MƏKTƏB MÜHİTİNDƏ SOSİAL ƏDALƏTİN ÖNƏMİ
NƏRGİZ MƏMMƏDOVA
Bu tədqiqatın əsas məqsədi məktəblərdə sosial ədalətin hansı səviyyədə olduğunu araşdırmaqdır. Müasir dövrdə məktəblərin sosial ədalətlə bağlı məsələləri hansı yollarla həll etməyə çalışdığını, eyni zamanda, məktəb rəhbərlərinin bu sahədə hansı tədbirlər gördüyünü bilmək olduqca önəmli hesab edilir. Tədqiqatda keyfiyyət araşdırmasının bir növü olan ədəbiyyat təhlili üsulundan istifadə edilib. Məlumatların toplanması zamanı 20 yerli və xarici məqalə və tezis araşdırılıb. Nəticələrə əsasən məktəb direktorlarının sosial ədalət liderliyi ilə bağlı davranışları müəllim və şagirdlər tərəfindən orta səviyyədə qiymətləndirilib.
GİRİŞ
Son illər ərzində sosial ədalət liderliyi ilə bağlı bir çox araşdırmalar aparılıb. Bəzi araşdırmalarda liderlərin xarakterik xüsusiyyətləri nəzərə alınarkən, bəzilərində onların davranışları ön planda olub. Bu fərqli yanaşmalar bir yerdə araşdırmanın nə qədər əhəmiyyətli olduğunu göstərir. Araşdırma zamanı məktəb direktorlarının təhsil prosesini idarəetmə formasının şagirdlərin nailiyyətlərinə və uğursuzluqlarına birbaşa təsir etdiyi qənaətinə gəlinib. Bu araşdırma sayəsində həm də məktəblərdə şagirdlərin, müəllimlərin və digər işçi heyətin təhsil prosesində qarşılaşa biləcəkləri ədalətsizlik halları müəyyən edilib, bu halların aradan qaldırılması üçün yollar göstərilib. Araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlinib ki, insanların yaşadığı hər yerdə ədalət vacibdir, məsələn, cəmiyyətdə ədalət, təhsildə ədalət, siyasətdə ədalət və s. Sosial ədalətin təmin olunması üçün siyasət olmalıdır.
SOSİAL ƏDALƏT
Sosial ədalət insanın cəmiyyətin bir üzvü olaraq necə yaşamasına ciddi təsir edən təməl özəlliklərdən biridir. Cəmiyyətdə hər bir insanın öz öhdəlikləri vardır və bunları yerinə yetirməsi vacib amil hesab edilir. Bu öhdəlikləri yerinə yetirməmək və ya onlara qarşı çıxmaq digər insanların da etirazlarına səbəb ola bilər. Sosial ədalətdə insanların bərabər paya sahib olması Aristotelin müəyyənləşdirdiyi paylayıcı ədalət anlayışı ilə üst-üstə düşür. Bu baxımdan, sosial ədalət paylayıcı ədalət olaraq da adlandırıla bilər. Aristotel paylayıcı ədalət dedikdə, hər kəsin öz bacarıqlarına və fəaliyyətinə uyğun olaraq pay almasını nəzərdə tutub (Akkuş, 2019).
Sosial ədalət anlayışının ilk dəfə 1840-cı illərdən etibarən istifadə edilməyə başlandığı təxmin edilir (Tomul, 2009). Lakin sosial ədalətə dəqiq tərif vermək çətindir. Onun əsas tələblərindən biri hər kəsin bərabər hüquqlara sahib olmasıdır. Cəmiyyətdə insanların bərabər hüquqlara sahib olması dedikdə, həyat şəraitinin eyni olması və ayrı-seçkilik hallarına yol verilməməsi başa düşülə bilər. Sosial ədalətin təməlində, eyni zamanda iqtisadi və siyasi bərabərliyin təmin edilməsi dayanır. Sosial ədalət anlayışı iqtisadi, sosial və siyasi bərabərlik baxımından araşdırıla bilər (Polat, 2007).
