeyd edirdi ki, öyrənmə prosesi təkbaşına deyil, böyüklər və uşaqlarla olan sosial münasibətə əsaslananda daha effektli olur.

Müəllimin rolu. Müəllim uşaqların özlərinin qərar verməsinə və yekun nəticəyə gəlməsinə cavabdeh olan bələdçidir. O tez-tez cütlüklərlə işləyərək, uşaqların istəkləri haqqında söhbətlər aparır və onların bir-birinə kömək etməsinə şərait yaradır.

Ətraf mühitin rolu. Reggio Emilia metodunda ətraf mühit uşaq-uşaq, böyük-uşaq arasında olan sosial əlaqənin göstəricisidir. Ətraf mühit elə təşkil olunmalıdır ki, burada cəmiyyət və onun dəyərləri öz əksini tapsın. Məhz bu baxımdan ətraf mühitə 3-cü müəllim deyirlər.

Yanaşmanın təcrübədə tətbiqi. Pedaqoji yanaşmanın əsas iştirakçıları olan kiçik yaşlı uşaqlara hərəkət etmək, qulaq asmaq, görmək, dadmaq, toxunmaq, müşahidə və kəşf etmək imkanı verilməlidir. Bunun üçün yaradılan dəstəkləyici və inkişafetdirici mühit ətraf aləmi dərk etməyə, yeni biliklər əldə etməyə xidmət edir (Rinaldi, 2001b). Öyrənmə prosesində əməkdaşlıq Emilia pedaqoji yanaşmasının növbəti əsas hədəfidir. Ailə ilə təhsil müəssisəsi arasında sıx əlaqə vardır. Uşaqların qiymətləndirilməsi isə portfolio əsasında aparılır, burada inkişafın bütün sahələr üzrə göstəriciləri qeyd olunur. Müəllim bu yolla uşaq inkişafını mərhələlərlə öyrənir. İlk təlim günündən etibarən 3 il ərzində uşaqlarla eyni müəllim çalışır və bu müddət ərzində onlar müşahidəçi kimi uşaqların ehtiyac və tələblərini müəyyənləşdirirlər. Bundan sonra isə o, həftəlik plan əsasında hər bir uşağa fərdi öyrənmə və hərtərəfli inkişaf üçün geniş imkanlar açır. Demokratik formada təşkil olunan öyrənmə prosesində uşaqların özlərinin öyrənməsinə həvəs formalaşdırılır. Birgə əməkdaşlığın əsas sütunu layihə metodu hesab edilir. Layihə metodu ilə iş uzunmüddətli və nəticəyönlü təşkil olunur. Müəllimlə uşaq birgə hansı materialı seçməyi, nəyi əlavə edib və ya dəyişməyi müzakirə edir, fikir mübadiləsi aparırlar.

İş formaları. Müxtəlif yaşlı uşaqların eyni qrupda birləşməsi Emilia pedaqoji yanaşması üçün də xarakterikdir. Montessori pedaqoji yanaşmasına görə müxtəlif yaşlılar inkişaf mərhələlərinə görə qruplaşdırılırsa, R.Emilia pedaqoji yanaşmasında bu qruplaşma uşağın ondan daha “bilikli” olan yoldaşından öyrənə bilməsi fikri əsasında yaradılır.

Hazırda Reggio Emilia nəzəriyyəsinin sinif otaqlarında istifadə olunan üsulları kimi aşağıdakıları göstərmək olar:

  • Sensorlu masa üzərində qumla qazmaq və tökmək;
  • Rəssamlıqla bağlı təcrübə aparmaq, kağızda və ya digər materiallarda rəsm çəkmək;
  • Böcəkləri, yarpaqları və çiçəkləri kəşf etmək, oyun meydançasında tapdıqları əşyaları sıralamaq və toplamaq;
  • Uşaqların fikirlərini ifadə etməsi və aralarında söhbətləri təşviq etmək üçün müzakirələr planlaşdırmaq;
  • Fotoşəkillər, müzakirələr, videolar və ya səs yazıları vasitəsilə uşaqları fikirlərini qeyd etməyə həvəsləndirmək;
  • Rəqs etmək, qaçmaq və digər fiziki hərəkətlər; 
  • Musiqi məşğələləri;
  • Ətraf mühit haqqında bilik qazanmaq üçün açıq havada oynamaq və araşdırmaq;
  • Uşaqların öz aralarında və uşaqlarla müəllimlər arasında əməkdaşlığı və problemlərin həllini təşviq etmək (Reggio Emilia Examples in the Classroom, 2021).

