ÜMUMİ TƏHSİLDƏ BULLİNQ VƏ KİBERBULLİNQ, ONLARA QARŞI MÜBARİZƏ ÜSULLARI
MƏSMƏXANIM İSKƏNDƏRLİ
Məqalədə zorakılıq (bullinq) və kiber zorakılıq (kiberbullinq) arasındakı fərqlər, kiber zorakılıq davranışlarının psixoloji izahı, onun psixoloji təsirləri, yayılması, yaş və cins kimi demoqrafik xüsusiyyətləri barədə məlumat verilir. Araşdırmada keyfiyyət metodunun sənəd araşdırma növündən istifadə edilib. Tədqiqatda məlumat toplama vasitələri olaraq “Researchgate”, “Google Scholar”, “Web of Science”, “Library Genesis”, “Taylor & Francis” kimi veb-səhifələrdəki statistikalara, yazılı müsahibələrə, cədvəllərə istinad olunub, bu mövzuda yazılan əsərlər analiz edilib. Araşdırmada kiberbullinqin ənənəvi bullinqdən daha təhlükəli olduğu və internet istifadəçilərinin istənilən an buna məruz qala bilmə ehtimalının varlığı ortaya çıxıb. Nəticədə, həm ənənəvi bullinqə, həm də kiberbullinqə məruz qalan şagirdlərdə psixoloji problemlərin baş qaldırdığı və onların akademik fəaliyyətinə ciddi şəkildə maneə yarandığı məlum olub.
GİRİŞ
Bullinq kiməsə ləqəb qoşmaq, ona qarşı arqo və alçaldıcı sözlər işlətmək, müəyyən bir işi etməyəcəyi təqdirdə fiziki zorakılıq göstərməklə, şantaj etməklə, ona məxsus olan əşyalara və ya kiçik bacı-qardaşlarına zərər yetirməklə qorxutmaq, qrupdan kənarda saxlamaq kimi formalarda törədilə bilər. Məktəb mühitində zorakılıq hər zaman mövcud olan sosial problemdir. Texnologiyanın sürətli inkişafı və ondan müxtəlif məqsədlər üçün istifadə edilməsi təhsilalanlar arasında zorakılığın yeni və daha təhlükəli formasına gətirib çıxarıb (Bhat, 2008). Gənclərin və uşaqların internetdə keçirdikləri vaxtın artması ilə paralel olaraq kiber zorakılığa cəlb edilmə ehtimalının da çoxaldığı görünür (Gardner, 2010). Bullinq ona məruz qalanın psixoloji vəziyyətində depressiya, özünəqapanma, antisosiallıq, intihara meyilli düşüncələr kimi neqativ dəyişikliklərə səbəb olmaqla yanaşı, tədris müəssisələrində təlim-tərbiyə və təhsil prosesinin düzgün həyata keçirilməsinə də mane olur. Buna görə də bullinq ictimai sağlamlıq üçün böyük bir riskdir və məktəblərdə onun qarşısının alınmasına nəzarət edilməsi aktual hesab edilir (Barhight və b., 2013). Zorakılığa verbal hücumlar (məsələn, adçəkmə, hədə-qorxu), əl və ayaqlardan istifadə edərək xəsarət yetirmək (məsələn, bədəninə və ya əmlakına ziyan vurmaq) və aqressiv münasibət (məsələn, sosial təcrid, şayiələrin yayılması) daxildir (Monks & amp; Smith, 2006; Olweus, 1993; Smith).
Bullinq həm də sosial ədalət prinsiplərinin pozulması deməkdir. Texnologiyanın inkişafı informasiyanı asanlıqla əldə etmək, dostluq əlaqələri qurmaq üçün nə qədər əlverişli imkan verirsə, bir o qədər də kiber zorakılığın artmasına zəmin yaradır. Təhsil sahəsində texnologiyadan düzgün istifadə edilməməsi nəticəsində yaranan kiber zorakılıq təkcə məktəbdə və sinifdə təhsilin əsas məqsədlərinə mane olan intizam problemlərinə səbəb olmur. Eyni zamanda, təhsilin ümumi vəzifələrindən olan “sağlam və balanslaşdırılmış ruh və şəxsiyyətə malik fərdlərdən ibarət sağlam cəmiyyət yaratmaq” məqsədinin həyata keçirilməsinə mane olan mühüm problem kimi diqqəti cəlb edir. Buna görə də bərabər imkanların təmin olunmadığı cəmiyyətdə böyüyən uşaqlar arasında bullinq kimi ədalətsizlik hallarının çox olması təəccüb doğurmur.