Əlverişsiz qruplardan olan öyrənənlərin son zamanlar təhsildə rastlaşdığı çətinliklər nəticəsində sosial ədalət anlayışı daha ciddi əhəmiyyət kəsb edir. Sosial ədalətlə əlaqəli araşdırmalara nəzər saldıqda onun paylayıcı ədalət, mədəni ədalət və münasibət ədaləti kimi növlərinin olduğunu görmək olar. Sosial ədalətlə əlaqəli nəzəri çalışmalarda onun üç ölçüdən (paylayıcı ədalət, mədəni ədalət və münasibət ədaləti) meydana gəldiyi müəyyən edilib. Paylayıcı ədalətə görə, cəmiyyətin sahib olduğu rifahın fərdlər arasında ədalətli şəkildə paylanması əsasdır. Mədəni ədalət dedikdə, cəmiyyətdəki alt mədəniyyət səviyyələrində bərabərliyin təmin edilməsi nəzərdə tutulur. Münasibət ədaləti dedikdə isə qərar verilməsi prosesində cəmiyyətdə hər bir fərdin ədalətli şəkildə iştirak etməsi nəzərdə tutulur (Gürgen, 2017). Bu ədalətin təməlində qərarlar qəbul edilərkən bütün tərəflərin ədalətli şəkildə iştirakının təmin olunması durur. Ümumi olaraq belə qənaətə gəlmək olar ki, sosial ədalət cəmiyyətdə yer alan, lakin özünü cəmiyyətdən təcrid edən insanların uyğunlaşması istiqamətində həyata keçirilən bir yanaşma hesab edilə bilər.
Təhsildə sosial ədalətin köklərinin 1960-cı illərə gedib çıxmasına baxmayaraq, XXI əsrin əvvəllərində təhsil sistemindəki çətinlikləri aradan qaldırmaq üçün bu problem daha çox gündəmə gəldi (Şişman, 2006). Təhsildə sosial ədalət anlayışı bərabərlik, demokratik cəmiyyət və çoxmədəniyyətlilik anlayışları ilə birlikdə də açıqlanmağa çalışılır. Qloballaşan cəmiyyətlərdə fərqli irq, etnik quruluş və sosial qrupların bir yerdə təhsil almasına şərait yaranıb. Fərqli qrupların bir yerdə olması nəticəsində yaranan çoxmədəniyyətli cəmiyyətdə bütün şagirdlərə eyni təhsilin verilməsi vacib məsələyə çevrilib. Təhsildə sosial ədalətin təmin edilməsi üçün nəzərə alınmalı olan ən başlıca faktor çoxmədəniyyətli təhsildə fərqin minimuma endirilməsi hesab olunur. Fərqliliklərin təhsildə yaratdığı əlverişsiz vəziyyətlərin şagirdlərin akademik uğurları üzərindəki təsirini azaltmaqla imkanların bərabərliyi təmin edilə bilər.
Məktəblərdə müxtəlif əlverişsiz qruplardan olan şagirdlərə qarşı ədalət və hörmətə əsaslanan münasibətin qurulması vacib hesab edilir. Məktəb daxilində bəzi şagirdlərin risk qrupundan olması və etik qaydalara zidd hərəkətlərə yol verməsi bir reallıqdır. Bu faktorlar nəzərə alındıqda məktəbdə sosial ədalət anlayışına etinasız yanaşmamaq vacib hesab edilir (Şişman, 2006). İdeoloji gücdən istifadə edərək təhsildə sosial ədaləti təmin etmək mümkündür (Bogotch, 2002). Bir mənada təhsildə sosial ədalətin təmin edilməsi, əlverişsiz qruplardan olan şagirdlərin digər şagirdlərlə bərabər imkanlara sahib olması deməkdir. Cəmiyyətdə müxtəlif siniflər arasında olan bərabərsizliklər həmişə bir çox problemlərə yol açıb. Belə problemlərdən biri də fərdlərə cəmiyyət daxilində bərabər imkanların yaradılması prosesidir. Bu problemin nəzərə alınması məktəblərdə sosial ədalətin təmin edilməsi, eyni zamanda şagirdlərə məktəb daxilində bərabər imkanların yaradılmasına da şərait yarada bilər (Enslin, 2006).
