ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İNNOVASİYALARIN TƏTBİQİNİN ƏHƏMİYYƏTİ
Nazpəri Bayramova
Yüksək keyfiyyətli təlim nəticələrinin əldə edilməsi üçün effektiv yeniliklərə ehtiyac çoxdur. Təhsildə innovasiyalar tədris və təlim praktikasının təkmilləşdirilməsində, eləcə də şagirdlərin və valideynlərin maraqlarının təmin olunmasında mühüm amildir. Məqalədə məktəbdə yeniliklər üçün bazanın yaradılması və həyata keçirilməsi, texnoloji innovasiyaların effektivliyinin artırılması və təhsil sistemində mütərəqqi yeniliklərə əsaslanan transformasiyalardan bəhs olunur. İnnovasiyaların həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması təhsilin keyfiyyətinin artırılmasında mühüm amildir. Belə şəraitdə tədrisdə əhəmiyyətli dəyişiklik baş verir, bu da şagirdin daha yaxşı öyrənməsinə və öyrəndiklərini mənimsəməsinə səbəb olur. Məqalədə ölkəmizdə fəaliyyət göstərən innovasiyalı təhsil müəssisələrindən biri kimi populyarlıq qazanmış Dünya Məktəbində təhsilalanların sürətlə dəyişən əmək bazarına hazırlanmasına kömək məqsədilə yeni tədris metodlarının əhəmiyyətindən, onların tədrisə müsbət təsirindən, təhsilalanların yaradıcılıq və problem həlletmə bacarıqlarının inkişaf etdirilməsindəki rolundan danışılır.
GİRİŞ
Müasir cəmiyyət çoxsaylı yeniliklərlə səciyyələnən dinamik dəyişikliklərə məruz qalır. Elmin, texnikanın sürətli inkişafı ilə yeniliklərin tətbiqi bütün sahələrdə olduğu kimi təhsildə də özünü göstərir. Bu isə təhsil müəssisələrində innovativ fəaliyyətin məzmununda və təşkilində dəyişikliklərin edilməsinə zərurət yaradır. Təhsilin ölkədə təşəkkül tapmış yeni iqtisadi münasibətlər zəminində təkmilləşdirilməsinə, pedaqoji prosesin mütəmadi olaraq yenilənməsinə ehtiyac var. Bu yenilənmə müasir innovasiya axtarışları ilə və pedaqoji fəaliyyətlə bağlıdır. Təhsildə innovasiyalar yeni texnologiya və metodların tətbiq olunduğu yeniliklərdir. Müasir dövrdə təhsil innovasiyalarına ehtiyac daha da artıb, çünki ölkələrin sosial və iqtisadi rifahı getdikcə daha çox vətəndaşların təhsilinin keyfiyyətindən asılı olur. Cəmiyyət artıq yüksək bacarıq və bilik səviyyəsi olanları dəstəkləyir. Bugünkü təhsil sistemindən həm effektiv, həm də səmərəli resurslardan istifadə etməklə təhsilin keyfiyyətini artırmaq tələb olunur.
Təhsil nəinki hərtərəfli və keyfiyyətli olmalı, həm də sürətlə dəyişən və qloballaşan dünyanın çağırışlarına cavab vermək üçün davamlı inkişaf etdirilməlidir. Bu təkamül sistemli, ardıcıl və geniş miqyaslı olmalıdır, şagirdlərin təhsilin əsas məqsədlərinin tələblərinə uyğun hazırlanmasını təmin etmək üçün təlim prosesində müsbət yeniliklərə nail olunmalıdır.