Məktəblərdə aparılan tədqiqatlar bir daha sübut edir ki, bullinq qurbanlarda aşkar izlər buraxır və psixoloji zərər verir (Due et al., 2005). Məktəblərdə zorakılığın artmasında aktiv sosial medianın və mobil telefonların rolu böyükdür. Bullinq təcavüzün bir alt kateqoriyası olaraq ondan fərqlənir, çünki bu hal hər hansı bir təhriketmə olmadan baş verir (Pekel, 2004), bir sözlə, bullinq edənlə bullinq edilən uşaq arasında güc baxımından tarazlıq olmadığından o, təcavüzdən fərqlənir (Camodeca ve Goossens, 2005). Onlayn platformalar yeniyetmələrin anonimliyi qoruyaraq digərlərini bullinq etməsinə şərait yaradır. Bullinq edənlə bullinq edilən arasındakı balanssızlıq vəziyyəti bu tipli aqressiv hərəkətlərin təkrarlanmasının əsas göstəricisidir (Ybarra, Espelage, və Mitchell, 2014). Təzyiqə məruz qalanların həftədə ən azı bir dəfə bu tipli davranışla qarşılaşması bullinq olaraq kateqoriyalaşdırılır (Parren ve Alsaker, 2006).
Zorakılıq edən və təzyiqə məruz qalan arasındakı əsas vacib məqamlardan biri də onların özlərindən böyüklərdən daha çox yaşıdları tərəfindən bu əziyyətə məruz qalmasıdır (Olweus, 1993; Rigby ve Slee, 1991). Gender mövzusu həmişə zorakılıq və kiber zorakılığın əsas amili olub, çünki kişilər və qadınlar bir-birinə qarşı fərqli aqressiv davranışlar nümayiş etdiriblər (Borsa, Damasio, Bandeira, & Gremigni, 2013). Qadınlar, adətən, bilvasitə, kişilər isə bilavasitə və fiziki zorakılıqdan istifadə edirlər (Björkqvist, Lagerspetz, & Kaukiainen, 1992; Kerestes & Milanovic, 2006). Tədqiqatlar göstərir ki, həm kişilər, həm də qadınlar eyni nisbətdə zorakılığın qurbanına çevrilə bilərlər (Keith & Martin, 2005; Smith et al., 2008). Yaş da zorakılığı başa düşmək üçün vacibdir, çünki yaşlı insanlar özlərini fiziki, psixoloji və şifahi zorakılıqdan qorumaq üçün daha çox təcrübəyə malikdirlər, lakin bununla belə hələ də kiber zorakılığa qarşı həssasdırlar. Deməli, yaş faktoru zorakılığın qurbanı olma ehtimalına və ondan özünü qorumaq qabiliyyətinə təsir edə bilər.
TƏDQİQATIN MƏQSƏDİ
Aparılan tədqiqatın məqsədi təhsilalanlar və təhsilverənlər arasında bullinq və kiberbullinqə dair təsəvvürlərin öyrənilməsidir. Bu tədqiqat həm də bullinq və kiberbullinqin Azərbaycanda cari vəziyyətini, onların həlli üçün mövcud olan imkanları araşdırmaq məqsədi daşıyır. Tədqiqatın nəticələri təhsil sistemində bullinq və kiberbullinqin azaldılması və həllinə dair strategiyaların inkişafına töhfə verə bilər.
Tədqiqatın sonunda əldə edilən məlumatlar
Tədqiqat zamanı bu mövzuda tezislər sayca daha məhdud olsa da, məqalələrin çoxluq təşkil etdiyi, təhsil sferasında bullinq və kiberbullinq halları ilə bağlı məlumatların və mübarizə tədbirlərinin kifayət etmədiyi məlum olub. Cairns, Neckerman, Gest və Gariepy (1988) 4-cü sinif və 7-ci siniflərdə oxuyan 80 şagird arasında müsahibə aparıb, onlar uşaqları yaş, cins, sinif, fiziki, sosial-iqtisadi cəhətdən və aqressivliyə görə qruplaşdırıbdır. Şagirdlərlə aparılan sorğuda onlar yaşıdlarını dost və düşmən olaraq təsnif ediblər. Şagirdlər bu sorğuda bullinqi yaradan amillər olaraq bəzən akademik uğurlar qazanan şagirdləri gözləri götürməmək, dominant olmaq kimi səbəblər göstəriblər. Sorğuda ələ salınan şagirdlərin zarafat obyekti olması və zarafat edənlərin isə dominantlıq əldə etməsi müşahidə edilib. Türkiyədə aparılmış bir tədqiqatda isə 9-10-cu sinif şagirdlərinin bir qisminin digərlərinə aqressiv davranmasının normal qarşılandığı müşahidə edilir. Bu tədqiqat Erkan Yaman və Necla Kocabaşoğlu (2011) tərəfindən aparılıb. Eyni tədqiqatda şagirdlərin müəllimlərə etdiyi bullinq də araşdırılıb. Araşdırmaya görə, sinifdə az sayda müəllimin şagird zorakılığına məruz qaldığı məlum olub. Pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərin şagirdlərinin gözləntilərinə cavab vermək mövzusunda narahat olduqları, bəzən bu narahatlığın şagirdlər tərəfindən hiss edildiyi və müəllimlərin çətin suallarla sıxışdırıldığı ortaya çıxıb. Müəllimlərə bullinq edənlər, əsasən, 3-5 nəfərlik qrup halında olurlar. Ən çox bullinq halı 9 və 10-cu sinif şagirdləri arasında baş verir, 11-ci sinifdə isə azalır. Bəzən şagirdlər öz aralarında birləşərək müəllimlərə qarşı qruplaşır və qrup-şəxs arasında konflikti təhrik edirlər. Müəllimlər şagirdlərin emosional və ya psixoloji (verbal, irqi, cinsi, kiber) bullinq növləri ilə üzləşirlər. Müəllimlərə qarşı neqativ davranışları, əsasən, belə qruplaşdırmaq olar:
- müəllim söz vermədən danışmaq;
- hörmətsizlik;
- müəllimi dinləməmək;
- müəllimə yalan demək və aldatmağa çalışmaq;
- müəllimin şagirdlərə olan etimadından sui-istifadə etmək.