Müasir təhsil texnologiyaları dəyişdiyinə görə, hətta təhsilin yenidən konseptuallaşdırılmasında Montessori, Valdorf və Reggio Emilia kimi ənənəvi təhsilə alternativlərin nəzərə alınması irəliləyiş üçün vacibdir. Mümkün müvəffəqiyyət və ya uyğunlaşma variantları haqqında məlumat əldə etmək üçün ən yaxşı mənbələr məlumdur və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu alternativ metodların istifadəsi ilə bağlı müqayisəli tədqiqatlar da aparılır. Lakin heç bir ölkənin təhsili yeni ideyaların bu xüsusi kontekstdə uyğunluğunun təhlili olmadan inkişaf etmir. 

Müasir tədqiqatlar məktəbəqədər təhsilin əhəmiyyətini və onun uşaqların inkişafı ilə bağlı akademik, zehni, psixoloji və sosial təsirlərini öyrənir. Bu artan məlumatlılıq, dünyanın bütün ölkələrində məktəbəqədər mərhələnin uşağın formalaşmasında rolunu araşdırmaq üçün tədqiqatların daha çoxşaxəli məzmunda aparılmasını təşviq etdi. Dünyada məktəbəqədər təhsildə alternativ təhsil modellərinin araşdırılmasının dəstəklənməsi layiqli bir hədəfdir. Müxtəlif mədəniyyət kontekstlərində bu modellərin qiymətləndirilməsinə elmi vaxt və səy sərf etmək vacibdir. Həmin modellərin gələcəkdə bütün dünyada erkən uşaqlıq təhsili çərçivəsində tətbiqində mədəni uyğunlaşmaları nəzərə almaq da faydalı ola bilər.

İstifadə edilmiş ədəbiyyat

1 Damovska, L. (2005). The Waldorf pedagogy and children with special education needs. Journal of Special Education and Rehabilitation.
2 Edwards, C.P. (2002). Three approaches from Europe: Waldorf, Montessori, and Reggio Emilia. Early Childhood Research and Practice.
3 Edwards, C.P. (2003). “Fine designs” from Italy: Montessori education and the Reggio Emilia approach. Montessori Life.
4 Kane, J. (2011). Toward living knowledge: A Waldorf perspective.
5 Lillard, A. (2005). Montessori: The science behind the genius. New York: Oxford University Press.
6 Lillard, A.S. (2013). Playful learning and Montessori education. American Journal of Play.
7 Malaguzzi, L. (1998). History, ideas, and basic philosophy: An interview with Lella Gandini. In C.Edwards, L. Gandini, & G. Forman (Eds.), The hundred languages of children: The
Reggio Emilia experience in transformation.
8 Miller, D.F. (2011). Montessori infant and toddler programs: How our approach meshes with other models.
9 North American Montessori Center. (2023). (n.d.). Retrieved from https://www.montessoritraining.net/
10 Reggio Emilia Examples in the Classroom. (2021). Retrieved from https://www.klaschools.com/prospect/reggioemilia-examples-in-the-classroom
11 Rinaldi, C. (2001b). The pedagogy of listening; The listening perspective from Reggio Emilia.
12 Rinaldi, C. (2006). In dialogue with Reggio Emilia: Listening, researching and learning. London: Routledge.
13 What is Waldorf Education? (2023). Retrieved from https://www.steinerwaldorf.org/steinereducation/what-is-steiner-education/