İNNOVATİV TƏHSİL, İNNOVATİV MƏKTƏB
Ölkəmizdə innovasiyaların və onların həyata keçirilməsinin faktiki tempi, ümumtəhsil məktəblərinin çoxunun məzunlarının təlim nəticələrindən də göründüyü kimi, müasir dünyada tələb olunandan aşağı səviyyədədir. Ona görə də, istər şagirdlər, istər valideynlər, istərsə də bütövlükdə cəmiyyət bu nəticələrdən məmnun deyil. Bunun əsas səbəbi isə insanların hələ dəyişiklikləri qəbul edə bilməməsidir və ya qəbul etmək istəməməsidir. Təhsil innovasiyası riskli məsələ olduğundan güclü ictimai reaksiya tələb edir. “Hər bir innovasion proses ehtimallı xarakter daşıyır. İnnovasiyaların nəticəsini proqnozlaşdırmaq asan deyil, risk dərəcəsi yüksəkdir” (Əhmədov, 2014). Buna görə də hər bir yenilik səmərəliliyini yoxlamaq üçün sınaqdan keçirilməlidir. Biz bu sınaqdan qorxmamalıyıq, çünki təhsildə innovasiyanın olmaması dərin iqtisadi və sosial təsirlərə səbəb ola bilər. Amerikalı professor Yonq Zhaonun da qeyd etdiyi kimi, cəmiyyətin dəyişiklikləri dərk edə bilməməsi və ya qəbul etmək istəməməsi, onların uğursuzluğunun əsas səbəblərindən biridir (Zhao, 2012).
Cəmiyyət təhsildə innovasiyaları dəstəkləsə, təhsil sistemi davamlı və səmərəli şəkildə inkişaf edəcəkdir. Senekanın “Təəssüf ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” fikri bu gün üçün də aktuallığını itirməyib. Bugünkü şagirdlərin və valideynlərin çoxu bilik əldə etməkdən daha çox yüksək qiymətlər və ali məktəbə daxil olmaq haqqında düşünürlər.
Bəs ölkəmizdəki məktəblərdə transformasiyaedici, həyatı dəyişdirən və çox ehtiyac duyulan yeniliklərin yaradılmasına və həyata keçirilməsinə nə mane olur? Uşaqlarımızın məktəbdə uğur qazanması və onları həyata hazırlayacaq ən yaxşı təlim nəticələrinə nail olması üçün effektiv yenilikləri necə inkişaf etdirib yaya bilərik? Bu suallara cavab vermək üçün əvvəlcə təhsil innovasiyasının nə olduğunu izah etmək lazım gəlir. Təhsildə innovasiya, ümumiyyətlə, “... yeni bir şeyin və ya metodun uğurla tətbiqi” (Brewer and Tierney, 2012) kimi başa düşülür. O özündə üç əsas komponenti ehtiva edir: ideya, onun həyata keçirilməsi və ideyanın icrası nəticəsində yaranan müsbət nəticə. Təhsildə innovasiya yeni pedaqoji nəzəriyyə, metodoloji yanaşma, tədris texnikası və təlim prosesi kimi başa düşülür. Bunlar həyata keçirildikdə tədrisdə əhəmiyyətli dəyişiklik yaradır və şagirdin daha yaxşı öyrənməsinə səbəb olur.
İnnovasiya təhsil sisteminin müxtəlif aspektlərində tərəqqiyə səbəb ola bilər: kurikulum islahatlarında, tədrisdə, texnologiyaların tətbiqində, idarəetmədə, müəllimin peşəkarlığının artırılmasında və təcrübənin yayılmasında. O, tədris prosesinin öyrənməyə müsbət təsir göstərə biləcək istənilən aspektində tətbiq oluna bilər.
Təhsil sahəsində innovasiyaların tətbiqi şagirdlərdə qabiliyyət, bacarıq və səriştələrin inkişaf etdirilməsinə, müəllimlərdə isə öyrətmək tərzi, motivasiya yaratmaq, bacarıqlar formalaşdırmaq, özünüqiymətləndirmə, yaradıcılıq, müstəqillik kimi keyfiyyətləri özündə ehtiva edən peşəkar inkişafı gücləndirmək səriştələrinin artırılmasına xidmət edir.