Təhsil mühitində bərabərliyi təmin etmək və şagirdlər arasındakı fərqlilikləri azaltmaq təhsildə sosial ədalətin əsasını təşkil edir (Tomul, 2009). Təhsil sistemində sosial ədalətin təmin edilməsi şagirdlərin öz bacarıqlarına və ehtiyaclarına uyğun təhsil almasına əlverişli zəmin yaradır. Bu mənada ölkəmizdəki təhsil müəssisələrində sosial ədalətin təmin edilməsi təhsilalanlara bərabər imkanların yaradılmasına, eyni zamanda fiziki cəhətdən bəzi problemi olanların digər şagirdlərlə eyni siniflərdə təhsil almasına şərait yarada bilər.
Sosial ədalət anlayışı təhsil baxımından təhlil edildikdə, əsas məsələnin hər bir fərdə subyektiv ehtiyaclarına uyğun təhsilin verilməsi olduğunu görə bilərik. Təhsildə sosial ədalət isə bir çox hallarda bütün fərdlərin bərabər təhsil alması olaraq ifadə edilir. Lakin nəzərə almaq lazımdır ki, hər bir şagirdə təhsilin eyni forma və məzmunda verilməsi o qədər də real görünmür. Bunlara əsaslansaq, fərqli ehtiyacları olan şagirdlər üçün özəl təhsil proqramı tərtib etmək, onlar üçün fərqli resurslar və ya imkanlar yaratmaq olar (Gürgen, 2017).
Məktəbdə sosial ədalətə təsir edən bəzi amilləri qeyd edə bilərik. Bu amillər: məktəb rəhbərliyi və təhsil, ailə və sosial mühitdir.
MƏKTƏB RƏHBƏRLİYİ VƏ TƏHSİLİN SOSİAL ƏDALƏTƏ TƏSİRİ
Araşdırmalarda bu qənaətə gəlinir ki, məktəb daxilində sosial ədalətin təmin edilməsi, əsasən, dövlətin payına düşür. Turhana (2007) görə, sosial ədalətə aid hüquqi məsələlər dövlətin öhdəliyindədir. Lakin sosial ədalətlə bağlı məktəb içində baş verə biləcək problemlər və bunun həlli ilə məşğul olmaq məktəb rəhbərləri tərəfindən həyata keçirilir. Belə bir qənaətə gəlmək olar ki, məktəblə bağlı sosial ədalət məsələlərində vahid bir sistem olduğunu deyə bilmərik. Burada idarəetmə məktəb rəhbərliyinin onu necə başa düşməsi və hansı üsulları tətbiq etməsi ilə əlaqədardır (Tomul , 2009).
Məktəb rəhbərliyinin başlıca məqsədlərindən biri də əlverişsiz qruplardan olan şagirdlərə yardım etməkdir. Bu baxımdan, məktəblərdə sosial ədalət liderliyini yerinə yetirən rəhbərlər bu şagirdlərin keyfiyyətli və bərabər təhsil almaları üçün çalışmalıdır. Bu faktorların nəzərə alınması, əslində şagirdlərin akademik göstəricilərinin daha da yüksəlməsinə səbəb ola bilər (Özdemir və Kütküt, 2005; Tomul, 2009). Məktəblərdəki qaynaqların yetərli olması və idarəetmə faktorları da məktəbdə sosial ədalətin təmin edilməsi üçün önəmli hesab edilir.