Tədqiqatda gənclərin, qadınların və əsəbi müəllimlərin bullinqə məruz qalma ehtimalının daha çox olduğuna diqqət yetirilib. Müəllimlər bu problemi ya müvafiq orqanlara şikayət ərizəsi verərək, ya da şagirdlə fərdi müzakirə yolu ilə həll etdiklərini bildiriblər. Müəllimlərlə aparılan müsahibələrdə, əsasən, sosial medianın onların hərəkətlərinə təsir etdiyi qeyd olunub. Şagirdlər bəzən sırf diqqət çəkmək xatirinə ailədə gördükləri tərbiyəyə zidd hərəkətlər edirlər. Tədqiqatlarda bullinqin daha çox oğlan şagirdlər arasında baş verdiyi görünür. Oğlanlar və qızlar arasında bullinqin nisbəti müvafiq olaraq 31.8 faiz və 11.4 faiz təşkil edir. Bullinq hallarının qalan 66.8 faizi isə qızlar və oğlanlardan ibarət heterogen tərəflərin qarışdığı bullinq hallarıdır. Bullinqə məruz qalanlar psixoloji narahatlıqlar yaşadıqlarını, baş ağrısı, mədə ağrısı, halsızlıq kimi fizioloji problemlərlərlə üzləşdiklərini bildiriblər.
Ferhat Han və Hasan Demirtaş (2020) tərəfindən aparılan araşdırma nəticəsində şagirdlərin verbal, fiziki və cinsi bullinqə məruz qaldıqları ortaya çıxıb. Həm ənənəvi, həm də kiberbullinqə məruz qalan şagirdlərdə ruh düşkünlüyü, depressiya, dərsə davamsızlıq kimi hallar müəyyən edilib və bir qisim şagirdlərin məktəbdə qorxu yaşadığı, özünü etibarlı bir yerdə görmədikləri müəyyən edilib. Nəticə olaraq, bullinqə məruz qalan şagirdlərin diqqət azlığı nəticəsində dərslərdəki qiymətlərinin zəifləməsi, daha əsəbi, kədərli, utancaq, narahat və stressli olduqları müşahidə edilib. Qızların bunlardan əlavə emosional bullinqə də məruz qaldığı, nəticədə qəmginlik, narahatlıq və qorxu hisslərinin onlara ciddi təsir etdiyi orataya çıxıb. Məlum olur ki, bullinqin qarşısı alınmadıqda daha geniş vüsət alır və açdığı yaralar dərinləşir. Bullinq halları, əsasən, yeniyetməlik dövründə özünü göstərir, bu zaman uşaqlar problemləri həll etmək və özünü sübut etmək üçün fiziki şiddəti seçir, nəticədə onlarda özünəinamsızlıq və ya özünəqapanma halları yaranır. Araşdırmada bir qisim şagirdlərin həyatında bullinq hallarının vaxtaşırı yaşandığı müəyyən edilib. Həmin tədqiqatda Boulton və Underwood (1992) 25 nəfər bullinq törədən, 25 nəfər isə bullinqə məruz qalan, səkkiz-on yaşlı şagirdlə müsahibə aparıblar. Müsahibədə bullinq edənlərin niyə belə etdiyi, bullinqə məruz qalanların isə özlərini necə hiss etdiyi ilə bağlı bir neçə sual verilib. “Bullinq edənləri başqa uşaqlardan üstün edən nədir?” sualına cavab olaraq bullinq törədənlər başqalarının onları təhrik etdiyini qeyd edir (44%), bullinq qurbanları isə bunu özlərinin
kiçik və zəif olduqları ilə əlaqələndirir (36%). Bullinqin nə qurbanı, nə də səbəbkarı olanlar isə onun heç bir məntiqli səbəbinin olmadığını qeyd ediblər (16%). İştirakçıların 12 faizi isə
bunun diqqət çəkmək məqsədi ilə edildiyini irəli sürüblər.
Tədqiqatda bullinqlə bağlı elmi terminologiya aşağıdakı kimi qeyd olunub:
- Bullinq edən: Aqressiv və davamlı olaraq bir şəxsə zərər vermək niyyəti olan insan (Compton, 2014).
- Bullinq: Bir şəxs və ya qrup tərəfindən özünü müdafiə edə bilməyən şəxsə yönəlmiş davamlı təkrarlanan psixoloji və fiziki davranışlar (Olweus, 1993).