Ölkəmizdə innovasiyaların geniş tətbiq olunduğu təhsil müəssisələrindən biri də Dünya Məktəbidir. Məktəb öz uğurlarına milli təhsilimizin qabaqcıl təcrübəsinə əsaslanaraq, inkişaf etmiş ölkələrin təhsil strategiyalarından sınaqdan keçirilən yanaşmaları və innovasiyaları gətirməklə nail olub. Onun təhsil uğurlarına ciddi təsir göstərən innovasiyalara aşağıdakıları nümunə göstərmək olar:
- bütün şagirdlərə fərdi yanaşma və bərabər imkanlar;
- hər bir uşağın inkişafında yüksəlişin hədəf seçilməsi;
- üçdilli təhsil (Azərbaycan, rus, ingilis);
- səriştə əsaslı təhsil, kurikulum seçimləri;
- təhsilalanların idraki bacarıqlarının inkişaf etdirilməsi;
- şagirdlərin azad, müstəqil, tənqidi düşünməsinə şərait yaratmaq;
- kompüter əsaslı təlim, şəbəkəli öyrənmə, elektron təhsil;
- inklüziv təhsil;
- peşəkar müəllimlər;
- şagird sayı az olan siniflər;
- müasir texniki avadanlıqlar ilə təmin olunmuş tədris otaqları.
Məktəbimizdə yaradılmış keyfiyyətin idarə edilməsi sistemi tədris fəaliyyətinin səmərəliliyinin dinamikasına birbaşa təsir göstərir. İdarəetmə sahəsindəki bu təcrübə yalnız əlverişli və keyfiyyətli təhsilin təmin edilməsi üçün deyil, həm də təhsil sisteminin səmərəliliyinin artırılması üçün istifadə edilə bilər.
Təhsilin keyfiyyəti dövlət siyasətinin daimi məqsədidir. Onun həyata keçirilməsi üçün standartlar və normalar hazırlanır, ən yüksək səviyyəli təşəbbüslər irəli sürülür. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas məqsədlərindən biri “Ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır” (Azərbaycan Respublikasında təhsil üzrə Dövlət Strategiyası. 2013).
Mövcud normativ sənədlər və tələblər toplusuna uyğun olaraq IB proqramı üzrə təhsil alan şagirdlər aşağıdakı xüsusiyyətlərə malik olmaq üçün səy göstərirlər:
- araşdıran-müzakirə edən;
- məlumatlı;
- düşünən;
- ünsiyyət quran;
- prinsipial;
- açıq fikirli;
- həssas;
- risk edə bilən;
- mütənasib;
- alternativ düşünən.
Valideynlərin və şagirdlərin təhsillə bağlı arzu və ehtiyaclarını öyrənərək, yüksək keyfiyyətli təhsil xidmətləri göstərmək üçün öhdəliklər müəyyənləşdirilib, əməkdaşların məktəb tərəfindən hazırlanan iş təlimatlarına ciddi şəkildə əməl etməsi təmin edilib.
Dünya Məktəbində hər bir işçinin peşəkar bacarıqlarını reallaşdırmağa imkan verən mühit, innovatorları və müəllimləri dəstəkləyən şərait yaradılıb. Müəllim-valideyn-şagird arasında əlaqəni möhkəmləndirmək üçün xüsusi proqramlardan (Toddle, Teams, elektron jurnal) istifadə olunur. İnnovasiyalar həm şagirdlər, həm də müəllimlər üçün sürətlə, davamlı öyrənmə və öyrətmə üsuluna çevrilir. Yaranmış təşkilati formalar və idarəetmə üsulları yeni şəraitə, yeni vəzifələrə uyğun dəyişdirilir. “Təkcə məktəbin effektiv idarə edilməsi yox, həm də inkişaf dinamikasının təmin edilməsi, müəllimin fəaliyyətinin dəyərləndirilməsi, təhsilin və təlimin idarə edilməsi keyfiyyətin yüksəldilməsinə xidmət edir” (Veysova, 2018: 28).
Təhsildə innovasiyalar şagirdləri və müəllimləri araşdırmaya, kəşf etməyə və yeni nəyisə üzə çıxarmaq üçün bütün vasitələrdən istifadə etməyə həvəsləndirir. Yaradıcı tədris, texnologiyaya əsaslanan təlim fəaliyyətləri, sinifdənkənar dərslər, komanda olaraq çalışma, müxtəlif incəsənət və idman fəaliyyətləri, məktəb klubları və dərnəklərində fəaliyyət, yeni ideyaların dəstəklənməsi şagirdlərin müxtəlif həyati bacarıqlarının inkişafına, mükəmməl bir vətəndaş kimi yetişmələrinə zəmin yaradır.