Ədəbiyyatlara nəzər yetirsək, 2000-ci illərdən etibarən sosial ədalət və sosial ədalət liderliyi mövzusunda araşdırmaların sayının artdığını görə bilərik. Oplatka (2014) təhsilin idarə olunması ilə bağlı XX əsrin ortalarında sosial ədalət mövzusunda ilk çalışmaların başlandığını vurğulayır (Gören, 2019). 1960 və 1970-ci illərdən etibarən təhsil sahəsində sosial ədalətlə bağlı bərabərlik, ədalət, o cümlədən liderlik və buna bənzər mövzularda bir çox araşdırmaların aparıldığını görə bilərik. 1990-cı illərdən sonra isə artıq bu mövzu daha da diqqət mərkəzində olmağa başladı, nəticədə müəllim və şagirdlərin mədəni özəllikləri nəzərə alınaraq ədalət və ədalətsizlik anlayışları ortaya çıxdı.
AİLƏNİN TƏSİRİ
Məktəb sadəcə binadan, təhsilverənlərdən, təhsilalanlardan ibarət bir yer deyil, buraya həm də ailə və sosial mühit daxil edilə bilər. Təhsildə sosial ədalətin təsirindən danışarkən buraya yalnız məktəbi daxil etmək olmaz. Çelenk (2003) qeyd edir ki, şagirdin məktəbdə öyrəndiyi davranışlar və ya biliklər ailə mühitində valideynlər tərəfindən pozula bilər. Buna görə də demək olar ki, şagirdlərin akademik uğurları məktəb – ailə işbirliyi ilə sıx bağlıdır. Sosial ədalətin əsas məqsədlərindən biri də əlverişsiz qruplardan olan şagirdlərin akademik nailiyyətlərini artırmaqdır. Təhsildə uğur qazanmaq üçün yalnız məktəbdə təhsil almaq kifayət deyil, ailənin təhsil səviyyəsi də şagirdlərin uğurlu olmaları üçün önəmlidir. Yəni məktəbdə əldə edilən bilik və bacarıqlar ailənin dəstəyilə daha da inkişaf etdirilməli, effektiv öyrənməyə zəmin yaradılmalıdır.
SOSİAL ƏDALƏT LİDERLİYİ VƏ ŞAGİRD MOTİVASİYASI ARASINDA ƏLAQƏ
Təhsilverənlər öyrənmə prosesində bilikləri birbaşa şagirdlərə ötürdüyü üçün sosial ədaləti həyata keçirməkdə ən böyük paya sahibdir. Sinif daxilində sosial ədalət lideri olan müəllimin şagirdlərə bəslədiyi ədalətli, səmimi münasibət və seçdiyi düzgün davranış forması təhsilalanların özlərini daha rahat hiss etməsinə imkan yaradır. Bu halda şagirdlərin həm sinif daxilində, həm də sinifdənkənar motivasiyası artır. Məktəbin əsas məqsədi şagirdlərə təhsil verməkdir. Bu baxımdan, öyrənmənin daha effektiv ola bilməsi üçün müəllim daha çox səy göstərməlidir. Onun bütün davranışları şagirdlərdə müsbət və ya mənfi təsir yaratmaq imkanına malikdir. Bütün davranışların eyni qədər təsir etdiyini söyləyə bilmərik. Lakin bəzi davranışların təsiri, hətta ömür boyu davam edə bilər. Şagirdin məktəbdəki uğuru və müəllimin yaratdığı təsirlər onun ömür boyu hiss edəcəyi bir keyfiyyətdir (Tatar, 2005). Marağı az və ya çox olan şagirdlərin öyrənməsində müəllimin motivasiyası da önəmlidir. Öyrətməyi sevməyən və sinifi ələ ala bilməyən müəllim şagirdlərin gözündə motivasiyası az olan bir müəllimdir (Viau, 2015).
Bu araşdırmadan gəldiyimiz qənaətə görə, şagirdlər müəllimlərin sosial ədalət liderliyi ilə bağlı bütün davranışlarını yox, bəzilərini anlaya bilirlər. Ümumi olaraq, onların motivasiyasının orta səviyyədə olduğu müəyyən edilib.