- Müşahidəçi: Passiv şəkildə müşahidə edən və heç kimə məlumat verməyən insan (Craig, 1997).
- Bullinqin qurbanı: Bullinqə məruz qalan və özünü müdafiə edə bilməyən şəxs (Yoon, 2014).
- Kiberbullinq: Kompüter, telefon və ya hər hansı bir texnoloji cihazlardan istifadə vasitəsilə törədilən bullinq (Raskauskas, 2010).
- Kiberbullinq edən: Texnoloji alətlər vasitəsilə insanların psixologiyasına, ruhi sağlamlığına zərər verən, onları alçaldan, məxfi məlumatlarını yayan və şantaj edən şəxs (Olweus,1993).
- Kiberqurban: Kiberbullinqə məruz qalan şəxs (Olweus,1993).
Bullinq edənin xarakterik xüsusiyyətləri
Araşdırma zamanı müəyyən olub ki, fiziki və mənəvi cəhətdən zəif, gücsüz uşaqlar, o cümlədən fiziki və ya zehni məhdudiyyətlilər bullinqin qurbanı olmağa, güclü, lovğa şagirdlər isə bullinq törətməyə meyillidirlər (Marini et al. 2006). Bəzən şagirdlərdəki hegemonluq hissi birinin digərini təhqir etməsinə gətirib çıxarır (Perren & Alsaker 2006).
Bullinq qurbanının xarakterik xüsusiyyətləri
Kədərli və əsəbi olan, emosional ahəngi pozulmuş şagirdlərin bullinqə məruz qalma ehtimalı digərlərindən çoxdur (Garner və Hilton, 2010). Utancaq, kommunikasiyada çətinlik çəkən və yeni dostluqlar qura bilməyən uşaqlar da bullinqə daha çox məruz qalan insanlar arasındadır (Perren & Alsaker 2006). Sosial bacarıqları zəif olanlar (Cook et al., 2010), özünü ifadə edə bilməyən, ailəsində problemlər yaşayan və tənha uşaqların bullinq qurbanı olma ehtimalı yüksəkdir (Bollmer et al., 2005). Bullinqə məruz qalan uşaqlar, adətən, həssas və səssiz olurlar (Glew et al., 2000), valideynlərinə problemlərini bildirməyə çəkinirlər (Olweus, 1993).
Kiberbullinq
Bullinq edənlərin digərlərinin pulunu oğurladıqları və ya onların qarşılarını kəsib hədə-qorxu gəldikləri dövrlər geridə qalıb. Bullinq artıq yeni formada, kiberbullinq formasında özünü göstərməkdədir. Kiberbullinq bir kəsə qarşı kompüter, mobil telefon və digər elektron vasitələrdən istifadə etməklə bilərəkdən və təkrar-təkrar vurulmuş ziyandır (Hinduja və Patchin, 2018).
Kiberbullinq mobil telefonla mesaj, e-poçt, sosial media saytlarında kiminsə haqqında zərərli və şayiə xarakterli şərhlər yazmaq, şəkil və ya video yerləşdirmək yolları ilə baş verə bilər. Kiberbullinqin təkrar-təkrar və qəsdən törədilən bir davranış növü olması onun mənfi effektini daha da artırır. Təcavüzün bu forması cib telefonları, video-kameralar, e-poçtlar və veb səhifələr kimi informasiya və kommunikasiya texnologiyaları yolu ilə olduğundan təsiri daha dərin və geniş olur (Ybarra & Mitchell, 2004). Yeniyetmələr çox zaman bilmədən internetdə özləri haqqında şəxsi məlumatları paylaşdıqlarından kiberbullinqlə üzləşmə riskləri daha çoxdur. Kiberbullinqin bir neçə xarakteri ola bilər:
1. Kiberbullinqə məruz qalan şəxsin onun haqqında sosial mediada yayılmış hər hansı utandırıcı məlumatdan xəbəri olmaya bilər. Hətta belə bir məlumatı yayanın kimliyi də naməlum qala bilər ki, bu da kiberbullinqin daha çətin nəzarətə alınmasına gətirib çıxarır;
2. İnternetə yerləşdirilən məlumatı dəfələrlə paylaşmaq və göndərmək mümkün olduğundan bu qəbildən olan məlumatlar sürətlə yayıla və geniş kütləni əhatə edə bilər;
3. Kiberbullinq həm də ən mürəkkəb bullinq növlərindəndir. Belə ki, kiberbullinqi törədən şəxs buna məruz qalan şəxslə fiziki olaraq eyni məkanı paylaşmadığından öz hərəkətlərinin mənfi təsirlərindən xəbərsiz olur. Beləcə, bullinq törədən davranışının nəticəsində hansı təhlükəli nəticələr ilə üzləşildiyindən məlumatsız olur. Kiberbullinq nəticəsində şagirdlərdə ağır formada emosional problemlər yaranır. Belə ki, onlarda özünəinamsızlıq, narahatlıq, ifrat həyəcan, qorxu kimi emosiyalar müşahidə olunur. Bu hal onlarda stress, depressiya əmələ gətirir və onları intihar haqqında düşünməyə vadar edə bilir.