Təhsildə öyrənmə prosesi, eyni zamanda innovativ fəaliyyət, əsasən, dərs müddətində həyata keçirilir. Məktəbin həyatında baş verən yeniliklər də ilk növbədə dərsin təşkilinə yeni yanaşmalarda özünü göstərir. Bunlar vaxt bölgüsü, siniflə iş formaları, tapşırıqların mərhələli mürəkkəbləşdirilməsinin planlaşdırılması, evristik metodlardan istifadədir.
Dərsdə şəxslərarası emosional intellekt, əməkdaşlıq, danışıqlar aparmaq, liderlik və sosial məlumatlılıq kimi bacarıqların aşılanması təhsilalanın hərtərəfli inkişafı üçün çox vacibdir. Buna görə də şagirdlərin əməkdaşlığını təmin edən problem əsaslı birgə öyrənməyə üstünlük verilir, öyrənmə prosesi onların maraqlarına və qabiliyyətlərinə uyğunlaşdırılır. Biz hər bir uşağın fərqli olduğunu nəzərə alaraq onların fərdi maraqlarına və imkanlarına uyğun olan layihələr tətbiq edirik. Çünki öz bacarıq və məşğulluq imkanlarını, hədəflərini təyin etmək üçün davamlı öyrənmə çox vacibdir. Amerikalı professor Daniel Villingham bunu belə qiymətləndirir: “Uşaqlar intellekt baxımından fərqlənirlər, lakin onların bilikləri davamlı öyrənmə vasitəsilə dəyişdirilə bilər” (Willingham, 2010). Davamlı öyrənmədə heç bir sərhəd yoxdur. Uşaqlara hər zövqə uyğun əlavə fəaliyyətlər təklif olunur: aktyorluqdan tutmuş fərqli dilləri öyrənməyə qədər. Bütün bunlar onlara həyati-praktiki bacarıqlar verir, eyni zamanda özünə inamı və emosional zəkanı yaxşılaşdırır. Bu yaradıcı, innovativ və qabaqcıl yanaşmalar təlim prosesini təkmilləşdirir, şagirdləri problemləri həll etmək üçün daha yaxşı düşünməyə, suallar verməyə məcbur edir.
Beləliklə, biz aşağıda qeyd olunanlara əsaslanaraq optimal akademik mühit, eləcə də hər bir şagirdin mükəmməl təlim nəticələri üçün hərtərəfli şərait yaratmış oluruq:
- peşəkar, fəal və israrlı müəllimləri innovasiya prosesinə cəlb etməklə;
- kollektivdə yaradıcı atmosfer və psixoloji mikroiqlim yaratmaqla;
- innovasiya prosesinin həyata keçirilməsi üçün optimal şəraitin təmin edilməsi ilə (tədris, metodiki, maddi-texniki təminat);
- həvəsləndirmə sisteminin yaradılması, innovasiya prosesinin vicdanlı iştirakçılarının həvəsləndirilməsi ilə.
TEXNOLOGİYA İNNOVASİYALARI
Hazırda ölkəmizdə rəqəmsal təhsilin inkişafı üçün lazımi şəraitin yaradılmasına yönəlmiş bir sıra təşəbbüslər həyata keçirilir. Professor Aydın Kazımzadə yazır: “Dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur. Bu siyasət, ölkənin sosial innovasiya potensialının bütün imkanlarının reallaşdırılmasına, eləcə də elm və təhsilin, elmtutumlu cəmiyyətin və mədəniyyətin davamlı inkişafının bərqərar edilməsinə yönəldilmişdir” (Kazımzadə, 2018). Son illər həyata keçirilən islahatların başlıca məqsədlərindən biri də ölkəmizdə innovasiyaların inkişafı üçün zəruri olan rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində deyilir: “Təhsilin müasirləşdirilməsi, təlim-tədris prosesində yeni texnologiyaların istifadəsi yönündə məqsədyönlü iş aparılır. Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir” (“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, 2021).