Araşdırmadan əldə edilən nəticələrə görə, məktəbli qızlar müəllimlərin sinifdə daha çox sosial ədalət lideri kimi çıxış etdiklərinə inanırlar. Bunun səbəbi olaraq qızların dərslərdə daha fəal iştirak etdiyini göstərmək olar. Bu da onların öyrənməyə motivasiyasının daha çox olduğunu deməyə əsas verir.
Sinif rəhbərlərinin düşüncəsinə əsasən yaşadıqları ölkədə insanların üzərinə düşən öhdəlik və vəzifələrin bərabər şəkildə paylanması sosial ədalət olaraq görülür. Speight və Veranın 2004-cü ildə sinif rəhbərləri ilə həyata keçirdikləri araşdırmadan əldə edilən nəticələrə əsasən cəmiyyətdə yer alan fərdlərə rifah və gəlirlərin bərabər paylanması sosial ədalət olaraq ifadə edilib.
NƏTİCƏ
Bu araşdırma son zamanlar təhsilin idarə olunmasında tez-tez istifadə edilən sosial ədalət liderliyi anlayışı əsasında həyata keçirilib. Araşdırmada şagirdlərin sosial ədalətlə bağlı hansı çətinliklərlə üzləşə biləcəyinə, müəllim və direktorların, həmçinin ailə üzvlərinin sosial ədalət lideri kimi necə çıxış edə biləcəyi məsələlərinə toxunulub. Bunu qeyd edə bilərik ki, ədəbiyyatlarda sosial ədalət liderliyi anlayışına müxtəlif istiqamətlərdən yanaşılıb. Ailə, sosial mühit, cəmiyyətin insanlara təsirinin onların davranışlarında müsbət və ya mənfi təsirlər yarada biləcəyi müəyyən edilib. Araşdırılan ədəbiyyatlardan belə nəticəyə gəlmək olar ki, sosial ədalət liderliyi anlayışı bir çox faktorlardan asılıdır və onların hamısı eyni təsir göstərmir. Bu təsirlər fərdin öz düşüncələrindən və davranışa münasibətinin necə olmasından asılıdır. Hər bir şagirdə təhsil mühitində eyni dərəcədə yanaşılsa, ayrı-seçkilik halları olmasa, yəni əlverişsiz qruplara, başqa etnik mənsubiyyətdən olanlara və digər problemlərlə üzləşən şagirdlərə eyni cür münasibət bəslənsə, bu zaman ədalətli bir sistemin yaradıldığını söyləmək mümkündür. Həmçinin sosial ədalət liderliyi davranışlarının şagirdlərin akademik uğurlarına da təsir göstərə biləcəyi əldə edilən nəticələrdən biridir. Araşdırılan məqalə və tezislərdə müəllimlərin çoxu məktəb direktorlarının sosial ədalət liderliyi davranışlarını yüksək səviyyədə yerinə yetirməsinin vacibliyini vurğulayıb. Həmçinin şagirdlərin fikirləri də nəzərə alınıb və onlar müəllimlərin və direktorların sosial ədalət lideri kimi davranışlarının təlim-tərbiyə prosesində çox güclü təsirə malik olduğunu bildirib. Əldə edilən nəticəyə görə müəllim və şagirdlərin bu mövzu haqqında düşüncələrinin bənzər olduğu qənaətinə gəlinib.
Beləliklə, qeyd etmək olar ki, sosial ədalət məktəbin idarə olunmasında əsas faktorlardan biridir. Məktəblərdəki ədalətsizliyin və bütün mərhələlərdə mənfi yöndə ayrı-seçkiliyin ortadan qaldırılmasının məktəbin idarə edilməsində müsbət təsirlər göstərəcəyi düşünülür. Buna görə də müəllim və şagirdlər ədalətə olan inamlarını itirməməlidirlər.
- Məktəb direktorlarının müəllim və şagirdlərin ədalətə olan inamlarını gücləndirmək üçün daha çox çalışması və bu istiqamətdə
tədbirlər görməsi tövsiyə olunur. - Məktəblərdə sosial ədalət anlayışının daha çox tərənnüm edilməsi üçün müəllim, şagird və direktorlarla bu mövzuda təlimlər keçirmək tövsiyə olunur.