Kiberbullinq törədən uşağın davranışları
- yaxınları gəldikdə kompüter ekranını və ya elektron cihazın monitorunu gizlətmək;
- gecələr elektron cihazdan xəlvəti istifadə etmək;
- cihazdan istifadə edə bilmədikdə əhvalının pozulması;
- cihazdan istifadə edərkən gülməsi və suallardan boyun qaçırması;
- onlayn olarkən kompüterdə və telefonda nə etdiyindən bəhs etməməsi;
- ailə üzvlərindən uzaqlaşması;
- birdən çox onlayn hesabdan istifadə etməsi;
- məktəbdə nizam-intizam problemləri;
- küçə jarqonlarından istifadə etməsi və dost mühitini düzgün seçə bilməməsi;
- dostları arasında sosial status qazanmaq üçün populyar olmağa çalışması;
- yoldaşlarına qarşı zorakılıq göstərməyə çalışması.
Kiberbullinq qurbanı olan uşaq
Sameer Hinduja və Justin W. Patchin (2010) kiberbullinq qurbanı olan uşaqlara aid müəyyən davranışlar müəyyən edib:
- çox yatmaq, yataqdan qalxmaq istəməmək və yuxusuzluq;
- elektron cihazlardan istifadəni tamamilə dayandırmaq;
- elektron cihazlardan istifadə edərkən ifrat dərəcədə narahatlıq və ya stress;
- məktəbə getməyə, ümumiyyətlə, evdən çıxmağa qarşı könülsüzlük və narahatlıq;
- onlayn oyunlardan sonra depressiv, əsəbi hal;
- ailə üzvlərindən və dostlarından anormal şəkildə uzaqlaşmaq;
- iştahsızlıq;
- özünə qapanmaq;
- kompüterdə etdiklərini valideynləri ilə bölüşməmək;
- daha əvvəl çox maraq göstərdiyi şeylərə qarşı həvəssizlik;
- pessimizm, intihar haqqında danışmaq.
Bullinqin mənfi təsirləri
Əsas nəticələr göstərir ki, bullinqə məruz qalan yeniyetmələr arasından təhsildən yayınanlar və dərslərinə hazırlaşmayanlar çoxdur (Nakamoto & Schwartz, 2009). Həmin şagirdlər əksər hallarda dərsə və məktəbə qarşı olan həvəslərini itirirlər (Fekkes və digərləri, 2006). Tədqiqatlar bullinq qurbanı olanların intihar etmə riskinin daha çox olduğunu göstərir. Bullinq ilə psixi xəstəliklər arasında müsbət korelyasiyanın olduğu da məlumdur. Bu korelyasiyanın qarşılıqlı olduğu tədqiqat nəticələrində öz əksini tapır. Belə ki, psixi və psixoloji problemləri olan uşaqların bullinq törətməsi və bullinqə məruz qalması ehtimalı daha yüksəkdir (Frost, 1991). Bullinqə məruz qalan uşaqlarda tez-tez impulsivlik və hiperaktivlik kimi simptomlar özünü göstərir (Camodeca və digərləri, 2002). Bullinqdən
zərər çəkmiş uşaqların ailəsində də tez-tez problemlər müşahidə olunur. Belə ki, bullinq törədən və bullinqdən zərər çəkən şagirdlərin ailələrində də tərəflərin bir-birinə qarşı zorakılığı müşahidə olunur. Sorğu nəticələri göstərir ki, ailədə düzgün tərbiyə olunmayan, diqqət və qayğı göstərilməyən şagirdlər ya bullinqi törədən, ya da zərərçəkən olur. Nəticədə isə həmin şagirdlər məktəbdə zəif nəticələr göstərir və evdəki məzəmmət məktəbdə də davam edir. Belə olan halda şagirdlər bullinq etmək üçün məktəbi özlərinə məkan seçir. Bu şagirdlər müsahibələrində cəmiyyətdən sanki intiqam aldıqlarını qeyd edirlər. Evdə qayğı görməyən, diqqət göstərilməyən şagirdlər emosional və psixoloji çətinlik yaşayır və məktəbdə bullinqə məruz qalır. Bu tip şagirdlər özünü müdafiə edəcək güc tapa bilmir və bullinq edənlərin asan hədəfinə çevrilir. Sinifdə bullinq tezliyinə və şiddətinə təsir edən amillər demoqrafik, gender balansı, müəllimin səriştəliliyi kimi amillərdir. Tədqiqatlar müəllimin rolunun burada vacibliyinə diqqət çəkir. Müəllim sinifdə fərqli güc ünsürlərinin qarşısını almalı, qaydalar, prosedurlar və sanksiyalar tətbiq etməli, valideynlərlə, məktəb rəhbərliyi ilə müntəzəm əməkdaşlıq etməli, şagirdlərlə və valideynlərlə tərbiyəvi və maarifləndirici söhbətlər aparmalıdır. Müəllim şagirdləri ilə birgə normalar hazırlamalı və praktikada həmin normalara uyğun davranışları vərdişə çevirməlidir.