Göründüyü kimi, rəqəmsal savadlılığın formalaşdırılması, rəqəmsal səriştələrin təkmilləşdirilməsi günün tələbidir. Bunun üçün məktəbləri müasir texniki avadanlıqlarla təchiz etmək lazımdır. Əsas məsələ isə müəllimlərin texnologiyaya əsaslanan mühitdə öz dərslərini necə hazırlaması və öyrətməsidir. Təəssüf ki, çoxları texnologiyadan istifadəni mövzu ilə bağlı nəyisə nümayiş etdirməklə bitmiş hesab edirlər. Halbuki, yeni texnologiyaların tədris və öyrənmə prosesinə inteqrasiyası zamanı, ilk növbədə onların potensial tətbiq imkanlarını bilməliyik. Təlim fəaliyyətini elə təşkil etmək lazımdır ki, innovasiyalar və texnologiyalardan istifadə təhsilalanların yaradıcılıq və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə kömək etsin. Doğrudan da, tədris filmləri, proyektorlar və multimedialar, yeni təqdimat formatları tədris prosesinə canlılıq gətirir. İnformasiya və kompüter texnologiyaları (İKT) məlumat əldə etmək və bacarıqları inkişaf etdirmək üçün mühüm vasitələrdir. Rəqəmsal ünsiyyət vasitələri ilə biz dünyanın hər yerindən real vaxt rejimində, vizual olaraq hər kəslə əlaqə saxlaya bilirik. Bu gün onlayn öyrənmə, mobil öyrənmə, sosial şəbəkələrdə öyrənmə və s. daha yaxşı bilik almağa kömək etsə də, pedaqoji üsul və vasitələrin tətbiqi, tədris metodologiyası və innovasiyalar daha vacibdir. Yeni təlim texnologiyalarına əsaslanan təhsil, ona görə vacibdir ki, o, pedaqoji, psixoloji və sosial baxımdan effektivliyi artırır.
NƏTİCƏ
Bu gün həm valideynlər, həm də pedaqoqlar dərk edirlər ki, müasir dövrün ritmi uşağın tərbiyəsində və inkişafında innovativ vasitələrdən istifadənin dəyərini və zəruriliyini artırır. Təhsildə innovasiya şagirdlərin təxəyyülünün güclənməsinə imkan verən ən səmərəli vasitələrdəndir. İnnovasiyalar öyrənmənin keyfiyyəti ilə bağlıdır və onun məqsədi təhsilalanları həyata, əmək bazarına və layiqli vətəndaş olmağa hazırlamaqdır. Öyrənmənin səmərəliliyi təkcə innovativ texnologiyalarda və ya tədrisdə deyil, həm də şagirdlərin intellektual, emosional və psixoloji sferada öyrənmə üçün potensial imkanlarının aşkarlanmasındadır. Bu, təhsilin əsas missiyasının (azad, müstəqil, effektiv, tənqidi düşünən vətəndaş yetişdirmək) yerinə yetirilməsində çox mühüm amildir.
İnnovativ və informasiya texnologiyalarının inkişafı müasir insanın informasiya mədəniyyətinin formalaşmasını tələb edir. İnnovativ fəaliyyətləri inkişaf etdirmək məktəblərin ən vacib işi olmalıdır. Onsuz keyfiyyətli tədrisə nail olmaq mümkün deyil.
İstifadə edilmiş ədəbiyyat
1 “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”. (2021). https://president.az/az/articles/view/50474
2 Azərbaycan Respublikasında təhsil üzrə Dövlət Strategiyası. (2013). i. https://eqanun.az/framework/27274
3 Brewer, D., and Tierney, W. (2012). “Barriers to innovation in the US education”, Harvard Education Press, Cambridge, MA, pp. 11-40.
4 Əhmədov, İ. (2014). Təhsil innovasiyalarının idarə edilməsi. Azərbaycan müəllimi. 31 yanvar, səh. 9.
5 http://www.anl.az/down/meqale/az_muellimi/2014/yanvar/350556.htm
6 Kazımzadə, A. (2018). Elm və təhsilə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir. 525-ci qəzet. 1 fevral. səh. 4.
7 Veysova, Z. (2018). Məktəb əsaslı dəstəkləyici rəhbərlik modeli. Müəllimlər üçün vəsait. Bakı: Ecoprint.
8 Willingham, D. (2010). “Why don’t students like school?”, A Cognitive Scientist Answers Questions about How the Mind Works and What it Means for Your Classroom, Jossey-Bass, San Francisco, CA.
9 Zhao, Y. (2012). World Class Learners: Educating Creative and Entrepreneurial Students, Corwin, Thousand Oaks, CA.