- Araşdırma zamanı keyfiyyət araşdırma növündən istifadə edilib. Bu mövzuda gələcəkdə həyata keçiriləcək tədqiqatlar zamanı kəmiyyət metodlarından istifadə edilə bilər.
- Təhsil sistemində sosial ədalətin hansı səviyyədə olduğu barədə daha ətraflı məlumat əldə etmək üçün bu mövzuda daha çox ədəbiyyat analiz edilməsi məqsədəmüvafiqdir.
İstifadə edilmiş ədəbiyyat
1 Bursa, S. (2015). Sosyal bilgiler öğretmenlerinin sosyal adalet algı ve deneyimleri. (Yüksek Lisans Tezi). Anadolu Üniversitesi Eğitim Bilimleri Enstitüsü. Eskişehir.
2 Çelenk, S. (2003). Okul başarısının ön koşulu: Okul aile dayanışması. Elementary Education Online, 2(2).
3 Enslin, P. (2006). “Democracy, Social Justice and Education: Feminist Strategies İn a Globalizing World”. Educational Philosophy and Theory, 38 (1), s. 57-67.
4 Gören, S.Ç. (2019). Sosyal adalet liderliği, okul yaşam kalitesi ve okula aidiyet duygusu ilişkisi. (Doktora Tezi). Hacettepe Üniversitesi, Eğitim Bilimleri Enstitüsü, Ankara
5 Grıffıths, M. (1998). Towards a Theoretical Framework for Understanding Social Justice in Educational Practice. Educational Philosophy and Theory, 30(2),177-192.
6 Gürgen, B. (2017). Okullarda sosyal adalet algısının incelenmesi. (Yüksek Lisans Tezi). Eskişehir Osmangazi Üniversitesi, Eğitim
Bilimleri Enstitüsü, Eskişehir.
7 Özdemir, M. (2017). Sosyal Adalet Liderliği, Okula Yönelik Tutum ve Okul Bağlılığı Arasındaki İlişkilerin İncelenmesi. Eğitim ve Bilim, 42(191)
8 Özdemir, M., & Pektaş, V. (2017). Sosyal adalet liderliği ölçeği-öğretmen formunun geliştirilmesi. Mustafa Kemal Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 14(40), 111-127.
9 Polat, S. (2007). Eğitim politikalarının sosyal adalet açısından sonuçları konusunda yönetici ve öğretmen görüşleri. (Yayımlanmamış Doktora Tezi). Ankara Üniversitesi, Ankara.
10 Şimşek, H., &Yıldırım, A. (2016). Sosyal bilimlerde nitel araştırma yöntemleri. Ankara: Seçkin Yayıncılık.
11 Şişman, M. (2006). Eğitimde demokrasi ve sosyal adalet: Türkiye eğitim sisteminin değişmeyen miti. Türk Eğitim Sisteminde Yeni
Paradigma Arayışları Bildiriler Kitabı, 291-305.
12 Tatar, M. (2005). Öğretmen beklentisi. Yüzüncü Yıl Üniversitesi Elektronik Eğitim Fakültesi Dergisi, 2(2).
13 Tomul, E. (2009). İlköğretimde okullarındaki sosyal adalet uygulamalarına ilişkin yönetici görüşleri. Eğitim ve Bilim, 34 (152), 126-137.
14 Turhan, M. (2007). Genel ve Mesleki Lise Yöneticilerinin Etik Liderlik Davranışlarının Okullardaki Sosyal Adalet Üzerindeki Etkisi.
(Doktora Tezi). Fırat Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Eğitim Bilimleri Anabilim Dalı, Elazığ.
15 Viau, R. (2015). Okulda Motivasyon, okulda Güdüleme ve Güdülenmeyi Öğrenme. (Çev. Yusuf Budak). Ankara: Anı Yayıncılık.