BULLİNQLƏ MÜBARİZƏ METODLARI
Biblioterapiya metodu
Biblioterapiya metodu kitablardan istifadə etməklə bullinq kimi pis davranışların qarşısını almaq üçün bir tərbiyə üsuludur. Burada müəllim, valideyn və ya kouç şagirdin vəziyyətinə uyğun seçdiyi kitabı onlara mütaliə etdirir, sonra isə həmin kitabı birgə müzakirə edirlər (Pardeck, 1995). Biblioterapiya yeni terapiya metodu deyil, əksinə, bu metod şagirdlərə dəyərlərin öyrədilməsi üçün sınaqdan keçmiş bir strategiyadır. Biblioterapiyanın effektiv təsiri üçün uşaq 3 mərhələdən keçməlidir: identifikasiya, katarsis, refleksiya (Afolayan, 1992).
İdentifikasiya
Çətin problemləri həll edərkən ilkin olaraq insanlar eyni və ya bənzər problem yaşayanları müəyyən etmək istəyirlər. Bu mərhələ biblioterapiya üsulunun əsasıdır. Uşaqlar biblioterapiyanın effektiv olması üçün ilkin olaraq kitabdakı onlarla eyni vəziyyətdə olan personajı müəyyən etməlidirlər. Müəllimin öhdəsinə düşən ən önəmli iş uşağa uyğun kitabı tapıb ona təqdim etməkdir (Sridhar və Vaughn, 2000). Doğru kitabı seçmək burada çox vacibdir. Ancaq bu yolla uşaq əsas personajı və hadisəni müəyyən edə bilər. Kitab seçərkən personajların uşaqla eyni yaşda olması, eyni hərəkətləri sərgiləməsi və eyni problemlərlə qarşılaşması vacibdir (Sridhar və Vaughn, 2000). Kitab həmçinin uşağın yaşına uyğun olmalıdır (Pardeck, 1995).
Katarsis
Uşaq kitabdakı əsas personajı və öz problemini müəyyən edə bilibsə, artıq həmin hekayə ilə özü arsasında müqayisə aparması mümkündür. Bu mərhələdə uşaqlar özlərini rahat formada ifadə edə bilirlər. Danışaraq hisslərini ifadə etmək bəzi uşaqları narahat edir. Uşaq müsahibə üsulu ilə hisslərini ifadə edə bilmirsə, sərbəst yazı nümunələrindən istifadə oluna bilər. Həmçinin kuklalarla rollu oyunlar, rəsm çəkmək, boyamaq da səmərəli üsullardandır (Mcarty & amp; Chalmers, 1997).
Refleksiya
Biblioterapiya terapiyasının sonuncu mərhələsi olan refleksiya uşağın kitabdakı personajların yaşadıqlarına rəy bildirməsi, hadisələri şərh etməsi mənasını ifadə edir (Sridhar və Vaughn, 2000). Uşaq bu mərhələdə tam anlayır və dərk edir ki, problemlər hekayədə olduğu kimi həll oluna bilər. Uşaqlar personajın çətinliklərlə mübarizə üsullarını nümunə götürərək istifadə edə və mənfi davranışlardan uzaqlaşa bilər. Bununla da müəllimlər şagirdlərində yeni müsbət davranışlar formalaşdıra bilərlər.
NƏTİCƏ
Cəmiyyətin müasir dövrünü və gələcəyini təhlükə altına alan, qarşısı alınmalı və ciddi tədbirlər görülməli olan məsələlərdən biri də bullinqdir. Nəticədə görünən odur ki, Azərbaycan məktəblərində bullinq, onun təzahür formaları və onunla mübarizə haqqında məlumat çatışmazlığı mövcuddur. Bunun qarşısının alınması və şagirdlərin təhlükəsiz məktəb mühitində təlim-tərbiyə alması üçün təxirəsalınmaz antibullinq proqramları yaradılmalıdır (Mahmudova, 2019). Belə ki, hər bir məktəb öz daxili mühitində antibullinq qayda-qanunları yarada və onların tətbiqinə nəzarət edə bilər. Antibullinq proqramları məktəbi daha səmərəli, daha xoşbəxt bir mühitə çevirəcək və dövlətin məktəbdən gözləntiləri öz həllini daha tez tapa bilər (Nakamoto & Schwartz, 2009). Məktəbin bu istiqamətdə funksiyalarını yerinə yetirə bilməməsi isə neqativ halların çoxalması ilə nəticələnəcəkdir (Fekkes və digərləri, 2006).
Tədqiqat nəticəsində bullinqin şagirdlərin rifahına birbaşa zərər verdiyi də müəyyən edilib. Ona görə də antibullinq tədbirlərinin şagirdlərin xoşbəxtliyinə töhfə verdiyini nəzərdən qaçırmaq olmaz. Məktəbin öz daxili resursları hesabına bullinqin qarşısını almaq məqsədilə sinif müzakirələrinin, ictimai tədbirlərin, valideynlərlə görüşlərin keçirilməsi də təxirəsalınmaz tədbirlərdəndir.
Uşaqların bullinq və kiberbullinqin müxtəlif növlərinə məruz qaldığı dövr məktəbli dövrüdür. Ona görə də məktəbdə görülən antibullinq fəaliyyətləri bullinqin qarşısını xeyli miqdarda ala, məktəbin akademik nəticələrinə də müsbət mənada təsir edə, daha çox şagirdin yuxarı təhsil pillələrinə istiqamətlənməsinə kömək edə bilər.
Bullinq və kiberbullinq cəmiyyətdə bir çox müxtəlif cinayətə zəmin hazırlayır. Məktəbdə görülə biləcək tədbirlər profilaktik tədbir xarakteri daşımaqla bərabər, cəmiyyətdə etik normaların inkişafına töhfə verəcəkdir. Bullinqin və kiberbullinqin arxa fonunda görülən qayğısızlıq, laqeydlik və ailədə qazanılan travmalar bir çox başqa ictimai problemlər üçün həyəcan təbilidir. Məktəbdə aparılacaq maarifləndirici iş çox zaman İKT savadsızlığından qaynaqlanan kiberbullinqin qarşısını ala bilər.
TƏKLİFLƏR
Bullinq və kiberbullinq anlayışları haqqında ictimai fikir yaratmaq üçün araşdırmalar aparılmalı, bu anlayışların izahı və nəticələri barədə videoçarxlar hazırlanmalı, qaynar xətlər yaradılmalıdır. Bullinqlə mübarizə çoxmərhələli və çoxşaxəli aparılmalıdır. Antibullinq kampaniyasının bütün ölkə üzrə həyata keçirilməsi üçün təhsil üzrə bütün əlaqədar struktur və orqanlar hərəkətə keçməli, müvafiq tədbirlər görülməli, bu məsələ kurikuluma inteqrasiya edilməlidir. Məktəb müəllimlərindən texniki işçilərə qədər bütün heyəti bullinq haqqında, onun müəyyən edilməsi, fəsadları və haralarda baş verə biləcəyi barədə məlumatlandırılmalıdır (Mahmudova, 2019). Bu işdə müəllimlər, məktəbin rəhbər heyəti və valideynlər sıx əməkdaşlıq etməlidirlər. Şagirdləri ilə yaxın münasibətdə olan müəllimlər onların inamını qazanır və bullinqə məruz qalan şagirdlər onlara xəbər verməkdə özlərini rahat hiss edirlər. Məktəbdə rəhbərlik və müəllimlərin bir-biri ilə əməkdaşlığı nəticəsində məktəbdaxili qayda-qanunların yaradılması və tətbiq olunması bullinqin qarşısını alan tədbirlər arasındadır. Hamının iştirak etdiyi təbdirlər planının hazırlanması prosesində müxtəlif fikirlər səslənir, beləcə hamı nəticədə ərsəyə gələn qaydalara riayət etməyə həvəs göstərir, insanların cavabdehliyi, öhdəliyi artır (Mahmudova, 2019). Eləcə də, təhsilin tərəfləri bullinqin qarşısını almaq üçün lazımi biliklərə sahib olduqda şagirdlərin bir-birinə qarşı bullinq davranışlarını müəyyən edə və qarşısını ala bilirlər (O’Brennan və b., 2014). Bullinq haqqında öyrənən sosial psixoloqlar onun qarşısının alınması və bullinqi törətməyə meyilli olan şagirdlərin tərbiyəsində məhz empatiya hissinin yaradılmasını məqsədəuyğun hesab edirlər. Empatiya hissi prososial və antisosial davranışlara təsir göstərən fundamental insan xarakteristikasıdır (Noorden və b., 2015). Empatiyanın koqnitiv komponenti bir insanın başqa birinin duyğularını anlamaq qabiliyyətinə malik olduğunu göstərir. Bu o deməkdir ki, empatiya hissinə malik insan bullinqi törətməzdən əvvəl bir şəxs bullinqin təsirinə məruz qalacaq şəxsin özünü necə hiss edəcəyini və hansı sarsıntı keçirəcəyini anlaya bilir (Mahmudova, 2019). Bullinqin qarşısının alınması üçün hər bir məktəb məktəbdaxili qaydalar toplusu işləyib hazırlamalıdır. Bu qaydalar hər kəsin oxuya biləcəyi yerdə yerləşdirilməli və onların həyata keçirilməsində müəllim, şagird və valideynlərin iştirakı təmin edilməli, vəzifələri müəyyən edilməlidir. Bu qaydalar toplusunun hər bir sinif otağında və ya məktəb daxilində ən görünən yerlərdə asılması daha məqsədəmüvafiqdir. Çalışmaq lazımdır ki, şagirdlər ailələri ilə daha çox və keyfiyyətli vaxt keçirsinlər, bu şagirdlərin internetdə keçirəcəkləri vaxtı əhəmiyyətli dərəcədə azaldacaq. Ailələrə övladlarına nəzarət etmələri, bu zaman aralarındakı qarşılıqlı inam və hörmətə xələl gətirəcək davranışlardan çəkinmələri izah olunmalıdır. Bu istiqamətdə hər il müntəzəm olaraq təhsil prosesinin iştirakçılarına seminar və təlimlərin keçirilməsi zəruridir (Mahmudova, 2019).
İstifadə edilmiş ədəbiyyat
1 Beran, T. (2006). “A construct validity study of bullying.” Alberta Journal of Educational Research, 52(4), 238–47.
2 Beran, T., & Li, Q. (2005). Cyber-harassment: “A study of a new method for an old behavior”. Journal of Educational Computing Research, 32(3), 265–77.
3 Bullying and symptoms among school-aged children: international comparative cross sectional study in 28 countries. European journal of public health, 15(2), 128–132. https://doi.org/10.1093/eurpub/cki105
4 Card, N., & Isaacs, J., & Hodges, E. (2009). Aggression and Victimization in Children’s Peer Groups: A Relationship Perspective. Feeling Hurt in Close Relationships. 10.1017/CBO9780511770548.013.
5 Craig, W., & Pepler, D. (2007). Understanding Bullying: From Research to Practice. Canadian Psychology/Psychologie canadienne. 48. 86-93. 10.1037/cp2007010. 16.
6 Crooks, H. (2017). An Intersectional Feminist Review of the Literature on Gendered Cyberbullying: Digital Girls. Jeunesse: Young People, Texts, Cultures. 8. 62-88. 10.1353/jeu.2017.0003.
7 Due, P., Holstein, B.E., Lynch, J., and others. (2005). Health Behaviour in School-Aged Children Bullying Working Group.
8 El-Sahar, El-Sayeda, & Sopeah, H. (2019). Assessment of Nutritional Status and Signs of Growth among Bullying School Children.
Psychology. 10.1908-1922. 10.4236/psych.2019.1014123.
9 Espelage, D., & Swearer, S. (2003). Research on School Bullying and Victimization: What Have We Learned and Where Do We Go From Here?. School Psychology Review. 32. 365-383.10.1080/02796015.2003.12086206.
10 Fekkes, M., Pijpers, F.I., Fredriks, A.M., Vogels, T., & Verloove-Vanhorick, S.P. (2006). Do bullied children get ill, or do ill children get bullied? A prospective cohort study on the relationship between bullying and health-related symptoms. Pediatrics, 117(5), 1568–1574. https://doi.org/10.1542/peds.2005-0187
11 Fleisher, W.P., & Schwartz, L. (2003). Mental health sequelae of bullying: a review and case report. The Canadian child and adolescent psychiatry review = La revue canadienne de psychiatrie de l’enfant et de l’adolescent, 12(1).
12 Gardner, M.(2010). “Principals’ Perceptions Of Cyberbullying Policies In Selected Florida Middle Schools”. Electronic Theses and Dissertations. 4253. https://stars.library.ucf.edu/etd/4253
13 Han, F., & Demirtaş, H. (2021). Zorbalığa Maruz Kalmanın Sınıf İklimine ve Okula Yabancılaşmaya Etkisi. İnönü Üniversitesi Eğitim Fakültesi Dergisi , 22 (3) , 2297-2322 . DOI: 10.17679/inuefd.987106
14 Hawker, D.S.J., & Boulton, M.J. (2003). Twenty years’ research on peer victimization and psychosocial maladjustment: A meta-analytic review of cross-sectional studies. In M.E. Hertzig & E. A. Farber (Eds.), Annual progress in child psychiatry and child development: 2000–2001 (pp. 505–534).
15 Mahmudova, L. (2019). “Azərbaycan məktəblərində bullinqin profilaktikasına ətraflı yanaşma”. https://bakuresearchinstitute.org/acomprehensive-approach-to-bullying-prevention-in-az erbaijani-schools-2/
16 Noorden, T.H., Haselager, J. (2015). Cillessen, and Gerbert Bukowski. “Empathy and Involvement in Bullying in Children and Adolescents: A Systematic Review.” Journal of Youth and Adolescence 44, no. 3: 637-57
17 O’Brennan, L.M., Tracy, E.W., Catherine, P., Bradshaw, G., Arthur C., and Graham, S. (2014). “Strengthening Bullying Prevention Through School Staff Connectedness.” Journal of Educational Psychology 106, no. 3: 870-80.
18 Olweus, D. (1993). Bullying at school: What we know and what we can do. Blackwell Publishing.
19 Perren, S., & Alsaker, F.D. (2006). Social behavior and peer relationships of victims, bully-victims, and bullies in kindergarten. Journal of Child Psychology and Psychiatry, 47(1), 45–57. https://doi.org/10.1111/j.1469-7610.2005.01445.x
20 Rigby, K., & Slee, P. (1991). Bullying among Australian School Children: Reported Behavior and Attitudes toward Victims. The Journal of social psychology. 131.615-27.10.1080/00224545.1991.9924646.
21 Ybarra, M., & Mitchell, K. (2004). Youth engaging in online harassment:associations with caregiver–child relationships, Internet use, and personal characteristics. Journal of adolescence. 27. 319-36.10.1016/j.adolescence.2004.03.007.